Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-763/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh arasında 19 mart 2020-ci il tarixdə podrat müaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə podratçı, yəni cavabdeh müvafiq təmir-tikinti işlərini yerinə yetirməyi, sifarişçi, yəni iddiaçı isə təmir-tikinti işlərinin razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış ümumi məbləğ bütün vergilər daxil olmaqla 15.760 (on beş min yeddi yüz altmış manat) Azərbaycan manatı təşkil etmişdir. İddiaçı qeyd olunan məbləği ödədiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni ona məxus mənzildə təmir-tikinti işlərinin lazımi səviyyədə yerinə yetirilmədiyini iddia etmiş və öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini təmin etməmişdir. İddiaçı göstərilən nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə aralarında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə 15761 (on beş min yeddi yüz altmış bir) manat, mənzilin təmiri dövründə kirayədə qaldığı 4 aya görə hər ay 500 (beş yüz) manat olmaqla, 2000 (iki min) manat, məhkəmə xərclərinə görə ödənilmiş 148 (yüz qırx səkkiz) manat dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 1500 (min beş yüz) manat, ümumilikdə 19409 (on doqquz min dörd yüz doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında 19 mart 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 65 kv.m olan 78 saylı mənzilin təmirinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat pul ödəmişdir. Sözügedən mənzil təmirə başlanıldığı gündən 75 gün müddətinə təhvil verilməli idi. Lakin mənzilin müqavilədə göstərilən tarixdə təhvil verilməsi bir tərəfə, heç təmiri belə demək olar ki, aparılmamışdır. Buna baxmayaraq, o, müqavilə üzrə göstərilən məbləği tam olaraq ödəmişdir. Sözügedən mənzilin təmiri gecikdiyindən 4 ay, hər ay 500 (beş yüz) manat ödəməklə kirayədə qalaraq 2000 (iki min) manat zərərə düşmüşdür. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, podratçı işləri bu müqavilənin 1 saylı Əlavəsi ilə müəyyənləşdirilmiş şərtlərlə qüsursuz şəkildə həyata keçirir və razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verir. Müqavilənin 3.2-ci bəndinə əsasən, icra olunmuş işlərdə qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, sifarişçi podratçıdan yaranmış qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılmasını tələb edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən, podratçının hərəkət və ya hərəkətsizliyinin nəticəsi olaraq sifarişçi tərəfindən bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, tərəflər müvafiq təhvil sənədi əsasında qarşılıqlı hesablaşmalar aparır və görülməmiş işlər üçün əvvəlcədən ödənilmiş pul vəsaiti olarsa, həmin pul vəsaiti tam həcmdə podratçı tərəfindən sifarişçiyə geri qaytarılır. Podrat müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə göstərilən, yəni 15.761 (on beş min yeddi yüz altmış bir) manat məbləği ondan 4 dəfəyə nağd şəkildə almışdır. Həmin məbləği nağd şəkildə alması onunla cavabdeh arasındakı “whatsapp” yazışmalarında öz əksini tapmışdır. O, dəfələrlə cavabdehdən mənzilin təmirinin nə vəziyyətdə olduğunu, təmirin gecikmə səbəbləri barədə məlumat almaq istəsə də, cavabdeh telefon zənglərinə cavab verməmiş, onu xəbərsiz buraxmışdır. Təmirin gecikməsi onun kirayə qalmasına səbəb olmuş və 4 ay öz büdcəsindən hər ay 500 (beş yüz) manat olmaqla, 2000 (iki min) manat pul ödəyərək kirayə haqqı vermişdir.
4. 26 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, mülki iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 28 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. 06 iyun 2022-ci il tarixdə cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 10 iyun 2022-ci il tarixli qərardad qəbul edilərək, ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv olunaraq, iş üzrə icraat təzələnmişdir.
5. 27 sentyabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki və məhkəmə-iqtisad ekspertizası təyin edilmiş, ekspert qarşısında mənzilin təmir olunub-olunmaması, habelə öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği barədə suallar qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə 21 iyul 2023-cü il tarixli məktub ünvanlanaraq, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat verilmiş, imtinaya səbəb kimi qeyd olunmuşdur ki, tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
7. Birinci instansiya məhkəməsinin 31 avqust 2023-cü il tarixli (2(008)-674/2023 nömrəli mülki iş üzrə, hakim Ş.Qədirova) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 19 mart 2020-ci ildə podrat müqaviləsi bağlamış və müqavilə üzrə ona 4 dəfəyə nağd şəkildə 15761 (on beş min yeddi yüz altmış bir) manat pul ödəmişdir. Cavabdeh isə götürdüyü pulun müqabilində təmiri nəinki müqavilədə göstərilən vaxtda başa çatdırmamış, sözügedən mənzildə təmiri qüsurlu, nöqsanla dolu şəkildə yarımçıq qoyub qaçmışdır. Cavabdeh tərəf iddiaçının zənglərinə cavab verməmiş, əksinə onun pulunu mənimsəməklə çətin vəziyyətdə qoymuşdur. Müqavilə öhdəliyini yerinə yetirməməklə cavabdeh tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsini pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin edilməməsini belə əsaslandırmışdır ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 10/3282 nömrəli, 21 iyul 2023-cü il tarixli məlumatdan görünür ki, baxış zamanı tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. İddiaçının başqa mənzili olmadığından və artıq kirayə haqqı verə bilmədiyindən məcbur qalıb evi təmir elətdirmişdir. Bunu, yəni həmin təmir-tikinti işlərinin hansı mərhələdə olduğunu fotoşəkillərdən də görmək olur. Həmçinin podrat müqaviləsi imzalanandan sonra onda göstərilən tarixlər həm sifarişçi, həm də podratçı üçün mütləq hesab olunur. Onların pozulmasına görə hər iki tərəf məsuliyyət daşıyır. Podratçı işlərin gecikməsinə görə, sifarişçi isə onların qəbul edilməsinə və ödənişlərin vaxtında edilməsinə görə məsuliyyət daşıyır. İşlərin təhvil-təslim edilməsi “Təhvil-təslim aktı” ilə sənədləşdirilir. Akt sifarişçi və podratçı tərəfindən imzalanmalıdır. Bu akt əsasında sifarişçi podratçı ilə haqq-hesab aparır. Bu mübahisədə isə heç bir “Təhvil-təslim aktı” yoxdur. Deməli, iddiaçı öz iddiasında haqlıdır.Çünki hər iki tərəf xüsusilə də cavabdeh tərəf gələcəkdə sifarişçinin ona qarşı əsassız ittihamlarından özünü sığortalamaq üçün işi tam təhvil versəydi, mütləq o aktı tərtib edib, sənədləşdirmiş olardı. Cavabdeh tərəfindən nəzərdə tutulan işlərin icrasına qeyri-peşəkar heyətin cəlb olunması mənzilin yararsız hala düşməsinə və mülkiyyətçi üçün sonradan əlavə xərclərin yaranmasına gətirib-çıxarmışdır. Bununla yanaşı, ekspertiza keçirilərkən ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş, lakin obyekt ilkin vəziyyətdə saxlanmadığından ekspert tədqiqat aparılmasını qeyri-mümkün hesab etmişdir. İddiaçı ekspertə evdə olan nöqsanları, yarımçıq təmir işlərini, təmir-tikinti işlərinin düzgün aparılmamasını göstərsə də, ekspert bunu görməzlikdən gəlmişdir. Bundan başqa, iddiaçı ekspertə, sonra isə məhkəməyə cavabdeh tərəfin mənzili hansı formada qoyub getdiyini sübut edən şəkilləri və çəkilişi göstərsə də, heç bir şey dəyişməmiş, sonda iddia təmin olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh 16 yanvar 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə ödənişlər tam olaraq evə xərclənmişdir. Ev tam hazır vəziyyətdə olmuşdur. Hazırda iddiaçı qərəzli şəkildə iddialar qaldıraraq, əsassız pul tələb edir. Odur ki, apellyasiya şikayəti rədd edilməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
13. İddiaçı və cavabdeh isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:
14. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarı:
18. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və izah edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 19 mart 2020-ci il tarixdə podrat müaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə podratçı, yəni cavabdeh müvafiq təmir-tikinti işlərini yerinə yetirməyi, sifarişçi, yəni iddiaçı isə təmir-tikinti işlərinin razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış ümumi məbləğ bütün vergilər daxil olmaqla 15.760 (on beş min yeddi yüz altmış manat) Azərbaycan manatı təşkil etmişdir. İddiaçı qeyd olunan məbləği ödədiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni ona məxus mənzildə təmir-tikinti işlərinin lazımi səviyyədə yerinə yetirilmədiyini iddia etmişdir. Cavabdeh isə iddiaçının iddiasına etiraz edərək, bildirmişdir ki, iş üzrə ödənişlər tam olaraq evə xərclənmiş, ev tam hazır vəziyyətdə olmuşdur. Belə olan halda, iddiaçı qərəzli şəkildə iddialar qaldıraraq, əsassız pul tələb etmişdir. Yaranmış mübahisənin düzgün həlli üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspert qarşısında mənzilin təmir olunub-olunmaması, habelə öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği barədə suallar qoyulmuş, lakin tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından qərardadda qoyulmuş suallar üzrə ekspert tərəfindən tədqiqat aparılması mümkün olmamışdır.
23. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
24. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
25. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
27. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
28. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
29. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.
30. Hazırki mübahisə üzrə isə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu edə bilməmiş, tələbini sadəcə formal mülahizələrlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də öz növbəsində yaranmış mübahisənin düzgün həlli üçün mümkün prosessual hərəkətləri etmiş, ekspetiza təyin etmiş, lakin iddiaçının iddiasını sübuta yetirən hər-hansı nəticə əldə edə bilməmişdir.
31. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırda sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, lakin onun cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini sübut edə bilmədiyindən, birinci insatnsiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
33. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində onun başqa mənzilinin olmadığından və artıq kirayə haqqı verə bilmədiyindən məcbur qalıb evi təmir elətdirdiyini qeyd etmiş və təmir-tikinti işlərinin hansı mərhələdə olduğunu fotoşəkillərlə əsaslandırmağa çalışmışdır. Həmçinin o, podrat müqaviləsi üzrə təhvil-təslim aktının olmamasını da şikayətində dəlil kimi irəli sürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı izah edir ki, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdəki mənzilin hansı məznil olması, habelə həmin fotoşəkillərin hansı tarixlərdə çəkilməsi şübhəli məqam olduğundan, həmin fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Podrat müqaviləsində isə təhvil-təslim aktının tərtib olunmasına dair imperativ şərt olmadığından, qeyd olunan aktın olmaması iddiaçının tələbinin təmin edilməsinə əsas vermir.
34. Odur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(008)-257/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.