Məhkəmə qərarları › İş №2(103)-768/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-768/2024

12.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-768/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: “gəlir vergisi kimi tutulan məbləğin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nümayəndəsi Vəkil2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı "müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü tarixli, 2(005)778/2023 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanan əmək müqaviləsinə xx.xx.2022-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir.

2. Əmək kitabçasında aparılmış qeydə əsasən 28 sentyabr 2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxdığına görə İddiaçı ARDNŞ-nin ANQSİHİRK-nın 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir.

3. 14 noyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət 22114,70 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin məbləği 5278,68 manat olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra "iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra "cavabdeh” və ya "ARDNŞ”) ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 5278,68 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin 28 sentyabr 2022-ci il əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” ARDNŞ ilə Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli, 57/06-19 nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, "Bu əmr-qərar verildiyi tarixdən habelə 22 may 2009-cu il tarixindən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcədə bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir”. Həmin qərara əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. İddiaçı cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, SOCAR ilə iddiaçı arasında bağlanmış 01 may 2007-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı SOCAR-ın Baş Ofisinin Təchizat İdarəsinin Maddi-Texniki Tələbatın təhlili və planlaşdırılması şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə iddiaçı işəgötürənə müraciət edərək, 28 sentyabr 2022-ci il tarixdən pensiya yaşına çatmağı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini və SOCAR ilə Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X3 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Bundan sonra SOCAR-ın 28 sentyabr 2022-ci il tarixli SOCAR**********00070020B00459 nömrəli əmrilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir; məlum olduğu kimi, Əmək Məcəlləsinin işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsini nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməmişdir. Buna baxmayaraq, SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X3 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir; iddiaçının əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinəti ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən işçinin gəlir vergisi tutulmuş və ödənişlər aidiyyatı üzrə aparılmışdır. İddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabına deyil, dövlət büdcəsinə köçürmüşdür. Buna səbəb isə vergi qanunvericiliyinin tələbidir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüququ şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddırlar. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Lakin bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (bundan sonra "üçüncü şəxs” və ya "Vergi Xidməti”) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

8. Üçüncü şəxs iddiaya yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, ARDNŞ-in xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 5.684,55 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-in və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr-qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçı yuxarıda qeyd olunan dəlillərini Əmək Məcəlləsinin 77-ci və 175-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin "a” bəndinə görə müəssisənin ləğv edilməsi, "b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Bununla bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə, qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa, digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilməsi halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70- ci maddəsinin "b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, həmin maddə özü-özlüyündə vergi azadolmasını müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1 -ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü tarixli, 2(005)778/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən İddiaçı xeyrinə 5.278,68 manatın tutulması qət edilmişdir. (hakim Aytən Novruzova)

10. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, cavabdeh təşkilatda işləmiş iddiaçıya ARDNŞ-nin ANQSİHİRK-nın 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-ci bəndinə əsasən əsasən orta əmək haqqının 5 misli məbləğində 22114,70 (iyirmi iki min bir yüz on dörd manat yetmiş qəpik) manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə 5.278,68 manat vergi tutulmuşdur. Cavabdeh təşkilatla iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxarma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul müavinətinin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçıların təqaüdə çıxmaları ilə əlaqədar ərizələri əsasında öz təşəbbüsləri ilə işdən azad olunmuş və onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Buna görə də iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 5278,68 manatı iddiaçıya qaytarılmalıdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmrqərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi, 70-ci maddəsinin "b” bəndi, 175-ci maddəsinin 4-cü hissəsi və Vergi Məcəlləsinin 102.1.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.

13. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

14. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçının əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixli əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi ilə, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq öz ərizəsinə əsasən xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsisinin 3-cü hissəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericiliyin normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdilər. Digər tərəfdən, iddiaçı iddia ərizəsində belə, işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyil. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən ARDNŞ-dən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-in və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi əmr-qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə, o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdən çıxarma müavinəti ödənilməli idi. Birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə xitam verildiyi nəticəsinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və iddiaçıya ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir. Bu müavinət həmin Məcəllənin 77-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq həmin maddədə göstərilən məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70ci maddəsinin "b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanuna müvafiq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, həmin maddə özü-üzlüyündə vergi azadolmasını müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İşin apellyasiya baxışında cavabdeh 511 nömrəli, 01 may 2007-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə (ARDNŞ) işçi (iddiaçı) arasında 28 sentyabr 2022-ci il tarixdə bağlanmış, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi barədə razılaşma təqdim etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2925/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(005)778/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev, Xəyal Sarıyev)

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4005/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ləğv edilimiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), V.Məmmədov və Z.Əliyev).

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki,

41. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, həmin faktın tərəflərin izahatları ilə təsdiq olunmasına və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr- Qərarına istinad etmişdir. Əvvəla, birinci instansiya məhkəməsi qeyd edilən faktın tərəflərin izahatları ilə təsdiq olunmasını göstərsə də, cavabdehin həmin faktı təsdiq etməsi işdən görünmür, eləcə də 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərara istinad olunsa da, həmin Əmr-Qərar iş materiallarında mövcud deyil. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə əslində işçilərin ixtisarı əsası ilə xitam verilməsini, üstəlik, işdə olmayan sənəddə göstərilən halları nə ilə müəyyən etməsi məlum deyil. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, iddianı təmin edərkən birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsi, 70-ci maddəsinin "b” bəndi, 175-ci maddəsinin 4-cü hissəsi və Vergi Məcəlləsinin 102.1.4-cü maddələrinə istinad etmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Belə olan halda, işdənçıxma müavinətinin hansı hallarda ödənilməsinə aydınlıq gətirilməlidir. İşdən çıxma müavinətinin hansı hallarda ödənilməsi və miqdarı Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 3-cü hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq konkret rəqəmlərlə ifadə edilən miqdarda (əmək stajından asılı olaraq artan məbləğdə) işdənçıxma müavinəti ödənilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b” bəndləri əmək müqaviləsinin işəgötürən tərəfindən müvafiq olaraq müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağlı ləğv edilməsi hallarına aiddir. Başqa sözlə, Əmək Məcəlləsinin 77ci maddəsinə görə işdənçıxma müavinəti əmək müqaviləsinə müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, eləcə də həmin Məcəllədə nəzərdə tutulan konkret əsaslar üzrə (ƏM, 68-ci maddənin ikinci hissəsinin "c” və "ç”, 74-cü maddəsinin birinci hissəsinin "a”, "c” və "e” bəndləri ) xitam verildiyi halda ödənilən pul əvəzidir. Hazırki işin müəyyən edilən hallarına görə isə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə, eləcə də müavinət ödənilməli olan başqa əsaslarla deyil, həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə - iddiaçının özünün təşəbbüsü ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə görə kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə görə isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c”, 74-cü maddəsinin birinci hissəsinin "a” və "c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Göründüyü kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsi kollektiv müqavilələrdə işdənçıxma müavinətinin daha yüksək məbləğdə verilməsi imkanının yalnız həmin maddənin üçüncü, dördüncü və yeddinci hissələri ilə bağlı olmasını müəyyən edir ki, iddiaçının da əmək müqaviləsinə həmin hissələrdə göstərilən əsasların hər hansı biri ilə xitam verilməyib. Bu baxımdan, iddiaçıya ödənilən ödəncin (o, hətta "işdənçıxma müavinəti” adlandırılsa belə) Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstdə işdənçıxma müavinəti olub-olmamasına qiymət verilməli idi. İddianı təmin edən birinci instansiya məhkəməsi isə iddiaçıya ödənilən müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan kontekstdə işdənçıxma müavinəti olub-olmamasına aydınlıq gətirməmiş, bu da nəticədə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin səhv tətbiqinə də yol açmışdır. Belə ki, həmin maddəyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlirləri gəlir vergisindən azaddır. Apellyasiya məhkəməsi də qeyd edilən bu xüsusatlara əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla yetərlənmişdir. Baxmayaraq ki, iddiaçıya ödənilən müavinətin Əmək Məcəlləsində nəzərdə tutulan işdənçıxma müvanəti anlamına gəlməməsi və bu əsasla iddiaçıya ödənilmiş müavinətdən vergi tutulmasının qanunverciliyə uyğun olması hər iki apellyasiya şikayətinin əsas dəlillərindən olmuşdur. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətlərində irəli sürülmüş dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin (şikayətlərinin) bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., "G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 20İ4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi də işdə olmayan 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərara istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

23. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasını Əmək Məcəlləsi\

68.2-ci maddəsinə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

71.1-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsi

98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir; 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Hazırkı apellyasiya şikayətlərində qətnamənin tam ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş edildiyindən, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelər də nəzərə alınmaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

32. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı ona ödənilən işdənçıxma müavinətindən gəlir vergisi kimi tutulan 5278,68 manat məbləğin geri qaytarılmasını tələb edir.

33. Cavabdehin və üçüncü şəxsin etirazı isə ondan ibarətdir ki, iddiaçı ilə əmək müqaviləsinə sonuncunun öz xahişi ilə pensiyaya çıxması ilə əlaqədar Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verildiyi üçün X4 uyğun olaraq ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulan işdənçıxma müavinəti anlamına gəlmir və bu əsasla iddiaçıya ödənilmiş müavinətdən vergi tutulması qanunverciliyə uyğun olmuşdur.

34. Məhkəmə kollegiyası Əmək Məcəlləsinə istinadən ilk növbədə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri tərəflərdən birinin (işçinin və ya işəgötürənin) təşəbbüsüdür. Eyni zamanda, bu məsələdə təşəbbüs göstərən tərəfdən asılı olaraq, əmək müqaviləsinin ləğv edilməsi qaydası və əsasları müəyyən edilmişdir. Belə ki, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin bir neçə, o cümlədən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası müəyyən olunmuş və əsaslardan hər biri ilə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi nəticələri və qaydası fərqləndirilmişdir. Bu da öz növbəsində konkret əsasın göstərilməsinin zəruriliyini şərtləndirmişdir.

35. İşçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilməklə işçinin şəxsiyyəti və təqsirli hərəkətləri ilə əlaqələndirilməmişdir. Başqa sözlə, bu əsas işçinin təqsirli davranışı nəticəsində yaranmır. Bu səbəbdən həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən aidiyyəti tədbirlər görülməli, o cümlədən işçinin başqa işə köçürülməsinin mümkünlüyü araşdırılmalı, stajından asılı olaraq müəyyən edilmiş müddət əvvəl bu barədə xəbərdarlıq edilməli və işdənçıxarma müavinəti ödənilməlidir. Ən əsası da işçilərin sayı və ya ştatları real olaraq ixtisar edilməlidir. Bu təminatlar çərçivəsində ödənilən işdənçıxarma müavinəti gəlir vergisindən də azad edilmişdir.

36. İşin müəyyən edilmiş hallarına görə iddiaçının əmək kitabçasında isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi göstərilmişdir. Bu maddə də əmək müqaviləsinin məhz işçinin, yəni iddiaçının təşəbbüsü əsası ilə ləğv edilməsini təsdiq edir. Belə ki, həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Sadəcə olaraq, iddiaçı bu məsələdə təşəbbüs göstərən tərəf olaraq, qeyd edilən maddə ilə ona verilmiş hüquqdan istifadə edərək, ərizəsini cavabdehə təqdim etmiş və yaşa görə təqaüdə çıxmaq istəyini bildirmişdir. Bu əsasla da Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə yaşa görə pensiyaya çıxması ilə əlaqədar xitam verilmişdir.

37. İddiaçının əmək kitabçasında isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi göstərilmişdir. Bu maddə də əmək müqaviləsinin məhz işçinin, yəni iddiaçının təşəbbüsü əsası ilə ləğv edilməsini təsdiq edir. Belə ki, həmin maddə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Sadəcə olaraq, iddiaçı bu məsələdə təşəbbüs göstərən tərəf olaraq, qeyd edilən maddə ilə ona verilmiş hüquqdan istifadə edərək, ərizəsini cavabdehə təqdim etmiş və yaşa görə təqaüdə çıxmaq istəyini bildirmişdir.

38. Buna baxmayaraq, birinci instnasiya məhkəməsi səhv olaraq, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması əsası ilə xitam verilməsi qənaətinə gəlmiş və bu səbəbdən də cavabdeh tərəfindən ödənilmiş işdənçıxma müavinətinin gəlir vergisindən azad edilən müavinətlər sırasına aid edərək, iddianı təmin etmişdir. Eyni zamanda, bu faktın tərəflərin izahatları ilə də təsdiq olunduğunu qeyd etmişdir.

39. Halbuki, işçilərin sayının ixtisar edilməsi, iddiaçının da bu saya daxil edilməsi, habelə iddiaçının tutduğu vəzifə üzrə ştatının ixtisar edilməsi, ümumiyyətlə müavinətin ödənilməsi istisna olmaqla, bu əsasa uyğun işəgötürən (cavabdeh) tərəfindən qanunvericiliklə şərtləndirilmiş zəruri tədbirlərin görülməsi müəyyən edilməmişdir. Digər tərəfdən nə iddiaya qarşı etirazdan, nədə ki, iş materiallarından cavabdehin bu mövqedə olması (iddiaçının müqaviləsinə ixtisar əsası ilə xitam verilməsi) öz təsdiqini tapmır. Bu da öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsini istisna edir.

40. Bununla belə, iddiaçı yaşa görə təqaüdə çıxmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş və hüquqi nəticə etibarı ilə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məhz bu ərizəyə əsasən, yəni iddiaçının təşəbbüsü ilə xitam verilmişdir.

41. Belə ki, qüvvədə olan Vergi Məcəlləsində hansı növ müavinətlərin və ya təminatların gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəaların yalnız həmin Məcəllə ilə müəyyənləşdirildiyi, başqa digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəaların nəzərdə tutulmasının qeyri-mümkün olduğu təsbit edilmişdir. Lakin işçinin təşəbbüsü ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilmiş (nəzərə alınmalıdır ki, bu hal üçün müavinətin ödənilməsi nəzərdə tutulmamış və bu ödəniş tərəflərin razılaşmasına, xüsusilə də cavabdehin təşəbbüsünə əsasən aparılır) müavinətin gəlir vergisindən azad olması nəzərdə tutulmamışdır. Bu da öz növbəsində iddiaçıya ödənilmiş müavinətin muzdlu işlə əlaqədar alınan gəlir olduğunu təsdiq edir və bu məbləğdən gəlir vergisinin tutulmasını şərtləndirir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 15 aprel 2024-cü il Qərarına əsasən də Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz. O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Müraciətdə qaldırılan məsələ də məhz işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən könüllü olaraq ödənilmiş kompensasiyanın Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi üzrə gəlir vergisindən azad edilmiş ödənişlər kateqoriyasına aid olub-olmaması ilə bağlıdır. Bununla əlaqədar, ilk növbədə, göstərilməlidir ki, Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd olunmuşdur ki, vergiləri qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda ödəmək hər bir şəxsin konstitusiya vəzifələrindən biri olmaqla, dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. İşçinin əmək haqqından, ona ödənilən müavinətlərdən və digər vəsaitdən aparılan tutulmalardan biri də qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələrdir. Vergi sistemi, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4cü maddəsində (Vergi Məcəlləsinin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir. Beləliklə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Konstitusiyanın 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

43. Beləliklə, cavabdeh (işəgötürən) iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmiş və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və düzgün olmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi qənaətinə gələrək, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə istinad edib, ona ödənilmiş müavinəti gəlir vergisindən azad olunan gəlir kimi qiymətləndirmişdir. Halbuki, artıq qeyd edildiyi kimi, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir və xüsusi tənzimlənən bu münasibətlərə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin geniş və qeyri-müəyyən təsfirinin tətbiqi yolverilməzdir.

44. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü tarixli, 2(005)778/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 5278,68 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü tarixli, 2(005)778/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 5278,68 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar