Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7661/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2472/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdehndən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50-ci mənzilinin əsaslı təmiri üçün çəkilmiş xərclərin əvəzi olaraq 25729 manatın və mənəvi zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 45729 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-2472/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-ci ildə Bakı Slavyan Universitetinin əyani şöbəsinə qəbul olduqdan sonra Kəlbəcər rayonundan Bakı şəhərinə gəlmiş, Binəqədi rayonunun ərazisində yerləşən qızlar yataqxanasında tələbə kimi qeydiyyata alınmış, elə həmin ilin sentyabr ayında Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr. ərazisində yerləşən X7 Stansiyasında ambulator müalicə alarkən milliyyətcə tatar olan, ahıl X1 tanış olmuş, həmin şəxs ona evində kirayə qalmağı təklif etmiş, o razılaşaraq Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50-ci mənzilinə köçmış, mənzildə yaşayarkən mənzilin sahibi olan həmin yaşlı kişiyə qulluq etmiş, mənzilə görə kişiyə ömürlük qulluq etmək şərtilə 4000 manat pul ödəmiş, 1995-ci ildə mənzilin sahibi vəfat etdikdən sonra onun dəfnini təşkil etmiş, 25 il mənzildə yaşamış, yaşadığı müddətdə 5 dəfə mənzildə təmir işləri aparmışdır. Buna baxmayaraq hazırda məhkəmə qətnaməsi ilə onun mənzildən çıxarılması qət edilmişdir. İddiaçı mübahisəli mənzilin əsaslı təmirinə çəkdiyi xərcin əvəzi olaraq 25729 manatın və mənəvi zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 45729 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə hazırlıq iclasında iştirak edərkən məhkəmədə təmir işləri aparılması və çəkilən xərclərin hesablanmasına dair ekspertiza keçirilməsi xahiş edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Lakin hakim Covid-19 infeksiyasına yoluxduğuna görə məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınmışdır. Məhkəmə baxışının keçirilməsinə bir saat qalmış iclas barədə sms bildiriş gəlmişdir. O, dərhal taksi ilə məhkəməyə gəlsə də artıq məhkəmə qətnaməsi elan edilmişdir. Məhkəmə qətnaməsi tələsik elan edilmişdir. Məhkəmə özü də qətnamədə qeyd etmişdir ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin elə həmin səhifədə dərhal qeyd edilmişdir ki, iddiaçı öz istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmənin ziddiyyətli mövqeyi aydın deyil. Bundan başqa, məhkəmə həmin mənzilin yeni mülkiyyətçisi barədə məlumat verir. Lakin məhkəmənin diqqətindən yayınır ki, həmin şəxs mübahisəli mənzilə Avropa Məhkəməsinin qərarı ilə yerləşdirilib. Əgər həmin mənzil təmirli olmasaydı həmin şəxs mübahisəli mənzilə köçməyə razı olmazdı. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil sahəsindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair ilk iddiası rədd olunmuş, Bakı şəhəri Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Bakı şəhəri Cavabdehnə təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. İddiaçının hazırkı iş üzrə tələbi mübahisəli mənzilin təmirinə çəkdiyi xərcin və ona vurulmuş mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil Nəsimi RİH-in balansında olmaqla dövlət mənzil fonduna aiddir. İddiaçı, habelə onun ailə üzvləri həmin mənzildə uzun müddət ərzində faktiki yaşamış və onun mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin təmirinə onun tərəfindən xərc çəkilməsini qəbul etsə də, bu xərci cavabdehdən tutmamış və bununla da iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildə yaşadığı müddətdə orada öz rahatlığını təmin etmək məqsədilə hər hansı təmir işləri aparmasını normal hal kimi qəbul etmiş və hesab etmişdir ki, belə bir hal olmuş olsa da bu hal həmin təmirə çəkilən xərcin cavabdehdən tələb olunmasına əsas vermir. Digər tərəfdən, iddiaçı mübahisəli mənzildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən çıxarılmışdır. Və nəhayət, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində 4 saylı binada hər biri 2 otaqdan ibarət olan 10 və 11 nömrəli mənzillərlə təmin olunmuşdur (i.v.64). Hər kəsə məlum olduğu kimi, dövlət tərəfindən məcburi köçkünlərə verilən mənzillər bir qayda olaraq təmirli vəziyyətdə olur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh isə əksinə, həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7661/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver