Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-766/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)-5438/2020 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra-iddiaçılar) İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 D məhəlləsi 1 saylı evin 62 saylı mənzilinə köçürülmələri, həmin mənzildə istifadə qaydalarının müəyyən edilərək mənzilin sahəsi 12 kv.m olan otağının İddiaçı2, sahəsi 15 kv.m olan otağının İddiaçı1 istəfadəsinə verilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanılması, mənzildə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 1 ədəd şifoner, 1ədəd televizor, 1 ədəd kinoteatr, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz peçi, 1 ədəd divan və kreslo, 1 ədəd stol və stulların, 1 ədəd mətbəx mebeli və yataq dəstindən istifadə edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 D məhəlləsi 1 saylı evin, 62 saylı mənzili 01.09.1992-ci il tarixli 016450 saylı order əsasında atası X6 və onun ailə üzvləri kimi onlara verilib və adları orderə daxil edilmişdir, mənzilin X6 verilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 01 sentyabr 1992-ci il tarixli, 1030 saylı sərəncamı da mövcuddur, atası Fazər Mahmudov 2006-cı ildə, anası X5 isə 28.10.2019-cu il tarixdə dünyalarını dəyişmişdir. Qardaşı Nurlan onun və digər qardaşları olan Elnurun mənzildən istifadə hüquqlarına mane olur, onları mənzilə buraxmır, bildirir ki, mənzildən istifadə hüquqları yoxdur, bu barədə polis orqanlarına müraciət edilsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Qardaşı Nurlanın belə hərəkəti onların mülkiyyət hüququnu pozur, halbuki Nurlanın həmin mənzildən yalnız sahiblik və istifadə hüququ müəyyən edilmişdir, o, orderdə adları qeyd olunan şəxslərin istifadə hüquqlarına xitam verilməsi hüququna malik deyildir, onun belə bir subyektiv hüququ yoxdur, mübahisəli mənzil yaşayış sahəsi 46,7 kv.m olan 3 otaqdan ibarətdir, Nurlan onun mənzildən istifadə hüququna mane olmaqla barəbər onların mülkiyyətində olan əşyaları da istifadə edir, belə ki, 2010-cu ildə nikaha daxil olduqdan sonra həmin evdən çıxmış və qaynanasının evində yaşamağa başlamışdır, nikaha daxil olduqdan sonra onun soyadı ərinin soyadna dəyişdirilmişdir, lakin mütəmadi olaraq anasının yanına gedibgəlmişdir, bir neçə il qaynanasının evində yaşadıqdan sonra evin yaşayış sahəsinin kiçik olması səbəbilə evdə olan cehiz əşyalarını və ona məxsus digər əşyaları 2015-ci ildə anasının evinə gətirmişdir, ona məxsus paltarlar, 1 ədəd şifoner, 1 ədəd televizor, 1 ədəd kinoteatr, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz peçi, 1 ədəd divan və kreslo, 1 ədəd stol və stullar, 1 ədəd mətbəx mebeli və yataq dəsti həmin mənzildədir və hazırda da cavabdehin istifadəsindədir, qış paltarlarını götürə bilmir, lakin qardaşı Nurlan onun əşyalarından istifadə edir, hazırda qardaşı həmin evdə qeyri-rəsmi nikahda olduğu xanımla yaşamaqdadır, onların bir uşağı var, digər iddiaçı da hazırda cavabdeh tərəfindən həmin mənzilə buraxılmadığından başqa-başqa ünvanlarda yaşamaq məcburiyyətindədir, hazırda isə müvəqqəti olaraq işləmək üçün xarici ölkəyə gedib. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) İddiaçı1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 D məhəlləsi 1 saylı evin, 62 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılməışdır ki, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyətinin başçısının 01 sentyabr 1992-ci il tarixli sərəncamı ilə 016450 saylı order əsasında Bakı şəhəri Xətai rayonu, General Şıxliski küçəsi, 2942 D məhəlləsi 1 saylı evin, 62 saylı mənzili cavabdehin atası X6 verilmişdir, cavabdeh göstərilən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, atası X9 26 oktyabr 2006-cı ildə, anası X5 isə 28 oktyabr 2019-cu il tarixində dünyasını dəyişmişdir, bacısı İddiaçı2 isə 2010-cu ildə ailə quraraq həmin mənzildən birdəfəlik köçüb getmiş, qardaşı MahmudovElnur Fazər oğlu isə 2003-cü ildə hərbi xidmətə gedib qayıtdıqdan sonra Rusiya Federasiyasına getmiş, artıq 4 ildən çoxdur ki, Polşa Respublikasında yaşayır, hazırda mənzildə cavabdeh həyat yoldaşı və 2 azyaşlı övladları ilə birlikdə yaşayır, yəni Elnur və Günelin göstərilən mənzilə dair heç bir bağlılıqları yoxdur, onların hər birinin daimi yaşamaq üçün mənzilləri vardır, İddiaçı2 iddia etdiyi əşyalara gəldikdə isə həmin əşyalar ona məxsus deyil, mənzilə dair əşyalardır ki, valideynlərinin sağlığında ondan istifadə olunurdu. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)-5438/2020 saylı qətnaməsi ilə İddiaçı1 ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 2942 “D” məhəlləsi, 1 saylı evin, 62 saylı mənzilinə köçürülməsi, İddiaçı2ın “Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 2942 “D” məhəlləsi, 1 saylı evin 62 saylı mənzilinə köçürülmələri, həmin mənzildən istifadə qaydalarının müəyyən edilərək mənzilin sahəsi 12 kv.m olan otağının X4, sahəsi 15 kv. m. olan İddiaçı1 istifadəsinə verilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanması, mənzildə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan 1 ədəd şifoner, 1 ədəd televizor, 1 ədəd kinoteatr, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz peçi, 1 ədəd divan və kreslo, 1 ədəd stol və stulları, 1 ədəd mətbəx mebeli və yataq dəstindən istifadə edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi” barədə iddia tələbinin rədd edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi 2942 “D” məhəlləsi, 1 saylı evin, 62 saylı mənzildən istifadə hüququna xitam verilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi və rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfin apellyasiya şikayəti ilkin iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnaməsinin əsaslandırıcı hissəsində onun Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “D” məhəlləsi, 1 saylı evin, 62 saylı mənzilinə köçürülməyi barədə iddia tələbinin təmin edilməməsinin əsasları qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə dəvət olunan şahidlər onun adıçəkilən mənzilə tez-tez gəlib getməyini, orda qalmağını, xəstə anasına baxmağı barədə məhkəmədə ifadə vermişlər. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, mübahisəli mənzil order əsasında 01.09.1992-ci ildə X6 verilmişdir, orderdə onun ailə üzvləri kimi X5, Cavabdeh, İddiaçı1 və X3 adı qeyd edilmişdir. Yəni, Cavabdeh həmin mənzildən istifadə etdiyi kimi, onun da həmin mənzildən istifadə hüququ təmin edilməli və həmin mənzilə köçürülməyi barədə iddia tələbi təmin edilməli idi. Bundan əlavə, həmin mənzilə dair orderdə onun adının olmasına baxmayaraq, istifadə hüququnun xitam olunması barədə qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamənin qəbul edilməsi absurd və qanunsuz haldır. Qətnamə qəbul edilərkən mülki mübahisənin qanuni həlli üçün ilk növbədə qarşılıqlı iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı idi. Qəbul edilmiş qətnamə isə qarşılıqlı iddia tələbi üzrə iddiaçının subyektiv hüquqlarının olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmamışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh orderdə adları çəkilən şəxslərin istifadə hüquqlarının xitam olunması barədə iddia tələbi irəli sürə bilməz. Çünki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh belə iddia tələbinə subyektiv hüququ mövcud deyildir. Onun subyektiv hüququnun formalaşması üçün ilk öncə həmin mənzilə mülkiyyət hüququ tanınmalıdır. Dövlət mənzil fonduna məxsus olan mübahisəli mənzilə dair orderdə o, icarədarın ailə üzvü kimi göstərilmişdir. Bu səbəbdən də mənzil verilərkən cavabdehin 5 nəfər ailə üzvü olması nəzərə alınmış, mənzilin sahəsi və otaqların sayı ailə üzvlərinin sayma uyğunlaşdırılmışdır. Mənzil verilən andan onun mənzilə istifadə hüququ yaranmışdır, hazırda istifadə hüququnun itirilməsi ilə nəticələnən hal mövcud deyil. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ilk iddia tələbləri mübahisəli mənzildə üzürlü və ya üzürsüz səbəblərdən yaşaya bilməməyi faktdır. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, onun mübahisəli mənzilə istifadə hüququnun mövcudluğu qarşılıqlı iddia ərziəsi üzrə iddiaçı tərəfindən də, etiraf edilir və qarşılıqlı iddia ərzəsi üzrə iddiaçı istifadə hüququma xitam verilməsini xahiş edir. İstifadə hüququna xitam verilməsi bütün hallarda kompensasiya verilməsi yolu ilə həyata keçirilməlidir. Bu zaman iddia edən tərəf mülkiyyət hüquqlarına malik olmalıdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)-5438/2020 saylı qətnaməsinin ilkin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmayan hissədə ləğv olunaraq, həmin hissədə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfin apellyasiya şikayəti onunla əsaslandırılır ki, göstərilən mənzildə ailə üzvləri ilə birlikdə yaşamışlar. Belə ki, atası X9 26 oktyabr 2006-cı ildə, anası X5 isə 28 oktyabr 2019-cu il tarixdə dünyasını dəyişmişdir. Bacısı İddiaçı2 isə 2010-cu ildə ailə quraraq birdəfəlik köçüb getmiş, qardaşı İddiaçı1 isə hərbi xidmətə gedib qayıtdıqdan sonra Rusiya Federasiyasına getmiş, hazırda isə Polşa Respublikasında ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzildə o, həyat yoldaşım və azyaşlı övladı ilə birlikdə yaşayır. Yəni cavabdehlərin göstərilən mənzilə dair heç bir bağlılıqları yoxdur, onların hər birinin daimi yaşamaq üçün mənzilləri var. İddiaçı1 Bakı şəhəri Xətai rayonu. General Şıxlinski küçəsi 2942 “D” məhəlləsi, 1 saylı evin, 62-ci mənzilində yaşamaması məhkəmə iclasında şahid qismində ifadə verən X10 və X2 ifadələri ilə bərabər, İddiaçı2 həyat yoldaşı X1 ifadəsi ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 cavabdehin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətini müdafiə etdi, öz apellyasiya şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək,şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansia məhkəməsinin qətnaməsinin ilk iddianın İddiaçı2 aid rədd olunan və İddiaçı1 aid qismən təmin edilən hissələrində, qarşılıqlı iddianın tam olaraq yoxlanılması təşkil edir. Çünki İddiaçı1 ilkin iddianı özünə aid təmin edilməyən hissədə mübahisələndirməmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 D məhəlləsi 1 saylı evin 62 saylı mənzili order əsasında 01.09.1992-ci ildə X6 verilmişdir, orderdə onun ailə üzvləri kimi X5, Cavabdeh, İddiaçı1 və X3 adı qeyd edilmişdir, 26.11.2006-ci il tarixdə X9, 30.10.2019-cu il tarixdə isə X5 vəfat etmişdir, X7 2010-cu il tarixdə ailə həyatı quraraq həmin mənzildən çıxmışdır, hazırda o, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, İddiaçı1 son dəfə 21.12.2019-cu il tarixdə ölkə ərazisini tərk etmişdir, İddiaçı1 mübahisəli mənzilə istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən maneələr yaradılır. Belə ki, kollegiya işdə olan sübutlara əsasən qeyd edir ki, tərəflərin yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qarşılıqlı iddianın “İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməsi” hissəsi il bağlı qeyd edir ki, İddiaçı1 order əsasında 1992-ci ildən mübahisəli mənzilə yaranmış istifadə hüququnun itirilməsi sübutetmə yükü ilə bağlıdır, lakin cavabdeh tərəfdən iş materiallarına İddiaçı1 mübahisəli mənzildən asılılığının aradan qalxması, digər ünvanda daimi əsaslarla yaşaması hallarını təsdiq edən sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehin “İddiaçı1 2003-cü ildən mübahisəli mənzili tərk etdiyindən onun həmin mənzilə istifadə hüququ itirilmişdir” kimi dəlillərinə münasibətdə məhkəmə hesab etmişdir ki, əvvəla, bu, iş materialları əsasında sübut olunmur, digər tərəfdən, İddiaçı1 uzun müddətə mənzili tərk etməsi ondan istifadə hüququna xitam verilməsinə əsas ola bilməz. Belə ki, İddiaçı1 digər yaşayış yeri üzrə mənzildən istifadə hüququ və ya onun digər ünvanlarda yaşamalarının daimi əsasları müəyyən deyildir, onun istifadə hüququnun olduğu mübahisəli mənzil isə öz təyinatını itirməmişdir, həmin ünvanda uzun müddət yaşamamaq əsası ilə mənzilədən istifadə hüququna xitam verilməsi yaşayış sahəsinin itirilməsi ilə nəticələnməklə, İddiaçı1 əsas insan hüququ olan mənzil hüququnu pozmuş olardı. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı “İddiaçı1 mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, İddiaçı1 istifadə hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırda isə cavabdeh İddiaçı1la bağlı qeyd olunan sübutları təqdim etməmişdir. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya İddiaçı2 apellyasiya şikayətinin dəlilinə münasibətdə qarşılıqlı iddia tələbinin “İddiaçı2 mənzildən istifadə hüququna xitam verilməsi” hissəsində qeyd edir ki, İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ 1992-ci ildə yaransa da, onun 2010-cu ildə nikaha daxil olmaqla könüllü olaraq mənzildən çıxması və hazırda isə digər ünvanda qeydiyyatda olmaqla yaşaması mübahisəli mənzilə dair ehtiyacın aradan qalxması ilə onu daimi əsaslarla tərk etməsi barədə nəticəyə gəlməyə əsas verir. Qeyd edilənlər isə onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün kifayətdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, mənzildə hal-hazırda Cavabdeh yaşamaqla, İddiaçı2 ailə qurduqdan sonra mənzildən köçmüş, sonradan anasının yanına gəlib-getmişdir. Kollegiya İddiaçı2 apellyasiya şikayətinin dəlilinə münasibətdə ilkin iddia tələbinin İddiaçı2 aid hissədə “mənzildən istifadə qaydalarının müəyyən edilməsi və həmin mənzildə olan əmlaklardan istifadənin qadağan edilməsi” hissəsində qeyd edir ki, əvvəla, iddia tələbi həmin hissədə sübutetmə yükü ilə bağlıdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı həmin mənzildə qeyd edilən əmlakların ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən belə hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)- 5438/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-766/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-766/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver