Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7668/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əvəzindən banka ödədiyi 1000 manat pulun, 210 manat vəkil xidməti haqqı, 30 manat dövlət rüsumunun, 1 manat 40 qəpik bank xidməti haqqının, etibarnamə verilməsi üçün 11 manat 50 qəpik, cəmi 1252,90 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-611/21) iddia qismən təmin edilərək Cavabdeh 1000 (bir min manat) pul və 11,50 (on bir manat, əlli qəpik) manat məbləğində notariat xərcinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 avqust 2015-ci il tarixdə Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə 00/1208/İPK saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından 24 ay müddətinə, illik 29%-lə 3200 (üç min iki yüz) manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə bağlanan zaman Cavabdeh (cavabdeh) X3 da zamin qismində bu işə cəlb edərək, onunla 11.08.2015-ci il tarixli 00/1208/1PK saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borclu (cavabdeh) aldığı krediti vaxtlıvaxtında ödəmədiyi üçün, kreditorun tələbi ilə zamin kimi X4 25 avqust 2020-ci il tarixdə onun əvəzindən kreditora, yəni "xxxx" MMC-yə 1000 (bir min) AZN məbləğində pul vəsaiti ödəmişdir. Onun əvəzindən ödənilmiş məbləği iddıaçıya qaytarılması dəfələrlə xahiş və tələb edilsə də, cavabdeh nəinki borcunu qaytarmır, ona verəsi pulunun olmadığını bildirir, pulu olanda qaytaracağı barədə qeyri-müəyyən vədlər verir. Hərəkətlərindən belə görünür ki, cavabdeh onun əvəzindən zamin tərəfindən banka ödənilmiş pulu iddiaçıya qaytarmaq niyyətində deyil. Cavabdeh onun əvəzindən iddiaçının çəkdiyi xərcləri ona könüllü ödəmədiyi üçün iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən onun əvəzindən banka ödənilmiş 1000 (bir min) manat kredit borcu, habelə Azərbaycan Respublikası MPM-nin 119 və 121-ci maddələrinə əsasən məhkəmə xərcləri və vəkil xidmətinin xərcləri tutularaq iddiaçıya ödənilməlidir. Bu xərclərə vəkil xidmətinə və bank xidmətinə görə ödənilmiş 211 manat, etibarnamə verilməsi üçün 11 manat 50 qəpik, dövlət rüsumu və bank xidmətinə görə 30 manat 40 qəpik daxildir. Ona görə də Cavabdeh, onun əvəzindən iddiaçının banka ödədiyi 1000 manat, 210 manat vəkil xidməti haqqı, 30 manat dövlət rüsumunun, 1 manat 40 qəpik bank xidməti haqqının, etibarnamə verilməsi üçün 11 manat 50 qəpik, cəmi 1252,90 manat pul vəsaitinin alınaraq (tutularaq) iddiaçı X2 verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, həqiqətən də o, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatından 24 ay müddətinə, illik 29%-lə 3200 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə bağlanan zaman o, X3 da zamin qismində bu işə cəlb etmişdir. Maddi imkanı olmadığından MMC-yə borclu qaldığı 1000 manat pulu onun əvəzinə iddiaçı ödəmişdir. Lakin, o, Seyid Seyidəliyevdən onun əvəzindən borcu ödəməsini xahiş etməmişdir. O özü imkanı olanda borcunu cəmiyyətə ödəyəcəkdi. Hazırda borcunu tam ödəyə bilmir. İmkanı olanda 1000,0 manat borcunu iddiaçıya ödəyəcəkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi imkanı çətin olduğundan cəmiyyətə borclu olduğu 1000 manat pulu iddiaçı onun əvəzindən ödəmişdir. Lakin iddiaçıdan onun əvəzindən borcunu ödəməsini xahiş etməmişdir. Onun özünün imkanı olanda borcunu ödəyəcəkdi. Hazırda borcunu tam ödəyə bilmir. İmkanı olanda 1000 manat borcu iddiaçıya ödəyəcəyini bildirsə də, hakim bunu nəzərə almamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə cavabdeh tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılmışdır. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehin kredit borcu ilə bağlı zamin qismində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına 1000 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbi cavabdehin öhdəliyi üzrə zamin qismində ödədiyi 1000 manat pulun cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin eəmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 470.1, 472.2, 475-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh iddiaçıdan onun əvəzindən 1000 manat ödəməyi xahiş etməmişdir, imkanı olduqda həmin pulu iddiaçıya ödəyəcəkdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı cavabdehdən cavabdehin öhdəliyi üzrə zamin qismində ödədiyi 1000 manat pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi, iddiaçının zamin qismində 1000 manat vəsaiti ödəməsi tam sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu qeyd edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7668/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7668/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver