Məhkəmə qərarları › İş №2(103)-7645/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7645/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7645/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-453/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X7, 11 yanvar 2019-cu il təvəllüdlü X2 Cavabdeh Oklay oğlunun xüsusi mülkiyyətində olan, onun da qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə istifadə hüququ tanınmaqla, köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 yanvar 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, onların birgə nikahlarından 21 dekabr 2016-cı ildə X7 11 yanvar 2019-cu ildə X8 adlı iki nəfər uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzili əri X3 xüsusi mülkiyyətindədir. O, gəlin kimi, cavabdehə həyat yoldaşı, arvadı kimi mübahisəli mənzil olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə köçmüş, cehiz əşyaları da həmin ünvandadır. Cehiz əşyalarının bir hissəsi cavabdehin anasının Binə qəsəbəsində olan fərdi yaşayış evindədir. Nikahları təxminən üç ili ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibələri pozulmağa başladı. Münasibətlərinin pozulmasına əsas səbəb xasiyyətlərinin uyğun olmamasıdır. O, bir ildən artıqdır ki, atası evində yaşayır, ikinci övladı Dəniz o, ata evində olanda dünyaya gəlmişdir. Cavabdeh uşaqlara və ona baxmadığı üçün o, məhkəməyə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1484/2020 saylı 28 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olundu. Hazırda onun iki uşaqla birlikdə yaşamağa yeri yoxdur, atası evində nə qədər yaşamalıdır. Cavabdehdən uşaq üç yaşına çatana kimi saxlanılması üçün 50 manat aliment tutulub ona verilməsi təmin olunmuşdur. Mübahisəli, əri Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilində qeydiyyatdadır, yaşamaq hüququ vardır. Həmin mənzildə də birgə nikahdan doğulmuş uşaqları ilə birlikdə yaşamalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-453/2021 nömrəli qətnaməsi ilə İddia qismən təmin edilərək, İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüldü X8 ilə birlikdə Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilinə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı allyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-453/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin onun azyaşlı uşaqları ilə qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 il müddətinə istifadə hüquqlarının saxlanılmasına dair hissəsinin ləğv edilməsini, həmin hissədə, yəni istifadə hüquqlarının müəyyən olunması hissəsində müddət müəyyən edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməsini qismən əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə onu və az yaşlı uşaqlarını cavabdehə məxsus, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 55/57 saylı evin 51 saylı mənzilinə qətnamə qanuni qüvvəyə mindikdən sonra istifadə hüquqları saxlanılmaqla köçürülməklərini qət edərək 3 il müddət müəyyən etmişdir. O, həmin hissə ilə razı deyil. Belə ki, o, və az yaşlı uşaqlarının yaşamağa yerləri yoxdur. Hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Orada demək olar ki, yaşamaq mümkün olmadığını qeyd edir. Ailə vəziyyətləri olduqca ağırdır. Həmçinin cavabdeh az yaşlı uşaqlarının saxlanılması üçün təyin olunmuş alimenti də ödəmir. O, uşaqlarına valideynlərinin köməkliyi ilə baxır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi onu və az yaşlı uşaqlarını cavabdehə məxsus mənzilə köçürülməklərini və istifadə hüquqlarını müəyyən edib qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 il müddət təyin edərkən onların Konstitusiya və digər Qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, o və az yaşlı uşaqları cavabdehə məxsus mənzilə köçürülərkən və istifadə hüquqları müəyyən edilərkən müddət müəyyən olunmamalıdır. Çünki, onların yaşamağa başqa yerləri yoxdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 3 il müddətdən sonra onların harada yaşayacaqları bəlli deyil. Eyni zamanda da o özü heç bir yerdə işləmir. Mənzilin alınması üçün heç bir yerdən gəliri yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən isə onlar 3 ildən sonra evsiz qalacaqlar və bu da onların küçələrdə qalmaqlarına gətirib çıxardacaqdır. Hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi 3 il müddətinə istifadə hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməli və yaşayış sahəsindən istifadə hüquqları müəyyən edilərkən müddət müəyyən olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qismən qəbul edərək daimi olmamaq şərti ilə iddiaçının köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir.Əlavə olaraq qeyd etmişdir ki, iddiaçını və uşaqlarını evdən qovmamışdır, o özü uşaqları götürüb getmişdir. İş üzrə iddiaçı 06.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə göndərərək işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir.Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)- 453/2021 nömrəli qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 25 iyun 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X7 və X8 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh illə X6 12 yanvar 2016-cı il tarixdə 10 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 886429 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 21 dekabr 2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 238294 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 11 yanvar 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər Vəkil Bürosuna göndərilmiş 26 oktyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzili Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə 02.03.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(007)-1484/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 12 yanvar 2016-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilmiş nikahın pozulması, 21 dekabr 2016-cı il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X8 yeitkinlik yaşına çatanadək anaları İddiaçı himayəsində saxlanılmaları, 21 dekabr 2016-cı il təvəllüdlü X4 və 11 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 mart 2020-ci il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı verilməsi, 11 yanvar 2019-cu il təvəllüdlü X8 üç yaşına çatanadək 10 mart 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumu ondan alınaran dövlət büdcəsinə keçirilsin, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş və Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 55/57 saylı evin 51 saylı mənzilinə köçməklə həmin evdə qeydiyyata düşmüşdür. Tərəflərin birgə nikahından 21 dekabr 2016cı il tarixdə Oktay, 11 yanvar 2019-cu il tarixdə Dəniz adlı övladları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(007)-1484/2020 nömrəli qətnaməsi ilə, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahında doğulan 21 dekabr 2016-cı il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X8 anaları İddiaçı himayəsində saxlanılmışdır. Hazırda İddiaçı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2016-cı il tarixdən etibarən yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, İddiaçı mübahisəli mənzilə əmlak hüquqları hesab olunmayan istifadə hüququ yaranmışdır, odur ki, İddiaçı Cavabdeh ilə nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından İddiaçı həmin evdən istifadə hüququ saxlanmır.Odur ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilinə iddiaçının daimi olaraq köçürülüb yaşaması barə iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının maddi vəziyyəti, övladlarının onun himayəsində olması, başqa daimi yaşayış yeri olmaması, həmçinin, Cavabdeh apellyasiya baxışı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qismən qəbul edərək daimi olmamaq şərti ilə iddiaçının köçüb yaşamasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-453/2021 nömrəli qətnaməsi iddiaçının azyaşlı övladları ilə istifadə hüququ saxlanılmaqla köçürülüb yaşaması müddətində dəyişdirilməli, İddiaçı azyaşlı övladları ilə birlikdə mübahisəli mənizlə qətnamə qanuni qüvvəyə mindikdən sonra 5 (beş) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-453/2021 nömrəli qətnaməsi iddiaçının azyaşlı övladları ilə istifadə hüququ saxlanılmaqla köçürülüb yaşaması müddətində dəyişdirilsin. İddiaçı, azyaşlı uşaqları 21 dekabr 2016-cı il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüldü X8 ilə birlikdə Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 saylı evin 51 saylı mənzilinə bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 5 (beş) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülsün. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar