Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7657/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-dən, 19/1006 saylı daxili lizinq müqaviləsinə əlavə edilmiş əlavə 1də göstərilən "Liugong CLG 856” markalı frontal yükləyicinin (Şassi: G00856ıTCL321668; şassi: CLG856L1203874; mühərrik: 87693382; buraxılış ili: 2012) təhvil alınaraq "İddiaçı” MMC-yə geri qaytarılması və 15.000 manat məbləğində ödənilməmiş lizinq ödənişinin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1-dən, 19/1006 saylı lizinq müqaviləsinə edilmiş əlavə 1-də göstərilən “Liugong CLG 856” markalı frontal yükləyicinin (Şassi: CLG00856JCL321668; şassi: CLG856L1203874; mühərrik: 87693382; buraxılış ili: 2012) təhvil alınaraq İddiaçı MMC-yə geri qaytarılması, 15 000 (on beş min) mant məbləğində ödənilməmiş lizinq ödənişinin və iddia ərizənin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmamış, iştirakı təmin edilməmişdir. Tərəflərin iştirakı ilə məhkəmə araşdırılması aparılsaydı müəyyən edilərdi ki, lizinq obyekti tamamilə saz və işlək vəziyyətdə cavabdehə təqdim edilməyib. Ona görə də lizinq obyektindən bu günə qədər istifadə edə bilməmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış, məhkəmədən gizlədilmişdir. İddiaçı cavabdehə yararsız lizinq obyekti verməklə ona maddi zərər vurmuhdur. Məhkəmə araşdırmamışdır ki, hansı əsasla ödənilməmiş borc məbləği məhz 15.000 manat olmuşdur. Halbuki, lizinq müqaviləsi üzrə Cəmiyyət tərəfindən iddia olunan borc məbləğindən daha artq hissəsi keçmişdir. Ümumiyyətlə lizınq müqaviləsi üzrə öhdəliklərin müddəti hələ keçməmişdir.Məhkəmə həmçinin araşdırmamışdır ki, 19/1006 saylıdaxili lizing müqaviləsinə əsasən hansı tarixlərdə hansı məbləğlərin ödənilməsi olmuşdur kı, yerdə qalıq borcun məhz iddia olunan məbləğdədir. Qətnamədən həmçinin Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin qismən, ona aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmamış, iştirakı təmin edilməmişdir. Yəni məhkəmə bir tərəfi dinləyib, iddiaçının verdiyi sənədlər əsasında qətnamə qəbul edib, lakin, cavabdeh kimi onun etirazını məhkəməyə təqdim etmək üçün, mövqeyini bildirməyi üçün iştrakını təmin etməyib.Ona görə də 2-3 gün əvvəl icra şöbəsinin əməkdaşları tərəfindən şöbəyə dəvət olunmağı üçün ona zəng edəndə məlumatı olub.İddia tələbi ona aid hissədə tamamilə əsasız və qanunsuzdur. Yəni, onunla zaminlik müqaviləsi bağlandıqdan sonra ona məlum olmuşdur ki, zamin durduğu öhdəlik üzrə lizinq verən hazırda iddiaçı olan İddiaçı MMC yararsız lizinq obyekti vermişdir. Lakin o, yararlı vəziyyətdə olan lizinq obyekti üzrə Cavabdeh1-nin öhdəliyi üzrə zamin durmuşdur.Göründüyü kimi, müqavilə şərtləri İddiaçı MMC tərəfindən pozulmuşdur. Lakin iddiaçı öz təqsirini məhkəmədən gizlədərək bu barədə məhkəməyə məlumat verməmiş, üstəlik onu da zamin qismində işə cəlb edərək iddia tələbini müştərək qaydada ondan tutulmasını məhkəmədən xahiş edib.Halbuki, iddiaçı öz öhdəliyini icra etmədən ona qarşı iddia qaldırıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, verilmiş şikayətlər əsassızdır. Belə ki, lizinq obyektində heç bir nasazlıq yoxdur. İşdən də görünür ki, 1 ayın ödənişi edilib. Əgər lizinq obyekti yararsız olsaydı onlar heç ödəniş etməzdi. Bundan başqa onlar iddia tələbinin həcminin artırılmasını və 55.000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər cavabdeh səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə 19/1006 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin lizinq müqaviləsinə əsasən iddiaçı lizinq müqaviləsinə edilmiş Əlavə 1-də göstərilən lizinq obyektini cavabdehin əvəzli istifadəsinə verməyi, cavabdeh isə iddiaçının hesabına müqaviləyə edilmiş Əlavə 2-də göstərilən ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan lizinq obyekti “Liugong CLG 856” markalı frontal yükləyicidir.Cavabdehlə bağlanan Müqavilə ilə yanaşı, lizinqverən müqavilə üzrə lizinqalanın öhdəliyini təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə 19/1006 saylı Zaminlik müqaviləsi bağlamışdır. 19/1006 saylı daxili lizinq müqaviləsi 12 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixinə qədər cavabdeh iddiaçının hesabına cəmi 60.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və mübahisələndirilən hissələrdə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdehlərin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan ünvanına və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvandan köçdüyündən ona göndərilmiş bildirişlər geri qaytarılmışdır. Cavabdeh də faktiki yaşadığı ünvan barədə iddiaçıya və məhkəməyə məlumat verməmişdir.Cavabdeh1-nin də ünvanına məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bu dəlillərin əsassız olması həm də onunla təsdiq olunur ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmək imkanından məhrum olmuşdurlarsa, ən azından apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə edə bilərdilər. Lakin hər iki cavabdeh üzrlü səbəb olmadan apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə etmək istəmədilər. Bu hal da onların şikayətdəki dəlilləri(məhkəmə iclasında iştirak etsəydilər iddianın əsassız olmasına dair sübut təqdim edərdilər, lizinq obyektinin yararsız olduğunu sübut edərdilər, tələb edilən borcun düzgün olmadığını sübut edərdilər və.s) yalnız şikayət xatirinə bildirdiklərinə dəlalət edir. İkincisi, əgər həqiqətən də lizinq obyekti cavabdehə saz və işlək vəziyyətdə təqdim edilməmişdirsə, bunu qəbul etməyə bilərdi yaxud lizinq müqaviləsi bağlandığı tarixdən 2 ilə, müqavilənin müddətinin bitdiyi tarixdən isə 1 ilə yaxın müddət keçməsinə baxmayaraq bügünə qədər lizinq obyektini geri qaytara bilərdi. Lakin bunların heç biri edilməmişdir. Bu hallar qeyd olunan dəlillərin əsassızlığını bilavasitə təsdiq edir və cavabdehlərin hüquqdan pis niyyətlə suiistifadə etmələrinə dəlalət edir. Üçüncüsü, işdən görünür ki, idddiaçı xx xxx 2019-cu il tarixə qədər olan lizinq borcunu cavabdehlərdən tələb etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək 55000 manat ödənilməmiş lizinq ödənişi qaldığına görə həmin məbləği də tələb etdiklərini bildirmişdir. Yəni, lizinq müqaviləsi 12 ay müddətinə bağlanmasına baxmayaraq cavbdehələr bu günə qədər nə lizinq obyektini, nədəki müqavilə üzrə ödəməli olduqları məbləği qaytarırlar. Bu məbləğin müəyyən edilməsi üçün hansısa ekspertiza təyin edilməsinə zərurət və əsas yoxdur. Çünki, tərəflər arasında bağlanmış müqaviləyə Əlavə 1-də cavabdehlərin müqavilənin bağlandığı vaxtdan, növbəti aydan başlayaraq hər ay 5000 manat, 12 ay ərzində cəmi 60000 manat ödəməli olduqları dəqiq və aydın göstərilmişdir. Dördüncüsü, apellyasiya şikayətlərindəki qəribəlilik həm də ondan ibarətdir ki, cavabdehlər iddiaçı ilə lizinq müqailəsi bağladıqlarını və öhədliklərinin olduğunu sanki unutmuş, yalnız icra məmuru tərəfindən dəvət olunarkən lizinq obyektinin yararsız olduğu və yalnız yararlı lizinq obyektinə zamin durduğu birdən-birə yadına düşmüşdür. Əlbətdə ki, bu dəlillər qətiyyən əsaslı olmadığından iddianın da hansısa hissədə rədd olunması üçün əsas ola bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyət və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4530/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7657/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7657/2020
02.11.2020 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver