Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7653/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta hadisəsinə görə sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış RAT********** saylı, RX ******* seriya nömrəli Dövlət reyestrindən çıxarışlı sığorta müqaviləsinə əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (Suraxanı qəsəbəsi), Z.Əliyev küçəsi, 65C ünvanında yerləşən daşınmaz əmlak sığortalanmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASCyə ərizə ilə müraciət edərək sığortalanmış evinin dam hissəsinin çökməsi nəticəsində dəymiş maddi zərərin müəyyən olunmasını, sığorta müqaviləsindən irəli gələn hərəkətlərin icra edilməsinin zəruri olduğunu bildirmişdir. Cavabdeh Sığorta Şirkəti ASC isə əmlakın qəzalı vəziyyətdə düşməsi və onun səbəbləri haqqında rəy verilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə sorğu göndərmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən RİHB-nin birinci müavini Rəşad Hacıyev tərəfindən Cavabdeh X4 Xidmətləri İdarəsinin rəisi Elvin Əliyevə ünvanlanmış məktubda qeyd edilir ki, hər hansı tikinti obyektinin, o cümlədən fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşməsi və onun səbəbləri haqqında rəy verilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı üçün ünvan 2 ünvanında yerləşən və vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi və onun səbəbləri haqqında rəy verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Cavabdeh Sığorta Şirkəti ASC xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edərək hansı səbəblərdən yaranmasına dair rəy verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Cavabdeh Sığorta Şirkətinə yazılmış xx/xx-02780 saylı, xx.xx.2017-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, müvafiq qaydada sığortalanmış hər hansı daşınmaz əmlaka dəymiş ziyanın həcmi sığorta şirkətinin özü tərəfindən bu sahədə ixtisaslaşmış mütəxəssislər dəvət edilməklə müəyyən edilməli və tədbirlər görülməlidir. Bundan başqa, Cavabdeh Sığorta Şirkətinin təşəbbüsü və onun ərizəsi əsasında müstəqil sığorta ekspertinə müraciət olunaraq fərdi yaşayış evinin hansı səbəbdən qəzalı vəziyyətə düşməsi barədə rəy verilməsini xahiş etmişlər. Müstəqil sığorta eksperti Əhməd Talıblının xx.xx.2017-ci il tarixli rəyində qeyd olunmuşdur ki, “baxış zamanı müəyyən olunmuşdur ki, köhnə istifadə müddəti aşılanmış bir mərtəbəli yeddi otaq, köməkçi sahə, üç dəhliz və üç eyvandan ibarət binanın xarici görnüşündə əsas yük daşıyan divarlarında nəzərə çarpacaq texniki nasazlıq və zədə nəzərə çarpmır, onun yan divarında eni 10 mm çatlar müşahidə olunur. Daxili köməkçi divarlardan tikilinin texniki planına əsasən çöl və arakəsmə divarlarında çatlar müşahidə etmədim”. Bütün bunlara baxmayaraq, Cavabdeh Sığorta Şirkəti ASC-nin Müştəri Xidmətləri İdarəsinin rəisi Elvin Əliyev tərəfindən ona göndərilmiş xx.xx.2017-ci il tarixli, M2209/17 nömrəli məktubda qeyd olunur ki, “sizin sığortalanmış əmlak köhnə olduğundan əmlakın dam hissəsi çökmüşdür. Sizinlə bağlanmış xx xxx 2017-ci il tarixli, RAT********** saylı sığorta müqavilələrində təminat verilən sığorta riskləri kimi yanğın, ildırım vurması, partlayış, daxili su, fırtına, tufan, qasırğa, zəlzələ və vulkan püskürməsi nəzərdə tutulmuşdur. Baş vermiş hadisə üzrə sığorta təminatı yaranmadığından Cavabdeh Sığorta Şirkəti bu hadisə ilə bağlı sizə sığorta ödənişinin verilməsindən imtina edir”. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sığorta şəhadətnaməsində əmlakın sığortalının hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkət nəticəsində, əmlaka təmir, emal və digər istehsalat məqsədləri üçün istifadəsi zamanı yaranan hadisə sığorta hadisəsi hesab olunmur. Əgər həqiqətən də əmlakın köhnə olmasına görə sığorta təminatı kimi qiymətləndirilmirsə, nəyə görə əmlak şirkət tərəfindən sığortalanırdı. Hazırda o, evindən istifadə edə bilmir. Evsizlik səbəbindən ailə üzvləri ilə birlikdə kirayişin kimi yaşayırlar. Fərdi yaşayış evinin bərpası üçün lazım olan tikinti materialları ustalar tərəfindən hesablanıb və aşağıdakılardan ibarətdir:1. 60 ədəd şifer; 2.18 ədəd 6 metrlik 5 x 12 sütun taxta; 3. 20 ədəd 6 metrlik 5 x 15 sütun taxta; 4.30 ədəd 6 metrlik pol taxtası; 5. 30 ədəd 4 metrlik pol taxtası; 6. 17 ədəd 4 metrlik 5 x 15 pol altı sübut taxta; 7.16 ədəd alçipan; 8. 1,5 kub qaralama taxta; 9. 500 ədəd hörgü daşı; 10. 10 ədədsement; 11.2 kub qum. Göstərilənləri nəzərə alaraq iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 65C ünvanında yerləşən evin dam örtüyünün çökməsi nəticəsində dəymiş 25.000 manat zərərin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ilkin ekspertiza təyin edilmişdir. İlkin ekspertiza zamanı müəyyən olunmuşdur ki, 3 saylı yaşayış otağının tavan hissəsi bütövlükdə uçub-dağılaraq, tikilinin döşəməsinin üzərinə tökülmüş, evin dam hissəsində ağac kontruksiyalı tirlər və birləşmələrində bəzi yerlərdə (1,0 - 2,0 mm) ölçüdə çatlar əmələ gəldiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərardadları ilə əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. xx.xx.2019-cu il tarixli ekspert rəyinə görə texniki pasport üzrə 3 saylı yaşayış otağının tavan hissəsi bütövlükdə uçubdağılaraq, tikilinin döşəməsinin üzərinə tökülmüş, evin dam hissəsində ağac konstruksiyalı tirlər və dayaqlar yerindən çıxmış, ucub dağılmış, tikilinin divarlarında və digər birləşmələrində bəzi yerlərdə (1,0-2,0 mm) ölçüdə çatlar əmələ gəlmişdir. Ekspert tədqiqat apararaq nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Zahid Əliyev küçəsi, 65C saylı fərdi yaşayış evinin texniki vəziyyətini, o cümlədən evin dam hissəsinin zədəli olmasını və tikinti norma və qaydalarına əməl olunmadan keyfiyyətsiz materiallardan istifadə olunmaqla inşa edildiyini nəzərə alaraq, həmin evin zədələnmiş hissələrinin bərpa edilməsi üçün, yaşayış evinin dam hissəsi bütövlükdə sökülməli, divarların qurulmalı, yeni dam örtüyü vurulmalıdır ki, bu işlərin dəyəri təmir və tikinti işlərini yerinə yetirən şirkət və ya firmanın müvafiq mütəxəssisi tərəfindən həmin işlərə dair qüsur aktı tərtib olunduqdan, eləcə də iş prosesi zamanı ortaya çıxan əlavə iş həcmləri dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Mülki iş materiallarında olan “Bakı Torpaq” X7 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli smeta hesabatında Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, 65C ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsi üçün sərf olunacaq əmək haqqının və tikinti materiallarının ümumi dəyəri 52.858 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 65C ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş sığorta hadisəsi ilə əlaqədar dəymiş 52.858 manat məbləğində ziyanın Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C saylı fərdi yaşayış evinin dam örtüyünün çökməsi nəticəsində baş vermiş sığorta hadisəsi ilə əlaqədar dəymiş 52858 manat məbləğində zərərin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi, İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcləri – cəmi 150 (yüz əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan RAT ********** saylı, xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığortalı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C saylı fərdi yaşayış evini Cavabdeh Sığorta Şirkəti ASC-də xx.xx.2018-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 25000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, iş materiallarının araşdırılması zamanı baş vermiş sığorta hadisəsi barədə İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən də məlum olmuşdur ki, sığortalanmış əmlak köhnə tikili olduğundan əmlakın dam hissəsi çökmüşdür. Bununla bağlı İddiaçı xx.xx.2017-ci il tarixdə M1344/17 saylı imtina məktubu ünvanlanmış, lakin xx.xx.2017-ci il tarixdə yenidən şirkətinə müstəqil ekspertin əmlakına baxış keçirməsi üçün ərizə ilə müraciət etmişdir. Ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdə müstəqil sığorta eksperti X3 tərəfindən əmlakına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, köhnə istifadə müddəti aşılanmış bir mərtəbəli yeddi otaq, köməkçi sahə, üç dəhliz və üç eyvandan ibarət binanın xarici görünüşündə əsas yük daşıyan divarlarında nəzərə çarpacaq texniki nasazlıq və zədə nəzərə çarpır, onun yan divarlarında üfüqi eni 10 mm çatlar müşahidə olunur. Daxili köməkçi divarlardan tikilinin planına əsasən çöl və arakəsmə divarlarında çatlar müşahidə edilməmişdir. Və evin tavanının çökməsi ona ehtimal edir ki, tikilən binanın əsaslı və tikintinin texniki şərtlərlə tikilmədiyi və beton örtüyündə taxta şalban bağlamalardan istifadə edildiyi üçün binanın istifadə edildiyi üçün binanın müddətinin aşılanması nəticəsində tavan öz ağırlığından çökmüşdür. “İcbari Sığortalan haqqında” ARQ-nun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. RAT********** sığorta müqaviləsində təminat verilən sığorta risklərinə yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrində, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər (zədələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi), üçüncü şəxslərin hərəkətləri daxildir. Lakin İddiaçı əmlakına dəyən zərər göstərilən risklərdən heç birinin təsiri nəticəsində yaranmamışdır. Həmçinin, Qanunun 35.3-cü maddəsinə görə köhnə (qəzalı) vəziyyətdə olan əmlak icbari sığortaya cəlb olunmur. Baş vermiş hadisə üzrə sığorta təminatı yaranmadığından Cavabdeh Sığorta Şirkəti bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən yenidən imtina edir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC sifarişinə əsasən müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyin kserosurətindən görünür ki, ekspert ünvan 5 ünvanda yaşayış İddiaçı məxsus yaşayış binasına dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində baxış keçirtmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, köhnə istifadə müddəti aşalanmış bir mərtəbəli yeddi otaq, köməkçi sahə, üç dəhliz və üç eyvandan ibarət binanın xarici görnüşündə əsas yük daşıyan divarlarında nəzərə çarpacaq texniki nasazlıq və zədə nəzərə çarpır, onun yan divarında üfüqi eni 10 mm çatlar müşahidə olunur. Daxili köməkçi divarlardan tikilinin texniki planına əsasən çöl arakəsmə divarlarında çatlar müşahidə etmədi. Və evin tavanının çökməsi ona ehtimal edir ki, binanın, tikilən binanın əsaslı və tikintinin texniki şərtlərlə tikilmədiyi və beton örtüyündə taxta şalban bağlamalardan istifadə edildiyi üçün binanın istifadə müddətinin aşalanma nəticəsində tavan öz ağırlığından çökmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyinə əsasən baxış zamanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, 65C ünvanında yerləşən yaşayış evinin ilk tikilmiş hissəsindəki sahəsi 30,20 kv.m. olan yaşayış otağının tavanının 2017-ci ilin iyun ayının əvvəlində (sakinlər hadisənin dəqiq tarixini deyə bilmədilər) uçub dağılması müəyyən edilmişdir. Tikinti zamanı keyfiyyətsiz materiallardan (tikinti norma və qaydalarına əməl olunmadan) istifadə olunması, tavanın üstündə istilik qatı kimi torpaq qatının tökülməsi, asbest şifer örtüyün çox yerdə zədəli şəkildə olması və atmosfer sularının daxilə sızması nəticəsində torpaq qatının nəmlənməsi səbəbindən tavan əlavə yüklənmiş və tavan konstruksiyasının dözməməsi baş vermiş, nəticədə tavan dayanıqlığını itirərək dağılmışdır. Divarlarda və divar birləşmələrində çatlar (1,0-2,0 mm-lik) yaranması müşahidə edilir. Döşəmələr, qapı və pəncərələrdə köhnəlmə, döşəməyə yaxın divar hissələrində suvaq və boya aşınmaları yaransışdır (döşəmələr əksər yerlərdə yer səthindən aşağıda yerləşir). Yuxarıda göstərilənlərə əsaslanaraq vizual texniki baxış keçirilən fərdi yaşayış evinin mövcud texniki vəziyyəti yolverilməz hesab edilir. Yaşayış evində yaranmış vəziyyətin təbii fəlakətlərlə əlaqəsi yoxdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10264 saylı xx.xx.2018-ci il tarixli rəyinə əsasən: 1-ci sual üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C saylı yaşayış evi üzrə texniki pasporta 3 saylı yaşayış otağı kimi göstərilən tikilinin tavan hissəsinin bütövlükdə uçub dağılaraq, tikilinin döşəməsinin üzərinə töküldüyü, evin dam hissəsində ağac konsturksiyalı tirlərin, dayaqların yerindən çıxdığı, bəzi yerlərdə qırıldığı, uçub dağıldığı, tikilinin divarlarında və divar birləşmələrində bəzi yerlərdə (1,0 - 2,0 mm) ölçüdə çatlar əmələ gəldiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, tədqiq olunan yaşayış evinin sahəsi 30,2 kv.m. təşkil edən yaşayış otağının davan hissəsinin dağılması, həmin evin tikintisi zamanı tikinti norma və qaydalarına əməl olunmadan keyfiyyətsiz materiallardan istifadə olunması,tavanın üstündə istilik izolyasiyası kimi torpaq qatının tökülməsi,asbest şifer örtüyünün bir çox yerlərdə zədəli şəkildə olması, atmosfer sularının daxilə sızması nəticəsində torpaq qatının nəmlənərək tavanın əlavə yüklənməsi və nəticədə tavan konktruksiyasının əlavə yüklənməyə dözməməsi səbəbindən baş vermişdir. 2-ci sual üzrə: Tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementlərinin texniki vəziyyətini, o cümlədən evin dam hissəsinin zədəli olmasını və tikinti norma və qaydalarına əməl olunmadan keyfiyyətsiz materiallardan istifadə olunmaqla inşa edildiyini nəzərə alaraq, həmin evin zədələnmiş hissələrinin bərpa edilməsi üçün, yaşayış evinin dam hissəsi bütövlükdə sökülməli, divarların zədələnmiş hissələri tam sökülərək keyfiyyətli materiallardan istifadə olunmaqla yenidən hörülməli, tavanın və çardağın ağac və metal konstruksiyalı elementləri (tirlər, aatmalar, çatılar, dayaqlar və s.) yenidən qurulmalı, yeni dam örtüyü vurulmalıdır ki, bu işlərin dəyəri, təmir və tikinti işlərini yerinə yetirən şirkət və firmanın müvafiq mütəxəssisi tərəfindən həmin işlərə dair qüsur aktı tərtib olunduqdan, eləcə də iş prosesi zamanı ortaya çıxan əlavə iş həcmləri dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 7569 saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C saylı yaşayış evinin ayrı-ayrı konstruktiv elementlərinin texniki vəziyyətini, o cümlədən evin dam hissəsinin zədəli olmasını və tikinti norma və qaydalarına əməl olunmadan keyfiyyətsiz materiallardan istifadə olunmaqla inşa edildiyini nəzərə alaraq, həmin evin zədələnmiş hissələrinin bərpa edilməsi üçün, yaşayış evinin dam hissəsi bütövlükdə sökülməli, divarların zədələnmiş hissələri tam sökülərək keyfiyyətli materiallardan istifadə olunmaqla yenidən hörülməli, tavanın və çardağın ağac və metal konstuksiyalı elementləri (tirlər, atmalar, çatılar, dayaqlar və s.) yenidən qurulmalı, yeni dam örtüyü vurulmalıdır ki, bu işlərin dəyəri, təmir və tikinti işlərini yerinə yetirən şirkət və ya firmanın müvafiq mütəxəssisi tərəfindən həmin işlərə dair qüsur aktı tərtib olunduqdan, eləcə də iş prosesi zamanı ortaya çıxan əlavə iş həcmləri dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. İş üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 65C saylı evə baxış zamanı məlum olmuşdur ki, yaşayış otağının tavanının uçub dağılaraq tikilinin döşəməsinə töküldüyü, evin ağac konstruksiyalı tirlərin, dayaqların yerindən çıxdığı, bəzi yerlərdə dağıldığı, tikilinin divarlarında və divar birləşmələrində müxtəlif ölçülü çatların əmələ gəldiyi müəyyən edilmişdir. Aparılan araşdırmalar zamanı evə dəymiş ziyan və bərpa işlərinə çəkilən xərclər müəyyən edilmiş və bu dəyər ümumilikdə 20.500 manat təşkil etmişdir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi sığortalının iradəsindən asılı olmayan baş vermə ehtimalına təsadüflük əlamətlərinə malik olan hadisə və ya yaranan haldır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk-sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığortaya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial həyatına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çoxluğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq mümkün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəyyənlik elementi daşıyır. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəyyən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar. Sığortanın 4 əsas funksiyası vardır ki, onlar da aşağıdakılardır: risk; xəbərdarlıq; yığım (əmanət); nəzarət funksiyası. Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Göründüyü kimi «Sığorta riski» - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur. Əmlak riski- əmlakın yanğından, zəlzələ,daşqın və digər hadisələrdən təsadüfən zərər görməsidir. Sığortanın obyekti kimi sığortalını həyatı, sağlamlığı, iş qabiliyyəti, vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin tavan hissəsinin dağılması, həmin evin tikintisi zamanı tikinti norma və qaydalarına əməl olunmadan keyfiyyətsiz materiallardan istifadə olunması, tavanın üstündə istilik izolyasiyası kimi torpaq qatının tökülməsi, asbest şifer örtüyünün bir çox yerlərdə zədəli şəkildə olması, atmosfer sularının daxilə sızması nəticəsində torpaq qatının nəmlənərək tavanın əlavə yüklənməsi və nəticədə tavan konktruksiyasının əlavə yüklənməyə dözməməsi səbəbindən baş vermişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan evin tavanının çökməsi və dağılması hadisəsinin baş verməsi sığorta müqaviləsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasıQanununun 36.1-ci maddəsində sadalanan hallar nəticəsində baş verməmişdir. İddiaçının mülkiyyətində olan evin tavanın dağılması, o halda sığora hadisəsi hesab oluna bilərdi ki, həmin hadisə tərəflərin iradəsindən asılı olmayan səbəblərdən baş verərdi. İddiaçının mülkiyyətində olan evin tavanının çökməsi isə məhz iddiaçının həmin tavanı tikinti-texniki normalara cavab verməyən tərzdə inşa etməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7653/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7653/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver