Məhkəmə qərarları › İş №2(103)-7698/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7698/2020

14.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7698/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azərbaycan Beynəlxalq Bankı ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası X1rşı “əmanət məbləğin qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı şikayətə təkrar apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Hazırkı işin mübahisə edilməyən hallarından görünür ki, cavabdeh bankla bağlanmış xx.xx.2008-ci il tarixli müddətli əmanət hesab müqaviləsinə əsasən banka 50000 ABŞ dolları pulu ilkin 12.8 faiz dərəcəsi ilə 24 ay müddətə depozitə qoyulmuşdur. Həmin müddətin bitməsinə baxmayaraq depozitin qaytarılması bankdan tələb edilmədiyindən müqavilə əvvəl bağlanan müddətə uzadılmışdır. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı xx xxxxxx 2016-cı il tarixinə qədər həmin hesaba özü nəzarət etmiş, həmin vaxtdan sonra isə, bank tərəfindən iddiaçıya həmin hesabda heç bir əməliyyat etməsinin mümkün olmaması göstərilərək vərəsəlik haqqında şəhadətnamə təqdim edilməsi tələb edilmişdir. Bu zaman iddiaçı cavabdeh banka qarşı “əmanət hesabı üzərində təkbaşına sərəncam hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə iddianın rədd edilməsi barədə yekun məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən müqavilənin əslini məhkəməyə təqdim edə bilməmiş, iddianı sübut edə bilməmişdir. İddiaçının istinad etdiyi hallar isə onun müqavilə üzrə əmanət məbləğini və hesablanmış faizlərin ödənilməsini tələb etməyə ixtiyarlı şəxs kimi qəbul olunmasına imkan vermir. Bundan sonra iddiaçı xx xxxx 2019-ci il tarixdə müqavilə üzrə tərəf olduğuna istinad edərək “əmanət məbləğinin üzərinə hesablanmış faizlərlə birlikdə qaytarılması, maliyyə sanksiyasının və vurulmuş ziyanın ödənilməsi" tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadını ləğv edən Ali Məhkəmə xx xxxx 2019-cu il tarixli qərardadında qeyd etmişdir ki, ...apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işdə olan məhkəmə qətnaməsinin tərəflərin mötəbərliyini mübahisələndirmədiyi surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-7457/2018 saylı qərarından görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-897/2018 saylı qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Halbuki, göründüyü kimi, iddiaçının əvvəlki tələbinin əsasını “əmanət hesabı üzərində təkbaşına sərəncam vermək hüququnun müəyyən edilməsi” təşkil edirdisə, hazırkı tələbinin əsasını isə “müqavilənin notarial qaydada təsdiq edilmiş surətinə əsaslanaraq müqavilə tərəfi kimi depozit məbləğinin ona qaytarılması” təşkil edir. Beləliklə, kollegiyanın araşdırmaları ilə müəyyən olunur ki, mübahisə üzrə tərəflər və əsaslar eyni olsa da, predmet eyni olmadığı halda, rayon məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən daha bir prosessual pozuntuya yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 269.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qərardadlardan verilmiş şikayətə elə həmin məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-nin 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, mübahisələndirilən qərardaddan verilmiş şikayətə tərəflərin, xüsusən də şikayət vermiş tərəfin iştirakı olmadan baxmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1984/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və ərizənin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadıləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar