Məhkəmə qərarları › İş №2(103)-772/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-772/2024

19.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-772/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə3, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçının arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə” əsasən, iddiaçı, mübahisəli mənzilin dəyərini "xxxx" MMC-yə tam ödəməklə almış və ona mənzilə görə borcunun olmaması barədə MMC tərəfidən "xxxx" verilmişdir. İddiaçı, mənzili aldıqdan sonra həmin binaya xidmət göstərən Ağa adlı (Məhkəmənin qeydi: məhkəmə baxışları zamanı müəyyən edilmişdir ki həmin şəxsin tam adı X2r) şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. İddiaçı, hər dəfə də maraqlandıqda Ağa hər şeyin normal olduğunu bildirmiş və iddiaçı bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin, təqribən 2022-ci ilin əvvəllərində iddiaçıya məlum olmuşdur ki, cavabdeh mənzili zəbt etmişdir. Belə ki, Ağa, cavabdehi aldadaraq saxta sənəd əsasında guya mənzili cavabdehə satmışdır. Sonradan məlum olmuşdur ki, Ağa, eyni üsulla bir neçə nəfəri də aldatmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Hazırda Ağanın barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işinin istintaqı aparılır. İddiaçı, dəfələrlə cavabdehə mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və cavabdeh mənzili tərk etməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzili zəbt etməmişdir. O, həmin mənzili xx.xx.2020-ci il tarixdə MMC-nin direktoru X10 ilə arasında bağlanmış müqavilə əsasında 65.000 manat ödəniş etməklə almışdır. Bu barədə ona "xxxx" da verilmişdir. Cavabdeh mənzili aldıqdan sonra təxminən 6 ay müddətində mənzildə təmir işləri aparmışdır. Bunu bütün qonşular da görmüşdür. Təxminən 2 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və bugünə kimi mənzillə bağlı heç bir mübahisəsi olmamışdır. Cavabdehin mənzilə dair sənədləri saxta deyil, əksinə iddiaçının sənədləri saxtadır. İddiaçı tərəfindən təqdim olunmuş müqavilə mülkiyyətə dair sənəd hesab oluna bilməz. Ona görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. c) üçüncü şəxsin işə cəlb edilməsi və iddia tələbinə qarşı üçüncü şəxsin münasibəti barədə məlumat

4. "xxxx" MMC Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir.

5. MMC-nin nümayəndəsi Nümayəndə2 hazırlıq iclasında iştirak edərək Rayon Məhkəməsinə bildirmişdir ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. 5.1. O, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat vermədiyindən Rayon Məhkəməsi MMC-nin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsaslanaraq iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil MMC tərəfindən cavabdehə təhvil verildiyindən və cavabdeh mənzilə qanuni əsaslarla sahiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü “mənzildən çıxarılma tələbi barədə” iddiası əsaslı sayıla və təmin edilə bilməz. e) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də iddiaçının iddia ərizəsində mənzilin təmiri ilə bağlı Ağa adlı şəxsə tapşırıq verdiyini dolayısı ilə təsdiq etmişlər. Hər üçü bildirmişdir ki, cavabdehin mənzilindəki təmir işlərinə onları Ağa adlı şəxs cəlb etmişdir. 9.1. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin adına olan müqavilə xx.xx.2020-ci il tarixlidir. Müqavilədə qeyd edilir ki, MMC-nin adından müqaviləni guya MMC-nin direktoru X10 imzalanmışdır. Lakin nəzərə alınmalıdır ki, Miradəm Abbasov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi cavabdehin adına olan müqavilə saxtadır. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. f) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

10. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-2877/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. g) kassasiya instansiyasında icraat barədə məlumat

11. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-4049/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən rədd edərkən, məhz həmin norma baxımından iddianın təmin edilməli olması hallarına aydınlıq gətirməmişdir. Belə ki, iddiaçı dəyərini tam ödədikdən sonra mənzilin təmir edilməsi məqsədilə Ağa adlı şəxsə tapşırıq verməsini bildirmişdir. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin aparılması barədə təklifin Ağa adlı şəxsdən gəlməsi məzmununda ifadələr vermişlər. X15 cavabdehi Ağa adlı şəxs vasitəsilə tanımasını, Namiq Əmirov isə cavabdehdən əvvəl təmir işləri ilə bağlı Ağa adlı şəxslə danışıq aparmasını göstərmişdir. Belə olan halda, mənzilin ilkin olaraq iddiaçının sahibliyinə verilməsi barədə iddiaçının dəlillərinə şahid ifadələri kontekstində aydınlıq gətirilməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 88ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçının dəlilləri təsdiq edildiyi halda Mülki Məcəllənin 452.1-ci maddəsi iddianın təmin edilməsi üçün də əsas ola bilərdi. Bundan əlavə, iddiaçı, mübahisəli mənzilin cavabdehə Ağa adlı şəxs tərəfindən saxta sənəd əsasında satılmasını, Ağa adlı şəxs barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işinin olmasını dəlil kimi irəli sürsə də, birinci instansiya məhkəməsi cavabdehlə bağlanmış müqaviləyə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, iddiaçının bu barədə dəlillərinə heç bir əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən bu xüsusatlara hər hansı münasibət bildirməmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir. Sorğuya cavabdan görünür ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 (Məhkəmənin qeydi: yuxarıda artıq qeyd edildiyi kimi iş üzrə tərəflər həmin şəxsi Ağa adlı şəxs kimi tanıyırlar) təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixdə 65.000 manat qarşılığında (hazırki iş üzrə) cavabdehə satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi özünün verdiyi sorğuya alınmış cavab məktubunda qeyd edilənlərlə bağlı hər hansı qiymətləndirmə aparmamışdır. Belə olan halda, həmin sorğunun verilməsinin hansı zərurətdən yaranması, zərurət olmuşdusa, sorğuya cavab alındığı halda ona qiymət verilməməsinin nə ilə izah edilməsi qətnamədən görünmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mənzilin faktiki olaraq cavabdehin sahibliyinə verilməsinin təsdiqi kimi göstərsə də, həmin ifadələrə yalnız istinad etməklə kifayətlənmiş, onları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməmişdir. Halbuki işə mahiyyəti üzrə baxan məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. h) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. 13.1. O, apellyasiya baxışı zamanı X1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə “İttiham aktının” surətini və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş 1(101)-2354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı Məhkəməyə təqdim edərək əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən Ağa adlı şəxs, yəni X4 cinayət işinin istintaqı zamanı özü etiraf etmişdir ki, Lamiyə Vəliyeva ilə əlbir olaraq saxta sənədlər hazırlamış və iddiaçıya məxsus mənzili cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış cavabdehə satmışdır.

14. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya etirazın və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahatlar verdilər. 14.1. Onlar öz izahatlarında əlavə olaraq bildirdilər ki, Ağasəmid Məhərrəmov barəsində qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilmədiyi üçün təqsirli sayıla bilməz. Ağasəmid Məhərrəmov məhkəmə baxışına üçüncü şəxs və ya şahid kimi dəvət edilsə onun fikri öyrənilə bilər. Cavabdehin mübahisəli mənzilə aid sənədlərinin saxta olması dəlil əsassızdır. İddiaçı özü də hazırki iş üzrə vermiş olduğu kassasiya şikayətində etiraf etmişdir ki, 2018-ci ildə binanın təmir və sair işlərinə ümumi nəzarəti həyata keçirmək üçün təsisçilərdən birinin yaxın qohumu olan Ağasəmid Məhərrəmovu həmin binaya cəlb etmişlər, o da öz növbəsində binadakı paylarına düşən mənzillərin təmir işlərinə, alğı-satqısına köməklik göstərmişdir. 14.2. Cavabdehin izahatının dəqiqləşdirilməsi zamanı cavabdeh sədrlik edən hakimin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, mənzilin alğı-satqısı ilə bağlı Ağasəmid ilə söhbət aparan zaman Ağasəmid bildirmişdir ki, mənzil iddiaçıya məxsusdur, lakin iddiaçı mənzili satmaq qərarına gəlmiş və mənzilin satılmasını ona (Ağasəmidə) tapşırmışdır. Ağasəmid bu kimi məlumatı ona versə də, o, iddiaçı tərəfindən Ağasəmidə etibarnamənin verilib-verilməsi ilə maraqlanmamış, mənzilin alğı-satqısı ilə bağlı iddiaçı ilə görüşüb, söhbət etməmişdir. O, Ağasəmidə inanmışdır.

15. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul edərək öz izahatında bildirmişdir ki, iddiaçı, MMC-nin təsisçilərindən biridir. Mübahisəli mənzilə dair müqavilə də iddiaçı ilə bağlanmışdır. Cavabdehə aid müqavilə və "xxxx" MMC tərəfindən imzalanmamış və həmin mənzilə görə cavabdeh tərəfindən MMC-yə ödəniş olunmamışdır. Ağasəmid Məhərrəmov dələduzluq yolu ilə cavabdehi aldadaraq iddiaçıya məxsus mənzili MMC-nin xəbəri olmadan cavabdehə satmış və mənzili cavabdehə təhvil vermişdir. O digər şəxslərə də məxsus bir neçə mənzili eyni üsulla ayrı-ayrı şəxslərə MMC-nin xəbəri olmadan qanunsuz olaraq təkrar satmışıdır. Ağasəmid Məhərrəmov MMC-də hər hansı vəzifə tutmamış, binanın sakinləri öz istəkləri ilə onu mənzillərin təmirinə cəlb etmişlər.

16. MMC-nin nümayəndəsi apellyasiya qaydasında baxılmanın növbəti iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq appellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. 16.1 Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

18. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış "xxxx" görünür ki, MMC mübahisəli mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzili qəbul edib haqqını ödəməyi öz öhdələrinə götürmüşlər.

19. MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli "xxxx" görünür ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən MMC-yə tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu yoxdur.

20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, MMC tərəfindən mübahisəli mənzil iddiaçıya MMC-nin təsisçisi olduğuna görə pay olaraq verilmişdir.

21. MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanması qeyd edilən "xxxx" görünür ki, MMC mübahisəli mənzili tikib cavabdehə təhvil verməyi, cavabdeh isə öz növbəsində mənzili qəbul edib haqqını ödəməyi öz öhdələrinə götürmüşlər. Mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 628 manat həcmində, müqavilənin qiyməti isə 65.000 manat olmaqla dəyişməz qalır.

22. Üzərində MMC tərəfindən verildiyi qeyd edilən xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, mübahisəli mənzilin dəyəri olan 65.000 manat cavabdeh tərəfindən MMC-yə tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu yoxdur.

23. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, cavabdeh tanıyır. Cavabdehin mənzilində 2020-ci ildə təmir işləri ilə məşğul olmuş, kafel işlərini görmüşdür. Mənzildə təmir apardığı zaman hər hansı şəxslər mənzilə gəlib, mənzilin cavabdehə deyil onlara məxsus olmasını bildirərək təmir işlərinin dayandırıb, mənzildən çıxmasını tələb etməmişlər. Cavabdeh ilə onu həmin mənzilin yerləşdiyi binanın komendantı olan Ağasəməd adlı şəxs tanış etmişdir.

24. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, cavabdehi tanıyır. Cavabdeh ilə eyni rayondandır. Cavabdehin mənzilində 2020-ci ildə rəngsaz kimi işləmişdir. Mənzildə təmir apardığı zaman hər hansı şəxslər mənzilə gəlib, mənzilin cavabdehə deyil onlara məxsus olmasını bildirərək təmir işlərinin dayandırıb, mənzildən çıxmasını tələb etməmişlər. O, əvvəllər həmin binada 7-ci mərtəbədə işləmişdir. Ağa adlı şəxsi tanıyır.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, cavabdehi tanıyır. Cavabdehin mənzilində elektrik və santexnik işlərini görmüşdür. Binanın komendantı Ağa adlı şəxs təmir işlərini həyata keçirmək üçün onu çağırmışdır. Cavabdeh təmir işlərinə özü nəzarət edirdi. Təmir işləri və həmin işlərin qarşılığında onlara veriləcək məvaciblə bağlı əvvəl komendantla, sonradan isə cavabdehin özü ilə danışıqlar aparılmışdır. Mənzildə təmir apardığı zaman hər hansı şəxslər mənzilə gəlib, mənzilin cavabdehə deyil onlara məxsus olmasını bildirərək təmir işlərinin dayandırıb, mənzildən çıxmasını tələb etməmişlər.

26. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddia ərizəsində ifadə olunmuş tələblərdən biri cavabdehin mübahisəli mənzildən çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi onunla MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əsasında mənzilin ona satılması (pay haqqı kimi verilməsi) və mənzilə görə pay haqqını tam ödəməsinə baxmayaraq, cavabdehin heç bir əsas olmadan mənzili zəbt etməsinə istinad etmişdir.

27. Cavabdehin etirazı isə ondan ibarətdir ki, MMC ilə eyni mənzilə dair xx.xx.2020ci il tarixli müqavilə bağlamış, mənzilin dəyərini tam ödəyərək, mənzildə təmir işləri aparmış və hazırda da orada yaşayır.

28. Bu iddianı rədd edən Rayon Məhkəməsi hesab etmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili iddiaçının sahiblik və istifadəsinə deyil, cavabdehin sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı mənzilin cavabdehin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. MMC cavabdehlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz cavabdehin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Belə ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

30. Lakin Rayon Məhkəməsi iddianı Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən rədd edərkən, məhz həmin norma baxımından iddianın təmin edilməli olması hallarına aydınlıq gətirməmişdir.

31. Belə ki, iddiaçı dəyərini tam ödədikdən sonra mənzilin təmir edilməsi məqsədilə Ağasəmid Məhərrəmova tapşırıq verməsini bildirmişdir. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin aparılması barədə təklifin həmin şəxsdən gəlməsi məzmununda ifadələr vermişlər. X15 cavabdehi Ağa adlı şəxs vasitəsilə tanımasını, Namiq Əmirov isə cavabdehdən əvvəl təmir işləri ilə bağlı Ağa adlı şəxslə danışıq aparmasını göstərmişdir.

32. Rayon Məhkəməsi şahidlərin bildirdiklərindən belə qənaətə gəlmişdir ki, mənzildə təmir işləri cavabdeh tərəfindən aparılmış, mənzil iddiaçıya təhvil verilməmişdir. Lakin şahidlərin ifadələrinin Ağasəmid Məhərrəmovun iddiaçının tapşırığı əsasında mənzildə təmir işləri aparmış şəxslərə belə təmirin aparılmasını təklif etməsi halının da müəyyən edilə biləcəyi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

33. Qeyd edilməlidir ki, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçının dəlilləri təsdiq edildiyi halda Mülki Məcəllənin 452.1-ci maddəsi iddianın təmin edilməsi üçün də əsas ola bilərdi.

34. MPM-in 220.4-cü maddəsinə görə isə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

35. Bundan əlavə, iddiaçı, mübahisəli mənzilin cavabdehə Ağa adlı şəxs tərəfindən saxta sənəd əsasında satılmasını, Ağa adlı şəxs barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işinin olmasını dəlil kimi irəli sürsə də, birinci instansiya məhkəməsi cavabdehlə bağlanmış müqaviləyə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, iddiaçının bu barədə dəlillərinə heç bir əhəmiyyət verməmişdir.

36. Halbuki, hazırki işin halları baxımından Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün hər bir halda etibarlı müqavilə münasibətlərinin olması zəruridir. Bu, həm də cavabdehlə bağlanmış müqaviləyə aiddir. Qeyd edilən maddəyə uyğun olaraq əmlakın müqavilə əsasında ilkin olaraq cavabdehə verilməsinə görə iddia rədd edilirsə, cavabdehlə bağlanmış müqavilənin saxtalığı (etibarlılığı) ilə bağlı iddiaçının dəlilləri də Mülki Məcəllənin 405-407-ci maddələrinin tələbləri üzrə yoxlanılmalı idi.

37. İşdən görünür ki, Rayon Məhkəməsi iddiaçının ilkin olaraq hələ iddia ərizəsində qeyd etdiyi bu dəlilləri diqqətdən kənarda saxlamışdır.

38. Məhkəmə qeyd edilən bu xüsusatlara münasibətdə bildirir ki, X1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə “İttiham aktının” surəti və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş 1(101)- 2354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından, habelə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apellyasiya instansiyası məhkəməsində birinci icraat zamanı məhkəmə sorğusuna verdiyi cavab məktubundan müəyyən edilir ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X4 təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixdə 65000 manat qarşılığında Cavabdeh satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.

39. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Ağasəmid Məhərrəmov ona Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 1-ci blok, 12-ci mərtəbə, 65 saylı, istifadə edilməyən iddiaçıya məxsus mənzili satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin dövrdə binadan mənzil almaq üçün komendant otağında ona müraciət edən, həmkəndlisi kimi tanıdığı cavabdehə özünü səlahiyyətli şəxs kimi təqdim etmişdir. Özündə olan açardan istifadə edib həmin mənzili cavabdehə göstərməklə və MMC-yə məxsus olan həmin mənzilin 65.000 manat müqabilində satışda olmasını bildirməklə aldatmışdır. Cavabdeh həmin mənzil sahəsini almaq qərarına gəlib dəqiq xatırlamadığı tarixdə binanın komendant otağında təklikdə olduqda ona 65.000 manat pul vermişdir. X3 verdiyi saxta sənədlərdə cavabdehin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətində olan məlumatları öz xətti ilə daxil edib həmin mənzil sahəsini sonuncunun adına rəsmiləşdirmiş və sənədlərdə qeyd etdiyi tarixdə həmin pul vəsaitini cavabdehdən almışdır. Sənədləri Cavabdeh alıcı kimi imzaladıqdan sonra surətini komendant otağında olan printerdə çıxarıb sonuncunun şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə özündə saxlamış, əslilərini isə cavabdehə geri qaytarmışdır. Cavabdehin adına olan saxta sənədləri isə həmin dövrdə avtomobilində saxlamışdır ki, kənar şəxslərin onun törətdiyi qanunsuz əməllərdən məlumatı olmasın. Cavabdehin həmin mənzilin mülkiyyətçisinin başqa şəxs olmasından məlumatı olmamışdır. Cavabdehin adına rəsmiləşdirilməsi ilə əlaqədar sənədlərdə olan yazılar ona, imza isə cavabdehə məxsus olmuşdur. Törədilmiş qanunsuz əməllərdən əvvəlcədən MMC-nin təsisçilərinin, hüquqi və ya faktiki rəhbərlərinin və ya başqa digər şəxslərin məlumatı olmamış, onlar bu qanunsuz fəaliyyətdə hər hansı şəkildə iştirak etməmişlər.

40. Bundan başqa, apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş MMC-nin nümayəndəsi də öz izahatında cavabdehə aid müqavilənin MMC tərəfindən imzalanmadığını və həmin mənzilə görə cavabdeh tərəfindən MMC-yə ödəniş olunmadığını, Ağasəmid Məhərrəmovun dələduzluq yolu ilə bir neçə şəxsi, o cümlədən cavabdehi aldadaraq mənzili ona təhvil verdiyini bildirmişdir.

41. Mübahisəli mənzilə aid cavabdehə məxsus sənədlərin saxta olmasını sənədlərin MMC-nin mərhum direktoru X7 adına tərtib edilməsi də öz təsdiqini tapır. İran islam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 593119 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdehin adına olan müqavilə və maliyyə arayışı isə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir.

42. Belə olan halda, ölmüş şəxsin adından saxta yolla tərtib edilmiş və imzalanmış müqavilə özlüyündə əhəmiyyətsizdir və cavabdehin mübahisəli mənzil üzərində hər hansı hüququnun müəyyən edilməsi üçün əsas təşkil edə bilməz.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır (maddə 351.1.).

44. Məhkəmənin qənaətinə görə, cavabdehin adına olan xx.xx.2020-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” əhəmiyyətsiz əqd olaraq heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında cavabdeh mübahisəli mənzilə dair heç bir hüquq əldə etməmiş hesab edilməlidir.

45. Belə olan halda, iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Rayon Məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir.

46. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə 1.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29.).

47. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə görə, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

48. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (maddə 157.8.).

49. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və hazırki apellyasiya baxışı zamanı cavabdehin verdiyi izahata gəstərilənlərdən (bax: hazırki qətnamənin 14.2ci bəndinə) işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsində yaşamasının, oradan istifadə etməsinin hüquqi əsası mövcud deyil. Başqa sözlə iddianın “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə” hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin nəticəyə aid dəlili əsaslıdır və formal mülahizə xarakteri daşımır.

50. İddia ərizəsində ifadə olunmuş digər tələb cavabdehin ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədədir.

51. İddiaçı həmin şəxslərin kimlər olması barədə hər-hansı məlumatı, yəni həmin şəxslərin adlarını, soyadlarını və ata adlarını iddia ərizəsində göstərməmiş, bu boşluğu Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə keçirtdiyi hazırlıq iclaslarında aradan qaldırmamışdır.

52. Qeyd olunan halı nəzərə alan Məhkəmə bildirir ki, hazırda, yəni artıq apellyasiya baxışında həmin boşluğun aradan qaldırılması qeyri-mümkündür.

53. Göründüyü kimi müzakirə edilən bu tələb qeyri-müəyyəndir. Belə olan halda Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi qeyd edilən əsasla deyil, tələbin əsaslı olmaması əsası ilə təmin etmişdir ki, Rayon Məhkəməsinin bu nəticəsi də səhv hesab edilməlidir. j) apellyasiya baxışının nəticəsi

54. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi işin hallarını tam müəyyən edə bilməmişdir. Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.

55. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

56. Məhkəmə həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən yarı hissədə cavabdehə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, ümumilikdə isə hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin yarısı, yəni 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir.

57. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının yarısının əvəzi, yəni 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar