Məhkəmə qərarları › İş №2(103)-769/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-769/2023

17.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-769/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: «sığorta ödənişinin verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1180/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, “Daşınmaz əmlakın icbari sığortası” üzrə RPA********** nömrəli və “Əmlak sığortası” üzrə İ-Pİ-0975/19 nömrəli sığorta şəhadətnamələri ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır.

2. xx.xx.2020-ci il tarixində İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək sığortalanmış əmlaka zərər dəydiyini bildirmişdir. Hadisə ilə bağlı araşdırmaları aparan "xxxx" ASC isə baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən məsuliyyətinin yaranmadığına istinad edərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 95.000 manat sığorta ödənişi məbləğinin, 34.675 manat dəbbə pulunun, yekun olaraq 129.675 manatın və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, sığorta qanunvericiliyinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, onunla cavabdeh-sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi verilməklə 30 manat sığorta haqqı ödənilməklə 15000 (on beş min) manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır (RPA********** saylı əmlakın icbari sığorta şəhadətnaməsini əsli əlavə edilir). Bundan əlavə eyni gündə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bir il müddətinə, yəni xx.xx.2019-xx.xx.2020-ci illər üzrə, onunla cavabdeh sığortaçı "xxxx" ASC arasında İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi verilməklə və 144 manat sığorta haqqı ödənilməklə 80.000 (səksən min) manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə müqavilə bağlanmışdır(İPİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsinin əsli və 30 manat və 144 manat sığorta haqqının ödənilməsini təsdiq edən qəbzlərin əsli əlavə edilir). 15 oktyabr 2020-ci il tarixində yazılı ərizə ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin adına ərizə və izahat verilməklə bildirilmişdir ki, 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan leysan yağışlarından sonra evində çatlar əməl gəlmiş, 15 oktyabr 2020-ci il tarixində isə evinin bir divarı həmin səbəbdən uçmuşdur (ərizə və izahatın surəti əlavə edilir). 15 oktyabr 2020-ci il tarixində cavabdehin nümayəndəsi hadisə yerinə baxış keçirmiş, şəkillər çəkilmiş, evin divarlarında çatlar əmələ gəldiyi və evin bir divarının uçmasının baş verməsi və bunun təbii fəlakətdən baş verdiyi qeyd edilmişdir. Ona görə də daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, aktı cavabdeh tərəfindən onun məsul şəxsi A.Həsənov və sığortalı kimi o, imzalamışdır (aktın surəti əlavə edilir). Baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq cavabdeh "xxxx" ASC tərəfindən qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət olunmuş, fərdi yaşayış evinə baxış keçirilmiş, onun şəkilləri çəkilmiş, ekspert çatların torpaq çökməsi nəticəsində yarandığını, fərdi yaşayış evinin təmir işlərinin aparılması üçün dəymiş ziyanın məbləğinin 3.188,75 (üç min yüz səksən səkkiz) manat olması barədə AZSB-300/20 saylı 28 oktyabr 2020-ci il tarixli hesabat tərtib edərək cavabdehə göndərmişdir (hesabatın surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC bundan sonra özünün 22 fevral 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevə sorğu göndərərək qeyd olunan tarix üzrə aktivləşmənin qeydə alınıbalınmaması barədə məlumatın verilməsi xahiş edilmişdir (22 fevral 2021-ci il tarixli məkubun surəti əlavə olunur). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti bu sorğuya özünün xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubu və müvafiq arayış yazmaqla cavab vermiş və arayışda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilməsi, proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü (eni 3-5 mm) və istiqamətli çatlar əmələ gəlməsi barədə arayış tərtib olunaraq təqdim edilmişdir (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubu və müvafiq arayışın surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC bununla kifayətlənməmiş, müstəqil ekspert qiymətləndirici X5 dəvət etmiş, bu ekspert xx.xx.2021-ci il tarixində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirmiş, 19 aprel 2021-ci il tarixli rəy vermiş, rəydə əmlaka dəymiş zərərin dəyərinin müəyyən edilməsi və dəymiş zərərin səbəbinin müəyyən edilməsi məqsədi ilə aparıldığı qeyd edilmişdir. Ekspert 19 aprel 2021-ci il tarixli rəyində “müayinə olnunan fərdi yaşayış evinin daxili və xarici yük daşıyan divarlarında yaranmış çatlar, birinci və ikinci mərtəbədə döşəmənin çökməsi, döşəmə konstruksiyasının divarlardan aralanması, tavan örtüyünün yaranmış açılma halları, tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən baş verməsini“ bildirmişdir. Ekspert bu rəydə 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 165.1 kv.metr, yaşayış sahəsi 57.6 kv. metr olan, 4 otaqlı fərdi yaşayış evinə dəyən zərərin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olacağını bildirmişdir (ekspert rəyinin surəti əlavə edilir). Cavabdeh "xxxx" ASC özünün sifariş verdiyi və dəvət etdiyi ekspert və mütəxəssislərdən əldə etdiyi rəy və hesabtları bir kənara qoyaraq 07 may 2021-ci il tarixli 1901\1 saylı məktubu ilə ona baş vermiş sığorta hadisəsi ilə bağlı bildirmişdir ki, “Müraciətiniz dərhal qeydiyyata alınmış və əmlaka dəymiş zərərin yaranma səbəbinin aydınlaşdırlması üçün müvafiq lisenziya əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC-nin təqdim etdiyi AZSB-300/20 saylı hesabatda bildirilir ki, sözügedən əmlakda çökmə nəticəsində çatlar yaranmışdır. Bildirir ki, hadisənin təfərrüatlarının daha detallı araşdırlması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu gönddərilmişdir. Sorğuya cavab olarq təqdim edilən müvafiq sənədlərdə sığortalı əmlakın yerləşdiyi ərazidə təbii amillərin təsirindən çökmə prosesi müşahidə olunduğu, bunun nəticəsində tikilinin divarlannda çatlar əməl gəldiyi qeyd olunmuşdur. Bu hal isə əmlakın sığortalandığı “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta riskləri sırasına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən "xxxx" ASC-nin 15 oktyabr 2020-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır”. Bundan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrilogiya Xidmətinə müraciət olunarq Ağsu şəhərində 2020-ci ilin avqust ayı ərzində qeydə alınmış yağışın miqdarı və növü barədə arayış verilməsi xahiş edilmiş, Xidmət özünün 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məktubu ilə həmin dövrdə Ağsu Hidrometeoroloji stansiyasında qeydə alınmış yağıntı haqqında məlumatı təqdim etmişdir. Təqdim edilmiş bu məlumatdan göründüyü kimi 22 avqust 2020-ci il saat 22:20-dən 23 avqust 2020-ci il saat 19:00-a qədər olan dövr üzrə güclü yağış yağmış və yağıntının miqdarı 25.0 mm olmuşdur (xidmətin 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məktubu və məlumatın əsli əlavə edilir). Cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə istinad edərək baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh "xxxx" ASC-nin bu imtinası tamamilə qanunsuz və əsassızdır, belə ki, onunla cavabdeh-sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) və eyni zmanada İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalanacaq risklər sadalanmış o cümlədən, təbii fəlakətlər sırasında tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrilogiya Xidmətinin 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məlumatdan göründüyü kimi Ağsu şəhərində 22 avqust 2020-ci il saat 22:20-dən 23 avqust 2020-ci il saat 19:00-a qədər olan dövr üzrə güclü yağış yağmış və bunun nəticəsində "xxxx" MMCnin verdiyi hesabata əsasən evin divarlarında çatların torpaq çökməsi nəticəsində yarandığı, qiymətləndici ekspertin 19 aprel 2021-ci il tarixli rəyində tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi, bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 saylı arayışında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin-tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilməsini və baş vermiş hadisənin təbii amillərin, atmosfer çöküntülərinin təsirindən çökmə prosessinin baş verdiyini rəsmən bildirilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya məlumat verilmiş, 15 oktyabr 2020-ci il tarixində daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, cavabdeh "xxxx" ASC-nin dəvət etdiyi Azsurvey” MMC AZSB- 300/20 saylı 28 oktyabr 2020-ci il tarixli hesabat tərtib edərək dəymiş ziyanın məbləğinin 3188,75 (üç min yüz səksən səkkiz) manat olması, müstəqil ekspert qiymətləndirici X6 19 aprel 2020-ci il tarixli rəyində dəyən ziyanın məbləğinin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olması və eyni zamanda bu rəylərdə tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi göstərilmişdir. Tərəflər arasında bağlanılmış daşınmaz əmlakın icbari sığortası- RPAl907915308 saylı sığorta şəhadətnaməsi üzrə 15000 (on beş) min manat sığorta məbləği, İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi üzrə 80.000 (səksən min) manat sığorta məbləği müəyyən edilmişdir ki, sığortaçı sığorta ödənişini bu sığorta məbləği həddində həyata keçirməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1180/2022 saylı, 29 sentyabr 2022- ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayevə) iddia tələbinin rədd edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə RPA********** nömrəli və “Əmlak sığortası” üzrə İ-Pİ0975/19 nömrəli sığorta şəhadətnamələri ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixində İddiaçı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək əmlaka zərər dəydiyini bildirmişdir. Hadisə ilə bağlı araşdırmaları aparan "xxxx" ASC sözügedən hadisə üzrə məsuliyyətinin yaranmamasına istinad edərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmunundan göründüyü kimi sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi iddiaçının könüllü və icbari qaydada sığorta etdirdiyi fərdi-yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, iddia ərizəsindən və İddiaçı sığorta şirkətinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatdan aydın olur ki, o, həmin tarixdə baş vermiş hadisəni 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan yağışlardan sonra evin divarında çatların əmələ gəlməsi, bunun nəticəsində divarın dağılması ilə əlaqələndirmişdir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış evinin zədələnməsinin səbəbinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2350-9/2629 saylı ekspert rəyinə əsasən sözügedən yaşayış sahəsindəki divarın dağılmasının həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Beləliklə, tərəflər arasında daşınmaz əmlakın sığortası (icbari və könüllü) müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən sığortalanmış fərdi-yaşayış evinə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin iş materiallarına əsasən, hazırkı mübahisəyə səbəb olan amil (güclü yağış) icbari sığorta üzrə verilmiş şəhadətnamədə sığorta riski kimi nəzərə alınmamış, yəni daşınmaz əmlakın sığortası üzrə təbii fəlakətlər sığorta hadisəsi hesab olunsa da, şəhadətnamədə sadalanmış təbii fəlakət hesab edilən sığorta riskləri sırasında güclü yağışın yağması sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranması səbəbi kimi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar sığortaçının RPA********** nömrəli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinin tələblərinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişini verilməkdən imtina etməsi üçün əsaslardan biridir. Bundan başqa müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, İ-Pİ-0975/19 seriyalı daşınmaz əmlakın sığortası müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək "xxxx" ASC tərəfindən təbii fəlakətlər riski üzrə şərtsiz azadolma - “Daşınmaz əmlakın icbari sığortası” üzrə müəyyən olunmuş sığorta məbləği olmaqla, 80.000 manat məbləğində könüllü sığorta növü ilə sığortalanmışdır. Mülki Məcəllənin 898.1-ci, 898.2-ci və 898.4-cü maddələrinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. “İcbari sığortalar haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərinə görə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat kimi müəyyən edilir. Baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsindən görünür ki, sığorta riskləri bölməsində sındırmaqla oğurluq nəticəsində əmlakın zədələnməsi və ya məhv olması, yanğından standart risklər, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması sığorta hadisəsi hesab olunmuşdur. Həmin müqavilə üzrə şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1.000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği (hazırki halda 15.000 manat) ilə müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AZSB-300/20 saylı hesabata əsasən, İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin məbləği 3.188,75 manat, daşınmaz əmlaka dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, 13.843 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən isə iş üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, könüllü sığorta üzrə baş vermiş hadisənin sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (təbii fəlakətlər) kimi qəbul edilməsi mümkün olsa da, yəni sığorta müqaviləsinə əsasən sığorta ödənişi həyata keçirmək üzrə qarşı tərəfin məsuliyyəti yaransa da, iş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edilmiş zərərin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtsiz azadolma mələğindən az olduğu üçün hazırki iddianın bu əsasla təmin edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “sığorta ödənişinin ödənilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şikayətdə göstərilir ki, sığortalı İddiaçı ilə sığortaçı "xxxx" ASC arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi üzrə 15000 (on beş) min manat sığorta məbləği, 150 (yüz əlli manat) azadolma məbləği müəyyən edilmiş, İ-Pİ-0975/19saylı könüllü sığorta müqaviləsinə uyğun olaraq 80.000 (səksən min) manat sığorta məbləği, 1000 (bir min manat) azadolma məbləği müəyyən edilmişdir. Bu müqavilədən də görünür ki, burada azad olma halı ancaq oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərərə görə) 1000 (bir min manat) azad olma məbləği nəzərdə tutulmuşdur, digər sığorta hadisələri üçün azad olma nəzərdə tutulmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat nəzərdə tutulmuşdur. Bu mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin dəvət etdiyi müstəqil ekspert, qiymətləndirici X6 19 aprel 2020-ci il tarixli rəyində dəyən ziyanın məbləğinin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olması barədə rəy vermişdir. Yəni, icbari müqavilədə azad olma məbləği 150 (yüz əlli ) manat, könüllü müqavilədə isə azad olma məbləği bu sığorta hadisəsi üçün (təbii fəlakət halı üçün) nəzərdə tutulmamışdır. Ona görə də məhkəmənin “iş materiallarinda olan mütəxəssis rəyləri ilə müəyyən edilmiş zərərin məbləği müqavilə ilə müəyyən edilmiş şərtsiz azad olma məbləğindən az olması” barədə yazdıqları tamamilə əsassızdır. Mükli iş üzrə birnci instansiya məhkəməsi tərəfindən məhkəmə-tikinti ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 28 iyul 2022-ci il tarixli 10/2350-9/2629 saylı müvafqi rəy verilmişdir. Ekspertiza bu rəyində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində əmələ gəlmiş qüsurların atmosfer çöküntüləri və s. təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilməsi nəticəsinə gəlmiş, lakin yaşayış evinə dəymiş ziyanın məbləği barədə bildirmişdir ki, belə bərpa işləri üçün yerinə yetirilməli söküntü, tikinti-quraşdırılma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqıqləşdirilməli və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Ona görə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatı aparılmadığı qeyd edilmişdir. Göründüyü kimi, 5-ci sual üzrə ekspert məhkəmənin - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyan məbləği nə qədərdir? -sualına cavab verməmiş, bunun üçün məhkəmə-əmtəəşünaslıq ekspetizası tədqiqatı keçirilməsini yazmış, lakin məhkəmə bunun üçün əlavə ekspertiza təyin etməmiş və ya tərəfə bunun üçün müstəqil qiymətləndiricidən rəy təqdim etməyi təklif etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir.

12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Maddə 36.1.Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Maddə 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin və “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia qismən haqlı sayılırdı.

21. Belə ki, işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20 avqust 2021-ci il tarixli 20/M-294 nömrəli məktubu ilə İddiaçı göndərilmiş 2020-ci ilin avqust ayında Ağsu hidrometeroloji stansiyasında qeydə alınan yağıntı haqqında məlumatda 22 avqust 2022-ci il saat 22:20-dən 00:00-dək, 23 avqust 2022-ci il saat 00:00-dan 19:00-dək, 25,0 mm, növü güclü yağış olan yağıntı olduğu göstərilmişdir.

22. Bu səbəbdən mülki iş hazırki apellyasiya icraatında olarkən Ağsu hidrometeroloji stansiyasında qeydə alınan yağıntı haqqında məlumatda 22 avqust 2022-ci il saat 22:20-dən- 00:00-dək, 23 avqust 2022-ci il saat 00:00-dan 19:00-dək yağan, növü güclü yağış və 25,0 mm olan yağıntının leysan hesab edilib-edilməməsinin, həmçinin leysan yağıntı növü hesab edilirmi, edilirsə bunun hansı qaydada müəyyən edilməsinin, leysan yağış növü hesab edilirmi, edilirsə, yağışın hansı növünə aid olmasının müəyyən edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə məhkəmə sorğusu göndərilmişdir.

23. Məhkəmə sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 3-14-20/2-021/2023 saylı, xx.xx.2023-cü il tarixli Arayışında qeyd edilir ki, yaranma şəraitindən asılı olaraq yağıntılar 3 qrupa bölünür: 1.aramsız 2.leysan 3.çiskin. Leysan yağıntıları konveksiyanın inkişafı ilə birbaşa əlaqədar olub topa-yağış buludlardan qar, dolu və yağış şəklində düşür. Bu cür yağıntılar qəfil başlanması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətli olması ilə fərqlənir. Adətən leysan yağıntılar çox böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Leysan xarakterli yağıntıların damcılarının diametri 1,0 mm-dən çox olur. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Leysan yağış - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa - yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından cox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının coxluğu üstünlük təşkil etməyinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Yay leysan yağışları tez-tez ildırımlarla və güclü küləklərlə müşayət olunur. Leysan qar - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən az vaxt ərzində daha güclənən bərk yağıntıdır. Leysan qar topa-yağış buludundan yağır. Leysan sulu qar - güclü (şiddətli) ərimiş qar şəklində yer səthinə düşən yağıntıdır. Xüsusi təhlükəli yağıntılar və onların meyarları: Sel və leysan təhlükəli rayonlarda 12 saat və daha az vaxt ərzində 30 mm və daha çox miqdarda yağan yağış, qalan ərazilərdə 12 saat və daha az vaxt ərzində 50 mm və daha çox miqdarda yağan yağış və yağışla qar; 1 saat və daha az vaxta 30 mm və daha çox miqdarda leysan yağışı; 20 mm və daha böyük diametrli dolucuqdan ibarət olan dolu və həmçinin xalq təsərrüfatına böyük ziyan vuran kiçik ölçülü intensiv dolu; 12 saat və daha uzun müddət ərzində 20 mm və daha çox miqdarda yağan qar. Ağsu hidrometeoroloji stansiyasının məlumatlarına əsasən 23 avqust 2020-ci il tarixində miqdarı 25,0 mm olan güclü yağış müşahidə edilmişdir. Həmin tarixdə ona qonşu olan rayonlarda leysan xarakterli güclü yagışlar müşahidə edilmiş, yağıntının miqdarı 35-71mml aralığında olmuşdur. Bu da Ağsu rayonunda yağıntının leysan xarakterli olmasını istisna etmir. Qeyd: Leysan yağıntıların meyarları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Hidrometeoroloji stansiya və məntəqələr üçün təlimat"ının 3-cü buraxılışının 1-ci hissəsinə əsasən, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 oktyabr 2007-ci il tarixli 589/Ü No-li əmri ilə təsdiq edilmiş "Təhlükəli və təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin təsnifatı, meyarları və xəbərdarlıqların verilməsi haqqında Əsasnamə" yə uyğun olaraq müəyyən edilir.

24. Bundan başqa, işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən 12 mart 2021-ci il tarixli 18/79 nömrəli məktubu ilə "xxxx" ASC-yə göndərilmiş Arayışda İddiaçı məxsus Ağsu rayonu Dadaş Bünyadzadə küçəsindəki 8 nömrəli evin yerləşdiyi əraziyə mütəxəssislər tərəfindən vizual hidrogeloji və mühəndis-geoloji baxış keçirildiyi və tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji qurluşu, atmosfer çöküntüləri və.s) təsirindən çökmə prosesi müşahidə edildiyi göstərilmişdir.

25. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus Ağsu rayonu Dadaş Bünyadzadə küçəsindəki 8 nömrəli evin yerləşdiyi əraziyə mütəxəssislər tərəfindən vizual hidrogeloji və mühəndis-geoloji baxışın hansı qaydada (hansısa məsafədən yoxsa bilavasitə) keçirilməsinin, yəni evin çökən hissəsinə içəridən və çöldən mütəxəssislər tərəfindən baxış keçirməklə ətraflı tədqiqat aparılıb-aparılmaması; Tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji qurluşu, atmosfer çöküntüləri və.s) təsirindən çökmə prosesi müşahidə edildiyi dedikdə nə başa düşülməli olduğunun, yəni ərazinin geoloji-geomorfoloji qurluşunun yaxud atmosfer çöküntülərinin hansı təsiri çökməyə səbəb olub, təbii amillərə ərazinin geoloji-geomorfoloji qurluşu, atmosfer çöküntülərindən başqa nə aid olmasının və “və.s” nə demək olduğunun, həmçinin tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji qurluşu, atmosfer çöküntüləri və.s) təsirindən çökmə prosesi müşahidə edilibsə bu təbii amillərə yağış sularının və başqa hansı hadisələrin aid ola bilməsinin müəyyənləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə də məhkəmə sorğusu göndərmişdir.

26. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Agentliyi tərəfindən verilmiş 3- 14-18/2-006/2023 saylı, xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, ünvan 7 ünvanı ərazisində, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi sahənin hidrogeoloji və mühəndis-geoloji şəraiti Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəsissləri tərəfindən bilavasitə vizual baxış keçirilməklə araşdırılmışdır. Fərdi yaşayış evinin texniki vəziyyəti və konstruktiv elementlərinin qiymətləndirilməsi Milli Geoloji Kəşfıyyat Xidmətinin fəaliyyət istiqamətinə aid deyil. Milli Geoloji Kəşfıyyat Xidməti Əsasnamənin tələblərinə uyğun olaraq yalnız fərdi yaşayış evinin yerləşdiyi sahədə baş vermiş geoloji prosesləri öyrənir. Tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edildiyi dedikdə həmin ərazini təşkil edən süxurların əmələ gəlmə şəraiti, möhkəmliyi, fiziki xüsusiyyətləri (yumşaqlığı, yuyulmaya, şişməyə, sıxılmaya, dağılmaya meyilliyi), tərkibi (qum, gil, qumca, gilcə), atmosfer çöküntülərinin intensivliyi, subasma və qrunt sularının yer səthinə qalxması kimi proseslərin təsirindən relyefdə baş verən destruktiv dəyişikliklər nəzərdə tutulur. Tikilinin yerləşdiyi ərazidə müşahidə olunan destruktiv proseslərin formalaşmasında geoloji amillər və atmosfer çöküntülərinin təsiri nəzərə alınmalıdır.

27. Göstərilənlərdən əlavə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilən məhkəmə tikinti-texniki ekspertizasının 28 iyul 2022-ci il tarixli 10/2350-9/2629 saylı rəyində sığortalı evə dəymiş ziyanın məbləği barədə faktiki olaraq rəy verilmədiyindən, daha doğrusu ekspertin ziyanın məbləğinin müəyyən edilməsi üçün müstəqil olaraq xüsusi biliyin kifayət etmədiyi rəyin məzmununda açıq-aşkar göründüyündən apellyasiya baxışı zamanı qiymətləndirmə təyin edilmiş və mütəxəssis qarşısında mübahisəli fərdi yaşayış evinin divarının zədələnməsi hadisəsinin nə vaxt baş verməsi, bunun səbəbinin nə olması (iddia tələbində göstərilən hallar ola bilərdimi) və həmin fərdi yaşayış evinə dəymiş zərərin miqdarının (evin, tikinti materiallarının istismar olunma və köhnəlmə dərəcələri nəzərə alınmaqla dəyəri ziyanı hesablamaqla) nə qədər təşkil etməsi barədə suallar qoyulmuşdur.

28. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin 07 mart 2023-cü il tarixli, MB 16/0348 saylı mütəxəssis rəyində göstərildi ki, Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin divarının zədələnməsi hadisəsinin dəqiq nə vaxt baş verdiyini müəyyən etmək mümkün olmasa da, 2020-ci ilin ayının təxminən 20-30-u arası güclü leysan yağışları nəticəsində baş verə biləcəyini ehtimal etmək mümkündür. Məhlədə torpaq boşalması, yəni iddia tələbində göstərilən təbii amillərin nəticəsində evin xarici və daxili divarlarında çatlar əmələ gəlmiş, hörgü daşları bir-birindən aralanmışdır. Ağsu şəhəri, Dadaş Bünyadzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dəymiş zərərin miqdarı (evin tikinti materiallarının istismar olunma və köhnə dərəcəsi nəzərə alınmaqla) 30000 (otuz min) manat məbləğində müəyyən olunur.

29. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan sözügedən fərdi yaşayış evi həm icbari, həm də könüllü müqavilə əsasında sığortalanmışdır. İddiaçı sığorta müqavilələrinin qüvvədə olduğu dövrdə sığorta hadisəsinin baş verdyinə görə cavabdehə müraciət etmiş, cavabdeh isə uzun araşdırmadan sonra yekun olaraq Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edərək, yəni baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən məsuliyyəti yaranmadığını qeyd edərək faktiki olaraq sığorta ödənişi verməkdən imtina etmişdir. Məhz bu imtina ilə bağlı iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi qənaət tam olaraq 6-cı paraqrafda da qeyd olundu. Ona görə də həm iddianın, həm də şikayətin əsaslılığının yoxlanılması üçün hadisənin sığorta hadisəsi olub-olmamasının yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün yuxarıda qeyd olunan prosessual hərəkətlər yerinə yetirilərək cavablar alındı.

30. İlk növbədə icbari sığorta müqaviləsi üzrə qeyd olunmalıdır ki, həm Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsində, həm də “İcbari Sığortalar Haqqında” Qanunun 36.1 və 36.1.7ci maddəsinə əsasən daşınmaz əmlakın təbi fəlakətlər, o cümlədən leysan nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Qeyd olunduğu kimi, sığorta predmeti olan fərdi yaşayış evinin zədələnməsi, yəni ona ziyan dəyməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal bu zərərin məhz sığorta hadisəsi sayılan hal nəticəsində yaranması və zərərin məbləği ilə bağlıdır. Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 3-14-20/2-021/2023 saylı, xx.xx.2023-cü il tarixli Arayışında da bir daha təsdiq olunur ki, Ağsu hidrometeoroloji stansiyasının məlumatlarına əsasən 23 avqust 2020-ci il tarixində miqdarı 25,0 mm olan güclü yağış müşahidə edilmiş, həmin tarixdə ona qonşu olan rayonlarda leysan xarakterli güclü yagışlar müşahidə edilmiş, yağıntının miqdarı 35-71mml aralığında olmuş bu da Ağsu rayonunda yağıntının leysan xarakterli olmasını istisna etmir. Demək ki, zərərin məhz leysan yağışlar nəticəsində yaranmış olduğu təsdiq olunur.

31. Düzdü, cavabdeh sığorta şirkətinin sığorta ödənişini verməkdə imtinası həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən 12 mart 2021-ci il tarixli 18/79 nömrəli məktubu ilə "xxxx" ASC-yə göndərilmiş Arayışı ilə bağlı olmuşdur. Lakin qeyd olunan Xidmətin apellyasiya baxışı zamanı verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab Arayışında da onların yalnız fərdi yaşayış evinin yerləşdiyi sahədə baş vermiş geoloji prosesləri öyrəndiyi, tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edildiyi dedikdə həmin ərazini təşkil edən süxurların əmələ gəlmə şəraiti, möhkəmliyi, fiziki xüsusiyyətləri (yumşaqlığı, yuyulmaya, şişməyə, sıxılmaya, dağılmaya meyilliyi), tərkibi (qum, gil, qumca, gilcə), atmosfer çöküntülərinin intensivliyi, subasma və qrunt sularının yer səthinə qalxması kimi proseslərin təsirindən relyefdə baş verən destruktiv dəyişikliklər nəzərdə tutulduğu göstərilmişdir. Deməli, qeyd olunan Xidmətin həm sığorta şirkətinə, həm də də məhkəməyə verdiyi Arayışdan məlum olur ki, göstərilən hallar hadisənin sığorta hadisəsi olmasını nəinki inkar etmir, əksinə çökmə prosesinin, həm də təbii fəlakətlərin, o cümlədən su basmanın təsirindən yarandığı təsdiq olunur. Yəni, çökmə leysan nəticəsində yaranmış, evdə yaranmış qüsurlar da torpaq qatının çökməsindən baş vermişdir. Ona görə də qeyd olunan normada sığorta hadisəsi kimi leysan nəzərdə tutulmuş, çökmənin sığorta hadisəsi kimi göstərilməməsi də hüquqi məntiqə söykənməyən bir yanaşmadır. Yəni, çökmə deyil, daşınmaz əşyanın zədələnməsi sığorta hadisəsi hesab edilir. Başqa sözlə torpaq qatının çökməsi nəticəni, yəni sığorta hadisəsini yaradan səbəbin(halın)-leysanın nəticəsində, sığorta hadisəsi isə çökmənin nəticəsində baş vermişdir. Ona görə də cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində bu dəlillərdən istifadə edərək ziddiyyətli vəziyyət yaratmağa cəhd etməsi anlaşılan olsa da başadüşülən deyildir.

32. Bundan əlavə, fərdi yaşayış evinə dəymiş zərərlə bağlı işdə üç rəy(hesabat) mövcuddur. Bunlardan ikisi cavabdehin sifarişi əsasında əldə edilmişdir. Başqa sözlə birinci hesabat sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC tərəfindən verilmş, dəymiş ziyanın məbləği 3.188,75 (üç min yüz səksən səkkiz) manat, cavabdeh "xxxx" ASC-nin dəvət etdiyi müstəqil ekspert, qiymətləndirici X6 19 aprel 2021-ci il tarixli rəyində isə dəyən ziyanın məbləğinin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olması barədə rəy vermişdir. Apellyasiya baxışı zamanı "xxxx" Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş rəydə isə zərərin məbləğinin 30000(otuz min) manat olduğu göstərildi. Qeyd olunduğu kimi, Məhkəmə Ekspertiza Mərkəzi isə faktiki olaraq zərərin məbləği ilə bağlı rəy vermək iqidarında olmadığını öz rəyində büruzə vermiş oldu. Apellyasiya instansiyası məhkəməsi dəyən ziyanın məbləğinin 13843,00 (on üç min səkkiz yüz qırx üç) manat olması barədə müstəqil ekspert, qiymətləndirici X4 19 aprel 2021-ci il tarixli rəyini real və mötəbər hesab edir. Çünki, bu rəy hadisədən bir neçə ay sonra fərdi yaşayış evinə baxış keçirilməklə verilmiş, dəymiş zərərin real məbləğini daha dolğun əks etdirir. Digər rəylərin birində zərərin məbləği daha az, digərində isə daha yüksək olduğu göstərilmişdir. Ona görə də icbari sığorta müqaviləsi üzrə 13843,00 (on üç min səkkiz yüz qırx üç) manatdan 150 manat azadolma məbləği çıxılmaqla 13693(on üç min altı yüz doxsan üç manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi könüllü sığorta ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə mahiyyət etibarı ilə razılaşır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın sığortası müqaviləsində qeyd olunan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək təbii fəlakətlər riski üzrə şərtsiz azadolma - “Daşınmaz əmlakın icbari sığortası” üzrə müəyyən olunmuş sığorta məbləği(15000) olmaqla, 80.000 manat məbləğində könüllü sığorta növü ilə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərinə görə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı şəhərindən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindən başqa digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat kimi müəyyən edilir. Müqavilə üzrə şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1.000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği (hazırki halda 15.000 manat) ilə müəyyən edilmişdir. Zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti 13.843 manat məbləğində olduğundan, demək ki, könüllü sığorta üzrə baş vermiş hadisənin sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (təbii fəlakətlər) kimi qəbul edilməsi mümkün olsa belə, yəni sığorta müqaviləsinə əsasən sığorta ödənişi həyata keçirmək üzrə qarşı tərəfin məsuliyyəti yaransa da, ziyanın məbləği ilə bağlı müstəqil ekspert rəyi ilə müəyyən edilmiş zərərin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtsiz azadolma mələğindən az olduğu üçün hazırki iddianın bu əsasla təmin edilməsi əsaslı deyil. Çünki, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Başqa sözlə, iddiaçı müqavilənin bu şərti ilə könüllü olaraq razılaşmışdır. Ona görə könüllü sığorta müqaviləsi üzrə sığorta ödənişinin tələb edilməsi əsassız olduğundan təmin edilməməlidir.

34. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsi də əsaslı olmadığından təmin edilə bilməz. Çünki, cavabdeh sığorta şirkəti bu gün də hadisəni sığorta hadisəsi hesab etmir. Başqa sözlə qeyd olunan fərdi yaşayış evinə sığorta hadisəsi nəticəsində zərər dəyməsini qəbul etmir və birinci instansiya məhkəməsi də bu mövqe ilə qismən də olsa razılaşmışdır. Əlbətdə ki, bu cür vəziyyətdə gecikdirilmiş gün üçün dəbbə pulunun tutulması da əsaslı sayıla bilməz. 35.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən tam imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər, eləcə də sığorta münasibətləri iflic vəziyyətə düşə bilər.

36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1180/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən icbari sığorta müqaviləsi üzrə azadolma məbləği çıxılmaqla 13.693 (on üç min altı yüz doxsan üç) manat alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1180/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən icbari sığorta müqaviləsi üzrə azadolma məbləği çıxılmaqla 13.693 (on üç min altı yüz doxsan üç) manat tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat cavabdeh "xxxx" ASC-dən alınaraq "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin hesabına (VÖEN: **********, H/h:№ AZ33İBAZ********************; "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar