Məhkəmə qərarları › İş №2(103)-7665/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7665/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7665/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh4 Əli oğluna, Maraqlı şəxs və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı “müqavilələrin və kassa mədaxil orderinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzildən çıxarılma, mənzilə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh4 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Aydın qızına və Cavabdeh4 qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh4 Əli oğlunu, Maraqlı şəxs və "xxxx" MMC-ni (bundan sonra MMC) cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə (əslində iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, MMC və Cavabdeh4 arasında 22.11.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının l0-cu mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzilə dair bağlanmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin, Cavabdeh4la Maraqlı şəxs arasında həmin mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında mənzilə dair Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv edilməsi və Maraqlı şəxs həmin mənzildən çıxarılması, mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzil MMC ilə bağladığı 20.04.2010-cu il tarixli müqavilə əsasında 169 050 manata ona satılmış, lakin 22.11.2016cı il tarixdə həmin mənzilə dair Cavabdeh4 ilə müqavilə bağlanaraq onun maraqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmuşdur. Vəzifə səlahiyyətlərindən sui- istifadəyə görə MMC-nin vəzifəli şəxsləri X17 və X7 Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham verilmiş, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış, hökmlə adı çəkilən şəxslərin qanunsuz əməllərə yol verdikləri müəyyən olunmuşdur. Cavabdeh4 Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində verdiyi ifadəsində qeyd edilən mənzilin daha əvvəl ona satıldığını bildiyini göstərmiş, buna baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edərkən mənzili Maraqlı şəxs satmış, sonuncu isə orada təmir işləri aparmağa başlamışdır. Cavabdeh4 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin ona qarşı yönəlmiş hissəsinin rədd olunması, İddiaçıla MMC arasında 20.04.2010-cu il tarixdə bağlandığı iddia edilən “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 22.11.2016-cı il tarixli 142 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”yə əsasən ünvan 1 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbələrində yerləşən 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzil MMC tərəfindən ona satılmış, mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş, mənzil alınan zaman mənzilə dair üçüncü şəxslərin hər hansı hüquqlarının olub-olmamasından xəbərdar olmamışdır. Mənzilə dair ƏMDK yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməsi üçün müraciət etmiş, müraciətə münasibət bildirilmədiyindən tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 15.09.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş, mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ƏMDK yanında DƏDRX-ın Bakı şəhər İdarəsinə həvalə edilmişdir. Mənzilə dair qeydiyyat sənədləri əldə olunduqdan bir müddət sonra mənzili Maraqlı şəxs satmış və mənzilə dair digər şəxslərin məhkəməyə etdikləri müraciətlərdən heç bir məlumatı olmamış, bu barədə məlumatı 28.08.2018-ci il tarixdə Maraqlı şəxs almışdır. İddiaçı müqavilənin ilkinliyi ilə bağlı məhkəməyə təqdim etdiyi iddia tələbi tamamilə əsassızdır və tələbinin əsasını təşkil edən 20 aprel 2010-cu il tarixli müqavilə etibarsız sayılmalıdır. Belə ki, Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilərkən İddiaçı ünvan 2 ünvanında inşa olunmuş 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 nömrəli mənzilin "xxxx" MMC tərəfindən 20.04.2010-cu il tarixdə ona satıldığını və mənzilin dəyəri olaraq 252 000 manat pul ödədiyini, pul ödənildikdən sonra MMC-nin direktoru Çingiz Məmmədovun onun adına 20.04.2010-cu il tarixli müqavilə və tam ödəniş barədə həmin tarixli mədaxil qəbzi təqdim etdiyini bildirmişdir. Lakin iş materiallarından aydın olur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 20.04.2010-cu il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilədə müqavilənin qiyməti 169 050 manat, o cümlədən həmin tarixli tam ödəniş barədə kassa mədaxil orderinin qəbzində həmin məbləğ 169 050 manat qeyd olunmuşdur. Eləcə də, MMC tərəfindən müqavilələrin və mədaxil qəbzlərinin qeydiyyat kitabı tərtib olunmadığından sonuncu ilə İddiaçı arasında mənzilin alqı-satqı müqaviləsinin 20 aprel 2010-cu il tarixli bağlanmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Göstərilən səbəblər müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır. Digər tərəfdən, mənzili aldığı zaman o, X6 və MMC-nin rəhbərliyini tanımamış, mənzil üzərində hər hansı yüklülük olmamış, mənzil tərəfindən əldə edilmiş, ona dair istifadə və sahiblik hüquqları tərəfindən həyata keçirilmiş və məhkəmənin qərarı əsasında mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı Cavabdeh4 Əli oğlunun 08 fevral 2020-ci il tarixdə vəfat etdiyi müəyyənləşdirilmiş, bu səbəblə onun prosessual hüquqi varisləri qismində X10, X9, X14 və X15 prosesə cəlb edilmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, "xxxx" MMC və Cavabdeh4 arasında 22.11.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin, Cavabdeh4 və Maraqlı şəxs arasında həmin mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi, qarşılıqlı idda tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən Maraqlı şəxs nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və təmsil etdiyi şəxsə aid hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığı, nəticəsinin işin hallarına uyğun olmadığı, başqa işə aid qətnaməni qanunsuz olaraq preyudisial hesab etdiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ilkin iddiaçının iddia müddətini ötürdüyünü və Maraqlı şəxs vicdanlı alıcı olduğunu nəzərə almadığı, Maraqlı şəxs iddia ərizəsini geri götürməsini əsassız olaraq onun ziyanına şərh etdiyi arqumentləri ilə əsaslandırmışdır. Maraqlı şəxs məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs mənzil almaq niyyətində olduğundan 2018-ci ilin yanvar ayında makler vasitəsilə çıxarış əsasında Cavabdeh4 Əli oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilən İ bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 4 otaqlı 30 saylı mənzilə baxış keçirmiş, mənzili bəyənmiş və Cavabdeh4la aralarında alqı-satqı barədə razılıq əldə edilməklə mənzilin dəyərini 262 000 manat məbləğində razılaşmışlar. Bundan sonra onlar 2 saylı Asan Xidmət Mərkəzinə getmiş, orada alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri notariusun depozit hesabına qoyulmuşdur. Mənzil təmirsiz vəziyyətdə olmuş, Maraqlı şəxs mənzilə dair 27 yanvar 2018-ci il tarixdə öz adına DƏDRX-dən çıxarış almış və bir müddət keçdikdən sonra mənzilin təmirinə başlamışdır. Həmin mənzilin alınması üçün 5000 manat maklerə, 3000 manat binanın komendantına əlavə ödəniş edilmiş, mənzilin təmirinə isə 40 000 manat xərc çəkilmişdir. Maraqlı şəxs mənzillə bağlı mübahisədən məlumatı olmamış, məhkəmə isə onun vicdanlı alıcı olmasına əhəmiyyət vermədən qanunvericiliyin tələblərinə zidd qərar çıxarmışdır. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, İddiaçı əqdləri mübahisələndirmək üçün müəyyənlədirilən müddəti ötürmüş, eyni zamanda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında itirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahi etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq Cavabdeh4 Əli oğlunun hüquqi varisləri olan X10, X9, X14 və X15 məhkəməyə gəlməmiş, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC, habelə ilkin iddia üzrə üçüncü şəxslər qismində göstərilmiş 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi isə nümayəndələrini göndərməmişlər. Kollegiya işin hallarını, apellyasiyanın həddini və şikayətə işin materialları əsasında qiymət verilməsinin mümkünlüyünü nəzərə almaqla, işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasına qərar vermişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının Maraqlı şəxs nümayəndəsinin mübahisələndirdiyi hissədə, yəni ilkin iddia tələbinin Maraqlı şəxs qarşı yönəlmiş hissəsində yoxlanılması təşkil edir. Cavabdeh4 prosessual hüquq varisləri və "xxxx" MMC şikayət vermədiklərindən qətnamə qarşılıqlı iddia tələbinin təmin olunmaması, habelə "xxxx" MMC və Cavabdeh4 arasında 22.11.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 142 №-li müqavilənin və onun əsasında verilmiş kassa mədaxil orderinin etibarsız hesab olunması” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs nümayəndəsinin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, 20.04.2010-cu il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 210 kv.m olan 4 otaqlı 30 №li mənzili tikib İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin 169 050 manat razılaşdırılan dəyərini ödəməyi öhdələrinə götürmüş, mənzilin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, MMC sözügedən mənzillə bağlı 22.11.2016-cı il tarixdə Cavabdeh4 Əli oğlu ilə də müqavilə bağlamış, Cavabdeh4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq mənzilə çıxarışın verilməsi vəzifəsini DƏDRX-nin üzərinə qoyulmasını xahiş etmiş, həmin məhkəmənin 15.09.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş, qərar icra edilərək mənzilə dair 30.10.2017-ci il tarixdə Cavabdeh4 adına müvafiq çıxarış verilmiş, Cavabdeh4 26.01.2018-ci il tarixdə mənzili Maraqlı şəxs 260 000 manata satmış, 27.01.2018-ci il tarixdə sonuncunun adına müvafiq qeydiyyat aparılmışdır. İşin müəyyən olunan digər halına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2017-ci il tarixli qərarı İddiaçı şikayəti əsasında 27 mart 2018-ci il tarixli qərardadla ləğv olunmuş, Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzillərə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin həmin orqana həvalə edilməsi” barədə iddia tələbi 06 aprel 2018-ci il tarixli qərarla rədd edilmiş, mənzillərə dair Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsız hesab olunması qət edilmiş, qərar apelyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında mənzilləri təkrar satmaları ilə bağlı cinayət işi başlanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.07.2018-ci il tarixli hökmü ilə X11 Cinayət Məcəlləsinin 178.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümümilikdə 10 il 11 ay 27 gün müddətinə, X21 Cinayət Məcəlləsinin 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cinayət işinin icraatı zamanı "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsisçisi X21 ilə Cavabdeh4 arasında 22.11.2016-cı il tarixli razılaşma protokolu tərtib edildiyi, protokolda Abbas X1 30.01.2017-ci il tarixinə qədər qaytarılması şərtilə 530 000 ABŞ dolları borc verdiyinin, Cavabdeh4 adına yazılmış olan ünvan 1də inşa edilən 1 girişli çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı 30 nömrəli mənzilin və digər mənzillərin borcun təminatı olduğunun razılaşdırıldığı müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 08 iyul 2019cu il tarixli qətnaməsindən görünür ki, sözügedən razılaşma protokolunda göstərilən mənzillərdən biri ilə bağlı X2 iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı, 210 kv.m mənzilə dair 22 noyabr 2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə X8 arasında ünvan 1 mənzil 18-ə dair 03 fevral 2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 4Ə-220 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı mənzilə dair Elbəniz Hacıyevanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzilin X3 qaytarılması və X4 həmin mənzildən çıxarılması, 03 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 200 000 manatın Cavabdeh4 alınaraq X5 ödənilməsi barədə qətnamə çıxarılmış, Cavabdeh4la MMC arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilənin real podrat müqaviləsi olmadığı, tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatı qismində bağlandığı müəyyənləşdirilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, bənzər mübahisə üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi hazırkı iş baxımından preyudisial xarakter daşımasa da, həmin işdə müəyyən olunan hallar sübutların qiymətləndirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Bu mənada kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs nümayəndəsi (vəkili) tərəfindən mübahisələndirilən hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəsi gedən mənzilə dair Cavabdeh4 və Maraqlı şəxs arasında 26.01.2018-ci il tarixdə əqd bağlanarkən subyektiv tərkibə aid edilən şərt pozulmuşdur. Belə ki, həmin müqavilə bağlanarkən əslində Cavabdeh4 mənzilə sərəncam vermək hüququ olmamış (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur), beləliklə də əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd mahiyyəti qazanmışdır. Kollegiya Maraqlı şəxs alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən olmaması ilə bağlı məhkəmənin gəldiyi qənaətlə əlaqədar isə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2018-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Maraqlı şəxs mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin şübhəsizdir ki, Maraqlı şəxs mübahisəli mənzilin yerləşdiyi ərazidəki yeni tikilmiş binalarda mənzillərin qiymətlərinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən təxminən iki dəfə artıq olduğunu bilməyə bilməzdi – hansı ki, birinci instansiya məhkəməsində tədqiq edilən "xxxx" MMC-nin və "xxxx" MMC-nin arayışlarından mübahisəli mənzilin qiymətinin 2018-ci ilin yanvar ayında təxminən 420 000 manat təşkil etdiyi aydın olur. Kollegiyanın qənaətinə görə bu o deməkdir ki, Maraqlı şəxs mənzili 260 000 manata satın aldığı zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir – çünkü o, mənzilin real dəyərindən ucuz satılmasının səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onun hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə satıldığı barədə halın mövcud olub-olmadığını, şirkətin rəhbər vəzifəli şəxslərinin barəsində məhz bu səbəblə cinayət icraatının mövcudluğunu asanlıqla müəyyən edə bilərdi. Bu qənaətə gələrkən kollegiya, Maraqlı şəxs Cavabdeh4 və Həsənqulu Həşimova qarşı irəli sürdüyü “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsini, sonradan aralarında olan mübahisənin öz həllini tapdığını əsas göstərməklə geri götürməsini də nəzərə alır və məhz buna görə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməyərək ona, müqavilənin etibarsız hesab edilməsi nəticəsində məruz qaldığı ziyanın ödənilməsi üçün ayrıca iddia qaldırmaq hüququnu izah etməsini əsaslı hesab edir. Kollegiya Maraqlı şəxs nümayəndəsinin (vəkilinin) iddia müddətinin ötürülmüş olması dəlilinə də münasibət bildirərək qeyd edir ki, İddiaçı hazırkı məhkəmə icraatı başladıqdan sonra mübahisəsi gedən mənzilin Maraqlı şəxs satıldığını bilmiş, və müvafiq müddəti ötürmədən həmin müqavilənin etibarsız sayılması barədə iddia qaldırmışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-41/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh4 və Maraqlı şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair 26.01.2018-ci il tarixdə bağlanmaqla 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunda qeydə alınmış (4Ə-154 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə dair Maraqlı şəxs adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, Maraqlı şəxs həmin mənzildən çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 210 kv.m olan 30 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa olunması, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar