Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7695/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14 000 (on dörd min) ABŞ dolları məbləğində pulun, bank uçot dərəcəsinə görə 875 (səkkiz yüz yetmiş beş) ABŞ dolları əldən çıxmış faydanın – cəmi 14875 (on dörd min səkkiz yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-1763/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət bundan əvvəl onunla dostluq münasibətində olan cavabdehlər təklif etmişlər ki, əgər onlara pul versə, yaxşı qazanmaq olar. O da onlara inanaraq bir dəfə 15000 ABŞ dolları və ondan 2-3 ay sonra isə 10000 ABŞ dolları məbləğində, xəmi 25000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pullardan cavabdehlər ona cəmi 11000 ABŞ dolları qaytarmışlar, qalan 14000 ABŞ dolları isə ödənilməmiş qalmışdır. Bunu aralarında olan Facebook mesencer bölməsindəki yazışmalardan olan çıxarışlar da təsdiq edir. Cavabdehlər onu aldadaraq öz vədlərinə əməl etməmişlər. Pul vəsaitlərini ona həmişə Cavabdeh2 qaytarmışdır, bu da onların müştərək qaydada borclu olmalarını təsdiq edir. Pulları qaytaranda o, həmişə öz qeyd kitabçasına qeydlər etmişdir və orada imza ilə hər ikisi təsdiq etmişdir. Bundan sonra dəfələrlə cavabdehlərdən 14000 ABŞ dolları pulu tələb etsə də, onlar borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışlar. 28 avqust 2020-ci ildə borc pulun qaytarılması ilə bağlı cavabdehlərə xəbərdarlıq məktubu da göndərmiş, lakin buna da məhəl qoymamışlar. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi (atası) X1 bildirmişdir ki, 10 il qabaq oğlu borcu verib. Amma əvvəllər borcu hissə-hissə ödəyən cavabdehlər son 2-3 ildə zənglərinə cavab verməyib və borcu ödəməyiblər. Sonuncu ödəniş təxminən 2 il yarım öncə olub. Buna dair sübut-qeyd kitabçası isə cavabdehlərdədir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 bildirmişdir ki, tələb olunan pul heç bir halda ona verilməmişdir. Sadəcə əvvəldən tanıdığı İddiaçı atasının MTK rəhbərləri ilə işlədiyini görüb onun da pul qazanmaq istədiyini bildirib və bu səbəblə də digər cavabdeh olan atasının onu da həmin şəxslərlə tanış edərək iddiaçının da pul qazanmasına şərait yaratmağını xahiş etmişdir. Cavabdeh2 həmin səbəbdən iddiaçını 2008-ci ildə atası Cavabdeh1 ilə tanış etmişdir. Bundan sonra iddiaçı atası vasitəsilə bir neçə şəxslə tanış olmuşdur. Daha sonra isə o həmin ildə işləmək üçün atasının tanışı olan Yeni Yasamalda MTK rəhbərlərindən birinə müəyyən məbləğdə pul vəsaiti vermişdir. O da həmin məbləğdən müəyyən qədərini qaytardıqdan sonra ödənişlərdə çətinlik yaşamışdır. Bundan sonra iddiaçı ona müraciət edərək o şəxsi tanımaqları səbəbilə pulun qaytarılmasında ona köməklik göstərmələrini xahiş etmişdir. Bundan sonra o da əlindən gələn köməkliyi etməyə çalışıb. İddia ərizəsinə əlavə edilmiş facebookdan olan yazışmalarda əks olunan söhbətlər də onun iddiaçıya kömək etmək istəyilə bağlı olmuşdur. Yəni, əsla o iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Onun və atasının iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf məhkəmə iclasında ziddiyyətli mövqe tutmuşdur. İş materialları ilə tam təsdiq edilir ki, cavabdehlər onu aldadaraq öz vədlərinə əməl etməmişlər. Onlar iddiaçının etibarından sui-istifadə etməklə onu aldatmış və nəticədə ona ziyan vurmuşlar. Cavabdehdə olan bloknotun alınıb məhkəməyə təqdim edilməsi barədə vəsatət versə də, məhkəmə vəsatətlə bağlı heç bir tədbir görməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlərdən müştərək qaydada 14 000 (on dörd min) ABŞ dolları məbləğində borcun və bank uçot dərəcəsinə görə 875 (səkkiz yüz yetmiş beş) ABŞ dolları əldən çıxmış faydanın – cəmi 14875 (on dörd min səkkiz yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun tutulması barədədir. Tərəflər arasında borc münasibətlərinin olmasına dair nə notariat qaydasında, nə də sadə yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı tələbini əsaslandırarkən 10 il bundan əvvəl cavabdehlərə 25 000 ABŞ dolları borc verdiyini və təxminən 2 il yarım öncə həmin borcdan cəmi 11 000 ABŞ dolları qaytarıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 14875 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş yazışmalara istinad etsə də, cavabdehlərlə iddiaçı arasında borc münasibətlərinin olması, o cümlədən cavabdehlərin pulu əsassız şəkildə saxlaması və ya digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması araşdırma zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətlərinin olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə iddia müddətinin tətbiqini də mümkün saymır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddianın əsası sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 385.1-ci, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə tərəflər arasında borc münasibətlərinin olmasını təsdiq edən nə notariat qaydasında, nə də sadə yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı tərəflər arasında şifahi borc müqaviləsinin olmasını da məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Cavabdeh isə tərəflər arasında hər hansı borc münasibətlərinin olmasını təsdiq etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız olduğuna görə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7695/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7695/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver