Məhkəmə qərarları › İş №2(103)-7630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7630/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7630/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndələri X12 və X8 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (X2, X11, X13, X9, X16 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində cəlb olunmaqla) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun) etibarsız hesab edilməsi, qərara (protokola) əsasən verilmiş orderin ləğv edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-381/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 mart 2019-cu il tarixdə X2 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 08 aprel 2019-cu il tarixdə D-03 sayla qeydiyyata alınmış yazılı ərizə ilə müraciət edərək, təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 10.12.2004-cü il tarixli, 0192 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 81 və 82 saylı mənzillərinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2 yataqxana binasının 81 saylı mənzilində 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi X21, arvadı X14, oğlu Kamal Tağıyev və qızı Nuray Tağıyeva məskunlaşmış, Bakı şəhəri, ünvan 2 yataqxana binasının 82 saylı mənzilində isə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi X18, arvadı X5 və iki qızı Yeganə və Əfsanə Məmmədovalar məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumatlar öz əksini tapmamışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, X2 qeyd edilən binanın 81 və 82 saylı mənzillərindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzillərin açarlarını əldə edərək mənzillərin qapılarını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balans saxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. N.B.Dadaşova həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı “Radioquraşdırma” İB-yi ilə də əmək münasibətlərində olmamışdır. Belə ki, N.B.Dadaşovanın əldə etdiyi 10.12.2004-cü il tarixli, 0192 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun 24 yanvar 2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə N.B. Dadaşovanın barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, Dadaşova Nigarxanımın işləyib-işləməməsinin araşdırılması üçün təqdim edilmiş əmək kitabçasının surəti araşdırılarkən onun adına “Radioquraşdırma” zavodunun arxivində heç bir sənəd aşkar olunmamış, X2 müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailələrinin yaşamalarına baxmayaraq, guya Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən 09.11.2004-cü il tarixli, 41 saylı protokola əsasən verilmiş 10.12.2004-cü il tarixli, 0192 saylı yataqxana orderi ilə 81 və 82 saylı mənzillər ona verilmiş və o, hətta 81, 82 və 83 saylı mənzillərə 04.03.2014-cü ildə qeydiyyata alınaraq AZE 14287932 saylı şəxsiyyət vəsiqəsi almışdır. Qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Buna görə də Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 81 və 82 saylı mənzillərinə dair X1 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 10.12.2004-cü il tarixli, 0192 saylı orderin verilməsinə əsas Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən yataqxana binasının 4-cü mərtəbəsində yaşayış sahəsi 39.0 kv.metr olan 81 və 82 saylı mənzillərinə dair X1 adına 5 nəfər ailə üzvü ilə yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 10.12.2004-cü il tarixli, 0192 saylı orderinin ləğv edilməsi və orderdə adları göstərilən X1, X4, X6, X3, X10 yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunması xahiş olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qanuni əsasla məcburi köçkünlərin məskunlaşdığı mənzillərə verilmiş orderlərin hüquqi qüvvəsi dayandırıldığı halda, faktiki olaraq məcburi köçkünlərin istifadə və sahibliyində olduğu vaxtda onların yaşadıqları mənzillərə digər şəxslərin adına order verilməklə sənədləşdirilməsinin heç bir əsası yoxdur. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və eləcə də üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun) etibarsız hesab edilməsi, qərara (protokola) əsasən verilmiş orderin ləğv edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədədir. İddiaçı tələbini mübahisələndirdiyi protokol və orderin mənzil qanunvericiliyinin tələblərinin pozulması ilə əldə edilmiş olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və mübahisələndirilən orderin 02 avqust 2005-ci tarixdə verildiyini vurğulayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mübahisəli mənzilə köçmək üçün cavabdeh Nigarxanım Dadaşovanın adına verilmiş orderin etibarsız sayılması üçün əsaslar olmamışdır və order qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Belə ki, sözügedən orderin etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və müəyyən olunmuşdur ki, mübahisəli mənzil cavabdeh Nigarxanım Dadaşovaya mənzil şəraitini yaxşılaşdırmaq üçün işlədiyi müəssisə tərəfindən mənzil növbəsinə götürülməklə verilmişdir. Digər tərəfdən, sadalanan maddələrin mənasına görə, order yaşayış sahəsinə köçmək üçün əsasdır, mənzilə hüquq isə müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı əsasında əldə edilir. Cavabdeh Nigarxanım Dadaşovanın adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, 11 noyabr 1980-cı ildən 22 iyun 2007-ci il tarixədək 27 il müddət ərzində “Bakı Radioquraşdırma” İB-də işləmiş və öz ərizəsinə əsasən işdən çıxmışdır. Eyni zamanda cavabdeh Nigarxanım Dadaşova mübahisəli mənzilə özbaşına deyil, sözügedən orderə, həmçinin müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə protokol-qərarına əsasən köçmüş və bu gün də həmin mənzildə daimi qeydiyyatdadır. Mənzil Məcəlləsinin 60, 87, 105-ci maddələrinin mənasına görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə onların yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilə bilər və xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Cavabdeh Nigarxanım Dadaşovanın daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. N.Dadaşova xidməti yaşayış sahəsini vermiş müəssisədə 10 ildən artıq müddətə işləmiş və mənzildə məcburi köçkünlər məskunlaşdıqları üçün ora köçə bilməmişdir. Sözügedən yataqxanada “Radioquraşdırma" İB müdiriyyətinin və həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısından görünür ki, 263 nəfər şəxsə order verilib və cavabdeh Nigarxanım Dadaşova həmin siyahıda 11-ci sırada yerləşir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. İş materiallarından görünür ki, mübahisəli mənzilə order 02 avqust 2005-ci il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı (ləğvi) ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən iddianı əsassız saymış və gəldiyi nəticəni hüquqi cəhətdən Mənzil Məcəlləsinin 33, 48, 49, 60, 87, 105-ci və s.maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini, o cümlədən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinin qeyri-mümkün olması ilə bağlı dəlili əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı münasibətlərin xarakterinə və işin hallarına görə hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilər. Həm də artıq tərəflər arasında olan başqa bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də mübahisəyə iddia müddəti tətbiq olunmuş və həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır (i.v.50-55). Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Hazırkı işdə birğə qərarın (protokolun) və orderin mübahisələndirilməsi üçün müddətin axımı həmin sənədlərin verildiyi gündən başlamışdır. Sənədi verən orqanın təşkilati-hüquqi formasının, yaxud mülkiyyət formasının dəyişməsinin iddia müddətinə hər hansı təsiri yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh isə əksinə, həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar