Məhkəmə qərarları › İş №2(103)-7667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7667/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7667/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7667/2022 Açar sözlər:(mənzilə köçürmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər X1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-547/2021 saylı qətnaməsindən cavabdehlər X1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı əvvəllər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. O, 2002-ci ildə X11 ilə evlənərək həmin ünvandan köçmüşdür. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə Mürsəlova və xx.xx.2002-ci il təvəllüdlü Məhin Mürsəlova adlı uşaqları anadan olmuşdur. 2.İddiaçı bildirir ki, 2013-cü ildə əri Səfa Mürsəlovdan ayrılmış və yenidən mübahisəli ünvana gəlsə də, cavabdehlərlə aralarında mübahisə olduğundan onun həmin evdə yaşamağına icazə verməmişlər. İddiaçının uşaqları isə cavabdehlərin razılığı ilə mübahisəli ünvanda yaşayırlar. 3.Mübahisəli ünvanda 93 kv.m və 126 kv.m sahədən ibarət olmaqla iki ev mövcuddur. 93 kv.m. sahədən ibarət olan evdə iddiaçının anası- cavabdeh X1, 126 kv.m evdə isə iddiaçının qardaşı- Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Evlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onunla birlikdə yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanına köçürülməsi, həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildə anadan olmuş və həmin müddətdən indiyə qədər ünvan 1-də qeydiyyatdadır. O, 2002-ci ildə nikah bağladıqdan sonra həmin mənzildən köçmüş, 2013-cü ildə boşanmışdır və həmin vaxtdan azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşmişdir. Çünki cavabdehlər olan anası X2 və qardaşı X3 ona azyaşlı qızı ilə birlikdə həmin evdə yaşamağa icazə vermirlər. Onun isə yaşamağa başqa yaşayış yeri olmadığından kirayədə yaşayır. Kirayə yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. Bu isə özlüyündə uşağın sağlam böyüməsinə və inkişafına mənfi təsir edir. İddiaçının uşaqları yetkinlik yaşına çatmayan olduğundan və maddi ehtiyacları artdığından, eyni zamanda aşağı əmək haqqı olan işdə işlədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur. Ona görə də iddiaçının mərhum atasının vəsaitləri hesabına tikilən ünvan 1 ünvanında yerləşən mənzilə köçmək zərurəti meydana gəlmişdir. Yuxarıda göstərilənlərdən əlavə iddiaçı mərhum atasından qalan evdə onun vərəsələrindən biridir və iddiaçının həmin mənzildə məcburi payı vardır. 6.Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-547/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2002-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 93 kv. m olan yaşayış sahəsinin hüdudları daxilinə (9.x-400212,9166 y- 4480559,1339; 10.x-400211,8436 y- 4480552,7783; 11.x400210,0735 y-4480553,0888; 12.x- 400208,6233 y-4480545,6134; 13.x- 400203,0840 y4480546,5346; 14.400203,9752 y-4480551,7193; 15.x-400205,1397 y- 4480560,2193 koordinatları daxilində) köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. 7.İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2002-ci il təvəllüdlü X8 atası X11, anası İddiaçıdır. 8.Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyinin 430 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1-də daimi pasport qeydiyyatındadır. 9.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı və azyaşlı övladları ünvan 1-də daimi pasport qeydiyyatındadırlar. 10.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evinin koordinatları ölçülmüş və sxem formasında təqdim edilmişdir. 11.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4181 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin hansı tarixdə (ildə) inşa edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. 12.Məhkəmə mövqeyini belə əsaslandımışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyətolmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. 13.Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. 14.Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhz ünvan 1 ünvanında yerləşən, ekspert və mütəxəssis rəyləri ilə də koordinatları müəyyən edilmiş 93 kv.m olan yaşayış sahəsinə köçürülməsini xahiş edir. Hansı ki, həmin sahədə hal-hazırda iddiaçın anası-Cavabdeh3 yaşayır. ünvan 1 ünvanında mövcud olan digər 126 kv.m yaşayış sahəsində isə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 İddiaçı digər yaşayış sahəsinə (93 kv.m) köçürülməsinə etiraz etməsi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 93 kv.m olan yaşayış sahəsinin məhz onun tərəfindən tikilməsi və xərc çəkilməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. 15.Məhkəmə hesab etmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. Ona görə də mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. 16.Məhkəmə iddia tələbinin iddiaçının və onun övladlarının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının tanınması hissəsinə münasibətdə hesab etmişdir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının və onun övladlarının mübahisəli evə istifadə hüququ əmələ gəlməmiş, habelə özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. 17.Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 157.4, 157.8, 164.1, 164.2, 228.1, 228.2-ci, Mənzil Məcəlləsi 13.3, “Uşaq hüquqları haqqında” Qanununun 8, 20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 19.Cavabdehlər X1 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ünvan 1 ünvanında iki fərdi yaşayış evindən hansına sahiblik hüququnun olması və digər şəxslər tərəfindən bu hüququnun pozulmasının tələb edilməsinin mexanizmini müəyyən etməmişdir. Belə ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində sahibliyi şəxsin qeydiyyatı ilə müəyyən edilməməlidir. Çünki, şəxs bir evə qeydiyyatda ola bilər. Hazırki işdə isə iddiaçının iddia tələbində qeyd etdiyi ünvanda iki fərdi yaşayış evi mövcuddur. İddiaçının konkret olaraq hansı fərdi yaşayış evində qeydiyyatda olmasının məhkəmə icraatı dövründə müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini təmin etmişdir. Bundan əlavə, iddiaçı fərdi yaşayış evini 2002-ci ildə tərk etmişdir və həmin fərdi yaşayış evini tərk edərkən ünvan 1 ünvanında ata evi olmaqla bir fərdi yaşayış evi mövcud olmuşdur. Lakin həmin fərdi yaşayış evi 2004-cü ildə sökülmüş, həmin ünvanda iki fərdi yaşayış evi tikilmişdir. Bundan başqa, məhkəmə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən birinə (köçürülmə təmin olunan hissə) sahiblik hüququnun olubolmaması, fərdi yaşayış evinə hər hansı xərc çəkib-çəkməməsi, qeydiyyatda olduğu fərdi yaşayış evinin konkret hansı ev olduğu barədə sübutları məhkəməyə təqdim etmədiyi halda iddia tələbini qismən edərək, iddiaçının həmin ünvanda 93 kv.m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir. 21.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1299/2022 nömrəli iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilmədən saxlanılmışdır. 22.Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. 23.Məhkəmə hesab etmişdir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. 24.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli ev bir damın altında iki evdən ibarətdir. Bu tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikililər faktiki olaraq mövcuddur və eyni ünvandadırlar. İddiaçının orada əvvəllər yaşamasını, cavabdehlərin isə daimi yaşayış sahəsi kimi istifadə etmələrini tərəflərin heç biri mübahisələndirməmişdir. Həmçinin işin mübahisəsiz hallarından görünür ki, iddiaçının uşaqları uzun müddətdir ki, cavabdehlərin razılğı ilə mübahisəli evdə yaşayırlar. Ona görə də iddiaçının və uşaqlarının mübahisəli evə istifadə hüququ yaranmasa da, iddiaçının orada faktiki olaraq yaşayan uşaqlarına münasibətdə bağlılığı (əlaqəsi) vardır və işin araşdırılmış halları ilə onun mübahisəli evə köçürülməməsinə əsas verən hər hansı halların olması müəyyən edilməmişdir. 25.Məhkəmə gəldiyi nəticəni AR Konstitusiyasının 43.1, Mülki Məcəllənin 11.1, 11.2, 27, 180.1, 180.2, Mənzil Məcəlləsi 13.3, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 13.1- 13.2, 90.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli AR Qanununun 2-ci və MPM-in 13.4, 14.2, 217.3, 217.4, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 27.Cavabdehlər X1 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. 28.Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ailə həyatı quraraq mübahisəli mənzili tərk etməsi həmin mənzilə olan hüquqlarının itirilməsi ilə nəticələnsə də apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. 29.Azərbaycan Respublikasını Ali Məhkəmsinin Mülki Kolegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(102)-3469/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1299/2022 nömrəli iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. c) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, boşanandan, yəni 2013-cü ildən sonra uşaqları ilə mübahisəli evdə yaşamayıb. Hazırda isə deyir ki, 2013-cü ildən sonra mübahisəli evdə yaşayıb. Bildirir ki, iddiaçı 2002-ci ildə gəlin gedib, daimi olaraq mübahisəli evdən köçüb, başqa yerdə həyat yoldaşı ilə yaşayıb. 2013-cü ildə boşanandan sonra cavabdehlərin yaşadığı evdə yaşamayıb. İddia ərizəsi də, 2020-ci ildə məhkəməyə verilib. Buna görə də, iddia əsassızdır. 31.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil3 şikayəti qəbul etmədi, onun təmin edilməməsini, iddiada göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qeyd etdi ki, onun iddia ərizəsini vəkil səhv olaraq yazmışdır. O, 2013-cü ildə nikahı pozulandan sonra, cavabdehlərin yaşadığı həmin evdə yaşamışdır. 33.İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 34.Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 36.Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 37.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 38.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bundan sonra-köhnə məcəllə): 39.Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 40.Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 41.Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 42.Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 2009-cu ilin oktyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bundan sonra-yeni məcəllə): 43.Maddə 68.1.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 44.Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 47.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 48.Maddə 124.2.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 49.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 50.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki cavabdehlər qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası iddiaçının, onun və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-547/2021 saylı qətnaməsi mübahisələndiriləniddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. 54.İlk olaraq kollegiya kassasiya instansiyası məhkəməsinin qərarındakı mövqeyi xatırlatmağı vacib hesab edir. 55.Belə ki, kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu qaydanın mənzil hüququ ilə bağlı əsas qanunda təsbit edilmiş ümumi bir çərçivə olduğu nəzərə alınmaqla, konkret mülki mübahisədə iddiaçının tələbinə uyğun gələn aidiyyəti (yaxud analogiya qaydasında tətbiq edilməli olan) maddi hüquq norması (Mənzil Məcəlləsinin, Mülki Məcəllənin müvafiq maddəsi) müəyyən olunmalı, işin faktiki halları ilə həmin normanın dispozisiya şərtləri arasında uyğunluq yoxlanılmalı və bu dəyərləndirmənin nəticəsinə görə iddia həll edilməlidir. Hazırkı işdə isə bu qaydaya riayət olunmamışdır.Belə ki, iddiaçın köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Mövcud vəziyyətdə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair anoloji normalar nəzərdən keçirilə bilər. İddiaçının 2002-ci ilədək mübahisə evdə yaşaması, həmin ildən ailə quraraq daimi yaşamaq üçün başqa yerə getməsi, habelə 2013-cü ildə boşandıqdan sonra yenidən həmin evə qayıtması, lakin orada qala bilmədiyi üçün sonrakı müddətdə kirayə mənzildə yaşaması barədə dedikləri nəzərə alındıqda, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddələri üzrə müvafiq yoxlama aparılmalıdır. Həmin normalara görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (Mənzil Məjəlləsi 53, 54-cü maddələri). Eyni zamanda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (Mənzil Məjəlləsi 68.1, 68.2-ci maddələri) Göründüyü kimi hər iki normanın tələblərinə görə yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar. Kollegiya bildirir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur (MPM 77.1 maddəsi) O da nəzərə alınmalıdır ki, sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Təsadüfi deyil ki, əvvəlki Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (Mənzil Məcəlləsi 60, 87-ci maddələri) Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən maddi hüquq normalarının şərtlərinə uyğun olaraq iddiaçının mübahisəli evdə yaşamaq hüququnun nə vaxtdan və hansı əsasla əmələ gəldiyini, əgər belə hüquq yaranmışsa iddiaçının 2002-ci ildən 2013- cü ilədək, habelə 2013-cü ildən iddia qaldırılan vaxtadək başqa yaşayış sahəsində daimi olaraq yaşamasının səbəblərini, bu faktların mübahisəli evdən onun istifadə etmək hüququnu aradan qaldırıb-qaldırmamasını müzakirə etməmiş, bu xüsusatlara hüquqi qiymət verməmişdir. 56.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 57.Məhkəmə kollegiyasının iclasında işin araşdırılmış halları ilə müəyyən olundu ki, İddiaçı əvvəllər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, o, 2002-ci ildə X11 ilə evlənərək həmin ünvandan köçmüşdür. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Fatimə Mürsəlova və xx.xx.2002-ci il təvəllüdlü Məhin Mürsəlova adlı uşaqları anadan olmuşdur. İddiaçı 2013-cü ildə əri Səfa Mürsəlovdan ayrılmış, uşaqları ilə mübahisəli evə gəlsə də, cavabdehlər tərəfindən evə buraxılmamışdır. İddiaçı 2020-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 58.İddiaçı 2013-cü ildən sonra uşaqları ilə mübahisəli evdə yaşadığını, iddia ərizəsinin vəkili tərəfindən düzgün yazılmadığını qeyd etmiş, cavabdeh tərəf iddiaçının mübahisəli evdə 2002-ci idən sonra yaşamadığını bildirmiş, iddiaçı bunun əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, öz iddia ərizəsində isə 2013-cü ildə boşanandan sonra azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşdiyini qeyd etmişdir. 59.Həmçinin müəyyən olundu ki, hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. 60.Kollegiya qeyd edir ki, qanunun analogiyası üzrə iddiaçının 2002-ci ilə kimi (ailə qurana kimi) köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildə yaşamaq hüququ olmuşdur. 61.“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 62.Göründüyü kimi, iddiaçının mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. 63.İddiaçı 2002-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. Sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. 64.Kollegiya qeyd edir ki, 2013-cü ildən sonra yaranan münasibətlərə qanunun analogiyası üzrə yeni Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə əsasən qiymət verilməlidir. 65.Həm köhnə Mənzil Məcəlləsinin 53, 54, həm də yeni Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə əsasən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar. 66.Kollegiya qeyd edir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür. 67.Göründüyü kimi, iddiaçı 2013-cü ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulandan sonra, cavabdehlərlə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir. 68.Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. 69.Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. 70.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. 71.Kollegiya həmçinin hesab edir ki, iddia rədd olunduğu üçün, qətnamə ekpertiza tədqiqatı dəyərinin müştərək qaydada cavabdehlərdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ekspertiza tədqiqatı dəyəri olan 50 manat iddiaçıdan tutulmalıdır (§ 46-48). 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər X1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)- 547/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. Qətnamə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın müştərək qaydada cavabdehlərdən tutulması hisssəsində ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar