Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7646/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-96/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-96/2021 nömrəli qətnaməsi ilə, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 28 noyabr 2014-cü il tarixli 6- SMEG2Z-2-0-2345-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50519,82 ABŞ dolları əsas borcun, 11153,52 ABŞ dolları faiz borcun və 500 ABŞ dolları cərimə borcun, cəmi 62173,34 ABŞ dolları kredit borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına dair ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı olmaqla "xxxx" İKB ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi, ipoteka predmeti 70000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehin "xxxx" İKB ASC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən 1 (bir) ay ərzində çıxarılması və evin boşaldılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini əsas və faiz borcunun azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərə məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri göndərilməmiş, nə hazırlıq iclasının, nə də ki məhkəmə iclasının təyin olunması barədə onlara məhkəmə bildirişi göndərilməmiş, onlar lazımi qaydada məlumatlandırılmamışlar. İddiaçı eyni zamanda, hər ay edilən ödənişləri nəzərə alaraq əsas və faiz borclarını düzgün hesablamamışdır. Belə ki, onlar əvvəllər müqavilə öhdəliklərini vaxtında yerinə yetirmişdilər, lakın manatın kəskin devalvasiyasından sonra aylıq qazancarının ödənişləri ödəniş cədvəlinə uyğun həyata keçirməyə imkan vermədi, ödənişlərdə fasilələr yarandı. Bütün kreditorlar kimi onlar da ümid edirdilərki, banklar və dövlət tərəfindən güzəştlər olar, bu güzəştlər onlara da şamil olar. İddiaçı bank qeyri-qanuni olaraq '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən, nəzərdə tutulmuş güzəştləri borcluya tətbiq etməmişdir. Bu baxımdan, məhkəmə mühasibathq ekspertizası təyin edərək əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmamasına aydınlıq gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdehin borcu ödəməyə heç cürə imkanı yoxdur. Ona görə də şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nüimayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2014-ci il 28 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-nin "Mxm” filialından illik 20%- lə 48 ay müddətinə 101980 ABŞ dolları məbləğində kredit götürmüşdür. 23.12.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 23.07.2020 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 1 otaqlı, 46,1 kv.m ümumi, 18,3 kv.m yaşayış, 27,8 kv.mn yardımçı sahədən ibarət 9 nömrəli evin 282 nömrəli mənzili 2014-cü il 28 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-cü il 28 noyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 28 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 12-dək Cavabdeh1 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 50519,82 ABŞ dolları əsas, 11153,52 ABŞ dolları faiz, 8685,51 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 70358,85 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasım təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir Müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında 28.11.2014-cü il tarixli 6-SMEG2Z-2-0-2345-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 101980 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə edilmiş sonuncu, yəni 23.12.2016-cı il tarixli əlavə ilə kredit müqaviləsinin 1.2.6-cı bəndində göstərilmiş “48 ay” sözləri “69 ay” sözləri ilə ilə əvəz edilmiş, müqavilənin 1.2.8-ci bəndində göstərilmiş “28.11.2018” sözləri “23.07.2020” sözləri ilə əvəz edilmiş, müqavilənin 1.2.11-ci bəndində göstərilmiş “20%” sözləri “9,79%” sözləri ilə əvəz edilmişdir. Cavabdehlər isə aldığı krediti 69 ay müddətinə, illik 9,79 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə borcu yaranmışdır 28.11.2014-cü il tarixli 6-SMEG2Z-2-0-2345-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilə 48 ay müddətinə bağlanılmış və daha sonra 23.12.2016-cı il tarixli sazişə əsasən kredit və zaminlik müqaviləsinə əlavə edilərək kreditin müddəti 69 ay və kreditin bağlanma tarixi 23.07.2020-ci il tarixi hesab edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. İş materiallarında olan 12.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 50519,82 ABŞ dolları məbləğində əsas kredit borcu, 11153,52 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 8685,51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 70358,85 manat borcu vardır. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, 8685,51 ABŞ dolları miqdarında cərimə pulu 50519,82 ABŞ dolları miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 500 ABŞ dolları saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin qismən edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 50519,82 ABŞ dolları əsas borc, 11153,52 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu, cəmi 62173,34 ABŞ dolları məbləğində kredit borcu tutulmalıdır. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehlərin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni əsas və faiz borcunun məbləğləri hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, cavabdehlərin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildiriş və SMS bildiriş göndərilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etmiş(bax.i.v.114-115) sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Cavabdeh1 göndərilmiş məhkəmə bildirişləri isə “bu ünvanda yaşamır” qeydləri yazılmaqla məhkəməyə qaytarılmış, lakin SMS bildirişlər onlara çatmışdır. Göründüyü kimi, cavabdehlərin bu dəlillərdə istifadə etməsi əslində qeyd olunan müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır ki, bu da hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. İkincisi, cavabdehlər iddiaçının hər ay edilən ödənişləri nəzərə alaraq əsas və faiz borclarını düzgün hesablamadığını, əvvəllər müqavilə öhdəliklərini vaxtında yerinə yetirdiklərini göstərsələr də bu dəlillər də əsassızdır. Çünki, bu barədə, yəni öhdəliklərini vaxtında və düzgün yerinə yetirmələrinə dair heç bir sübut təqdim edilməmişdir. Buna görə də əsas və faiz borcunun düzgün hesablanmadığını yalnız şikayət xatirinə səsləndirmək əsaslı ola və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas ola bilməz. Başqa sözlə buna zərurət və əsas olması da işdən görünmür. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcunun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. İddiaçı bankın qeyri-qanuni olaraq '‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən, nəzərdə tutulmuş güzəştləri borcluya tətbiq etməməsi dəlili də açıq-aşkar əsasssız dəlildir. Üçüncüsü, cavabdehlərin göstərdiyi digər dəlillər də onların iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdehlər qeyd olunan kredit və zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehlərin birgə apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)- 96/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7646/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver