Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7629/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi 5 saylı ASAN Xidmət Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlı şəxs olmaqla “atalığın tanınması faktının müəyyən edilməsi barədə ərizəsinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 413/2020 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuş və xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X12 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci ildə X6 şəhərində anadan olmuş və Rusiya Federasiyası, Moskva şəhəri, X4 Dövlət X7 Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası X9 xx.xx.1975-ci il tarixdə X3 Respublikasının Vedeno rayonunda anadan olmuş, 1992-ci ildə Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1966-cı il təvəllüdlü X18 ilə nikaha daxil olmadan ailə qurmuş, onların ailə münasibətlərindən üç uşaqları doğulmuşdur. Uşaqlar doğulan zaman valideynləri arasında nikah olmadığından, doğum haqqında şəhadətnamə ilə təmin edilən zaman isə atalıq müəyyən edilmədiyindən onun və bacısı Sabrina Karqinovanın doğum haqqında şəhadətnaməsinin ata qrafasında ataları barədə məlumat qeyd edilməyib, qardaşının doğum haqqıda şəhadətnaməsinin ata qrafasında isə atası barədə məlumatlar anasının dedikləri əsasında yazılmışdır. O, ailəsi ilə birlikdə müəyyən vaxtlarda Azərbaycan Respublikasına gəlib-getmiş, sonuncu dəfə 2007-ci ildə Azərbaycan Respublikasına gəlmişlər və həmin vaxtdan da Bakı şəhərində yaşayırlar. Gəldikləri vaxtdan o, anası, bacısı və qardaşı qaçqın kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədirlər. X10 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, orta məktəbin birinci sinfinə X2 şəhərində getmiş, Azərbaycana gələndən sonra təhsilini əvvəlcə Çeçen məktəbində, daha sonra isə Bakı şəhəri 175 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmiş, 2017-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X11 ilə ailə qurmuş, lakin rəsmi niakha daxil ola bilməmişdir. Onların ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə bir qızları doğulmuşdur. xx.xx.2019-cu il Tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzinə müraciət edərək X12 onun atası olması faktının qeydə alınmasını xahiş etmiş, müraciətə cavab məktubunda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, atası ilə bağlı hüquqlarından istifadə edə bilmir, atalıq faktı müəyyənləşmədiyi üçün valideynlərindən birinin (bu halda atasının) Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən heç bir sənədi Dövlət Miqrasiya Xidmətinə təqdim edə bilmir. Bu səbəbdən də onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmır və nəticədə o, Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilə bilmir. Atası olan şəxsin (X12) onun doğum akt qeydində atası kimi qeyd edilməməsi onu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmaqdan məhrum edir, bu da, Azərbaycan Respublikasının vətəndaşı kimi onun əldə edə biləcəyi hüquqlardan istifadə edə bilməməsi ilə nəticələnir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 413/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları ərizə ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Ərizəçi qeyd etdi ki, o, anası, bacısı, qardaşı və atası ilə birlikdə Bakı şəhərinin Sovetski qəsəbəsində yaşamış, bibiləri və əmisi onlara tez-tez gəlməsələr də, əmisi onlara köməklik göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2012-2015-ci illər ərzində keçmiş əri ilə birgə Sovetskidə “Elnur” marketin yaxınlığından kirayədə qalmışlar, həmin vaxt ərizəçi və ailəsi ilə qonşu olmuşlar, onların evinə gedişgəlişi olmuş, hazırda da ərizəçinin anası Lyubov ilə yaxın münasibəti var. Lyubovun əri Azər olmuş, onların üç uşaqları olmuşdur: ərizəçi Sabina, Sabrina və Rəşid. Sonuncular bir ailənin üzvü kimi birlikdə bir evdə yaşamış, Azər uşaqlarına atalıq qayğısı göstərmişdir. Azər təxminən 2014-cü ildə ölmüş, lakin o, hamilə olduğu üçün yas mərasimində iştirak edə bilməmişdir. Azərin qohumlarını tanımır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçinin yaşadığı məhlədə mağazada satıcı işləmişdir. Ərizəçinin bacısının adı Sabrina, qardaşının adı Rəşiddir, onlar ailəsi ilə birgə, yəni atası Azər, anası Lyubov ilə birlikdə yaşamışlar. Azərin ölməsindən xəbəri var, amma yas mərasimində iştirak etməmişdir, çünki 2013-cü ildən artıq həmin mağazada işləməmişdir. 2017-ci ildə Sabina ilə ailə qurmuş, lakin rəsmi niakha daxil ola bilməmişlər. Ərizəçi ilə onun ər-arvad münasibətlərindən xx.xx.2018-ci il tarixdə bir qız övladları doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, ərizəçinin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ seriyalı 738314 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabında 326 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********61 saylı məktubda bildirilmişdir ki, “ASAN xidmət" mərkəzlərində xidmətlərin birbaşa digər təşkilatlar tərəfindən həyata keçirildiyini nəzərə alaraq Ərizəçi müraciətinə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət" mərkəzində fəaliyyət göstərən X4 dövlət qeydiyyatı xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 414- 05/76 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Qaçqınlar üçün X15 Komissarlığı (X21 Commissioner for Refugees) tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ***-*******3 saylı qeydiyyat nömrəli qaçqının himayə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Karqinova Sabinə xx.xx.1997-ci il tarixdə Russia Federasiyasında anadan olmuş və həmin dövlətin vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı Şəhər Regional Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 706 saylı arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Sabına Kargınovaya (himayə sənədi ***-*******3 nömrəli) xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, xx.xx.2021-cı il tarixinədək Bakı şəhəri, Yasamal rayonu, X19 küçə, dalan 19, ev 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Moskva şəhəri, Lyublinsk VVAQİ şöbəsi tərəfindən xx xxxxx 2005-ci il tarixdə verilmiş, 820738 seriyalı doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Moskva şəhərində doğulmuşdur. Ana qrafasında X9 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. Ümumi orta təhsil haqqında 508319 nömrəli şəhadətnamədən görünür ki, Sabina Karqinova 2015-ci ildə Bakı şəhəri H.Aslanov adına 175 nömrəli məktəbdə ümumi orta təhsili bitirmişdir. Tam orta təhsil haqqında 004317 nömrəli attestatdan görünür ki, Sabina Karqinova 2017-ci ildə Bakı şəhəri H.Aslanov adına 175 nömrəli tam orta məktəbi bitirmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçinin tələbini sübut etdiyi hallar qismində təqdim etdiyi şahid ifadələri məhkəmə üçün atalığın tanınması faktının müəyyən edilməsi üçün kifayət etmir. Ərizəçi ərizəsində 2007-ci il tarixdən ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçərək burada atası olduğunu iddia etdiyi X12 yanında yaşamasını qeyd etmişdir. Belə olduğu təqdirdə isə X18 vəfat etdiyi tarixə kimi X9 ilə qeyri rəsmi nikahından doğulmuş Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin atası haqqında qeyd hissəsində onun adının qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə qənaəti yalnışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Mülki Prosessual Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə digər işlərlə yanaşı, atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə də baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Göründüyü kimi, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın etiraf olunması faktı məhkəmə qaydasında müəyyən edilir. Ali Məhkəmənin qərarında göstərildiyi kimi, qeyd edilən üç şərt mövcud olduqda atalığı etiraf etmə faktı müəyyən edilmiş olur. Hazırki işin mübahisəsiz halıdır ki, ərizəçinin atası olması faktının müəyyən edilməsini istədiyi X18 2014-cü ildə ölmüşdür, mərhum Azər Rzayev ilə ərizəçinin anası Lyubov Karqinova ailə qurmuşlar, lakin aralarında rəsmi nikah bağlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Səbinə onun qardaşı X12 qızıdır. Azər Moskva şəhərinə işləmək üçün getmişdir və orada yaşayırdı. Orda Səbinənin anası ilə nikaha daxil olmadan birgə yaşayırdılar. Onların ailəsinin bundan xəbəri var idi. Azər Səbinə anadan olandan sonra tez-tez onlara Səbinənin şəkillərini göndərirdi və onlarla telefonla əlaqə saxlayırdı. Səbinənin 3 yaşı olduqda onlar Bakıya gəlmişlər və bir neçə ay anası ilə birgə yaşamışlar. Sonradan isə ayrıca kirayə mənzil tutaraq orada yaşamışlar. Bir müddət sonra yenidən Rusiya Federasiyasına qayıtmış, 2007-ci ildə isə yenidən Bakı şəhərinə köçmüşlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Səbinə onun qardaşı X12 qızıdır. Qardaşı əvvəl ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, 2007-ci ildə isə Bakıya köçmüşdür. X23 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun Azərin ailəsi ilə yaxın münasibətləri olmamışdır. Azər uşaqları ilə bir evdə yaşamışdır. Birinci instansiya məhkəməsi şahid ifadələrinin atalığın tanınması faktının müəyyən edilməsi üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, atalığın etiraf olunması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün şərtlərdən biri də həmin şəxs özünü uşağın atası hesab etməsidir. Ali Məhkəmənin Plenumunun Qərarında birbaşa göstərilmişdir ki, özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Məhkəmədə şahid qismində dindirilmiş şəxslər atalığının etiraf edilməsi tələb edilən şəxsin bacısı və qardaşıdır, yəni ərizəçinin bibisi və əmisidir. Həmin şəxslərin ifadələrindən görünür ki, ərizəçinin anası ilə atasının arasında nikah bağlanmamış olsa da, ailə şəklində birgə yaşamışlar, Bakıya gəlib-getmişlər, qohumları ilə əlaqələri olmuş, Bakıya köçdükdən sonra da ailə şəklində bir evdə yaşamışlar. Həmçinin apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş şəxslər də, ailənin birgə yaşadığını, Azər Rzayevin üç uşağının olduğunu (hansı ki, onlardan biri də Ərizəçidır) təsdiq etmişlər. Kollegiya hesab edir ki, şahid ifadələri ilə ölmüş şəxsin (Azər Rzayevin) özünü ərizəçinin atası hesab etməsi öz təsdiqini tapmış olur. Atalığın etiraf edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu sübut olunur. Belə olan halda Kollegiya hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Ərizəçinin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-413/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi “atalığın tanınması faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx xxxxxx 1966-cı il tarixdə doğulmuş və xx xxxxxx 2014-cü il tarixdə ölmüş X1 - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7629/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7629/2020
23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver