Məhkəmə qərarları › İş №2(103)-7647/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7647/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7647/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4604/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-16/2012 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq girov qoyulmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın eləcədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın etibarsız sayılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4604/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim -Səbinə Nuriyeva) ilə iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilmişdir.

3. Bundan sonra həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilmiş, həmin şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 saylı Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

9. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

10. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.

11. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-16/2012 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi ilə tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi qeyd olunmuş, lakin qətnamə ilə həmin əmlakların dəyəri müəyyən olunmamışdır. Bu baxımdan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir.

12. Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 18-1927-10 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən əmlakların qiymətləndirilməsi aparılmışdır. Nəticədə 11 və 11/1 saylı hesabatlar tərtib edilmiş və əmlaklar qiymətləndirilmişdir. İddia tələbi daşınmaz əmlakların qiymətləndirilməsi barədə həmin hesabatların etibarsız sayılması barədədir. Ərizə iddia icraatı qaydasında ümumi məhkəməyə verilmiş və cavabdeh olaraq Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sübutlardan, habelə iddia ərizəsinin məzmunundan qeyd olunan əmlaklarla bağlı hərracın keçirilməsi müəyyən olunmur.

13. Mövcud qanunvericiliyə əsasən, hərrac keçirilənədək həmin qiymətlər, müstəqil iddia tələbi qaydasında deyil, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

14. İddiaçılar icra sənədinin icrası zamanı icra məmurunun sifarişi əsasında alınmış Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11 və 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatları, dolayısı ilə icra məmurunun hərəkətlərini mübahisələndirmişdirlər (çünki əmlakın qiymətləndirilməsi barədə sifarişi icra məmuru vermişdir). Lakin iddiaçılar qiymətləndirmə hesabatlarının ləğv edilməsinə dair iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndiriciyə - Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı irəli sürmüşdür.

15. Digər tərəfdən iddiaçıların icra icraatı çərçivəsində, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar daşınmaz əmlakların qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, hazırki işin predmeti olan qiymətləndirmə rəyi ilə bağlı icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var. Onların bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Mübahisələndirilən qərardadla məhkəmə iddiaçılara icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olmasını izah etmişdir.

16. Beləliklə Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən, bildirir ki, iddia ərizəsində göstərilən icra sənədi üzrə hərrac keçirilmədiyindən hazırkı mübahisəyə icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə baxılmalı olduğundan şikayət əsassızdır və təmin edilməməlidir.

17. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4604/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar