Məhkəmə qərarları › İş №2(103)-7634/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7634/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7634/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 2407/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2407/19) iddia tələbi qismən təmin olunaraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yaşayış sahəsi 14,0 kv.m., ümumi sahəsi 27,9 kv.m. olan 1 otağından çıxarılması, həmin otağın boşaldıraraq İddiaçı verilməsi, mübahisəli mənzilin cababdehin mülkiyyətində olan 44,9 kvm ümumi sahəyə malik 2 otağında iddiaçıya məxsus əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və E.Kazımov, iş № 2(103)-13963/19) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamyev, iş № 2(102)- 3007/20) Cavabdeh kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, qətnaməsi ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yaşayış sahəsi 14,0 kvm, ümumi sahəsi 27,9 kvm olan 1 otağı xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya, 44,9 kvm ümumi sahəsi olan 2 otağı isə cavabdehə məxsusdur. İddiaçı xx xxxxxx 1996-cı ildən X1 ilə nikaha daxil olub ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə gəlin köçmüşdür. Həmin ildən 2017-ci ilin avqust ayına qədər sözügedən mənzildə yaşamışdır. Mənzildə olan bütün əşyalar iddiaçıya məxsusdur. Həmçinin mənzilin bu illər ərzində kommunal ödənişləri, mənzil pullarını şəxsi vəsaiti hesabına iddiaçı ödəmişdir. Mənzildə uzun müddət yaşadığından və sahibliyinə verildiyindən 2008ci ildə ünvan 1, mənzil 70 ünvanında yerləşən 3 otaqlı mənzili tam təmir etdirmiş və əşyalarını yerləşdirmişdir. Lakin cavabdeh iddiaçının mənzildə olmadığından istifadə edərək mənzili əşyaları ilə birlikdə zəbt etmiş və iddiaçının mülkiyyət hüququnu pozmuşdur. xx.xx.2019-cu il tarixdə cavabdehə yazılı xəbərdarlıq göndərərək mənzildəki əşyaların iddiaçıya təhvil verilərək mülkiyyətində olan 1 otaqlı mənzilin boşaldılıb iddiaçıya verilməsini xahiş etmiş, lakin cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehin onun xüsusi mülkiyyətində olan 1 otaqdan çıxarılması, həmin otağın boşaldılaraq ona təhvil verilməsi, mənzilin cavabdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otaqında olan ona məxsus əşyaların cavabdehdən alınaraq ona verilməsi, həmin mənzilin cavabdehin mülkiyyətində olan 2 otağının və mənzilin ümumi istifadədə olan sahəsinin təmirinə çəkdiyi təmir xərclərinin əvəzində 47000 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsi, işə birtərəfli baxılması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və s. barədədir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasına apelyasiya baxışının predmeti olan hissədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə kollegiyasının sonuncu iclasında iştirak etməsə də, xx.xx.2020ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan ərizəyə münasibət bildirmiş, apelyasiya baxışının predmeti olan hissədə iddianı qismən etiraf etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən - ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılmış və bununla da həmin hissələr qanuni qüvvəyə minmişdir. Ona görə də hazırkı apelyasiya baxışının predmetini yalnız kassasiya qaydasında ləğv olunub yeni apelyasiya baxışına qaytarılan hissə, yəni mübahisəli mənzilin cababdehin mülkiyyətindəki 2 otağında olan iddiaçıya məxsus əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi təşkil edir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, apelyasiya baxışının predmeti olan hissədə iddiaçının tələbi mübahisəli mənzilin cababdehin mülkiyyətindəki 44,9 kv.m ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi barədədir. İddiaçı tələbini mənzildə olan bütün əşyaların ona məxsus olması və cavabdehin həmin əşyaları özünün iki otağına yığıb qaytarmaması ilə əsaslandırmışdır. İddiaçı iddia ərizəsində tələb etdiyi əmlakların adı, əlamətləri, dəyəri və s. barədə heç bir məlumat göstərməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini göstərilən hissədə əsaslı sayaraq təmin etmiş, apelyasiya instansiyası məhkəməsi bununla razılaşsa da, kassasiya qaydasında işə baxan məhkəmə həmin hissədə gəlinən nəticə ilə razılaşmamış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qeyd olunan hissədə ləğv edərək müvafiq göstərişlərlə yeni apelyasiya baxışına qaytarmışdır. Kassasiya instansiyası məhkəməsi həmin qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, prosessual qanunvericiliyin bu maddədə nəzərdə tutulan tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasında hər hansı anlaşılmazlıqları aradan qaldırmaq, qətnamə ilə tutulan əmlakı eyniləşdirməyə imkan yaratmaq, ümumiyyətlə, qətnamənin icrasını hər hansı çətinlikdən qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək apelyasiya baxışının predmeti olan hissədə iddia tələbini dəqiqləşdirdi və cavabdehin mülkiyyətində olan iki otaqda yerləşən aşağıdakı əmlakların cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi: qonaq otağında olan bir ədəd divan, iki ədəd kreslo, bir ədəd qəhvə masası, bir ədəd servant, iki ədəd şkaf, bir ədəd stol, üç ədəd stul, bir ədəd “Mitsubishi” markalı kondisioner, bir ədəd televizor, yataq otağında bir ədəd yataq, bir ədəd şifoner, bir ədəd şkaf ilə güzgü, iki ədəd çarpayı masası, uşaq otağında bir ədəd divan, bir ədəd şkaf, bir ədəd stol şkaf ilə, mətbəxdə bir ədəd “Bosh” markalı soyuducu, bir ədəd qaz sobası. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında həmin ərizə ilə tanış oldu və bir ədəd stol, üç ədəd stul, bir ədəd “Mitsubishi” markalı kondisioner, bir ədəd “Bosh” markalı soyuducu, bir ədəd qaz sobası istisna olmaqla qalan digər əmlakların iddiaçıya məxsus olduğunu etiraf etdi və iddia tələbini həmin hissədə qəbul etdiyini, iddiaçının istədiyi vaxt bu əmlakları götürə biləcəyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərkən cavabdeh tərəfindən etiraf olunmayan əmlakların, yəni bir ədəd stol, üç ədəd stul, bir ədəd “Mitsubishi” markalı kondisioner, bir ədəd “Bosh” markalı soyuducu, bir ədəd qaz sobasının həqiqətən də cavabdehə məxsus olduğunu qəbul etdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bir mülkiyyətçi kimi özünə məxsus əmlakları cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Ona görə də cavabdeh tərəfindən etiraf olunan iddiaçıya məxsus əmlaklar cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək və işin müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı göstərilən hissədə təmin edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla apelyasiya baxışının predmeti olan hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin cababdehin mülkiyyətindəki 44,9 kvm ümumi sahəsi olan 2 otağında olan iddiaçıya məxsus əşyaların Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv olunsun. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunsun. Qonaq otağında olan bir ədəd divan, iki ədəd kreslo, bir ədəd qəhvə masası, bir ədəd servant, iki ədəd şkaf, bir ədəd televizor, yataq otağında bir ədəd yataq, bir ədəd şifoner, bir ədəd şkaf ilə güzgü, iki ədəd çarpayı masası, uşaq otağında bir ədəd divan, bir ədəd şkaf, bir ədəd stol şkaf ilə Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi apelyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar