Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-771/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi podrat müqaviləsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qapı və pilləkənlərin hazırlanması müqabilində 25000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyindən məlum olmuşdur ki, cavabdeh tərəfindən materiallar qüsurlu şəkildə hazırlanmışdır. Sözügedən mütəxəssis rəyindən həmçinin oda müəyyən edilmişdir ki, qeyd edilmiş qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs olmaqla “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.213 (iyirmi min iki yüz on üç) manat zərərin və ödənilmiş 151 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120 C ünvanındakı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi arvadı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. 2021-ci ilin əvvəllərində həmin evdə müəyyən təmir işləri aparılırdı. Evin qapılarının və pilləkənlərin yığılması ərəfəsi gəldikdə, evində işləyən ustaların vasitəsilə Cavabdeh və sonuncunun qardaşı Nicat adlı şəxslərlə 2021-ci ilin iyun ayının əvvəllərində tanış olmuşdur. Belə ki, onlar yaxşı qapı və pəncərə ustaları kimi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh qeyd olunan bağ evinə gələrək müəyyən ölçü işləri apardıqdan sonra görəcəyi işlərə görə 73 ədəd 1.20 m enində pilləkən hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 160 manat olmaqla, ümumilikdə, 12.000 manat, 23 ədəd qapının hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 415 manat olmaqla, ümumilikdə 9752 manat, Cavabdeh özünün qapının üstündə qoyduğu və qapının qiymətinə daxil olan kilid dəsti xoşuna gəlmədiyindən, hər kilidə görə əlavə 53 manat ödəmək şərti ilə, 26 ədəd kilid dəstinə görə 1538 manat istəmişdir. Cavabdeh həmin məbləğin müqabilində özünə məxsus materiallarla qeyd olunan işləri görüb, müəyyən edilmiş ünvanda quraşdıraraq təhvil verməli idi. İddiaçı cavabdehin işə başlaması üçün xx.xx.2021-ci il tarixdə onun işlədiyi və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunun kənarında yerləşən sexə gedərək, Salehin qardaşı Nicatın iştirakı ilə 8000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən bağ evində 4000 manat, daha sonralar isə xx.xx.2021-ci il tarixədək hissələrlə ümumilikdə 25.500 manata yaxın pul vermişdir. Verilmiş pulların tarixinə və məbləğinə dair özündə müvafiq qeydlər aparmış və hətta, həmin məbləğlərin bəzilərinə Cavabdeh imza atmışdır. Cavabdeh və qardaşı Nicat 2021-ci ilin sentyabr ayının sonunda bütün işləri təhvil verəcəklərinə söz versələr də, pulları tam almalarına baxmayaraq, bağ evinə yalnız materialların bir hissəsini gətirib, yerdə qalan hissəsini gətirməmiş və ümumiyyətllə hər hansı iş görməmişdir. Eyni zamanda, pilləkənlərin materialları evdə qaldığı zaman müəyyən olunmuşdur ki, cavabdehə sifariş verilən pilləkənlərin eninin 1.20 m bütöv taxta olmalı olduğuna baxmayaraq, hansısa səbəbdən pilləkənlər 1.20 metr calaq taxta hissələrdən hazırlanmaqla, bir-birinə yapışdırılmış və üzərinə rəng vurulmuşdur ki, həmin calaq bilinməsin. Hələ heç quraşdırılmamış pilləkənlər calaq yerlərindən şişib aralanaraq, yararsız vəziyyətə düşmüşdür. 2021-ci ilin sentyabr ayının başa çatmasına baxmayaraq, iddiaçı Cavabdeh istifadəsində olan +**********44 və +**********44 nömrələrinə dəfələrlə zəng vursa da, sonuncu onun zənglərinə cavab verməmiş, qardaşı Nicatın istifadəsində olan +**********00 və +**********84 nömrələrinə zəng vurduqda isə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. İddiaçı 2021-ci ilin noyabrında isə Saleh zənglərinə cavab vermədiyindən, qardaşı Nicata zəng vurub, işi görməyəcəkləri ya da ki pulunu qaytarmayacaqları təqdirdə barələrində polisə şikayət edəcəyini bildirdikdən sonra, Saleh bağ evinə gələrək ondan bir qədər vaxt istəmiş və 2022-ci ilin yanvar ayının sonuna kimi işi başa çatdırıb ona təhvil verəcəyini bildirmişdir. O da bir insan olaraq onu başa düşüb, onunla razılaşmışdır. Lakin, 2022-ci ilin yanvar ayının sonu Salehlə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, o zənglərinə cavab verməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh barəsində Xəzər rayonu Polis İdarəsinə şikayət etmiş və onun şikayəti əsasında Xəzər RPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparılsa da, xx.xx.2022-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında ondan yuxarıda qeyd olunan işlərə görə 25000 manat aldığını və iş görmədiyini, 2022-ci ilin may ayınadək bütün işləri başa çatdıracağını və hətta əlavə olaraq ondan 1500 manat aldığını etiraf etmişdir. 2022-ci ilin may ayı keçsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, onunla əlaqədən yayınmışdır. Bu səbəbdən, o işlərin görülməsi üçün artıq digər ustalara müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, həmin ustalar cavabdeh tərəfindən ona verilmiş qapılara, pilləkənlərə və digər materiallara baxdıqdan sonra, onların hər birinin qüsurlu olduğunu bildirdiyindən, məcburiyyət qarşısında qalaraq, cavabdeh tərəfindən təqdim edilmiş materialların vəziyyətinin, qüsurlarının və çəkilməli olan xərclərin müəyyən edilməsi üçün mütəxəssis dəvət etməli olmuşdur. “Yeni Dövr” Qiymətləndirmə Mərkzəi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Qiymtləndirmə hesabatına əsasən, 22 ədəd qapı və onların çərçivələrinin, 152 ədəd məhəccər, 72 ədəd pilləkən və onun aksessuarları bütövlükdə qüsurludur. Belə ki, 22 ədəd qapının iç hissələri doldurulmamış, bucaq dərəcələrinin uyğunsuzluqları, bəzi hissələrin ümumiyyətlə, işlənilməməsi aşkar olunmuşdur. Eyni zamanda, qapı və pilləkənə aid taxta materialdan olan hissələrin lazımi qaydada standartlara uyğun rənglənməməsi, bir çox hissələrin konstruksiya elementi çərçivəsində digər hissələrlə uyğunsuzluqları müəyyən edilmişdir. Bundan başqa, 72 ədəd pilləkənin hər bir pilləsi calamaqla uzunluğu artırılmış, sonradan rənglənmişdir. Həmin hissələrin calanması keyfiyyətsiz işləndiyindən, nəticədə birləşən hissələrdə xətt əmələ gəlmiş və rəngin çatlamasına gətirib çıxarmışdır. Bu proses 72 pilləkənin hər birində baş vermişdir. Müxtəlif ölçüdə olan ümumilikdə 152 ədəd məhəccər və pilləkən aksessuarları lazımi qaydada standartlara uyğun rənglənməməsi bir-biri arasında rəng fərqi yaratmış və vurulan rəngin getməsi müşayiət olunmuşdur. Göstərilən qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 (on üç min dörd yüz yeddi) manat təşkil edir. Bundan başqa, cavabdeh üzərinə götürdüyü işləri yerinə yetirmədiyindən, hazırda digər ustalar qüsurlar aradan qaldırılmaq bərpa olunduqdan sonra, 22 ədəd qapının hər birinin quraşdırılması üçün 50 manat olmaqla cəmi 1100 manat, 72 ədəd pilləkənin hər birinin quraşdırılması üçün 40 manat olmaqla cəmi 2880, 152 ədəd məhəccərin hər birinin quraşdırılması üçün 3 manat olmaqla cəmi 456 manat və 190 metr plintusun hər bir metrinin rənglənməsi üçün 3 manat olmaqla cəmi 570 manat zəhmət haqqı tələb edirlər. Bu isə ümumilikdə 5006 manat edir. Eyni zamanda, qiymətləndirmənin həyata keçirilməsi üçün tərəfindən qiymətləndirmə təşkilatına 300 manat ödənilmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə etirazla müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar əsassızdır, həqiqəti əks etdirmir və iddia rədd edilməlidir. Belə ki, tanışı, usta Fazil Məmmədov 2021-ci ilin may ayında ona zəng edərək İddiaçı evində taxta qapı və pilləkən yığılmasını təklif etmiş və o, bu təklifi qəbul etmişdir. xx.xx.2021-ci il tarixdən İddiaçı bağ evində ölçü işlərinə başlamış və sifarişçinin hansı ağac növündən və hansı formada qapı və pilləkən istədiyini müəyyən edərək "fıstıq" ağacının sifarişini vermişdir. Həmin ərəfədə İddiaçı bağ evi tam hazır olmadığından və qiymətlərin bir qədər baha olması, həmin qiymətlərə onun maddi imkanının çatmaması (2021-ci ilin sonlarında fıstıq ağacından olan bir pilləkanın qiyməti 230 manat olduğu halda, onun xahişi ilə 166 manatdan, qapıların qiyməti 600 manat olduğu halda 415 manatdan və 3 X 0.30 X 0.05 ölçülü taxtanın qiyməti 1000 manat olduğu halda, 800 manatdan hesablayaraq razılaşmışlar) və onun 2021-ci ilin noyabr ayının sonlarında “Koronovirus”a yoluxması səbəbindən sifarişlər yubanmış və artıq qış ayı olduğu üçün alınmış taxtaların qurudulması zərurəti yaranmışdır. O, koronavirusdan ev şəraitində müalicə aldığı zaman İddiaçı və həyat yoldaşı hansısa prokuror qohumuna güvənərək ona və ailə üzvlərinə hədə-qorxu gələrək, bağ evinə gəlməyini, sifarişləri yerinə yetirməyini, işi qurtarmağı tələb edirdilər. Onun ora gəlməyinin hansı nəticələr verməsini iddiaçıya izah edə bilmədiyini bildirmişdir. 2022-ci ilin yanvar ayının axırlarında Bağ evinə gəlib müəyyən işləri görmək istəyəndə İddiaçı və həyat yoldaşının ona qarşı təhqirlərinə dözməyib bağ evini tərk etmişdir. Materialların pulunu qaytaracağını və belə bir ailə üçün işləməyəcəyini bildirmişdir. 2022-ci ilin mart ayında başqa bir sifariş qəbul etmişdir ki, İddiaçı aldığı pulları qaytarmışdır. Lakin, İddiaçı 2022-ci ilin mart ayının sonlarında "axtarılıb tapılması və barəsində qanuni tədbir görülməsi haqqında" Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət etmiş və o yuxarıda qeyd etdiyi kimi, materialların baha olması, xəstəlik və ona qarşı təhqiramiz ifadələrin işlənməsi səbəbindən incidiyi barədə izahat verərək, 2022-ci ilin may ayının sonuna qədər pilləkənləri və qapıları təhvil verəcəyini izahatında bildirmişdir. Əİavə olaraq, həmin materialların rənglənməsi üçün 1500 manat istəmişdir. İddiaçı rənglənmə işi üçün 1500 manatın həddən artıq çox olduğunu bildirdikdə, Xəzər RPİ-nin 1- ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev iddiaçının yanında başqa bir rəngsaza zəng edərək sadalanan materialların rənglənmə qiymətini soruşmuş, iddiaçıya onun təklif etdiyi qiymətlə razılaşmağı məsləhət bilmiş və ona izahatında 1500 manatı da aldığını qeyd etməyə məcbur etmişdir. Halbuki, həmin məbləğ ona verilməmişdir. Polis mayoru Xəzər Yolçuyev işi bitirdiyində ona məlumat verməyini də ona tapşırmışdır. 10 may 2022-ci il tarixdə fıstıq ağacından olan 12 ədəd tumba, 132 ədəd balaçnı, 72 ədəd pilləkən, 72 ədəd pilləkən sinəliyi, 40 metr perila və 60 metr pilləkənin plintusu (ümumi məbləğ 12000 manat), şam ağacından 23 ədəd taxta qapı-iki üzü MDF materialından, şam ağacından qapıların çərçivəsi, MDF taxta hissələri və 10 sm-lik 266 metr MDF qapı kənarları (ümumi məbləğ 9545 manat), 12 sm-lik MDF plintuslar 290 metr (ümumi məbləğ 1400 manat), üzləməsi MDF 3 dəmir qapı (ümumi məbləğ 1130 manat), mərtəbə arası 3 dənə MDF döşəmə, fıstıq ağacından perila, 22 ədəd 50 sm-lik balaçnı (ümumi məbləğ 1500 manat edir, lakin o məbləği ondan almamışdır) və 40 manatlıq qapı kilidlərinin bir neçə dəfə dəyişdirilərək 93 manatlıq kilidlərlə əvəz edilərək, usta Fazil Məmmədovun iştirakı ilə İddiaçı təhvil vermiş və əlavə olaraq foto-şəkil, video çəkiliş etmişdir. Şəxsən, usta Fazil Məmmədov qapıların boşaldılmasında köməklik etmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan materialların quraşdırılması üçün İddiaçı 3500 manat zəhmət haqqı istənilmiş və o, pulunun olmamasını bəhanə edərək quraşdırılma işlərini təxirə salmışdır. Hətta ona, materialların 2-3 ay ərzində quraşdırılmayacağı təqdirdə taxtaların deformasiyaya uğrayacağı izah edilmiş, lakin o, bu işi başqa bir ustaya həvalə edəcəyini bildirmişdir. Materialları təhvil verdikdən sonra polis mayoru Xəzər Yolçuyevə məlumat vermiş və təhvil verilmiş materialların foto-video çəkilişlərini Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə təqdim etmişdir. İddiaçı və ailə üzvləri usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamamaları səbəbindən onlarla qul kimi rəftar edirdilər. Usta və fəhlələr ehtiyacı üzündən məcburiyyət qarşısında sifarişçinin bütün təhqirlərinə dözməli olurlar. Cavabdeh İddiaçı Cavabdeh qarşı "ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh 14.907 (on dörd min doqquz yüz yeddi) manat maddi ziyan, 300 (üç yüz) manat ekspertiza xərci və 134.72 (bir yüz otuz dörd manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 752.1, 753.1, 759.2, 760.2, 762.1, 762.2, 764.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəfimizdən iddia ərizəsinə etiraz və qarşılıqlı iddia təqdim olunmasına və xx.xx.2023- cü il tarixdə işə daxil olunması üçün vəkil orderi və etibarnamə təqdim olunmasına baxmayaraq cavabdehin və vəkilinin iştirakı olmadan işə baxılaraq qarşılıqlı iddiaya münasibət bildirilmiş və xx.xx.2023-cü il tarixdə isə məhkəmə qətnaməsi çıxarılmışdır. Yalnız xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1797/2023saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin elektron kabinetə yerləşdirilməsindən sonra həmin qətnamədən cavabdeh tərəf xəbərdar olmuşdur. Daha sonra telefon vasitəsilə hakim köməkçisi ilə əlaqə saxlandıqdan sonra cavabdehin vəkili elektron sistemə əlavə edilmişdir. Göründüyü kimi məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə cavabdeh tərəfə hər hansı bildiriş təqdim olunmamış və tərəfin iştirakı olmadan işə baxılmaqla məhkəmə qətanməsi çıxarılmışdır. Bundan başqa qətnamədə təqdim olunmuş materialların qüsurlu olması qeyd olunsa da, həmin qüsurların kimin təqsiri üzündən əmələ gəlməsi sübuta yetirilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı materialların onun evinə gətirildiyi zaman deyil, materialların onun evində qaldığı zaman qüsurların aşkar olunduğunu bildirmişdir. Materialların iddiaçının evində bir müddət qaldıqdan sonra qüsurların aşkar olunması onların saxlanma şəraitinin düzgün olmaması səbəbindən yaranma ehtimalını istisna etmir. İddiaçı ilə işin daha tez yekunlaşdırılıb təhvil verilməsinə dair razılığa gəlinsə də, cavabdehin “Koronovirus” xəstəliyinə yoluxması və evdən çıxmağının mümkün olmaması səbəbindən işin icarası yubanmışdır. Bununla belə iddiaçı ondan pul aldıqdan sonra bilərəkdən razılaşmanın şərtlərini cavabdehin pozduğunu iddia etsə də, cavabdeh 2022-ci ilin yanvar ayının axırlarında Bağ evinə gedərək müəyyən işləri görmək istədiyi zaman İddiaçı və onun həyat yoldaşı onu təhqir etmiş, o isə təhqirlərə dözməyərək bağ evini tərk etmişdir. Belə ki, cavabdeh tərəfindən materialların tam qüsursuz vəziyyətdə göndərilməsinə, daha sonra ondan asılı olmayan səbəblərdən işin icrasının gecikməsinə və həmin müddət ərzində iddiaçı tərəfindən materialların qüsurlu olması barədə iddianın irəli sürülməsinə baxmayaraq məhkəmə ətraflı araşdırma aparmadan öz qətnaməsində şifahi podrat müqaviləsinin şərtlərinin pozulduğunu qeyd etmişdir. Bundan əlavə qətnamədə materiallardakı qüsurların qiymətləndirilməsi üçün ekspertizanın keçirilməsi göstərilsə də, həmin ekspertizanın cavabdehin iştirakı olmadan keçirilməsi ekspert rəyinin obyektiv olub-olmamasına dair sual yaradır. Belə ki, ekspertizanın aparılması üçün təqdim olunan materialların həqiqətən cavabdeh tərəfindən təqdim olunan materiallar olub-olmaması da məlum deyildir. Buna görə də işin yenidən araşdırılması və eləcə də təkrar ekspertizanın keçirilməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
15. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
18. 760.2-ci maddəsinə əsasən, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
19. 762.1-ci və 762.2-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
20. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarında olan Yeni Dövr Qiymətləndirmə Mərkəzinin YDQM 012-/2022 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, fərdi-yaşayış evinin daxilində quraşdırılması nəzərdə tutulmuş 22 ədəd qapı, onların çərçivələri, bundan başqa ümumilikdə 152 ədəd məhəccər, 72 pilləli pilləkən və onların aksessuarları bütövlükdə qüsurludurlar. Belə ki, 22 ədəd qapının hər birinin iç hissələri doldurulmamış, bucaq dərəcələrinin uyğunsuzluqları və bəzi hissələrin ümumiyyətlə işlənilməməsi aşkar olunmuşdur. Eyni zamanda qapı və pilləkənə aid taxta materialdan olan hissələrin lazımi qaydada standartlara uyğun olaraq renglənməməsi, bir çox hissələrin konstruksiya elementi çərçivəsində digər hissələrlə uyğunsuzluqları müəyyən olunmuşdur. Bundan başqa 72 ədəd pilləkənin hər bir pilləsi calamaqla uzunluğu artırılmışdır və sonradan rənglənmişdir. Həmin hissələrin calanması keyfiyyətsiz işlənildiyindən, nəticədə birləşən hissələrdə xətt əmələ gəlmiş və rəngin çatlamasına gətirib çıxamışdır. Bu proses 72 pilləkənin hər birində baş vermişdir. Müxtəlif ölçüdə olan ümumilikdə 152 ədəd məhəccər və pilləkənin aksesuarlarının lazımi qaydada, standartlara uyğun olaraq rənglənməməsi bir-biri arasında rəng fərqi yaratmış və vurulan rəngin getməsi müşayiət olunmuşdur. Yuxarıda göstərilənləri əsas götürərək, 22 ədəd daxili qapıların, 152 ədəd məhəccərin, 72 pilləli pilləkən və onların aksessuarlarının aşkarlanan qüsurlarının aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 (on üç min dörd yüz yeddi manat) olması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat müəyyən edilmişdir.
35. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
36. Cinayət işinin başlanmasının rədd materiallarında Cavabdeh izahat verərək bildirmişdir ki, o, İddiaçı 2021-ci ildə tanımışdır. O, İddiaçı bağ evinin tikintisi üçün 25.000 manat məbləğində və əlavə olaraq 1.500 manat məbləğində pul vəsaiti almışdır.
37. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o 2021-ci ilin iyun ayında İddiaçı ilə tanış olmuş və ona məxsus olan bağ evini təmir etdirmək üçün ondan 25.000 manat pul almış lakin işi söz verdiyi vaxta qurtara bilmədiyini bildirmişdir. O, İddiaçı məxsus olan bağ evinin 2022-ci ilin may ayının sonunadək təmir edib təhvil verəcəyini bildirmişdir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında şifahi podrat müqaviləsindən irəli gələn münasibətlərin olması, həmçinin iddiaçı tərəfindən 25.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçıya materialların qüsurlu olması və podrat müqaviləsinə əsasən işin görülməməsinə görə vurulmuş ziyanın müəyyən edilməsi ilə bağlı olmuşdur.
39. Kollegiya bildirir ki, iş materiallarına və tərəflərin izahatlarına əsasən məlum olur ki, razılaşdırılmış işlərin görülməsi ilə bağlı podrat müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Eyni zamanda təqdim olunmuş qiymətləndirməyə dair rəyə əsasən, podratçı tərəfindən sifarişçiyə verilmiş materiallar qüsurlu olmuş, aşkarlanan qüsurlarının aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 (on üç min dörd yüz yeddi) manat olmuşdur.
40. Kollegiya apellyasiya şikayətinin dəlili olan cavabdehin qarşılıqlı iddiasına dair məhkəmənin qəbul etdiyi qərardada münasibətdə bildirir ki, cavabdeh tərəfindən ilkin iddia tələbinin verilməsindən 20 gün müddətində qarşılıqlı iddia tələbi irəli sürülə biləcəyi halda, qanunvericiliyin bu tələbi pozulmuşdur. Odur ki, haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair qərar qəbul edilmişdir.
41. Kollegiya apellyasiya şikayətinin dəlili olan sonuncu məhkəmə iclasından tərəfin məlumatsız olması və qətnamənin qəbul edilməsindən gec xəbərdar olmasına münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmənin 06 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş, qətnamənin qəbul edildiyi 01 avqust 2023-cü il tarixli növbəti iclas barədə məhkəmə qəbzinə imza etdirilməklə, məlumatlandırılmışdır.
42. Kollegiya apellyasiya şikayətinin dəlili olan tədqiq olunan materialların podratçının təqdim etdiyi materiallarla eyni olub-olmamasına münasibətdə bildirir ki, cavabdehin təqdim etdiyi və müvafiq qiymətləndirmə rəyində olan qiymətləndirmə obyektinin foto təsviri eynilik təşkil edir. Eyni zamanda, cavabdeh tərəfindən şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
43. Kollegiya apellyasiya şikayətinin qüsurların sonradan aşkarlanması və kimin təqsiri ucbatından yaranmasının araşdırlmaması dəlilinə münasibətdə bildirir ki, tərəflər arasında olan şifahi podrat müqaviləsinin şərtlərinə görə razılaşdırılmış müddət ərzində materialların təmin edilməsilə yanaşı quraşdırma-təmir hərəkətləri yerinə yetirilməli idi. Bu halda, müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə podratçı sifarişçiyə dəymiş maddi ziyan həcmində məsuliyyət daşıyır. Həmçinin, podratçı tərəfindən razılaşmada nəzərdə tutulan öhdəliklərin lazımınca yerinə yetirilməməsini təsdiq edən sübutlar təqdim olunmamışdır.
44. Bundan başqa kollegiya iddia tələbinin 1500 manat pulun tutulması hissəsində də təmin olunmasına dair hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi materiallarında cavabdehin yazılı olaraq vermiş olduğu izahatdan da görünür ki, cavabdeh həmin matrialların rənglənməsi üçün iddaçıdan əlavə olaarq 1500 manat pul almışdır. Cavabdeh etiraz ərizəsində qeyd edilən pul məbləğini almadığını, məcburiyyət qarşısında qalaraq izahatında onu yazmış olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə düzgün olaraq təmin edilmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə xərclərinə aid olan eksperiza xərci cavabdehə aid edilməli, 300 manat ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, iddianın qismən təmin olunduğu nəzərə alınaraq 134.72 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1797/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.