Məhkəmə qərarları › İş №2(103)-7702/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7702/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7702/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC (hazırda "xxxx" MMC), Cavabdeh3 ASC və Cavabdeh5nə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (bacısı) X4, Cavabdeh3 ASC-nin nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin vəkili (nümayəndəsi) X5, iş üzrə üçüncü şəxs olan Cavabdeh4 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Cavabdeh4 və Cavabdeh5nə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 MMC-nin verdiyi 30.12.2016-cı il tarixli, 16-270 saylı qeydiyyat nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatının” etibarsız hesab edilməsi, avtomobilin satılması ilə bağlı “X3” MMC-nin keçirtdiyi hərracın yekunlarına dair tərtib etdiyi 2346 nömrəli, 27.11.2017-ci il tarixli protokolunun ləğv edilməsi və avtomobil üzərinə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, qeyd edilən avtomobilin alınması ilə bağlı iddiaçı ilə Cavabdeh3 ASC arasında “Kredit müqaviləsi” bağlanmış və iddiaçı həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlin təminatı olaraq avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Sonrada iddiaçı kredit borcunu Banka ödəyə bilməmiş və bu səbəbdən Bank ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli qətnaməsi ilə Bankın iddiasının təmin edilməsi, ümumilikdə 12.204,94 ABŞ dolları məbləğində pulun hazırki iş üzrə iddiaçıdan Bankın xeyrinə tutulması, tutmanın avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına qeyd edilən borcun ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Avtomobilə qiymət müəyyən edilərkən onun iştirakı təmin edilməmiş, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş, hərrac qanun pozuntusu ilə həyata keçirilmişdir. Cavabdeh1 MMC tərəfindən avtomobilə real dəyərindən olduqca aşağı dəyərdə 7.000 manat məbləğində qiymət qoyulmuş və avtomobil 7.100 manata hərracdan Cavabdeh4 satılmışdır. Cavabdehlər bunu onunla izah edirlər ki, avtomobilin mühərrikinin işlək vəziyyətdə olmasını yoxlamaq mümkün olmamış, çünki avtomobilin akkumulyatoru olmamışdır. İddiaçı bildirir ki, əgər avtomobilin 70 manat dəyərində olan akkumulyatoru işləmirsə və bu səbəbdən mühərrikin yoxlanması mümkün olmamışdırsa, bu hal mühərrikin işləməməsi kimi qiymətləndirilə bilməzdi və bunun üçün 22.000-25.000 manat dəyərində olan avtomobilin dəyərini 7.000 manat müəyyən etmək olduqca haqsız bir hərəkətdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və hazırki işin icraatı başlanmışdır. Bundan sonra, iddiaçı, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək 06.07.2020-ci il tarixli hesabdan çıxarışa əsasən, hərracdan əldə edilmiş 7.099,99 manat məbləğinlə pulun 05.12.2007-ci il tarixdə Bankın hesabına ödənilməsindən sonra 4.176,22 manat məbləğində olan qalıq borc qalmışdır ki, həmin məbləği ona vurulan maddi ziyan kimi hesab edərək müştərək qaydada cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh5ndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi Rayon Məhkəməsinin baxışı predmeti iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 MMC (hazırda "xxxx" MMC), Cavabdeh3 ASC və Cavabdeh5nə qarşı irəli sürülmüş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təşkil etmişdir. Rayon Məhkəməsi əvvəlki tələb üzrə cavabdeh olmuş Cavabdeh4 yeni tələb üzrə üçüncü şəxs qismində cəlb etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxs olan Cavabdeh4 övladı Anar iddiaçını və iddiaçının nümayəndəsini aldatmış, özü tərəfindən tərtib edilmiş (ikinci) iddia ərizəsini imza etdirmişdir. Əslində həmin ərizə iddiaçının iradə ifadəsini əks etmir. İddiaçının nümayəndəsi (bacısı) B.Əliyeva apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdeh2 MMC-nin (hazırda "xxxx" MMC-nin) vəkili (nümayəndəsi) F.Nəcəfov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra iddiaçı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qəbul etdiyi 23.07.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh3 ASC-nin nümayəndəsi Q.Qarayev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, işə Rayon Məhkəməsi tərəfindən baxılarkən iddiaçı tərəf “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə təqdim etmiş və o, şəxsən özü iddiaçı tərəfdən bu barədə soruşduqda iddiaçının nümayəndəsi təsdiq etmişdir ki, iddia tələbinin dəyişdirilməsi barədə fikirləri qətidir. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İş üzrə üçüncü şəxs olan Cavabdeh4 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, iddiaçı tərəf “iddia tələbinin dəyişdirilməsi barədə” ərizəni özü tərtib edib və imzalayıb. Nə özü, nə də ki, oğlu Anar həmin ərizəni yazmayıb Cavabdeh5 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. İcra Şöbəsinin nümayəndəsinin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində iddiaçı bildirir ki, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə onun iradə ifadəsini əks etmir. Belə ki, iş üzrə üçüncü şəxs olan Cavabdeh4 övladı Anar onu və onun nümayəndəsini aldatmış, özü tərəfindən tərtib edilmiş “iddia tələbinin dəyişdirilməsi barədə” onlara imza etdirmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizənin onun iddiaçının iradə ifadəsini əks etmədiyini, həmin ərizənin iş üzrə üçüncü şəxs olan Cavabdeh4 oğlu Anar tərəfindən tərtib edildiyini, Anarın onu və onun nümayəndəsini aldatmaqla ərizəyə imza etdirməsini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bunu və iddiadan imtina etmək hüququ olan iddiaçının “iddia tələbinin dəyişdirilməsi barədə” ərizədən imtina etməməsini nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslı olub olmaması araşdırılmalıdır. İşdə olan sənədlərdən. iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə Cavabdeh3 ASC arasında “Kredit müqaviləsi” bağlanmış və Bank tərəfindən iddiaçıya kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlin təminatı olaraq “Mercedes Benz E200” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Sonrada iddiaçı kredit borcunu Banka ödəyə bilməmiş və bu səbəbdən Bank ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli qətnaməsi ilə Bankın iddiasının təmin edilməsi, ümumilikdə 12.204,94 ABŞ dolları məbləğində pulun hazırki iş üzrə iddiaçıdan Bankın xeyrinə tutulması, tutmanın avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına qeyd edilən borcun ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən avtomobilə 7.000 manat məbləğində qiymət qoyulmuş və avtomobil 7.100 manata hərracdan Cavabdeh4 satılmışdır. İddiaçı iddia ərizəsində bildirir ki, avtomobilə qiymət müəyyən edilərkən onun iştirakı təmin edilməmiş, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş, hərrac qanun pozuntusu ilə həyata keçirilmiş, avtomobilə real dəyərindən olduqca aşağı dəyərdə qiymət qoyulmuşdur. Buna görə də, iddiaçı, “iddia tələbinin dəyişdirilməsi barədə” ərizədə xahiş edir ki, hərracdan əldə edilmiş 7.099,99 manat məbləğinlə pulun 05.12.2007-ci il tarixdə Bankın hesabına ödənilməsindən sonra 4.176,22 manat məbləğində olan qalıq borc qalmışdır ki, həmin məbləği ona vurulan maddi ziyan kimi hesab edərək müştərək qaydada cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh5ndən onun xeyrinə tutulmalıdır. İddia tələbinin əsaslı olub-olmamasını araşdırılması ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən bu maddi hüquq normalarının tələblərinə MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, ona məxsus avtomobilin açıq hərracdan satılması nəticəsində cavabdehlər tərəfindən ona ziyanın vurulmasını bildirən və bu səbəbdən ziyanın əvəzinin cavabdehlər tərəfindən ona ödənilməsini tələb edən iddiaçı sübut etməlidir ki, cavabdehlərin hərəkəti qanunsuz olmuş və həmin hərəkət nəticəsində ona ziyan dəymişdir. Lakin iddiaçı, bu halı sübuta yetirə bilmir. Əksinə işin hallarından müəyyən edilir ki, avtomobilin açıq hərracdan satılması qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə həyata keçirilmiş, hərracın və qiymətləndirmənin qanunsuz keçirilməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası əsassızdır və Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar