Məhkəmə qərarları › İş №2(103)-767/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-767/2022

12.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-767/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)- 5720/2021 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X6 (icarəyə verən) ilə X15 Ahmed Alameri (icarəçi) arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixədək Edrees Ali X12 icarəsinə verilmişdir. 2.Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışına əsasən, ünvan 1 xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Edrees Ali X12 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır, 0.09 ha. torpaq sahəsi isə X2 mülkiyyətində qalmışdır.

3. PLC785799 nömrəli pasportun surətindən görünür ki, X15 Ahmed Alameri X5 vətəndaşıdır və o, xx.xx.1964-cü il tarixdə Abu-Dabi şəhərində anadan olmuşdur.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 ilə X16 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqı X16 Ahmed Alameridən iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə hal-hazırda qanuni qüvvədədir. Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(103)-2298/2022 nömrəli qərardadı ilə Edress Ali X12 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizənin rədd edilməsi qərardadından verdiyi şikayəti təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Edress Ali X12 nümayəndəsi və vəkili Vəkil2 vasitəsilə cavabdeh X4 qarşı cavabdehin bağ evindən və bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiada göstərilir ki, X5 vətəndaşı olan iddiaçının keçmiş tanışı - cavabdeh X1 nikahından olan qızı ilə birlikdə iddiaçının razılığı və icazəsi olmadan ondan xəbərsiz şəkildə, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evinə qanunsuz olaraq daxil olmuş və onun həmin bağ evində olan əmlaklarını talamışdır. Belə ki, X7 əvvəllər həmin bağ evində olarkən evdə olan ehtiyat açarları götürərək özündə saxlamış, sonradan iddiaçının evdə olmamasından və xaricə getməsindən istifadə edərək gizli şəkildə onun əmlakına daxil olmuşdur. Bu barədə iddiaçı özü bağ evinə quraşdırdığı video-müşahidə kamerası vasitəsilə xəbər tutmuşdur. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları ilə birlikdə bağ evinə baxış keçirilən zaman cavabdeh əsas bağ evindən çıxsa da, həyətdə yerləşən köməkçi tikilidən çıxmayacağını bildirmiş, bu addımını iddiaçı ilə aralarında guya mövcud olan razılaşma ilə əlaqədar iddiaçının ona təzminat ödəməli olması ilə əsaslandırmışdır. Cavabdehin bağ evindən çıxmamaqda məqsədi həmin əmlakı mənimsəməkdir. Qeyd olunanlarla əlaqədar iddiaçı çarəsiz qalmış və məhkəmədə iddia qaldırmalı olmuşdur.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)- 5720/2021 saylı qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia predmeti olan bağ evi xüsusi mülkiyyət hüququ, evin yerləşdiyi 0,09 ha torpaq sahəsi isə icarə hüququ əsasında iddiaçıya məxsusdur. Xarici ölkə vətəndaşı olan iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş, aralarındakı münasibət sonradan pozulmuş, çoxsaylı təkidlərə baxmayaraq, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus evdən çıxmamış, orada yaşamağa davam edir. Məhkəmə bu halı iddiaçının ona beynəlxalq və dövlətdaxili qanunvericliklə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir. Cavabdeh tərəf də öz növbəsində iddiaya etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh X7 apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, müvafiq halda məhkəmə MPMin 9-14-cü maddələri ilə nəzərdə tutulan məhkəmə baxışının çəkişmə və digər prinsiplərinin normalarının tələblərinə əməl etməmiş, baş vermiş münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində faktlar düzgün əks etdirilməmişdir. Məhkəmə həmçinin saxtakarlığa belə yol vermişdir. Belə ki, məhkəmə qətnaməsində göstərilmiş, "cavabdeh tərəf, öz növbəsində iddiaya etirazının əsası kimi, məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir " ifadəsi həqiqəti əks etdirmir. Belə ki, onlar, iddiaçı tərəfin iştirak etmədiyi məhkəmənin hazırlıq iclasında, tərəflər arasında mövcud olmuş, may 2019-cu il tarixli nikah müqaviləsini və iddianın əsassızlığına dair etiraz və mülahizələri yazılı şəkildə məhkəməyə təqdim etmişlər. Lakin nədənsə məhkəmə qətnaməsində, 2019-cu ilin may ayında bağlanmış bu müqavilə qətiyyən xatırlanmır. Belə çıxır ki, onların məhkəməyə təqdim etdikləri müqavilə və digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, onların, iddia tələbinin əsassızlığına dair bütün dəlilləri məhz bu müqavilə üzərində qurulmuşdur. Məhkəmə qətnaməsində hətta tərəflər arasında belə bir müqavilənin mövcud olduğu belə xatırlanmır. Məsələ ondadır ki, iddiaçı özü uzun müddətdir ki, Bakı şəhərində yoxdur. Onların münasibətləri daim yaxşı olub və axırıncı dəfə Bakı şəhərində olarkən onlar normal ayrılıblar. Ona qarşı iddiaları yalnız onlayn vasitəsi ilə qiyabi qaydada meydana çıxıb və bunun səbəbləri ona dəqiq məlum deyil. İddiaçının şifahi göstərişləri ilə, ona qarşı vəkili çıxış edir. Vəkil tərəfındən özü də, özünün adından məhkəməyə təqdim edilmiş iddia ərizəsində sadalanan faktlar isə zərrə qədər də olsun həqiqəti əks etdirmir və hamısı ağ yalandır. Bu, həqiqətdən uzaq iddia ərizəsinə münasibətdə, qeyd etməyi zəruri hesab edir ki, həyat yoldaşı olan iddiaçnın adından vəkili tərəfındən tərtib edilmiş bu ərizədə göstərilən faktların hamısı yalan və böhtandır. Az da olsun, həqiqəti əks etdirmir. Təəssüf ki, məhkəmə onların aralarında olan "Nikah Müqaviləsini" qətiyyən nəzərə almadan, onun bəndlərini, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəlikləri araşdırmadan, onların bununla bağlı gətirdikləri müddəa və dəlilləri dinləmədən, heç bir fakt və hüquq norması ilə əsaslandırılmamış iddianı dərhal təmin etmişdir. Ona görə dərhal deyir ki, iddiaçı məhkəmənin hazırlıq iclasma gəlməmiş, birinci məhkəmə baxışı iclası isə cəmi 10 dəqiqə davam edərək yekunlaşmış, hakim qətnamə çıxarmışdır. Yəni, əslində, tərəflər arasında olan mülki münasibətlər araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Yalnız o fakta istinad olunmuşdur ki, mülkiyyətçi istədiyi şəxsi evdən çıxarmaqda haqlıdır. Evdən çıxarılması tələb olunan şəxsin hansı əsaslarla evdə yaşadığı, kimin tərəfindən evə köçürüldüyü-yerləşdirildiyi, orada neçə il yaşadığı, evin mülkiyyətçi ilə münasibətləri heç bir əhəmiyyət kəsb etmirmi ?! Fakt isə belədir ki, X8 vətəndaşı olan həyat yoldaşı X17 Əhməd Alamerin istəyi və şəxsi təşəbbüsü ilə 2019-cu ilin may aymda aralarında nikah müqaviləsi baglamaqla, nikah münasibətlərinə giriblər. Yəni bu müqaviləni o, yalnız öz təşəbbüsü ilə, öz ölkəsində, ərəb, ingilis və azərbaycan dillərində tərtib etdirib, hər üç dildə nüsxələrini də, imza etməklə ona verib. O dövrdən başlayaraq, onun Sabunçu rayonu Pirşağı qəsəbəsində aldığı, ünvanını yuxarıda qeyd etdiyi mənzilində onunla birgə yaşamağa başlayıb. Yaşca ondan böyük olsa da, onun və himayəsində olan uşağının maddi ehtiyaclarını təmin edəcəyinə dair üzərinə götürdüyü öhdəlikləri nəzərə alıb, onunla mülki nikah münasibətlərinə girib və həmin mənzildə onunla ər-arvad kimi yaşayıb. X13 əsas yaşayış yeri Ərəb Əmiratlığıdır. İldə bir neçə dəfə Bakıya gəlir və burada bir aydan artıq davam edən səfərləri olmaqla, birgə yaşayırlar. Başqa sözlə, il ərzində birgə yaşadıqları müddət orta hesabla 4-5 ay çəkir. Qalan dövr ərzində o, öz ölkəsində yaşayır. O isə uşağıyla birlikdə ona məxsus, nəzərə almamaqla, münasibətlər ətraflı və qanuna müvafıq qaydada araşdırılmalı və münasibətlərə düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, X14 və onu təmsil edən Emin adlı vəkil, iddia ərizəsində və məhkəmə qətnaməsinə köçürülmüş izahatında onu öz evindən ərzaq məhsullarını oğurlamaqda ittiham edirlər. Halbuki, o, bu evin xanımıdır, öz evindən ərzaq məhsulları oğurlamaqda ittiham olunmağı əsassızdır. Aralarında bağlanmış nikah müqaviləsinin tələblərinə görə də, həyat yoldaşı onun bütün maddi ehtiyaclarının ödənilməsini öhdəsinə götürüb. Məhkəmə bu açıq-aşkar faktları nəzərə almadan, iddiaçının ağ yalan olan izahatını "həlledici Quran ayəsi" hesab edərək, onun əsassız iddiasını birmənalı şəkildə təmin etmişdir. Bütün bu hallar təsdiq edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsasız olduğu qədər də ədalətsizdir. Bir daha hesab edirlər ki, şikayət etdikləri məhkəmə qətnaməsi qanunuz və əsassızdir, ləğv edilməli və əsassız iddia tələbi rədd olunmalıdır.

a) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X16 Ahmed Alameri(nümayəndəsi və vəkili də) məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 3.2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Maddə 3.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. Maddə 48.1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Maddə 48.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 86.3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər. Maddə 86.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Maddə 88.4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni cavabdehin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır.

19. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə cavabdehin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində düzgün olmamışdır.

25. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 ilə X16 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqı X16 Ahmed Alameridən iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır.

26. Göründüyü kimi, ünvan 1 xx.xx.2018-ci il tarixdə Edrees Ali X12 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, ona aid 0.09 ha. torpaq sahəsi X2 mülkiyyətində qalmışdır. Düzdü, X6 ilə X16 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 28 sentyabr 2023-cü ilədək sonuncuya icarəyə verilsə də, icarəçi kimi öhdəliklərini yerinə yetirmədiyindən həmin icarə müqaviləsi məhkəmə qətnaməsinə əsasən vaxtından əvvəl ləğv edilmişdir.

27. Bununla yanaşı, X6 ilə X16 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 28 sentyabr 2023-cü ilədək sonuncuya icarəyə verilsə də, icarə müqaviləsinə əsasən yaranmış torpaq üzərində hüquqlar Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməmişdir. Ancaq torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına isə dövlət təminat vermir.

28. Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinin mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

29. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia mübahisəli torpaq sahəsinə dair hissədə tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən və torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına isə dövlət təminat vermədiyindən tələbin bu hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qətnamə bu hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.

31. Göstərilənlərə baxmayaraq, iddia tələbi xx.xx.1982-ci il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evindən çıxarılması hissəsində əsaslı olduğundan məhkəmənin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, həmin hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia tələbi bu hissədə haqlı sayılırdı. Ona görə də birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən maddi və prosessual hüquq normaları pozulmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh X3 ünvan 3 ünvanındakı bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh X3 ünvan 1nin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia tələbi və apellyasiya şikayəti qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar