Məhkəmə qərarları › İş №2(103)-7723/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7723/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7723/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Bu Məcəlləyə görə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 73.1-ci maddəsində qeyd edilmişdir ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəyə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi elektron qaydada verilən şikayəti fiziki şəxs olaraq iddiaçının adından nümayəndə qismində N.Abasov imzalamış və iş materiallarına etibarnamə əlavə edilmişdir. Lakin nümayəndə N.Abasovun ərizəçinin yaxın qohumu olmasına dair iş materiallarında hər hansı sübut (sənəd) aşkar edilməmişdir. Bundan əlavə, “İnternet İnformasiya resursları”ndan müəyyən etmək olur ki, Nizami Abasov Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü-vəkildir, həmçinin iş materiallarında olan etibarnamədə Nizami Abasovun Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü- Abşeron Rayon Vəkil Bürosunun vəkili olduğu qeyd edilmişdir. Bu baxımdan kollegiya qeyde edir ki, şikayətə etibarnamə ilə yanaşı order də əlavə edilməli idi. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyə görə N.Abasovun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3064/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar