Məhkəmə qərarları › İş №2(103)-7651/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7651/2022

29.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7651/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi-vəkili X7, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-3768/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ASC-də İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin müdiri vəzifəsində işləmiş, Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri ilə onun tutduğu vəzifə ixtisara düşmüş və bu səbəbdən də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixindən Cavabdeh ASCdə işləyir. Belə ki, xx.xx.2012-xx.xx.2013-cü il tarixlərində 18-ci dərəcə ilə Kommersiya departamentinin rəisi, xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində 18-ci dərəcə ilə Əmlak məsələləri departamentinin rəisi, xx.xx.2014-xx.xx.2016-ci il tarixlərində 16-ci dərəcə ilə Əsas fondların idarə olunması şöbəsinin rəisi, xx.xx.2016 - xx.xx.2022-ci il tarixlərində Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmışdır. xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində onun rəisi olduğu Əmlak məsələləri departamentinin tərkibində 2 şöbə-Əsas fondların idarə olunması və Əmlakın inventarlaşdırılması şöbələri olmuşdur. Onun Cavabdeh ASC-də olan 10 il 2 ay əmək stajından, sonuncu tutduğu vəzifədə əmək staji xx.xx.2013-cü il tarixindən hesablanaraq 9 il 3 ay təşkil etmişdir. 2021-ci ilin avqust ayına qədər işlədiyi şöbə 9 ştat vahidindən və onunla birlikdə 9 işçidən (bir şöbə rəisi, bir şöbə rəisinin müavini, 7 nəfər digər işçilər) ibarət olub. Şöbənin üzərinə düşən bütün öhdəliklər və verilən tapşırıqlar həmişə vaxtında yerinə yetirilib. Lakin heç bir ehtiyac olmadan 2021-ci ilin avqust ayında şöbədə bir aparıcı mühəndis ştatı əlavə edilərək xx.xx.2021-ci il tarixində bir işçi, 2021-ci ilin oktyabr ayında isə şöbədə şöbə rəisinin müavini olmasına baxmayaraq ikinci bir şöbə rəsinin müavini ştatı əlavə edilməklə ştatlar şişirdilmişdir. Bununla da xx.xx.2021-ci il tarixindən onun rəhbərlik etidyi şöbə 11 ştat vahidindən və 11 işçidən - bir şöbə rəisi, iki şöbə rəisinin müavini və 8 digər işçilərdən ibarət oldu. Hər iki ştat vahidinin artırılması heç bir ehtiyac olmadan məqsədli şəkildə edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 338-k nömrəli əmri ilə X8 həmin tarixdən onun rəhbərlik etdiyi şöbədə yeni açılmış ştata, yəni iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin sədr müavini X2 strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrin 1.1-ci bəndinə əsasən "İqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması” şöbəsinin adı dəyişdirilərək “Əsas fondların inventarlaşdırılması və idarə olunması” şöbəsi adlandırılmışdır. Bu əmrdən 1 iş günü sonra isə yenidən Cavabdeh ASC-nin sədr müavini Köçərli Həsənov Cavabdeh ASC-nin 03 fevral 2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrin 1 -ci bəndinə əsasən Cavabdeh ASC-nin 03 fevral 2022-ci il tarixli 55 nömrəli əmri ləğv edilmişdir. Bundan 1 gün sonra yenə də Cavabdeh ASC-nin sədr müavini Köçərli Həsənov Cavabdeh ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrin 1.1-ci bəndinə əsasən “İqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması” şöbəsi ləğv edilmiş, həmin əmrin 1.2-ci bəndinə əsasən Cavabdeh ASC-nin Aparatının tərkibində “Əsas fondların idarə olunması və monitorinqi” şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 9.2-ci bəndində Cəmiyyətin sədrinin səlahiyyətləri göstərilmişdir. Həmin Nizamnamənin 9.2.3-cü bəndinə əsasən, Sədr Cəmiyyətin müəssisələrinin strukturunu və ştat cədvəllərini təsdiq edilməsi; 9.2.8-ci bəndinə əsasən, Cəmiyyətin mərkəzi aparatının işçilərini, tabeliyində olan müəssisələrin icra orqanlarının rəhbərlərini və İdarə Heyətinin qərarı ilə müəyyən edilmiş digər rəhbər işçilərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir. Bu baxımdan Cavabdeh ASC-nin sədr müavini X2 strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı əmrlərin qanuniliyi bir qədər mübahisə doğurur. Yuxarıda göstərilən səlahiyyətlərin AR Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Cəmiyyətin sədrinin səlahiyyətlərinə aid olmasına baxmayaraq bu cür əmrlərin K.Həsənov tərəfindən verilməsi nə qədər qanunauyğundur? K.Həsənovun belə bir səlahiyyəti varsa bu hansı hüquqi aktda öz əksini tapıb? Cavabdeh ASC-də 5 sədr müavini var, onlardan biri hətta sədrin birinci müavinidir, işəgötürənlik səlahiyyəti AR Prezidenti tərəfindən hər hansı bir sədr müavininə sədrin vəzifəsinin həvalə olunması sərəncamı ilə ötürülür. Belə sərəncam olmadan xeyli sayda işçilərin işdən səbəbsiz və əsassız olaraq çxarılması baş vermişdir. 2021-ci ilin avqust ayına qədər 9 ştat vahidindən və 9 işçidən ibarət olan iqtisadiyyat və Uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsi ləğv edilən zaman 11 ştat vahidindən və 11 işçidən, bir şöbə rəisi, iki şöbə rəisinin müavini və 8 digər ştat vahidlərindən ibarət olmasına baxmayaraq, eyni funksiyaları yerinə yetirən, adına sadəcə “monitorinqi” sözü artırılmış Cavabdeh ASC-nin Aparatının tərkibində olan Əsas fondların idarə olunması və monitorinqi şöbəsi 14 ştat vahidindən, yəni bir şöbə rəisi, bir şöbə rəisinin müavini və 12 digər ştat vahidlərindən (11 ştat vahidi olanda şöbə rəisinin müavini 2 ştat vahidi, 14 ştat vahidi olduqda isə şöbə rəisinin müavini 1 ştat vahidi) ibarət olaraq təşkil edilmişdir. Bütün bunlar, eyni zamanda bir şöbə ilə əlaqəli 3-8 fevral tarixlərində olan 4 iş günündə 3 əmrin imzalanması məqsədli və qərəzli olmaqla bərabər, idarəetmənin mövcud qanunvericiliyinin tələblərinə və idarəetmə strukturunun səmərəli surətdə təkmilləşdirilməsinə deyil, şəxsi və subyektiv mülahizələrə uyğun şəkildə olmasını əyani şəkildə sübut edir. Bütün bu “struktur dəyişikliyi” əmrlərindən sonra ona ünvanlanmış xx.xx.2022-ci il tarixli 03/01-1/1/1649 nömrəli xəbərdarlıq məktubunda göstərilmişdir ki, Cavabdeh ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri ilə onun tutduğu vəzifə ixtisara düşmüşdür və bu səbəbdən də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Həyat yoldaşının COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığından xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində işdə olmamış və bununla bağlı xəstəlik vərəqəsi təqdim etmişdir. İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin xx.xx.2021-ci ildən rəis müavini vəzifəsinə təyin edilmiş X8 ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh ASC-nin sədr mavini Köçərli Həsənovun imzaladığı xx.xx.2022-ci il tarixli 55-k nömrəli əmrə əsasən dəyişiklik edilmiş və edilmiş dəyişikliyə əsasən, xx.xx.2022- ci il tarixdən, cəmi 4 ay işlədikdən sonra X8 16-cı dərəcə ilə Cavabdeh ASC-nin aparatı tərkibində “Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASCnin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Cərrahi əməliyyat keçirdiyi üçün o, xx.xx.2022 xx.xx.2022-ci il tarixlərində Seriya SN 00007 Na ******* olan Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən işdən azad edilmiş, xx.xx.2022-ci il tarixindən işə başlamışdır. Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 03/01-1/1/1649 nömrəli xəbərdarlıq məktubunda göstərilmiş vaxt isə bitmişdir. Bəs nəyə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində yox, xx.xx.2022-ci il tarixində xitam verilmişdir? Əgər onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdirsə nəyə görə həmin gün əmək kitabçası ona təqdim edilməmişdir və son haqq hesabı hesabına həmin gün yox, xx.xx.2022-ci il tarixində köçürülmüşdür? Sonradan Cavabdeh ASC-nin işlər idarəsinin rəisi Möhsün Quliyev tərəfindən imzalanmış “Əmək kitabçasının götürülməsi haqqında” xx.xx.2022- ci il tarixli 01/1/01-1/1/7648 nömrəli məktub poçt vasitəsi ilə qeydiyyatda olduğu ünvana göndərilmişdir və xx.xx.2022-ci il tarixində ona çatmışdır. Göstərilənlərdən məlum olur ki, “Azərsu" ASC-nin Aparatının idarəetmə strukturunun təkmilləşdiriməsi haqqında xx.xx.2022-ci il tarixli 62 nömrəli əmri formal olaraq verilmiş, əslində isə həmin şöbə ləğv edilməmiş, sadəcə işlədiyi şöbə iqtisadiyyat və uçot idarəsinin tabeçiliyindən çıxarılaraq Cavabdeh ASC-nin aparatı tərkibində yenidən təşkil edilmiş və adında cüzi dəyişiklik edilmişdir. Faktiki olaraq ştat ixtisarı aparılmamış, onunla əmək müqaviləsini ləğv etmək üçün rəhbərlik etdiyi şöbənin adı və tabeçiliyi dəyişdirilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)- 3768/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ASC-nin 95-K nömrəli 19 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 16, 70, 71, 74, 77 və 300.1-ci maddələri ilə əsaslandıraraq, göstərmişdir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Məhkəmə qeyd etmişdir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub. Lakin hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bu qadağa Mülki Məcəllənin 560.1-ci maddəsində nəzərdə tutulub, mülki münasibətlərlə yanaşı əmək münasibətlərinə də şamil olunur. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində qeyd edilir ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən müqavilə ləğv edilə bilər. İşə sədrlik edən hakim bu maddəyə istinad etməklə, eyni zamanda maddəyə şərh vermiş və ixtisar prosesi zamanı tələb olunan sənədlərin siyahısını göstərmişdir. Qətnamə sanki 1-ci instansiya məhkəməsi tərəfindən deyil, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. İşə sədrlik edən hakim səlahiyyət həddlərini aşaraq maddəni 1 növ şərh etmişdir. Qətnamədə qeyd edilir ki, ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənədin olması bildirilir. Lakin bu halın hansı qanunla tənzimləndiyi göstərilmir. İddiaçı X5 vaxtında qanunla nəzərdə tutulan qaydada xəbərdarlıq edilmiş, lakin o, özü bilərəkdən həmin xəbərdarlığa imza atmaqdan imtina etmişdir. Bu barədə məhkəməyə sübutlar təqdim edildikdə, hakim tərəfindən qərəzli olaraq qəbul edilməmişdir. Belə ki, iddiaçı ixtisar prosesinə cəlb edildiyini bildiyindən qəsdən dəfələrlə xəstəliklə bağlı müvafiq sənədlər alaraq Cəmiyyətə təqdim etmişdir. Ona xəbərdarlıq məktubu təqdim olunan gün 08 fevral 2022-ci il tarixdə işdə olmasına baxmayaraq hakim bu məqama göz yummuşdur. Məhkəmə araşdırması zamanı Cəmiyyəti təmsil edən nümayəndə çıxışa hazırlıq üçün vaxt istəsə də, hakim tərəfindən qərəzli olaraq əvvəlcə 20-30 dəqiqə vaxt veriləcəyini, daha sonra isə növbəti gün saat 09:15-ə təxirə salmışdır. Nümayəndə tərəfindən çıxış üçün daha ağlabatan müddətin verilməsi xahiş edildikdə, işə sədrlik edən hakim buna şərait yaratmamışdır. Bu məqam da hakimin işə bir tərəfli yanaşdığını, işi nəyin bahasına olursa-olsun iddiaçının xeyrinə yekunlaşdırmaq məqsədilə bu hərəkətləri etdiyini sübuta yetirir. İşə sədrlik edən hakim qərəzli olaraq iddiaçının nümayəndəsinin sualına cavabdehin nümayəndəsinin cavab olaraq “ixtisar ştat vahidlərinin artırılmasını istisna etmir” kimi cavab verməsinə istinad etmişdir. Bu hal da hakimin işə qərəzli yanaşmasının göstəricisidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasından iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə ağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin Aparatının təşkilati strukturunda və ştat cədvəlində dəyişikliklər edilərək, İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin adı dəyişdirilərək Əsas fondların inventarlaşdırılması və idarə olunması şöbəsi adlandırılması qərara alınmış, xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrinə əsasən dövlət əmlakının qorunub saxlanması, rentabelliyinin və onlardan istifadənin səmərəliliyinin təmin edilməsi, idarəetmənin optimallaşdırılması və effektiv idarəetmə mexanizminin yaradılması məqsədi ilə Cavabdeh ASC-nin Aparatının təşkilati strukturunda aşağıdakı dəyişikliklər edilərək, Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin ləğv edilməsi və “Azərsu ASC-mn Aparatının tərkibində Əsas fondların idarə olunması və və monitorinqi şöbəsinin yaradılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin idarəetmə strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli 62 saylı əmrinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2022-ci il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilə bilərsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 3 №li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci iltarixdən İqtisadiyyat və uçot idarəsi Əsas fondların idarə olunması şöbəsi üzrə 11 ştat vahidi ştat cədvəlindən çıxarılmış, həmin tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 12 ştat vahidi ştat cədvəlinə daxil edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 9 №li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 1 ştat vahidi (iqtisadçı) ştat cədvəlindən çıxarılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin aparatının qulluqçularının 2022-ci il üçün ştat cədvəlinə 10№li dəyişiklikdən görünür ki, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 1 ştat vahidi ştat cədvəlindən çıxarılmış, həmin tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsi üzrə 2 ştat vahidi ştat cədvəlinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Covid-19 diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “kəskin bronxit” diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SN00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “sağ tərəfli qaşıq yırtığı” diaqnozu qoyulmuş və bu səbəbdən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, Cavabdeh ASC-nin sədr müavini K.Həsənovun “Əmək Müqaviləsinin ləğv edilməsinə razlıq verilməsi haqqında” məktubuna əsasən Saday Alıyevin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki təminatlar təmin edilməklə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 95/k nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC üzrə peşəkarlığa görə əlavə ödəniş təyin edilən işçilərin siyahısından görünür ki, Əsas fondların idarə olunması şöbəsi üzrə yalnız həmin şöbənin rəisi Saday Alıyevin əmək haqqına peşəkarlığa görə 1000 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı ixtisar prosesinin düzgün aparılmamağını mübahisələndirmiş, cavabdeh tərəf isə bunun əksini sübut etməyə çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77,78,-ci maddələrinin tələbləri baxımından düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Kollegiya qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın əsaslı olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə bu nəticəsini işin araşdırılmış halları üzrə düzgün əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin materiallarından görünür ki, əvvəl Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinə əsasən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin adı dəyişdirilərək Əsas fondların inventarlaşdırılması və idarə olunması şöbəsi adlandırılması qərara alınmış, daha sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 59 nömrəli əmrinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 55 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 62 nömrəli əmrinə əsasən isə Azərsu” ASCnin Aparatının təşkilati strukturunda dəyişikliklər edilərək, Cavabdeh ASC-nin iqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin ləğv edilməsi və “Azərsu ASC-nin Aparatının tərkibində Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin yaradılması qərara alınmışdır. İddiaçının işlədiyi şöbə ləğv edilsə də, əslində şöbə Cavabdeh ASC-nin aparatı tərkibində 12 ştat vahidindən (əvvəlkindən 1 ştat vahidi artıq) ibarət olmaqla yenidən təşkil edilmiş, həmçinin adında dəyişiklik edilmişdir. Bu zaman iddiaçının tutduğu Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı və digər 10 ştat vahidi (şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı) ştat cədvəlindən çıxarılmış, ştat cədvəlinə Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi və digər 11 ştat vahidi əlavə edilmişdir. Göründüyü kimi faktiki olaraq ştat ixtisarı aparılmamış, şöbənin adı və tabeçiliyi dəyişdirilmiş, iddiaçının işlədiyi Əsas fondların idarə olunması şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlindən çıxarılsa da, Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi ştatı, həmçinin şöbə rəisinin müavini, aparıcı mühəndis, aparıcı iqtisadçı və iqtisadçı ştatları ştat cədvəlinə əlavə edilmişdir. Yeni yaradılan şöbə 14 ştat vahidinə qədər artırılmışdır. Bu zaman Əsas fondların idarə olunması şöbəsinin bütün işçiləri ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmiş, xx.xx.2021-ci il tarixdən İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsini tutan X8 (iddiaçıdan daha az əmək stajına malik olan şəxs) ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək, xx.xx.2022-ci il tarixdən Əsas fondların idarə olunması və monitorinqi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, Əsas fondların idarə olunması şöbəsi üzrə yalnız həmin şöbənin rəisi Saday Alıyevin əmək haqqına peşəkarlığa görə əlavə ödənilmişdir. Həmçinin bu hal cavabdehin nümayəndəsi tərəfindən də təkzib edilməmiş və cavabdeh iddiaçıdan daha az əmək stajına malik olan şəxsin, yəni, X4 iddiaçıdan daha çox təcrubəyə malik olmasını peşəkarlıq səviyyəsinin daha yüksək olmasına dair heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdıraraq qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, apellyator şikayətində iddiaçı X5 vaxtında qanunla nəzərdə tutulan qaydada xəbərdarlıq edilməsini, lakin onun bilərəkdən həmin xəbərdarlığa imza atmaqdan imtina etməsi və bu barədə məhkəməyə sübutlar təqdim edilsə də, qəbul edilməməsinə istinad etsə də, bu halların mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)- 3768/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar