Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-767/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 15.154 manat sığorta ödənişi cavabdehdən tutularaq faydalanan şəxs "xxxx" ASC-yə ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2013-cü il tarixli sığorta müqaviləsinə əsasən 15.154 manat sığorta ödənişi cavabdehdən alınaraq faydalanan şəxs "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı və onun əri Vahid Xəlilov birgə borcalan kimi xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 108 ay müddətinə 46.400 manat kredit götürmüşlər. Bununla əlaqədar cavabdeh tərəfindən “Fərdi qəza və xəstəlik sığorta şəhadətnaməsi” verilib, sığorta müddəti xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək, sığorta məbləği 15.154 manat müəyyən edilib. Sığorta olunan kimi iddiaçının əri Vahid Xəlilov, faydalanan şəxs kimi "xxxx" ASC göstərilib. Daha sonra həmin bankın lisenziyası ləğv edilib, kreditin idarə olunması "xxxx" ASC-yə ötürülüb. Sığorta olunan Vahid Xəlilov xx.xx.2016-cı ildə, yəni sığorta müddətində vəfat edib. Birinci instansiya məhkəməsində keçirilmiş mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 14456 nömrəli rəyinə görə sığorta şəhadətnaməsinə əsasən cavabdehin 15.154 manat məbləğində öhdəliyi yaranıb (cild 1, iş v. 59). Cavabdeh sığorta ödənişi verməkdən imtina edib. İmtina ona əsaslanıb ki, sığorta olunan sığortalanan anadək mövcud olan xəstəliyin nəticəsində vəfat edib. Sığorta şəhadətnaməsinə görə, sığorta olunanın sığortalanan anadək mövcud olan xəstəlik nəticəsində sığorta müddəti ərzində vəfat etməsi sığorta təminatına daxil deyil. İmtina əsassızdır. Belə ki, sığorta olunanın sığortalanan anadək mövcud olan xəstəlik nəticəsində vəfat etməsi sübut olunmur. Ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “ÜİX. Qəfləti koronar ölüm” kimi qeyd olunub. Ölüm haqqında tibbi şəhadətnamədə ölümü yaradan xəstəlik kimi “ÜİX”, yəni ürəyin işemik xəstəliyi göstərilib, habelə xəstəliyin 2008-ci ildə yarandığı qeyd olunub (cild 2, iş v. 27). Cavabdeh tibbi şəhadətnamədə göstərilən 2008-ci il tarixinə istinad edərək hesab edir ki, sığorta olunan sığortalanan anadək mövcud olan xəstəlik nəticəsində vəfat edib. Lakin tibbi şəhadətnmədə 2008-ci il tarixinin hansı tibbi sənədə əsasən yazıldığını müəyyənləşdirmək mümkün deyil. Belə ki, tibbi şəhadətnaməni verən tibb müəssisəsi (A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsi) bildirib ki, şəhadətnamənin bir nüsxəsi tibbi statistik operatorda durur, lakin tibbi sənədlər saxlanılan arxivdə X2a aid karta və içərisində olan arayış tapılmadı. Ölümü təsdiq edən sənəd TTYX-nin verdiyi arayışa əsasən yazılmışdır. TTYX-nə müraciət olundu, müəssisədə arxiv sənədləri 6 il keçdiyinə görə ləğv olunmuşdur. X2 2016-cı il tarixədək heç bir xəstəliklə əlaqədar olaraq kardioloq və sahə həkiminə müalicə və müayinə üçün müraciət etməsi haqqında məlumat yoxdur (cild 2, iş v. 37). Təcili və X1 Stansiyası isə bildirib ki, çağırış vərəqələrinin saxlanma müddəti 1 ildir, X2a aid olan sənəd xx.xx.2021-ci il tarixli 9 saylı əmr ilə arxivə verilib məhv edilmişdir (cild 2, iş v. 20). Beləliklə, tibbi şəhadətnamədə göstərilən tarix (xəstəliyin yaranma tarixi) tibbi sənədlər ilə təsdiq edilmədiyinə görə etibarlı tarix kimi qəbul oluna bilməz. Ölüm haqqında tibbi şəhadətnamə xəstəliyin yaranma tarixini müəyyənləşdirən sənəd deyil, təsdiq edən sənəd sayılır. Xəstəliyin yaranma tarixi məhz həmin xəstəliyə aid olan tibbi sənədlər əsasında müəyyənləşdirilə bilər. Bu sənədlər olmadıqda isə belə ehtmal qüvvədə olur ki, həmin tarix səhv yazılıb və ya həmin xəstəlik barədə tibbi biliyi olmayan şəxsin məlumatı əsasında yazılıb. Sığorta ödənişinin verilməsindən imtina edilərkən etibarlı məlumata istinad olunmalıdır. Əks təqdirdə bu hal sığorta olunanın hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, sığorta olunanın sığortalanan anadək mövcud olan xəstəlik nəticəsində vəfat etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 926 və 935-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-767/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-767/2023
03.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver