Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7651/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1860/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ünvan 1, mənzil 54-də apardığı təmir-tikinti işlərinin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf həmçinin iddianın tədbiri olaraq hazırki mülki iş üzrə işə baxılıb qurtarana qədər Cavabdeh ünvan 1, 54 saylı mənzildə və həmin binada tikinti, söküntü, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1860/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh ünvan 1, 54 saylı mənzildə və həmin binada tikinti, söküntü, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılması qadağan edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 1860/2020 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətdə qeyd edir ki, məhkəmə qərardadının binada tikinti, söküntü, təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi ilə razılaşsalar da, özünə məxsus olan mənzildə bu işlərin hamısının və ya bir hissəsinin qadağan olunması Azərbaycan Respublikası Konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquq normaları ilə qorunan və təmin olunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Nə qədər ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi bəyan olunur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi). Özünə məxsus olan bu mənzildə bu işlərin hamısının və ya bir hissəsinin qadağan olunması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları baxımından əsaslı sayıla bilməz. Məhkəmə iddianın təmin edilməsi məsələsinə baxarkən, işin mahiyyətini araşdırmasa da, hesab olunur ki, iddianın əsaslılığı prinsipini nəzərdən keçirməlidir. Ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan pr., ev 17, mənzil 54-lə iddiaçıya məxsus mənzilin quruluşu elə bir formadadır ki, mənzilindəki təmir işlərinin onlara hər hansı zərər verməsi mümkün deyil, əgər mənzillərin yerləşdiyi 17 saylı binanın aparıcı konstruksiyalarına müdaxilə edilməzsə. O, hər bir Azərbaycan Respublikası vətəndaşı kimi özünə məxsus olan mənzildə təmir işləri aparır, bu, onun mülkiyyət hüquqlarından irəli gələn hüququdur, çünki bu işlər özünə məxsus olan əmlakdan maneəsiz istifadəyə, sağlam və rahat həyat təmin edilməsinə xidmət edir. Odur ki, məhkəmə qərardadı, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan pr., ev 17, mənzil 54-də aid hissədə qanuni sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1860/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1860/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (madd 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar No3301) dövlət qeydiyyatına götürülmüşdür. Azərbaycan Republikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən yeridə baxış zamanı müəyyən edilmişdir ki, Z.Əliyeva küçəsi, 17 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki 53 saylı mənzilin üzərində mənzilin yüngül inşaat materiallarından olan mövcud eyvan bir müddət öncə sökülərək ölçüləri özbaşına genişləqdirilməklə dəmir-beton konstruksiyalardan yenidən inşa edilmişdir. Kollegiya hesab edir ki, hazırki halda, birinci instansiya məhkəməsi idianı təmin etmə tədbiri barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1860/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7651/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7651/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver