Məhkəmə qərarları › İş №2(103)-768/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-768/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-768/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), MərdanovaXumarAfətqızındanvə BabayevFuadFikrətoğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 700 manat məbləğində pul vəsaitinin, həmin məbləğə bank uçot dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın və təmir xərcinin, eləcə də dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1-nə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh kimi göstərdiyi iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2011-ci il tarixli 0120 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin binanın F.X.Xoyski prospekti istiqamətində (F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində) 1ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin sahənin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nin üzərinə qoyulması, Cavabdeh1-dən 2018-ci ilin iyun ayından göstərilən qeyri-yaşayış sahəsinin boşaldılaraq faktiki ona təhvil verilməsinədək hər ay üçün 700 manat məbləğində pul vəsaitinin, habelə 50 000 ABŞ dolları məbləğində təmir xərcinin xeyrinə tutulması, 2018-ci ilin iyun ayından qeyri-yaşayış sahəsinin ona tam təmirli vəziyyətdə və sənədləşmə işləri aparılmaqla təhvil verilməsinədək hər ay üçün 700 manatın, həmin məbləğə hesablanan bank uçot dərəcəsinin, həmçinin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində keçirdiyi mənəvi sarsıntılara görə 10 000 manat məbləğində mənəvi zərərin Cavabdeh1-dən alınaraq ona ödənilməsi, mülkiyyətində olmuş 55 kv.m qeyri-yaşayış sahəsinin zirzəmisinə görə əlavə olaraq ona 55 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, xx.xx.2011-ci il tarixdə MMC ilə bağlanmış müqavilənin 5 il müddətində icra edilməməsi nəticəsində vurulmuş zərərə görə MMC-dən əlavə olaraq ona 110 000 manatın alınaraq ödənilməsi və cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq vəkilə ödənilmiş 200 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən sahə onun mülkiyyətində olmuş, xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ilə arasında 151210 saylı müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə (müqavilənin predmetinə) görə MMC, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv. m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrnin kəsişməsində yerləşən sahənin sənədlərinin əsli tərəfindən MMC-yə təhvil verilmiş, həmçinin tərəflər nəzərdə tutmuşlar ki, yeni binanın inşası və yeni binada sahənin təhvil verilməsinədək MMC tərəfindən ona hər ay 700 manat ödəniləcəkdir. Cavabdeh1 tərəfindən verilmiş arayışdan göründüyü kimi o, MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa etdiyi binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmçinin Cavabdeh1 tərəfindən 2018-ci ilin iyun ayınadək hər ay 700 manat ona ödənilmişdir. Cavabdeh1 ilə müqavilənin bağlanması zamanı razılaşmışlar ki, 55 kv.m qeyri-yaşayış sahəsinin zirzəmisinə görə ona əlavə olaraq başqa sahədən qeyri-yaşayış sahəsi veriləcəkdir. Lakin MMC Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa etdiyi binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsindən boyun qaçırır. Bununla bağlı dəfələrlə cavabdehə və əlaqədar şəxslərə müraciət etsə də, nəticəsi olmamışdır. Eyni zamanda məlum olmuşdur ki, MMC ona verməli olduğu sahəni guya Cavabdeh2 xx.xx.2011-ci il tarixli müqavilə əsasında satmışdır, hansı ki, həmin müqavilə saxtadır və buna görə də etibarsız hesab edilməlidir. Belə ki, həmin ərazidə cəmi 24 mənzildən ibarət 3 bina sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilmişdir. Şübhəli müqavilənin nömrəsi 0120 olduğu halda onların binalarında müqavilələrin nömrələri 151204, 151210 ola bilməzdi. Həmin nömrələr arasındakı fərq 18 000-dən çox edir ki, müqavilələr arasındakı 1 ay müddət fərqində bu qədər müqavilə bağlana bilməz. Müqavilədəki «1. Müqavilənin predmeti» bəndinin məzmunu saxtalığını sübut edir. Həmin bənddə göstərilir ki, «…F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən (inşa edilən!) yeni çoxmərtəbəli yaşayış binasının….». Onların 1 ay 1 gün sonra tərtib olunmuş müqavilələrində isə yazılır ki, «…F.Xoyski və Həsənğlu küçələrinin kəsişməsində yerləşən binanı sökülməsi (sökülməsi) və onun yerində tikilməsi (tikilməsi) nəzərdə tutulan yeni çoxmərtəbəli binanın….». Onlarla danışıq aparılmış, mənzillərini satıb-satmayacaqlarını və ya hansı şərtlərlə verəcəklərini bilmədən 1 ay 1 gün əvvəl məhz onların mənzillərinin yerinin kiməsə verilməsi barədə müqavilə bağlanmasının saxtalığının sübuta ehtiyacı yoxdur. Hər bir rəsmi sənədin qısa məzmunu yazılmış qeydiyyat kitabı olur. Qarşı tərəf həmin qeydiyyat kitabını təqdim edə bilmir. Eni 12 metr, öndən 5,5 metr, arxadan 7,5 – cəmi 78 kv.m və o qədər də yarımzirzəmisi olan (cəmi 156 kv.m) sahəni əhatə edən, əsas çıxışı F.X.Xoyski prospektinə, əlavə çıxışı Həsənoğlu küçəsinə olan 1-ci korpusun 1-ci mərtəbəsinin 1-ci mənzilinə görə 55 kv.m verilməsi nəzərdə (?) tutulduğu halda, arxa həyətdən girişi olan 7-ci korpusda binanın ortasında yerləşən 3 otaqı mənzilə görə inşa olunacaq yeni binanın onların yerlərindəki hissəsindən - özü də 230 kv.m verilməsinə dair müqavilənin reallığı məntiqə ziddir, saxtadır. Müqavilədə «A» və «B» bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə öhdəlik də saxtadır. Çünki binanın «A» və «B» bloklarının ümumiyyətlə kəsişmədikləri, ayrı-ayrı hissələrdən ibarət olduqları aşkar olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə və sənədləşmə işləri aparılmaqla iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyriyaşayış sahəsi təhvil verilənədək 2018-ci ilin iyun ayından başlayaraq hər ay 700 manat məbləğində pul vəsaitinin Cavabdeh1-dən alınaraq İddiaçı ödənilməsi, mənəvi zərərə görə 1000 manatın, 30 (otuz) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manatın Cavabdeh1-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, obyektiv olmayan nəticəyə gəldiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh1-nin nümayəndəsi də apellyasiya şikayəti verərək iddia tələblərinin təmin edilməsi hissəsində onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MMC-nin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən sahənin mülkiyyətçisi olmuş, xx.xx.2011-ci il tarixdə MMC ilə onun arasında bağlanmış 15/1210 saylı müqavilənin 1-ci bəndinə (müqavilənin predmetinə) görə MMC, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyriyaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. MMC iddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərinin icra edilməsindən boyun qaçırmır və həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində inşa edilmiş binada 55 kv.m olan qeyriyaşayış sahəsinin təhvil verilməsini təklif edir, lakin iddiaçı təklif olunan qeyri-yaşayış sahəsinin qəbul edilməsindən imtina edir. İddiaçı təklif olunan qeyri-yaşayış sahəsinin qəbul edilməsindən imtinanın əsası kimi təklif olunan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binasının razılaşdırılmış hissəsində olmadığını bildirir və həmin yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində ona sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb edir. Halbuki, qeyd olunan yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində yerləşən qeyriyaşayış sahəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01/20 nömrəli müqavilə əsasında MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş və sahəsi 230 kv.m təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən qeyri-yaşayış sahəsi («A» və «B» bloklarının kəsişməsi hissəsində yerləşən 55 kv.m olan qeyri-yaşayış sahəsi) binanın layihəsində nəzərdə tutulmamış və tələb edilən qeyri-yaşayış sahəsinin iddiaçı ilə cavabdeh arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin və həmin müqaviləyə 1 saylı əlavənin (texniki şərt) şərtlərinə uyğun təhvil verilməsi mümkün deyildir. Qeyd olunan bu hallar isə öz növbəsində MMC ilə iddiaçı arasında yaşayış binasının “A” və “B” bloklarının kəsişməsi hissəsində 55 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə razılaşmanın həqiqətdə olmadığını dəlalət edir. Göründüyü kimi, iddiaçı müqavilənin şərtlərinin dəyişdirməklə ona yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində 55 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmiş və bu səbəbdən Cavabdeh2 ilə MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01/20 nömrəli müqavilənin etibarlığını mübahisələndirmişdir. xx.xx.2011-ci il tarixli müqavilənin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfindən həmin müqavilələrinin şərtləri ilə tanış olmasını və bəyənməsini ehtiva edir. Hər bir halda, müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Apellyasiya baxışı zamanı iddiaçının və cavabdeh MMC-nin nümayəndələri apellyasiya şikayətlərinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, digər Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər qismən təmin olunaraq qətnamə “İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması” və “həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi” hissələrində dəyişdirilməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, ünvan 1 ünvanında yerləşən və yaşayış sahəsi 28 m2 olan 1 saylı mənzil iddiaçının mülkiyyətində olmuş, xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ilə onun arasında 15/1210 saylı müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə MMC, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. İşin hallarından aydın olur ki, Cavabdeh1 həmin müqavilənin icrası qaydasında iddiaçıya F.X.Xoyski prospekti istiqamətində, binanın həyətinə baxan hissədən 55 kv.m qeyri-yaşayış sahəsini verməyi təklif etmiş, iddiaçı isə ona verilməli olan sahənin F. X. Xoyski prospekti istiqamətində F. Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşdiyini irəli sürdüyündən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, binanın “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsinə dair MMC ilə adı çəkilən şəxs arasında xx.xx.2011-ci il tarixdə 01/20 saylı müqavilə bağlanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə MMC-nin, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi müvafiq iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə, məhkəmə həmin sahənin dəqiq yerini konkret müəyyənləşdirməməklə qətnamənin icrası zamanı anlaşmazlıqların ortaya çıxmasına şərait yaratmışdır. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 tərəfindən sökülmüş yaşayış evlərinin 7 korpusdan ibarət olduğu, İddiaçı məxsus 1 saylı mənzilin isə F. Xoyski və Həsənoğlu küçələrinin kəsişməsindəki 1-ci korpusun künc hissəsində (tinində) yerləşdiyi müəyyən edilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində isə müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər. Göründüyü kimi, Cavabdeh1-nin sözügedən ərazidə söküntü-tikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti qərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerində” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur; bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilə müvafiq məzmunda təfsir olunmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə “İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması” hissəsində dəyişdirilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın künc hissəsində (tinində), F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququ tanınmalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və tərəflər həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinadla tələblər, habelə arqumentlər (etirazlar) irəli sürmüşlər. Kollegiya, iddiaçının “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m qeyriyaşayış sahəsinə dair xx.xx.2011-ci il tarixli 0120 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbi üzrə gəlinən nəticəni əsaslı hesab edir və bununla əlaqədar əlavə əsaslandırma aparılmasına zərurət görmür. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə iddiaçıya verilməli olan sahənin və Cavabdeh2lə bağlanmış müqavilənin predmetini təşkil edən sahənin ayrı-ayrı sahələr olduğu müəyyən edilmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MMC-nin müqavilə öhdəliyinə lazımi qaydada əməl etməməsi nəticəsində iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilə bilər və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı, daha çox məbləğdə mənəvi ziyan çəkdiyini, eləcə də ona 50 000 ABŞ dolları məbləğində təmir xərci ödənilməli və mülkiyyətində olmuş 55 kv.m qeyri-yaşayış sahəsinin zirzəmisinə görə əlavə olaraq ona 55 kv.m qeyri-yaşayış sahəsinin verilməli olduğunu, habelə maddi zərər qismində MMC-dən əlavə olaraq 110 000 manatın xeyrinə tutulmalı olduğunu irəli sürsə də, həmin tələblərinin əsaslı hesab olunmasına imkan verəcək hər hansı mötəbər sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi” qənaətinə gəlməkdə haqlı olmamışdır; belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh MMC qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, işə birinci instansiya məhkəməsində baxılarkən isə onun nümayəndəsi “binanın həyətə baxan (arxa) hissəsindən 55 m2 sahə verilməsini qəbul edəcəyi təqdirdə, iddiaçıya təmir üçün pul vəsaiti veriləcəyini” bildirmişdir. Bu baxımdan kollegiya MMC-nin apellyasiya şikayətini müvafiq hissədə əsaslı sayır və hesab edir ki, qətnamə göstərilən hissədə dəyişdirilərək qeyri-yaşayış sahəsinin müqavilənin 1 saylı əlavəsinə uyğun şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci cavabdeh MMC-dən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-506/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi “İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması” və “həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi” hissələrində dəyişdirilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın künc hissəsində (tinində), F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququ tanınsın, həmin qeyri-yaşayış sahəsinin xx xxxxxx 2011-ci il tarixli 15/1210 saylı müqavilənin 1 saylı əlavəsinə uyğun şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh1-nin üzərinə qoyulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərə aid olunsun; apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın xərci qismində 100 (yüz) manat isə Cavabdeh1-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar