Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7724/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(004)-4640/2022 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manat məbləğində borcun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(004)- 4640/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunduğu əsas gətirərək 19 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(004)- 4640/2022 saylı qərardadı ilə Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi tanınmış və apellyasiya şikayətə baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunması barədə qərardad qəbul etməsinə baxmayaraq, qərardad ümumiyyətlə əsaslandırılmamış (hansı sübuta və s. hallara əsasən qətnamənin həmin şəxslərin hüquq və vəzifələrinə toxunması qeyd edilməmiş, yalnız prosessual normalara istinadlar olunmuşdur), məsələyə formal yanaşılmışdır. Birinci instansiya məhkəməsi hansı səbəbdən qətnamənin apellyasiya şikayəti vermiş şəxsin hüquq və vəzifələrinə toxunması nəticəsinə gəldiyini aydınlaşdırmamışdır. Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunmasının əsası kimi - Cavabdeh onun həyat yoldaşı olmasını, borc məsələsinin yalan olmasını, məqsədin aralarında olan əmlak bölgüsü ilə bağlı məsələdən yayınmaq və s. olmasını göstərmişdir. Lakin, Maraqlı şəxs apellyasiya şikayətinə həyat yoldaşı ilə aralarında əmlak bölgüsü ilə bağlı mübahisənin olmasına, bunun hazırki iş üzrə borc məsələsi ilə səbəbli əlaqəsinin mövcudluğuna dair hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, daha sonra şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu (eləcə də apellyasiya şikayətinin MPM-də nəzərdə tutulmuş konkret formaya uyğunluğunu) yoxlamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, MPM-in 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(004)-4640/2022 saylı qətnaməsindən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7724/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7724/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver