Məhkəmə qərarları › İş №2(103)-7625/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7625/2020

21.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7625/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3691/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5100 ABŞ dolları məbləğində əsas borcun, 63,75 ABŞ dolları məbləğində faiz borcunun, hüquqi xidmətə görə 1000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 92013-75931 saylı əmanət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əmanətin məbləği 102000 ABŞ dolları, müddəti isə 60 ay olmuşdur. Müqaviləyə əlavə olunmuş qoşmaya əsasən qeyd olunan şərtlərə cavab verənə əmanətin «Elit E3» kateqroiyasına daxil edildiyi müəyyən edilmişdir. Həmin kateqoriyaya daxil edilən əmanətlərə görə əmanət məbləğinin 1%-i (1020 ABŞ dolları) həcmində illik bonus verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, ona veriləcək bonusun məbləği bütövlüklə 5 (beş) il üçün 5100 ABŞ dolları (1020 ABŞ dolları X 5 il = 5100 ABŞ dolları) təşkil etmişdir. Qeyd olunan məlumat cavabdehin öz, rəsmi saytından olan 2017, 2018 və 2019-cu il tarixli çıxarışlarla da öz təsdiqini tapır. Müxtəlif tarixlərdə edilmiş həmin çıxarışlarda da aydın şəkildə bonusun 5100 ABŞ dolları məbləğində olduğu göstərilir. xx.xx.2018- ci il tarixdə müqavilənin müddəti bitmiş, əmanət çıxarılmış, lakin bonus məbləği cavabdeh tərəfindən onun hesabına köçürülməmişdir. Bundan sonra o, dəfələrlə Cavabdeh-nə müraciət etsə də, cavabdeh bonusu ödəməkdən imtina etmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 5100 ABŞ dolları məbləğində pul vəsaitinin xx.xx.2018-ci il tarixində ödənilməli olmasını nəzərə alaraq, istinad olunan maddəyə əsasən, cavabdehin ona xx.xx.2019-cu il tarixinə 63.75 ABŞ dolları məbləğində faiz borcu da yaranmışdır. Bundan əlavə, o, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə peşəkar xidmətdən istifadə etməli olmuşdur ki, bununla əlaqədar olaraq ümumilikdə 1000 manat məbləğində əlavə xərc çəkmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 4080 ABŞ dolları məbləğində əsas borcun, 174,25 ABŞ dolları məbləğində faiz borcunun, 383,90 ABŞ dolları aviabiletə çəkilən xərcin, hüquqi xidmətə görə 1000 manatın, dəymiş mənəvi ziyana görə 2000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3691/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə əmanət qoymaqla сavabdehin bonuslarla bağlı müştərilərə irəli sürdüyü təklifi qəbul etmiş, həmin andan da iddiaçı ilə сavabdeh arasında bonusların ödənilməsinə dair müqavilə bağlanmışdır. Hazırkı iddia da həmin müqaviləyə əsaslanır. Əks təqdirdə сavabdehin iddiaçıya 1020 ABŞ dolları məbləğində bonus ödənişi etməsinin hüquqi əsası olmazdı. Cavabdeh qəbul etmişdir ki, iddiaçı ilə aralarında bonus ödənilməsinə dair müqavilə mövcuddur və həmin müqaviləyə əsasən, cavabdehin iddiaçıya bonus ödəmək öhdəliyi var. Deməli, hazırda mübahisə cavabdehin iddiaçıya bonus ödəməli olmaq öhdəliyinin mövcudluğu barədə deyil, yalnız ödənilməli olan bonusun məbləği barədədir. Cavabdehin təqdim etdiyi Buklet Məhkəmə tərəfindən iddiaçının xeyrinə olan sübut kimi qiymətləndirilməli idi. Bukletdə bonusun yalnız bir dəfə veriləcəyinə dair heç bir qeyd yoxdur. Hazırkı halda qeyri-müəyyənlik varsa, bu, şərtlər təklif edən tərəfin ziyanına təfsir edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1067/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının2(102)-3523/2020 saylı xx.xx.2020-ci il qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1067/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bankın məhkəməyə təqdim etdiyi idarə heyətinin qəbul etdiyi qərar sübut kimi qəbul oluna bilməz, çünki həmin qərar bankın özü tərəfindən qəbul olunmuş və heç yerdə rəsmi qeyd olunmamışdır. Bonus faizinin hansı qaydada ödənilməli olması bank bukletindən məlum deyil. Depozit 5 il bankda qalmışdır. Lakin bonus faizi alınmamış, sonda depozit götürərkən cəmi bir dəfə üçün bonus faizi verilmişdir. Hesab edirlər ki, bonus faizi hər il üçün hesablanmalıdır. Təcrübədə faiz deyiləndə illik faiz nəzərdə tutulur. Əgər 5 illik faiz olsa idi bu bank tərəfindən konkret olaraq göstərilməli idi. Nə bukletdə, nə bankın idarə heyətinin qərarında göstərilməmişdir ki, həmin faiz 5 illikdir. Həmçinin cavabdehin internet səhifəsindəki şəxsi kabinetinin çıxarışında bonusun məbləği məhz 5.100 ABŞ dolları göstərilmişdir. Həmin məbləğdən 1020 ABŞ dolları ödənilmişdir. Bankın hazırda iddiaçıya 4080 ABŞ dolları əsas borcu var. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, bonus faizi depozit məbləği götürəndə verilməsi üçün nəzərdə tutulmuşdur. Bonusun hesablanmasına dair sənədlərdən də aydın olur ki, bonus faizi sonda depozit məbləğinin ən azı 70 %-i qaldıqda ödənilir. Bank bununla müşətəriləri həvəsləndirir ki, depozit məbləğinin heç olmasa 70 %-ni sonadək saxlasınlar. İddiaçı depoziti götürəndə ona bonus faizi hesablanaraq ödənilmişdir. Hər il üçün bonus faizi hesablanması məntiqsizdir. Belə həvəsləndirmə müqavilə faizlərinə hər dəfə faiz əlavə olunması deməkdir. Bütün müştərilər həmişə depozit məbləği götürəndə əgər bukletdə göstərilən şərtlərə cavab verirsə depozit məbləğinə bir dəfə bonus hesablanmışdır. Heç bir müştəriyə fərqli hesablama aparılmamışdır.İddiaçı qeyd etdiyi cavabdehin internet səhifəsindəki şəxsi kabinetinin çıxarışında bonusun məbləği məhz 5.100 ABŞ dolları göstərilməsi məlumatların texniki səhv səbəbindən düzgün əks olunmaması nəticəsində baş vermiş və həmin hal aşkar edilmiş və aradan qaldırılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3691/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh-dən 4080 ABŞ dolları məbləğində əsas borc, 174,25 ABŞ dolları məbləğində faiz borcu, cəmi 4254,25 (dörd min iki yüz əlli dörd dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) borc, hüquqi xidmətə görə 1000 manat, dəymiş mənəvi ziyana görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 92013-75931 saylı bank əmanəti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən illik faiz dərəcəsi 13 faiz olmaqla, 60 ay müddətinə, 102000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdehnə əmanət qismində qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli, 08/13 nömrəli protokolundan və ona 3 saylı əlavədən görünür ki, - «Əmanətçilərə daha yaxın olmaq və onların banka qarşı loyallığını artırmaq məqsədi ilə imtiyazlar təqdim edən virtual «Əmanət Klubu»nun yaradılsın; əmanətçilərin bankda əmanət tarixçəsi xx.xx.2005ci il tarixindən başlayaraq hesablansın; əmanət tarixçəsi ən azı 12 ay olan və eyni zamanda əmanətləri üzrə qalıq məbləğlərinin cəmi (şərti vahidlə) ən azı 1000 olan hər bir əmanətçinin klubun üzvü hesab edilsin; klub üzvlərinin bankla əməkdaşlıq müddətinə görə 3 qrupa bölünsün: - Prestij (12-35 ay); - Lüks (36-59 ay); - Elit (60 ay və daha artıq). Hər qrup əmanətlərin qalıq məbləğinə görə (bir əmanətçinin bütün cari əmanətlərinin ümumi qalıq məbləği şərti vahidlə) 3 kateqoriyaya bölünsün. Hər qrupa uyğun əmanətçilərə xüsusi dizaynlı kartlar və imtiyazlar təqdim edilsin» qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 254557 və 410899 nömrəli mədaxil qəbzlərindən görünür ki, hüquqi xidmətə görə X3 Vəkil (VÖEN **********) müvafiq olaraq 100 manat və 900 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, bonus faizinə dair müddəada bonusun birdəfəlik, yoxsa hər il üçün hesablanan faiz şəklində veriləcəyi açıqca göstərilmədiyinə görə, tərəflərin yaşayış yerindəki bankçılıq təcrübəsi nəzərə alınmalı, bonusun müddətin sonu üçün birfədəlik verildiyi hallarda bankların bunu mübahisəyə yer buraxmayacaq şəkildə qeyd edib-etməmələri aydınlaşdırılmalıdır. Əgər bir qayda olaraq müqavilələrdə əmanət üçün bonusun birdəfəlik verildiyi xüsusi olaraq qeyd edilirsə, deməli bank praktikasında sənədləşmənin bu qaydada aparılması qəbul edilmiş sayılır. Belə olan halda, hansısa bir bank sözügedən qeydi açıqca göstərmədən, yəni bonus faizi şərtini adətən qəbul edilən qayda və mənadan fərqli ifadə etdikdə onun riskinə və nəticələrinə qatlaşmaq öhədliyi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında apellyasiya icraatı zamanı cavabdehə bonusun birdəfəlik, yoxsa hər il üçün hesablanan faiz şəklində veriləməsinə dair hər hansı bankçılıq təcrübəsinin olub-olmadığının təsdiq edəcək sübut təqdim edilməsi təklif olunsa da, cavabdeh yalnız şifahi şəkildə bildirdi ki, hər il üçün bonus faizi hesablanması məntiqsizdir. Belə həvəsləndirmə müqavilə faizlərinə hər dəfə faiz əlavə olunması deməkdir. Bütün müştərilər həmişə depozit məbləği götürəndə əgər bukletdə göstərilən şərtlərə cavab verirsə depozit məbləğinə bir dəfə bonus hesablanmışdır. Heç bir müştəriyə fərqli hesablama aparılmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 92013-75931 saylı bank əmanəti müqaviləyə əsasən əmanətçiyə bonus ödənilməsi barədə öhdəlik götürməsi və öhdəliyini yerinə yetirməyərək iddiaçı qarşısında borcunun yaranması ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Belə ki, sözügedən müqavilənin şərtlərində əmanətçiyə bonus ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əmanətin vaxtından əvvəl çıxarılmaması, bonusun yalnız müddəti bitən əmanət üçün hesablanması, azaldılmalardan sonra əmanətin qalıq məbləğinin 70%-dən az olmaması və əmanətlərin hər birinin müddəti bitdikdə bitmə gününə olan kateqoriyanın nəzərə alınmasına dair müddəalar faizin birdəfəlik, yaxud hər il üçün ödənilməsi ilə bağlı olmayıb, ümumiyyətlə bonusun verilməsi üçün zəruri şərtlərdir. Başqa sözlə bu qaydalara riayət olunmaması bonusun əldə edilməsinin qarşısını alır. Məlum olduğu kimi, müddət başa çatmadan əmanət geri götürüldükdə bir qayda olaraq faizlər də ödənilmir. Baxılan işdə mübahisəli hal əmanətə verilməli olan bonus məbləğinin illik, yaxud birdəfəlik hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası əvvəlcə onu bildirir ki, tərəflər arasındakı mübahisə müqavilə münasibətlərindən irəli gəlir. Belə ki, Cavabdeh-nin İdarə Heyətinin xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, 3 saylı Əlavədə müəyyən olunan şərtlər və qaydalara cavab verən, imtiyazlar təqdim edən virtual “Əmanət Klubu”nun yaradılması qərara alınmışdır. Həmin protokola 3 saylı əlavədə bonusların hesablanması və verilmə şərtləri qeyd olunmuşdur: bonus faizləri yalnız xx xxxx 2013-cü il tarixindən etibarən yerləşdirilən və ya prolonqasiya edilən əmanətlərə hesablanmalıdır; bonusun hesablanması üçün əmanət vaxtından əvvəl tam çıxarılmamalıdır; əmanət üzrə azaldılmalar mümkündür, lakin müddətin sonunda əmanətin qalıq məbləği ilkin məbləğin 70%-dən az olmamalıdır; əmanətin müddəti ən azı 6 ay olmalıdır; müştərinin bir neçə əmanəti olduqda, bonus müvafiq əmanətin bitmə günündə, müştərinin həmin günkü kateqoriyasına uyğun olaraq, yalnız müddəti bitən əmanət üçün hesablanmalıdır. Digər əmanətlərin hər birinin müddəti bitdikdə bitmə gününə olan kateqoriya nəzərə alınmalıdır. Cavabdeh-nin Əmanət Klubuna dair bukletində yuxarıda qeyd olunan qaydalar göstərilməklə yanaşı, “Bonus faizlərinin hesablanması” bölməsində qeyd edilmişdir ki, əmanətçi əmanətini müqavilə şərtlərinə uyğun olaraq müddətin sonuna kimi saxlayarsa, qruplara uyğun olaraq ona əlavə bonus faiz hesablanır və hesabına köçürülür. Göründüyü kimi, Cavabdeh daha çox əmanət cəlb etmək məqsədilə “Əmanət Klubu” yaratmış və bankla əmanət müqaviləsi bağlayacaq şəxslərin (klub üzvlərinin) müəyyən imtiyazlar əldə edəcəyini (o cümlədən bonus faizinin hesablanacağını) açıq elan etmişdir. Başqa sözlə, bank yazılı əmanət müqaviləsi bağlayacaq şəxslər qarşısında həmin şərtlər çərçivəsində öz üzərinə öhdəliklər götürmüşdür. Beləliklə, “Əmanət Klubu”na və onun üzvlərinə dair imtiyazlar Cavabdeh-nin İdarə Heyətinin yazılı sənədləri ilə təsdiq olunduğu və bankın bu şərtlərlə əmanət müqaviləsi bağlamaq iradəsi açıq şəkildə elan edildiyi üçün həmin tarixdən sonra əmanət qoyan şəxslər bu ofertanı (təklifi) qəbul etmiş və yazılı müqaviləni mühüm şərtləri ilə yanaşı həmin şərtlərlə də bağlamış sayılırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 408.7-ci və 409.1-ci maddələrinə əsasən, əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Kollegiya, bonusa dair yazılı müqavilənin olmaması barədə cavabdehin mövqeyi ilə bağlı bildirir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən Mülki Məcəllənin 560.3.2-ci və 560.3.4-cü maddələrinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Hazırkı işdə bankın yaratdığı “Əmanət Klubu” üzvlərinə müəyyən imtiyazlar vəd etməklə iddiaçını əmanət qoymağa cəlb etməsinə, bonusa faiz hesablanacağına dair onda haqlı güvən yaratmasına, bu şərtləri iddiaçı ilə bağladığı yazılı əmanət müqaviləsinə daxil etməməsinə, iddiaçının 102.000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edib 5 il istifadə etməsinə, habelə əmanətə 1020 ABŞ dolları bonus faizi ödəməsinə baxmayaraq, mübahisə yarandıqdan sonra özünün səbəb olduğu hala - bonusa dair yazılı müqavilənin tərtib olunmamasına istinad etməsi hüquqdan sui-istifadə təşkil edir. Sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Belə ki, Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası banka qoyulan əmanətə bonus məbləğinin illik, yaxud birdəfəlik hesablanması ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış müqavilədə (o cümlədən bonusa dair şərtlərdə) bu məsələ açıqca ifadə edilməmişdir. Belə olan halda, tərəflərin əmələ gətirmək istədiyi hüquqi nəticə baxımından mövcud iradə bəyanlarına müqavilənin təfsiri, bu zaman nəzərə alınmalı olan güvən prinsipi, müqavilənin mühüm və standart şərtlərinə dair qaydalar nəzərə alınmaqla qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, iki tərəfin iradə bəyanlarının bir-birinə uyğun olub-olmadığı yoxlanılarkən bu bəyanların təfsir edilməsi zərurəti ortaya çıxır. Təfsirin isə mülki hüquqda əsas götürülən güvən prinsipi çərçivəsində edilməsi məqsədəuyğun sayılır. Güvən prinsipinə görə bir şəxs, dürüstlük qaydasına (hal və şəraitə) görə ona edilmiş təklifi anladığı mənada başa düşməkdə haqlıdırsa sözügedən davranış və ya şərt onu ehtiva etməsə belə həmin mənada iradə bəyanı varmış kimi hüquqi nəticə doğurur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci, 404.2-ci və 404.3-cü maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Baxılan işdə bank, müştəriləri cəlb etmək üçün açıq elan etdiyi ümumi ofertada əmanətə birdəfəlik bonus verəcəyini deyil, məhz faiz hesablayacağını bildirmişdir. Bu məzmunda ifadə olunan təklif qarşısında müştəri faizin hər il üçün hesablanıb ödəyəcəyini güman etməkdə haqlı görünür. Ona görə ki, əmanətçi bir qayda olaraq qoyduğu vəsaitə görə aylıq və illik faizlər əldə etməyi hədəfləyir. Faizlə bağlı oxşar münasibətlərə baxdıqda məlum olur ki, məsələn, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (Mülki Məcəllənin 741-ci maddəsi). Yaxud bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir (Mülki Məcəllənin 948.1 və 949.2-ci maddələri). Göründüyü kimi kredit və bank əmanəti münasibətlərində fazilərin dövri olaraq hesablanmasına və bir qayda olaraq müvafiq dövrün, yaxud ilin sonunda ödənilməsinə dair anoloji qaydalar fonunda müştərinin bir neçə il üçün qoyduğu əmanətə görə faizlə vəd edilən bonusun hər il üçün hesablanacağına güvənməsi ağlabatandır. Başqa sözlə, bankın öz ofertasında əmanətə “bonus məbləğinin veriləcəyi” deyil, “bonusa faiz hesablanacağı”nı bildirdikdə müştərinin bu vəsaitin birdəfəlik ödəmə olmayıb, müvafiq dövrlər üzrə faiz məbləğlərinin hesablanacağını güman etməsi güvən prinsipi baxımından əsaslı və haqlı görünür. Bundan əlavə, Kollegiya vurğulayır ki, mübahisəli hala dair şərt təfsir edilərkən tərəflərin müqavilədən sonrakı hərəkətləri də nəzərə alınmalıdır (Mülki Məcəllə maddə 404.2). İddiaçı bildirir ki, cavabdehin internet səhifəsindəki şəxsi kabinetinin çıxarışında bonusun məbləği məhz 5.100 ABŞ dolları göstərilmişdir. Cavabdeh isə bu məlumatı təkzib etməyərək bildirmişdir ki, həmin rəqəm heç də hamı üçün açıq olmayan saytda deyil, yalnız iddiaçının və həvalə etdiyi şəxslərin daxil ola bildiyi “İnternet Bankçılıq” sistemindəki fərdi səhifəsində yerləşdirilmiş kalkulyatorun məlumatlarıdır. Müştərinin müraciətindən sonra həmin məlumatların texniki səhv səbəbindən düzgün əks olunmaması aşkar edilmiş və aradan qaldırılmışdır. Göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan sonra bank bonus faizlərini məhz 5 il üçün hesablamaqla iddiaçının “İnternet Bankçılıq” sistemindəki şəxsi kabinetində 5.100 ABŞ dolları məbləğində göstərmişdir. Cavabdeh bu məlumatı texniki səhvlə izah etməyə çalışsa da, yalnış olduğu bildirilən rəqəm əlaqəsiz bir məbləğ olmayıb, məhz iddiaçının əmanət məbləğinə və müddətinə uyğun qaydada illik hesablanmış faiz məbləğidir. Başqa sözlə, hətta bankdakı sistem və ya əməkdaşların özü belə bonus faizini illik hesabladığı və bunu müştəriyə bildirdiyi halda, iddiaçının sözügedən şərti bu məzmunda anlaması və həmin faizlərə dair gözləntisi daha çox başadüşüləndir. Kollegiya onu da nəzərə alır ki, tərəflərin bonus faizinə dair razılaşması birmənalı deyil, təfsirə bağlı şəkildə ifadə edildiyi üçün bu münasibətlər zamanı adətən tətbiq edilən qayda nəzərə alınmalıdır (MM, maddə 404.3). Yuxarıda qeyd olunduğu kimi bonus faizinə dair müddəada bonusun birdəfəlik, yoxsa hər il üçün hesablanan faiz şəklində veriləcəyi açıqca göstərilmədiyinə görə, tərəflərin yaşayış yerindəki bankçılıq təcrübəsi nəzərə alınmalı, bonusun müddətin sonu üçün birfədəlik verildiyi hallarda bankların bunu mübahisəyə yer buraxmayacaq şəkildə qeyd edib-etməmələri aydınlaşdırılmalıdır. Əgər bir qayda olaraq müqavilələrdə əmanət üçün bonusun birdəfəlik verildiyi xüsusi olaraq qeyd edilirsə, deməli bank praktikasında sənədləşmənin bu qaydada aparılması qəbul edilmiş sayılır. Belə olan halda, hansısa bir bank sözügedən qeydi açıqca göstərmədən, yəni bonus faizi şərtini adətən qəbul edilən qayda və mənadan fərqli ifadə etdikdə onun riskinə və nəticələrinə qatlaşmaq öhədliyi daşıyır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, bonus faizinə dair bankın tərtib etdiyi müddəa müqavilənin standart şərti hesab edildiyi üçün təfsir zamanı bu institutla bağlı qaydalar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, bonus faizinə dair bankın tərtib etdiyi müddəa müqavilənin standart şərti hesab edildiyi üçün təfsir zamanı bu institutla bağlı qaydalar da nəzərə alınmalıdır. Məlum olduğu kimi qanunverici hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə Mülki Məcəllənin 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər” müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Halbuki, müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik, nə də məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin (məsələn, bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Mülki Məcəllənin 417-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipin mahiyyətinə və məqsədinə ziddir. Yəni, müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını alması arzuolunmaz hüquqi vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin suiistifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir. Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (Mülki Məcəllə 418-ci maddə) və standart şərt qeyri-adi olmamalıdır (Həmin Məcəllənin 419-cu maddəsi). Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan, onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (Həmin Məcəllənin 420-ci maddəsi). Mülki Məcəllənin 419.2-ci maddəsinə görə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Hazırkı işdə bonus faizinə dair bank tərəfindən tərtib edilmiş şərt “əmanətçi əmanətini müqavilə şərtlərinə uyğun olaraq müddətin sonuna kimi saxlayarsa, qruplara uyğun olaraq ona əlavə bonus faiz hesablanır və hesabına köçürülür” kimi ifadə olunmuşdur. Göründüyü kimi bu müddəa bonusun birdəfəlik, yoxsa hər il üçün hesablanan faiz şəklində veriləcəyi baxımından qeyri-müəyyəndir. Nəzərə aldıqda ki, həmin şərti bankçılıq sahəsində professional şəkildə məşğul olan şəxslər (və ya şəxslər qrupu) hazırlamışdır, müştərinin isə bir qayda olaraq müvafiq bilik və məlumatlılıq baxımından onu müzakirə etmək və dəyişdirmək imkanı yoxdur, o zaman qanunda göstərildiyi kimi qeyri-müəyyən şərtin bankın ziyanına (əleyhinə) təfsir edilməsi daha ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; İş materiallarında olan sübutlarla müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli, 92013- 75931 saylı bank əmanəti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən illik faiz dərəcəsi 13 faiz olmaqla, 60 ay müddətinə, 102000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdehyə əmanət qismində qoyulmuşdur. Lakin Bank əmanət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya xx.xx.2013-cü il tarixli, 92013-75931 saylı bank əmanəti müqaviləsi üzrə əsas borc üzrə 4080 ABŞ dolları borcu yaranmışdır. Ona görə də, Cavabdeh-dən 4080 ABŞ dolları məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin tələbində müəyyən olunur ki, iddiaçı cavabdehdən 174,25 ABŞ dolları məbləğində faiz borcu tələb etməkdə də haqlı olmuşdur. Belə ki, cavabdeh Bank xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçıya olan əsas borcunu ödəməmiş və nəticədə 174,25 ABŞ dolları faiz borcu yaranmışdır. Ona görə də Cavabdeh 174,25 ABŞ dolları məbləğində faiz borcu İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən əsaslı olduğundan, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzi tutulması qanuni olmaqla yanaşı ədalətlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissələri ilə bağlı hesab edir ki, bu tələb məhkəmə tərəfindən yuxarıda qiymət verilən tələbdən doğan tələblər olduğuna görə bu hissədə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 254557 və 410899 nömrəli mədaxil qəbzlərindən görünür ki, hüquqi xidmətə görə X3 Vəkil (VÖEN **********) müvafiq olaraq 100 manat və 900 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 383,90 ABŞ dolları aviabiletə çəkilən xərcin cavabdehdən tutulması hissələri ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək üçün Dubay şəhərində Bakı şəhərinə gəlməli olduğunu və bunun üçün 383,90 ABŞ dolları aviabiletə xərc çəkdiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş aviabiletin surətindən görünür ki, gəliş vaxtı 31 mart – gediş vaxtı 11 aprel göstərilmiş iddia isə xx.xx.2019-cu il tarixdə məhkəməyə verilmişdir. Kollegiya qeyd edir ki, iddia tələbi vaxt intervalı baxımından gəliş-gediş vaxtından xeyli vaxt keçdikdən sonra verilmiş və iddiaçı bu hala dair səbəbli əlaqəni sübut edə bilməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3691/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh-dən 4080 ABŞ dolları məbləğində əsas borc, 174,25 ABŞ dolları məbləğində faiz borcu, cəmi 4254,25 (dörd min iki yüz əlli dörd dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) borc, hüquqi xidmətə görə 1000 manat, dəymiş mənəvi ziyana görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3691/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh-dən 4080 ABŞ dolları (ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə) məbləğində əsas borc, 174,25 ABŞ dolları məbləğində faiz borcu, hüquqi xidmətə görə 1000 manat, dəymiş mənəvi ziyana görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar