Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7663/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi və Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi 117 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş və mülki iş 02 noyabr 2022-ci il tarixdə məktubla apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsi 10 avqust 2022-ci il tarixdə Cavabdeh tərəfindən əldə edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət daxilində, yəni 19 avqust 2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə “apellyasiya şikayətini verən şəxsin özünün tələblərini aydın göstərməməsi” əsası ilə qeyri-mümkün hesab edilmişdir. Həmin qərardad 16 sentyabr 2022-ci il tarixdə cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilmiş (i.v 84), cavabdeh isə 29 sentyabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Apellyasiya şikayəti ilə yanaşı cavabdeh, apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsi üçün ərizə də təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin müraciətinə hər hansı münasibət bildirməməklə yanaşı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərardadında göstərilən – apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması barədə göstərişinə də əməl etməyərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini məktubla apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 133.1-133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi qətnamədən işdə iştirak edən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddətin keçməsi səbəbi ilə yalnız o halda geri qaytarıla bilər ki, şikayət vermiş tərəfə qətnamənin rəsmi qaydada çatdırılması tarixi məlum olsun, verilmiş şikayət isə bu tarixdən bir ay keçdikdən sonra müddətin bərpasına dair vəsatət verilmədən təqdim edilmiş olsun. Bununla belə, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Göründüyü kimi birinci instansiya məhkəməsi prosessual müddətə münasibət bildirilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vürmədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə aidiyyatı olmayan, tamamilə fərqli bir mülki iş - 2(003)-68/2022 nömrəli mülki iş üzrə (i.v 86) verilmiş apellyasiya şikayəti iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, cavabdehin prosessual müddətə münasibət bildirilməsinə dair ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsindən Cavabdeh verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, Cavabdeh apellyasiya şikayəti ilə birlikdə verdiyi “prosessual müddətə münasibət bildirilməsinə dair” ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-7663/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7663/2022
11.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver