Məhkəmə qərarları › İş №2(103)-765/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-765/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-765/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 Şahin qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(005)-2362/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 111.0 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 141,44 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, 111.0 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması barədə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubla müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-1, 2C ünvanındakı qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin binanın yerləşdiyi 110.0 kv m torpaq sahəsi cavabdehin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(005)-2362/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Şahin qızı izahatında cavabdehin VÖEN-ni olduğu üçün, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(005)- 2362/2023 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi ünvanında dövlət mülkiyyətində olan, Cavabdeh üzərində istifadə hüququ olduğu torpaq sahəsində yerləşən 89.5 kv.m sahəyə malik qeyri-yaşayış binası Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Torpaq sahəsi təyinatı üzrə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir. İş materiallarında olan AR Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli, 427 nömrəli Sərəncamından görünür ki, Əhməd Rəcəbli küçəsi 29 saylı binanın arxasında yerləşən qeyri-yaşayış sahəsinin (avtoyuma) təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş Cavabdeh adına sənədləşdirilməsinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan "istifadə edilən torpaq sahəsinin icarəyə götürülməsi təklifi barədə” 21 dekabr 2022-ci il tarixli bildirişdən məlum olur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin icarəyə götürülməsi təklif olunmuşdur. Məktuba dair aktdan görünür ki, Cavabdeh məktubu almaqdan imtina etmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”-dən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh fərdi qaydada fəaliyyət göstərən sahibkar olmaqla, adına xx.xx.2012-ci il tarixdən ********** saylı VÖEN mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Kollegiya qeyd edir ki, subyektiv tərkibinə görə Cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir (VÖEN **********). Mübahisənin mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, 111.0 kv.m torpaq sahəsi cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsinin altında yerləşir. Hazırda iddiaçı qanunvericiliyə əsasən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqlarının mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə icarə əsasında verilməsini və bu vəzifənin icrasının iddiaçının üzərinə qoyulmasına əsaslanaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə almadan işə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.3, 32.4, 263-264, 384.0.4, 385.1.1, 387.2.9, 402.2.5, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(005)- 2362/2023 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar