Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7682/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, X1, İddiaçının prosessual hüquq varisləri X7, X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ünvan 1 ünvanında istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anası X6 21 may 1986-cı ildə Azərbaycan SSR Bakı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən ünvan 2 ünvana 199811 saylı order verilmişdir. X3 17.04.1996-cı il tarixdə vəfat edib. Anası X6 31.07.2003-cü il tarixdə vəfat edib.Qardaşı Cavabdeh 1986-cı ildən ünvan 3 ünvanında yaşamır. Belə ki, qardaşı 14 oktyabr 1997-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Orexova-Zuyevu şəhərində ailə həyatı qurmuşdur və orada yaşayır. Hesab edir ki, 2009-cu ilədək qüvvədə olmuş mənzil məcəlləsinin tələblərinə əsasən qardaşı həmin mənzilə istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 3 ünvanına istifadə hüququ itirilmiş hesab edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, yəni, 09.09.2019-ci il tarixdə İddiaçı ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı X12, X9 və X13 prosessual hüquq varisi kimi mülki işə cəlb edilmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə anadan olmuş, 1986-cı ildə onun 13 yaşı var idi. Həmin zaman o, məktəbdə 6-cı sinifdə oxuyurdu və valideynindən ayrılaraq, başqa ünvanda yaşaya bilməzdi. 1997-ci ildə Rusiya Federasiyasına getmiş, 2 ildən sonra qayıtmışdır. 2016-cı ildən 2021-ci ilədək, cinayət törətdiyinə görə, cəzaçəkmə müəssisəsində olmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquq varisləri X12 və X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər iddiaçının prosessual hüquq varisi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 199811 saylı, 21 may 1986-cı il tarixli orderə əsasən, X4 (tərəflərin anaları) və ailə üzvləri X11, İddiaçı və Cavabdeh Zığ şossesi, ev 2a, mənzil 12, də yerləşən mənzildə yaşayış hüququ verilmişdir. 458987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (tərəflərin atası) 29 may 1996-cı ildə vəfat etmişdir. X6 31.07.2003-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məhkəmə sorğusuna verilən cavaba əsasən Cavabdeh dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Birinci instansiya məhkəməsində izahatları alınmış şahidlər X16 və X17 bildirmişlər ki, mübahisəli evdə Elmiranın atası Tofiq yaşayıb. İddiaçı Elmira da onlarla yaşayıb, Vaqif həmin vaxtlar orada olmayıb. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli mənzil iddiaçının anasına 1986cı ildə yaşayış sahəsi kimi verilmiş, o həmin sahədə həyat yoldaşı, qızı-İddiaçı və oğlu-Cavabdehlə icarədar kimi məskunlaşmışdır. İddiaçının atası və anası vəfat etmişdir, qardaşı olan cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, işin hallarına və şahid ifadələrinə əsasən orada yaşamamışdır, yaşamışdırsa da, uzun müddət əvvəl, 90-cı illərdən həmin yaşayış sahəsini tərk etmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətlər 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığını nəzərə alaraq iddia tələbi, 08.07.1982-ci ildə qəbul olunmuş və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli 2 №-li qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisə predmeti olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanından daimi əsaslarla köçməsi iş materialları ilə öz təstiqini tapmır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi qənaətinə gəlindiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7682/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7682/2021
24.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver