Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7699/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9 və X3 (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “torpaq sahəsinə verilmiş çıxarışların və alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m. torpaq sahəsinə dair ilkin olaraq Nərminə Bəxtiyarovanın adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, Donara Əlibəylinin adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, həmin çıxarışlar əsasında sonuncularla Cavabdeh arasında 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqısatqı müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş xx.xx.2017ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və eyni tarixli xüsusi qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996cı il tarixli, 1248 nömrəli sərəncamı ilə Bilgəh qəsəbəsi 59 saylı BTK-nın nəzdində 0,05 ha torpaq sahəsi olan 1216 “V” (kiril qrafikası ilə) saylı bağ sahəsinə dair D.Əliyevanın adına olan X6 10 №-li orderində sonradan mexaniki üsulla pozma aparılmasında “Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” cinayətinin əlamətləri olduğu üçün prokurorluğa xəbər verilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinə dair ilkin mülkiyyət hüququ cavabdehlər Nərminə Bəxtiyarova, Əlibəyli Donara qeydə adına alınmış və bu qeydə alınmanın hüquqi əsası əvvəllər bağ massivinə aid olan torpaq sahəsi olaraq həmin şəxslərin adına özəlləşmə proseduru olmuşdur. Özəlləşmə hüquqi prosedur olmaqla onun əsası həmin torpaq sahələrinə dair cavabdehlər Nərminə və Donaraya verilən bağ sahəsinin ayrılması dair Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncam və order olmuşdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 290 saylı Sərəncamına əsasən 1253A saylı bağ sahəsi 22 saylı order əsasında N.Bəxtiyarovaya, xx.xx.1996-cı il tarixli, 1248 saylı Sərəncamına əsasən isə 1216K saylı bağ sahəsi 10 saylı order əsasında D.Əlibəyliyə ayrılmışdır. Qeyd edilən bağ sahələri müvafiq özəlləşmə proseduru əsasında qanuni olaraq D.Əlibəyli və N.Bəxtiyarovanın adına qeydə alınmış və bundan sonra vicdanlı alıcı olan Cavabdeh tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Göründüyü kimi, cavabdehlərin mülkiyət hüququ dövlət qeydiyyatına alınmış və bu qeydiyyat ləğv edilməmiş, hər hansı icraat formasında mübahisələndirərək, ləğv edilməmiş, etibarsız sayılmamışdır. Belə bir mübahisələndirmə və ləğv edilmə olmadan mülkiyyət hüququnu təsdiq edən sənədin - çıxarışın etibarsız hesab edilməsi dövlət tərəfindən qorunan xüsusi mülkiyyət hüququna qanunsuz müdaxilədir. Bundan başqa, məhkəmə iddianı təmin edərkən guya iddiaçının mübahisəli torpaq sahəsinə dair qanuni mülkiyyətçi olmasını hesab edərək, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 55 saylı qərarına istinad etmişdir ki, həmin qərar ilə torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qeyd edilmişdir. Lakin məhkəmə, bu sənədə qiymət verərkən obyektiv və əsaslı yanaşmamışdır. Əvvəla, ona görə ki, mübahisəli torpaq sahəsi əvvəllər də bağ massivi torpaqları kateqoriyasına aid olmaqla, əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olmaqla bağ təsərrüfatı idarələrinin sərəncamında olmuş, torpaq bələdiyyə mülkiyyəti olmamışdır. Bu səbəbdən də, Bilgəh Bələdiyyəsinin 2007-ci il tarixdə mübahisəli torpaq üzərində hər hansı qanuni əmlak hüququ və bu hüququ təsdiq edən sənəd olmadığına görə (belə bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir) mübahisəli torpaq sahəsinə dair bələdiyyə qərarının məhkəmə tərəfindən etibarlı və əsaslı sübut olaraq qiymətləndirilməsi prosessual normalara ziddir. Belə ki, qanuna əsasən digər mülkiyyət hüququnun subyektləri kimi bələdiyyələrin də yalnız özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququ var. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilmədən, Nizami Rayon Məkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 55 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində Ə.Vahid küçəsində yerləşən 2016 kv.m. torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Bələdiyyə ilə İddiaçı arasında yuxarıda qeyd edilən 55 saylı qərara əsasən torpağın alqısatqısına dair xx.xx.2007-ci il tarixdə akt tərtib edilmiş və torpaq sahəsinin dəyərinə görə 5500 manat haqq bələdiyyənin hesabına ödənilmişdir. Bələdiyyə tərəfindən tərtib olunmuş İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxeminə əsasən, həmin torpaq sahəsi ilə bitişik qonşuluqda 1216A, 1216B və 1215 saylı bağlar yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının B-83-112 saylı, xx.xx.2017-ci il tarixli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 290 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1253A nömrəli bağ sahəsi X5 istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X8 tərəfindən verilmiş 22 nömrəli orderə əsasən ona Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Nərminə Bəxtiyarovanın adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə, Nərminə Bəxtiyarova tam mülkiyyət üzrə ona məxsus olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1253A saylı bağ sahəsi ünvanında yerləşən 0,1 ha ölçüdə torpaq sahəsini 30.000 manata Cavabdeh satmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə-202-112 saylı, xx.xx.2017-ci il tarixli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1248 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1216A nömrəli bağ sahəsi Donara Əlibəylinin adına keçirilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X8 tərəfindən verilmiş 10 nömrəli orderə əsasən, ona Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1216B saylı bağ sahəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, Bilgəh qəsəbəsi, 1216K saylı bağ sahəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Donara Əlibəylinin adına qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 7-4736/17 nömrəli, xx.xx.2017-ci il tarixli məktubunda qeyd olumuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının idarə arxivinin əməkdaşları tərəfindən tərtib edilmiş Ə-202-112 saylı arxiv arayışında texniki səhvə yol verilmiş Donara Əlibəylinin adına keçirilmiş 1216V nömrəli bağ sahəsi səhvən 1216A kimi göstərilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216V ünvanı arxiv və elektron baza məlumatlarına əsasən təkrarlandığı üçün bağ sahəsinə 1216K nömrəsi təyin edilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin Baş Polis İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli **********4 saylı məktubda göstərilmişdir ki, Sabunçu rayon, Bilgəh qəs. 1216B saylı bağ sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Bakı şəhəri, Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216V nömrəli bağ sahəsi Bakı şəhəri, İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1248 saylı sərəncamı ilə D.Əlibəylinin (sərəncamda qeyd edildiyi kimi) adına ayrılmışdır. Həmin bağ sahəsi xx.xx.2017-ci il tarixdə 1216K nömrəli bağ sahəsi kimi D.Əlibəylinin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən ünvandakı bağların bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təyin edilmiş Donara Əlibəylinin adına X6 Bilgəh bağlar sahəsindəki 59 nömrəli kooperativin 10 nömrəli Orderin “hektar torpaq sahəsi olan” qrafasındakı “1216” rəqəmlərdən sonra kiçik “B” (kiril qrafikası ilə) hərfinin və düz xəttin olması ehtimal olunur, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq və qara rəngləyici çəkilərək indiki vəziyyətə gətirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-4473H, KOD 00501016 şəhadətnaməyə (İ cild, səh 58) əsasən, Bakı Şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 1118 saylı qərarı və İH-nin X6 34 saylı orderi ilə Bilgəh bağ massivində yerləşən 0,12 ha ölçüdə 1216A saylı bağ sahəsi Əliyeva Könül Rafiq qızının (ailə üzvləri Əlibəyli Rafiq Mövsüm oğlu, X9) mülkiyyətinə verilib. xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Donara Əlibəyli tam mülkiyyət üzrə ona məxsus olan Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,05 ha ölçüdə 1216K saylı bağ sahəsini 20.000 manata Cavabdeh satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, Sabunçu rayonu, Bilgəh qəsəbəsində sahəsi 0,15 ha olan 1253A saylı bağ sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin **********54 saylı, xx.xx.2017-ci il tarixli məktubunda Cavabdeh adına reyestrdə qeydiyyat aparılarkən birləşdirmə olduğu qeyd olunmuşdur DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin **********48 saylı, xx.xx.2017-ci il tarixli, DƏÜKRX-nin **********40 saylı, xx.xx.2017-ci il tarixli məktublarında göstərilmişdir ki, mübahisələndirlən torpaq sahəsi bağlar massivi üçün ayrılmış ərazidir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/744 saylı, xx.xx.2018-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Hazırda iddiaçı, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona ayrılmış 2016 kv.m. torpaq sahəsinin torpaq qanunvericiliyinin tələblərinə əsasən onun xüsusi mülkiyyəti sayıldığını bildirərək, həmin torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin və onların adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya instansiya məhkəməsi iddianı təmin edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəf iddianın əsaslılığına dair mötəbər sübutlar təqdim etməklə öz iddiasını sübuta yetirə bildiyi halda, cavabdeh tərəf istinad etdiyi halları sübut edə bilməmiş və cavabehlər N.Bəxtiyarova, D.Əlibəylinin adına torpaq sahələrinin özəlləşdirilməsi, sonradan həmin sənədlər əsasında mübahisələndirilən torpaq sahəsinin digər Cavabdeh adına alqı-satqı yolu ilə rəsmiləşdirilməsi qanuni əsaslarla olmamışdır. Cavabdeh qətnaməni mübahisələndirərək, ilk növbədə bildirir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ali Məhkəmə də, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv edərkən, işi məhz mübahisənin məhkəmə aidiyyətinin yenidən yoxlanılması üçün geri qaytarmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” x xxxxx 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. İddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi xarakterli olmaqla əmlak hüquqlarının müdafiəsinə yönəlmişdir. Kassasiya instansiyası göstərmişdir ki, ...iddiaçı alqı-satqı müqavilələri və onlara əsasən verilmiş çıxarışların etibarsızlığı tələbini irəli sürərkən torpağa dair sənədlərdə saxtakarlığa yol verilməsinə istinad etmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair ilkin olaraq N.Bəxtiyarovaya verilmiş xx.xx.2017-ci il tarixli çıxarış və D.Əlibəylinin adına verilmiş çıxarışın verilməsinə əsas olan hüquqverən sənədlər, hüquqverən sənədlər vermiş inzibati orqanın hərəkətləri mübahisələndirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə, mülki hüquqların müxtəlif növ yaranma əsasları var. Bu əsaslarla yanaşı, inzibati aktlar da mülki hüquqların yaranması üçün əsas təşkil edə bilər. Məsələn, yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair inzibati aktı icarə və istifadə hüququnu tanıyır ki, bu hüquqlar da mülki hüquqlardır. Belə olan halda, yəni hazırkı iddia tələblərinin mülki hüquqi təbiəti əsas götürülərək, işə mülki məhkəmə icraatı qaydasında baxılması yol veriləndir. Bununla yanaşı, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatından aydın olur ki, iddiaçı inzibati orqanların qərarlarını mübahisələndirmir. İddiaçının mövqeyinə görə müvafiq inzibati orqanlar tərəfindən torpaq sahəsinə dair qərarlar onun hüquqlarına toxunmur, sadəcə həmin qərarlar əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınan zamanı çıxarışlar onun torpaq sahəsinə verilmiş, nəticədə mülkiyyət hüquqları pozulmuşdur. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı isə bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan, habelə, qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaq hesabına yaranır. Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların yalnız arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh, apelyasiya şikayətində, eyni zamanda bildirir ki, mübahisələndirilən torpaq sahəsi bağ massivinə aid olmaqla dövlət mülkiyyəti sayıldığından, digər cavabdehlərin adına Bakı Şəhər İcra Hakimiyyətinin sərəncam və orderləri əsasında qanunauyğun olaraq özəlləşdirilmiş, özü də vicdanlı alıcı olaraq həmin şəxslərlə bağlanmış alqı-satqı müqavilələri əsasında torpaq sahəsini xüsusi mülkiyyət hüququ ilə əldə etdmişdir. İddiaçı isə, bunun əksinə olaraq torpaq sahəsini qanunsuz əsaslarla əldə etmiş, belə ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığından Bilgəh bələdiyyəsinin onun iddiaçıya ayrılmasına dair qərar qəbul etmək səlahiyyəti olmamışdır. Kollegiya, apelyasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir, əvvəla ona görə ki, işdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh Bilgəh bələdiyyəsinə qarşı “İddiaçı ilə Bilgəh bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair qərarın ləğv edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti də Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı ilə Bilgəh bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli, 55 saylı qərarın qanuniliyi öz təsdiqini tapmışdır. Odur ki, bu hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, Kollegiya, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi məhkəmə qaydasında təsdiq olunduğu halda, cavabdehlər həmin torpaq sahəsinin qanuni əsaslara onlara məxsus olmasını kifayət qədər mötəbər sübutlarla təsdiqləyə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, işdə olan Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 55 saylı qərarı və bələdiyyə tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz sxemindən aydın görünür ki, iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik qonşuluqda 1216A, 1216B və 1215 saylı bağlar yerləşir. Həmin bağların iddiaçıya məxsus torpaq sahəsi ilə bitişik yerləşməsi, həm də bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmışdır. Cavabdeh N.Bəxtiyarovanın adına verilmiş sərəncam, order və daşınmaz əmlakın dövlət reystrindən çıxarışda isə bağ sahəsi 1253A saylı ilə göstərilmişdir. Halbuki, bağlar massivinin sxemində 1253A saylı bağ isə ümumiyyətlə sxemdə əks olunmamış və 1253 saylı bağ sahəsi iddiaçıya məxsus torpaq sahəsindən iki sahə aralıda yerləşir. Digər cavabdeh D.Əlibəyli torpaq sahəsinin ayrılmasına dair iş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, onlar arasında müəyyən zidiyyətlər var. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında D.Əlibəylinin adına 1216V nömrəli bağ sahəsinin keçirildiyi qeyd olunsa da, həmin sərəncam əsasında onun adına daşınmaz əmalkın dövlət reyetrindən verilmiş çıxarışda bağ sahəsinin nömrəli 1216K kimi göstərilmişdir. DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda bunun səbəbi kimi Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1216V ünvanın arxiv və elektron baza məlumatlarına əsasən təkrarlandığı üçün bağ sahəsinə 1216K nömrəsi təyin edilməsi qeyd olunsa da, Kollegiya həmin məktubu göstərilən ziddiyyətin aradan qaldırılması üçün kifayətedici hesab etmir. Çünki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi Baş Polis İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli digər məktubunda sözügedən ünvandakı bağların bölgü sxeminin arxiv qovluğunda aşkar olunmadığını qeyd etmişdir. Başqa sözlə, sözügedən ünvandakı bağların bölgü sxemi olmadığı halda, adı çəkilən İdarənin arxiv məlumatlarında olan 1216V ünvanının əslində sonradan 1216K nömrəsi ilə qeyd olunan ünvanla eyni və ya fərqli ünvanlar olması barədə qənaətə necə gəlməsi qeyri-müəyyəndir. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, D.Əlibəylinin adına X8 tərəfindən verilmiş 10 nömrəli orderin “hektar torpaq sahəsi olan” qrafasındakı “1216” rəqəmlərdən sonra kiçik “B” (kiril qrafikası ilə) hərfinin və düz xəttin olması ehtimal olunur, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq və qara rəngləyici çəkilərək indiki vəziyyətə gətirilmişdir. Bundan başqa, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən ...müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri əsasında əldə etdiyi 1253A və 1216V saylı bağ sahələri özəlləşdirilərəkən bağların DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş plan və ölçüsü X4 İdarəsinin arxivində olan bölgü sxeminə uyğun olmamışdır. Odur ki, Kollegiya, qeyd olunanları birlikdə qiymətləndirərək, hesab edir ki, mübahsiəli torpaq sahəsinə dair cavabdehlər D.Əlibəyli və N.Bəxtiyarovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar, onlarla digər Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri və sonuncunun adına verilmiş çıxarış etibarsızdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7699/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7699/2020
25.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver