Məhkəmə qərarları › İş №2(103)-7684/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7684/2022

04.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7684/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1894/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat Təşkilatı 6 saylı Texnoloji Nəqliyyat Departamentinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1894/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməməmişdir. Həmin qətnamədən İddiaçı vəkili Vəkil tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemində və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi Vəkil tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçıların adından imzalanmasına dair müvafiq etibarnamə və vəkilin qanunla müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən vəkil orderi şikayətə əlavə edilməmişdir. (İş materiallarına sadəcə mülki işin yalnız birinci instansiya məhkəməsindəki icraatı üçün iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı order əlavə edilmişdir.) Digər tərəfdən “Elektron məhkəmə” informasiya sisteminə iddiaçının adından “PDF formatlı” apellyasiya şikayəti yerləşdirilmişdir ki, məhkəmə kollegiyasının mövqeyinə görə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan iddiaçının elektron kabineti vasitəsilə daxıl olmadığından mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhz iddiaçının özü tərəfindən verilmiş və onun tərəfindən imzalanmış apellyasiya şikayəti kimi qəbul edilə bilməz. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1894/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar