Məhkəmə qərarları › İş №2(103)-7649/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7649/2022

01.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7649/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 73/K nömrəli əmri ilə Təsərrüfat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, Cəmiyyətin Təsərrüfat şöbəsi ləğv olunduğundan xx.xx.2013-cü il tarixli 02/9 saylı əmrlə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmişdir.

2. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, İddiaçı xx.xx.2021-ci il tarixli 466K saylı əmrlə “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 466K saylı əmrlə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardarı (geri qayıdan məhsullar üzrə) vəzifəsinə qəbul olunmuş, “Sun Food" MMC-nin 564-K nömrəli xx.xx.2022-ci il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmişdir.

3. Cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 17 fevral 2022-ci il tarixli akta görə, aktı imza edənlər qeyd edilən tarixdə X1, Xırdalan Logistika departamenti, X4 anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsində çalışan İddiaçı anbarında keçirilən sayım zamanı aşağıdakıları aşkar etmişlər: məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 52 ədəd əksik çıxmışdır.

4. Cavabdeh MMC-nin X1, Xırdalan Logistika departamenti, Mərkəz anbar Şöbəsinin müdüri Bəxtiyar Musayevin MMC-nin direktoruna xx.xx.2021-ci il tarixdə ünvanladığı xidməti məlumatda “Bildirirəm ki, X1, Xırdalan Logistika Departamenti, X4 Anbardar (geri qayıdan məhsullar) vəzifəsində işləyən İddiaçı tərəfindən görülən işlərdə nöqsanlar aşkar edilmişdir. İddiaçı tərəfindən anbarda olan məhsulların şəxsi məqsədi üçün istifadə edilməsi təsdiqlənmişdir. Əməkdaşın işlədiyi bölməni və vəzifəsini diqqətə alaraq qanuna uyğun olaraq tədbir alınmasını xahiş edirəm. Məlumat olaraq diqqətinizə çatdırıram” göstərilmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, “...xx.xx.2021-ci il tarixində vaxtına az qalmış məhsullar geri qayıtmışdır. Onu qeyd edim ki, məhsul satışa yararsız vəziyyətdə olmuşdur. Bir neçəsini çayla içmişdim. Bunun bir də təkrarlanmayacağına söz verirəm”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməsi barədə MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, MMC-nin Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanması və ödənilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə “Qafqaz Ticarət" MMC-nin Logistika şöbəsində fəhlə vəzifəsinə işə düzəlmiş, sonradan həmin cəmiyyətin xx.xx.2010-cu il tarixli əmri ilə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin Təsərrüfat şöbəsində anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixində həmin cəmiyyətin Təsərrüfat şöbəsi ləğv olunduğuna görə cəmiyyətin Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixində "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, xx.xx.2021-ci il tarixində “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə, xx.xx.2022-ci il tarixdə isə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmiş, hazıradək əmr ona təqdim edilməmişdir. Dəfələrlə Cavabdeh MMC-yə yaxınlaşıb işdən çıxarılması barədə əmri tələb etsə də, ona həmin əmrin təqdim edilməsindən qəsdən imtina olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin əmrin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. Cavabdeh MMC əvvəlcə ondan könüllü olaraq işdən çıxması barədə ərizə verməsini tələb etmiş, bunu qəbul etmədiyinə görə heç bir qanuni əsas olmadan formal olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə istinad olunmaqla qərəzli şəkildə işdən çıxarılmışdır Açıq-aşkar görünür ki, tərəfindən işdən çıxmaq barədə yazılmış ərizə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun sərbəst iradə ifadəsi olmamış, Cavabdeh MMC tərəfindən onun işdən çıxarılmasına dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.

8. Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı əmək intizamını pozmuş, işəgötürənin mənafeyinə zidd hərəkətə yol vermiş, anbarda olan məhsulları şəxsi məqsədi üçün istifadə etmişdir. Buna görə də, onu işdən azad edərkən işəgötürən qanunvericiliyin tələbini pozmamışdır.

9. Birinci instansiya məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

10.1. Mülki iş üzrə hallar araşdırılarkən İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməmişdir. İddiaçının kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan isə 52 ədəd yeməsi cavabdeh üçün hər hansı maddi zərərə səbəb ola və ya işəgötürənin, qanuni mənafeyinə ciddi xələl gətirə bilməz; nəzərə alınmalıdır ki, iddiaçının yediyi konfetlərin istifadə müddətinin bitməsinə az qalmışdır. 10.2. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, məhz onun yol verdiyi pozuntuların müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. 10.3. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə sonuncunun işgüzar nüfuzuna xələl gətirməsi (anbarda olan istifadə müddəti bitmiş məhsuldan yeməsi) səbəbindən xitam verildiyini irəli sürsə də, məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində sözügedən ziyanın ortaya çıxdığını (yarandığını) kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh müəssisə vurulmuş maddi ziyanın iddiaçının qəsdən və bilərəkdən sistematik olaraq etməsi iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi özünə maddi ziyan vurulmasını hesab edən Cavabdeh MMC İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 564K nömrəli əmri verərkən həmin ziyanın məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığını təsdiq edə biləcək təkzib olunmaz sübuta malik olmamış, belə sübut məhkəməyə də təqdim edilməmişdir. 10.4. Digər tərəfdən, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının konkret hansı pozuntuya yol verdiyi barədə məlumat göstərilməmişdir. 10.5. Məhkəmənin qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. 10.6. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandrması üçün məhkəmə, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Əmək Məcəlləsinin 2ci, 3-cü, 68-ci, 70-ci, 71-ci, 72-ci, 74-cü, 76-cı, 83-cü, 186-cı, 187-ci, 189-cu, 300-cü maddələrinə istinad etmişdir.

12. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, iddiaçının, yararlıq müddətinin bitməsinə 6 ay qalan 290,40 manat məhsulu şəxsi məqsədi üçün istifadə etməklə müəssisəyə ziyan vurduğunu, eləcə də onun iddia müddətini ötürmüş olmasını nəzərə almadığı, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyi, qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. Cavabdeh MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddəsinin “c" bəndində göstərilən pozuntulara yol vermiş, onun müəssisəyə vurduğu ziyan aparılmış sayım zamanı aşkar edilmişdir. Bununla bağlı tərtib olunmuş akta əsasən mülkiyyətçiyə 290,40 (iki yüz doxsan) manat (qırx) qəpik məbləğində zərər vurulmuş, İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi izahatda öz təqsirini etiraf etmişdir. Törədilən pozuntu zamanı şokoladların istifadə müddətinin bitməsinə 6 (altı) ay qalmışdır. Məhkəmə, iddiaçının qəsdən və bilərəkdən sistematik olaraq hərəkət etmədiyini vurğulasa da, iş materiallarında işçinin təqsirli olduğunu təsdiq edən izahat və aparılmış yoxlamanın nəticəsi barədə akt mövcuddur. Əmək Məcəlləsinin 199-cu maddəsinin “ç” bəndinə görə işçi işəgötürən qarşısında əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı "xxxx" MMC ilə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işləri layiqincə yerinə yetirməyi tam məsuliyyətini öz üzərinə götürmüş, lakin əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Beləliklə məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş, qətnamədə yoxlama aktında aşkar olunan faktlara, cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir.

14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

17. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

18. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

19. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

20. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

21. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

22. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

23. Maddə 296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir.

24. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

34. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.

35. Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

36. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya istinad edilən pozuntu, onun işlədiyi anbarda məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədədinin, kodu 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 52 ədəd əksik çıxması olmuş, dəyəri 290,40 manat təşkil edən həmin məhsulların (şokoladlar) iddiaçı tərəfindən şəxsi məqsədləri üçün istifadə edildiyi (istehlak olunduğu) müəyyənləşdirilmişdir.

37. Kollegiya hesab edir ki, iddiaçının yol verdiyi sözügedən pozuntu, yəni onun satışdan çıxarılaraq anbara geri qaytarılan ümumilikdə 290,40 manat dəyərində şokolad məhsullarını istehlak etməsi (yeməsi) işəgötürənin mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilməz.

38. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi (§ 20) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 2012-ci ildən cavabdeh müəssisədə fəhlə kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

39. Beləliklə, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

40. Cavabdeh müəssisənin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 15); cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində qətnamə çıxarılana qədər müvafiq arqumenti irəli sürməmişdir.

41. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”.

42. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair apellyasiya şikayətində irəli sürdüyü dəlil apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır.

43. Digər tərəfdən qeyd olunmalıdır ki, iş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının iddiaçıya nə vaxt verilmiş olması barədə məlumat ümumiyyətlə mövcud deyildir və bu mənada onun iddia müddətini ötürmüş olmasından bəhs oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3370/2022 saylı iş üzrə 23 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar