Məhkəmə qərarları › İş №2(103)-7690/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7690/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7690/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “pul ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan təqsirləndirilən şəxs Cavabdeh barəsindəki 1(101)-530/2023 nömrəli cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

3. Həmin qərardaddan iddiaçının (nümayəndəsi və vəkili Vəkil) verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

7. Belə ki, hazırki işdən görünür ki, tərəflər arasında mübahisə mənzilin alğı-satqısı zamanı yaranmış pul mübahisəsi ilə bağlıdır, iş üzrə tərəf olan cavadeh Cavabdeh Rafiq oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət əməlini törətməsinə dair fakta görə başlanmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam etdirilir. Bu halda cinayət işi üzrə araşdırma yekunlaşıb yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə tələbə baxılması mümkün olmadığından məhkəmə mülki iş üzrə icraatı dayandırılmaqda haqlı olmuşdur.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır.

9. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər.

10. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

12. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

13. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

14. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar