Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7728/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DSMF X10rşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7728/2022 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı şəhəri, 13 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə5 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə X3 barəsində olan xx.xx.2020-ci il tarixli **********9 saylı və xx.xx.2022-ci il tarixli **********3 saylı əmrlərinin ləğv edilməsi, xx.xx.2020ci il tarixdə hərbi xidmətə çağrılarkən tutduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifəyə təyin edilməsi, ona xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə hərbi xidmətə çağrılana qədər daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə, ona qarşı ayrıseçkilik edərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı cavabdeh orqanın nöqsana yol vermiş əməkdaşlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə Kəlbəcər şəhərində doğulmuşdur. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşmışdır. Uşaq yaşlarından doğma Vətəni işğalda olan İddiaçı hər zaman Azərbaycan Dövlətinin ərazi bütövlüyünün bərpa olunmasında aktiv iştirakçı olmaq arzusunda olmuşdur və bu arzuya da nail olmuşdur. 2009-cu il tarixdən-2013-cü il tarixədək Azərbaycan İqtisad Universitetinin X2 Fakultəsinin Dünya iqtisadiyyatı ixtisasında təhsil almışdır. xx.xx.2013-cü il tarixdə hərbi xidmətə çağrılmış, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçərək leytinant hərbi rütbəsi almışdır. xx.xx.2015-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2016-cı ildə test imtahanı verərək Dövlət Qulluğuna qəbul olaraq xx.xx.2016-ci il tarixli əmrlə Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon Şöbəsində stajçı kimi işə başlamışdır. Dövlət Sosial Müdafiə Fondu X16 xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bu vəzifəyə təyin edildikdən 36 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və xx.xx.2021-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən Vətən Müharibəsi başlayandan Kəlbəcər rayon istiqamətində, xx.xx.2020-ci il tarixdən isə Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində düşmənin açdığı güllə baldır sümüyünü tamamilə dağıtmış, bununla bağlı ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. Uzun müddət aldığı güllə yarasından ölkə daxilində və Yaşat Fondunun dəstəyi ilə Türkiyə Respublikasında müalicə almışdır. xx.xx.2020-ci il tarixdə, Vətən Müharibəsindən sonra Prezidentin müvafiq fərmanı ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmamışdan əvvəl, yəni xx.xx.2020-ci il tarixli **********9 saylı əmrlə xidmətə getməzdən əvvəl çalışdığı şöbə müdiri vəzifəsindən qanunsuz olaraq azad edilərək böyük mütəxəssis vəzifəsinə endirilmişdir. Hərbi xidmət dövründə qanunsuz olaraq aşağı vəzifəyə endirilməyə etiraz edərək ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə, Azərbaycan Respublikasının Baş Nazirinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Milli Məclisin deputatlarına və digər orqanlara müraciət etsə də, heç bir nəticə olmamış, cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ilə işdən azad edilmişdir. Ölkə Prezidenti hər bir çıxışında qeyd edir ki, “qarşılaşdığınız haqzıslıqlarla bağlı mənə müraciət edin.” Bundan cəsarətlənib şikayətlər etmiş, şikayətləri əsaslı olsa belə təmin edilmək əvəzinə şikayətdən sonra daha da cəzalandırılaraq ümumiyyətlə tutduğu vəzifədən azad edilmişdir. Hətta hesab edir ki, ona qarşı olan haqsızlıqlarla davamlı mübarizə aparacaqdırsa, bəlkə də əlavə təqib və təzyiqlərlə qarşılaşa bilər. Gələcək təzyiqlərlə qarşılaşmaq qorxusu altında hazırkı iddianın verilməsində belə tərəddüdlər içərisində olmuşdur. Hazırda kirayə müqaviləsi üzrə aylıq 250 manat ödəməklə kirayədə yaşayır. Vətən Müharibəsində iştirakına görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2349 saylı sərəncamı ilə “Vətən uğrunda”, xx.xx.2020-ci il tarixli 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və xx.xx.2021-ci il tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müharibə dövründə göstərdiyi yaxşı xidmətə görə baş leytinant hərbi rütbəsinə layiq görülmüşdür. “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasəti sosial və hüquqi müdafiənin təmin edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi, fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması, yaşayış sahəsi ilə təminat, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi əsaslar üzərində qurulur. Dövlət Sosial Müdafiə Fondu PHŞ dövlətin bu siyasətini layiqincə yerinə yetirmir. Cavabdeh orqan onun əmək hüquqlarını məhdudlaşdırmaqla Konustitusion hüquqlarını ciddi şəkildə pozmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, hələ müalicə müəssisəsində olarkən onu heç bir əsas olmadan aşağı vəzifəyə salmışlar və işə çıxdığı ilk gün isə əmək müqaviləsi cavabdeh işəgötürən tərəfindən ləğv edilmişdir. Əlildir, cavabdeh orqan əlillərə qayğı göstərmək vəzifəsini daşıyan dövlət qurumudur, lakin özü əlilin hüquqlarını ciddi şəkildə pozmuşdur. Əlillərin geniş hüquqları olduğu halda və əlillərin bu hüquqlarını qorumaq vəzifəsi daşıyan bir təşkilat Vətən Müharibəsi iştirakçısı, Prezident tərəfindən 5 medalla təltif edilmiş, 2-ci qrup əlilin hüquqlarını əsassız şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konustitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hesab edir ki, sosial mənsubiyyətinə (əlilliyinə) görə tutduğu vəzifədən azad edilmişdir. O, hərbi xidmətə göndərilməmişdən əvvəl vəzifəsində irəliyə çəkilərək şöbə müdiri vəzifəsinə təyin olunmuş, müharibədə yaralandıqdan sonra vəzifəsi iki pillə aşağı salınaraq böyük mütəxəssis vəzifəsinə təyin edilmiş, işə çıxdığı gün də əmək müqaviləsinə xitam verilmişdir. Necə olur ki, əlil olmamışdan əvvəl vəzifədə irəli çəkilmiş, əlil olduqdan sonra vəzifəsindən tamamilə azad edilmişdir? O əlilliyi ilə bağlı bu ayrıseçkiliyə məruz qalmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Müddətli həqiqi hərbi xidmətə çağırıldığı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində olmuşdur. Hərbi xidmətdən buraxıldıqdığı gün isə ümumiyyətlə bir gün belə işə çıxmamışdır. Eyni zamanda struktur dəyişikliyi olarkən Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin əməkdaşı olmuşdur. Ondan başqa həmin şöbənin bütün əməkdaşları Kəlbəcər rayonunun daxil olduğu regional idarəyə təyin edilmiş, yalnız o, Gəncə-Daşkəsən regional idarəsinə, özü də aşağı vəzifəyə təyin edilmişdir. Ayrıseçkiliyin digər bir faktıda məhz elə budur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hərbi xidmətdən buraxılmamış, yəni xx.xx.2020-ci il tarixdə aşağı vəzifəyə, böyük mütəxəssis təyin edildiyi vaxt heç bir əmək müqaviləsinə qol çəkməmiş, həmin müqavilənin müddətli və ya müddətsiz bağlanması onun iradəsini ifadə etməmişdir. Eyni zamanda qanunun tələbindən görünür ki, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanılmalıdır. Daşıdığı vəzifə dövlət işidir. Dövlət işi və həmin vəzifə daimi xarakterlidir. Həmin vəzifədən azad ediləndə həmin vəzifə digər şəxsə həvalə edilir. Bu da o deməkdir ki, həmin işin xarakteri daimi xarakterli olduğu üçün onunla bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmamalı idi. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Onun vəzifəsinin aşağı salınması əmək müqaviləsinə dəyişiklik hesab edilir ki, həmin dəyişiklik xx.xx.2020-ci il tarixdə işəgötürən tərəfindən onun razılığı olmadan həyata keçirilmişdir ki, bu da tamamilə Əmək Məcəlləsinin tələblərinə ziddir. 2-ci qrup Qarabağ əlilidir. Qanunun qadağan etdiyi şəxslə əmək müqaviləsinə xitam verilməsi də Əmək Məcəlləsinin tələblərinə ziddir. Azərbaycan Dövlətinin də qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyayanın 27-ci maddəsinə əsasən iştirakçı dövlətlər digər şəxslərlə bərabər, əlillərin əmək hüququnu tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququnu ehtiva edir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 xx.xx.2022ci il tarixli **********3 nömrəli əmrinin ləğv, xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin isə qismən, yəni İddiaçı aid hissəsində ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqının ödənilməsi qət edilmişdir (Hakim: Toğrul Axundov). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanılmasının səbəbi 2020-ci ilin iyulundan etibarən Fondda başlanmış struktur islahatlar nəticəsində Fondun regional filiallarında təyinat funksiyalarının mərkəzləşdirilməsi olmuşdur. Belə ki, xx.xx.2020 tarixli, **********1 №li Qərarın 7.2 bəndinə əsasən regional filialların təyinat funksiyalarının mərhələli şəkildə mərkəzləşdirilməsi prosesi başlanılmış, xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarla iddiaçının çalışdığı Fondun Gəncə şəhəri və ətraf rayonlar üzrə təyinat funksiyası onlardan alınaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi fililalına (Bakı şəhəri) həvalə edilmişdir. Zərurət yarandığı təqdirdə Fondun mərkəzləşmə ilə bağlı islahatlar barədə müvafiq qərarları məhkəməyə təqdim edilə bilər. Qeyd olunan struktur islahatlar qabaqcadan planlaşdırıldığından, iddiaçının əmək funksiyasının müvəqqəti xarakterə malik olduğu bəlli idi və bu səbəbdən onunla əmək müqaviləsi müddətli bağlanılmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumdur ki, müddət bitdikdə işəgötürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İstinad olunan Məcəllənin 375-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İstinad olunan Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarına əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda istinad olunan Plenum Qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlərdən biri kimi iddia müddətinin cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi (Mülki Məcəllənin 375.2-cimaddəsi), kəsici müddətdə isə məhkəmənin öz təşəbbüsünün ilə nəzərə alındığı qeyd olunmuşdur. “Mediasiya” haqqında Qanunun 3.1.3-cü maddəsinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələrə tətbiq edilir. İddia müddətinin tətbiq edilməsi məqsədilə məhkəməyə ərizə təqdim edilmişdir. Mülki Məcəllənin 375-ci maddəsi birbaşa olaraq mübahisə tərəfinə iddia müddəti ilə bağlı məhkəmə qərarı çıxarılanadək ərizə ilə məhkəməyə müraciət etməyə imkan verir. Belə ki, iddiaçıya şöbə müdirindən böyük mütəxəssis vəzifəsinə keçirilməsi məlum olduğu halda o, müvafiq vəzifəyə keçirildiyi tarixdən (yəni xx.xx.2020-ci il) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək bu halı mübahisələndirməmişdir. İddiaçı müqaviləsinə xitam verildikdən sonra bu halı mübahisələndirmişdir. İddiaçının müvafiq vəzifəyə keçirilməsi halı ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməli idi. 1 il 3 ay həmin vəzifədə qalmaqla əməkhaqqı almış, bu hal mübahisələndirilməmiş və məhz bu səbəbdən də iddiaçı qanunvericilikdə nəzərə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı işdən azad edilərkən (xx.xx.2022) Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxs olduğunu bilmiş, buna baxmayaraq “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək əvəzinə, Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyi tarixdə mediasiyaya heç bir müraciəti olmamışdır. Belə ki, yalnız mediasiya qurumuna müraciət edəcəyi təqdirdə iddiaçının prosessual müddətinin axımı dayandırıla bilərdi. İlkin mediasiyaya müraciət isə, əmək müqaviləsinə xitam verilməsindən 3 ay sonra baş tutduğu üçün iddia tələbi üzrə prosessual müddətlər ötürülmüşdür. İddiaçıya aid xx.xx.2020-ci il tarixli əmək müqaviləsi, sözügedən əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklər, əmrlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə qətnaməsində təqdim edilmiş sənədlərdə ziddiyyətlər olduğu, müqavilələrin sonuncu səhifələrinin xx.xx.2020-ci il tarixli müqavilənin sonuncu səhifəsi olduğu bu səbəbdən də təqdim edilmiş sübutlara tənqidi yanaşıldığı qeyd edilmişdir. Lakin təqdim edilən müqavilələrin sonuncu səhifələri arasında eynilik müəyyən edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliklər barədə müqavilələrin biri Dövlət Sosial Müdafiə Fondunun 03 dekabr 2020-ciil tarixli **********9 nömrəli əmrinə əsasən İddiaçı Fondun 18 saylı Regional Ərazi Filialının Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi üzrə, digəri isə Fondun 27 dekabr 2021-ci il tarixli **********1 nömrəli əmrinə əsasən A.A.X8-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi üzrə dəyişikliyi nəzərdə tutan müqavilədir. Məhkəmə tərəfindən qeyd edilən -faktın hansı əsaslarla sübuta yetirilməsi müəyyən edilməmiş, bununla bağlı kifayət qədər araşdırma aparılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin sözügedən qətnamə ilə iddiaçının böyük mütəxəssis kimi müqaviləsinə xitam verilməsinə baxmayaraq, məhkəmə qətnaməsi ilə o, şöbə müdiri vəzifəsinə işə bərpa edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
9. Həmin Məcəllənin 12-ci maddəsinin i) bəndinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir.
10. Həmin Məcəllənin 16-ci maddəsinin 1-ci hissəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
11. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
12. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
13. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
15. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
16. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
18. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
19. Həmin Məcəllənin 77-ci maddəsinin 9-cu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
20. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən: 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
21. Həmin Məcəllənin 79-cu maddəsinin 3-cü hissəsinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-ci maddəsinin 1-ci hissəsinə görə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
25. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
27. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə isə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
29. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
30. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
31. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və X16 hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
33. Nizamnamənin 1.5-ci bəndinə əsasən, Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Apellyasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. İş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1231/2022 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X17 hüquqi şəxsə qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının mümkün sayılmaması qərara alınmışdır.
38. İş materiallarına əlavə olunmuş X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MŞB/5-02126 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, hazırki mübahisə üzrə xx.xx.2022-ci il tarixində, saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF PHŞ-nin nümayəndəsi iştirak etməmişdir.
39. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, İddiaçı dövlət orqanı olan Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2016-ci il tarixli əmri ilə Nazirliyin yanında DSMF-nun Kəlbəcər rayon şöbəsinin pensiya, sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə ƏƏSMN-nin tabeliyində Nazirlik yanında DSMF-nun əsasında DSMF X16in yaradılması ilə əlaqədar, xx.xx.2020-ci il tarixli, xxxxxxx000200 saylı əmək müqaviləsi əsasında göstərilən xidmətin daimi xarakterli olmasına baxmayaraq, o, 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.2021-ci il tarixdə saat baldır nahiyəsindən yaralanmış və ona xx.xx.2021ci il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X5 xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ilə iddiaçı hərbi xidmətdə olduğu dövrdə, razılığı alınmadan Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X5 xx.xx.2022-ci il tarixli **********3 saylı əmri ilə Fondun Gəncə-Daşkəsən regional filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi İddiaçı həmin tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia müddətini ötürmədən hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(114)-1231/2022 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Bundan sonra iddiaçı mediasiyaya müraciət etmiş, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmədiyindən. xx.xx.2022-ci il tarixdə müvafiq arayış verilmiş və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə cavabdehin hüquqi ünvanı üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
40. Belə ki, cavabdeh qurumun nümayəndələri müvafiq məhkəmə hazırlıq iclaslarında (bir neçə dəfə keçirilmiş) iştirak edərək onlar tərəfindən iddiaya ümumi etiraza dair ərizələr təqdim edilsə də, iddia müddətin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilməmiş, həmçinin elektron sistemə yüklənilməmişdir.
41. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
42. Həmin Məcəllənin 154.2.4 və 154.2.5-ci maddələrinə əsasən isə iddiaya etirazda, iddia etiraf edilmədiyi təqdirdə, cavabdehin etirazının əsasladığı fakt və hallar, eləcə də, istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
43. Kollegiya eyni zamanda cavabdehin, İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X6 müraciət edilərək, Fondda müvafiq vəzifəyə keçirilməsinə etiraz etməməsinə dair ərizəsi əsasında onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, həmin ərizədə ümumiyyətlə tarix göstərilməməklə, keçirilməli olduğu vəzifə də, dəqiq qeyd edilməmiş, iddiaçının yalnız müfaviq vəzifəyə keçirilməsinə etiraz etmədiyi göstərilmişdir.
44. Cavabeh tərəf bu ərizənin, iddiaçı tərəfindən guya, iddiaçının məhz Fondun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilməsi zamanı verildiyini iddia etsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə iddiaçının, ümumiyyətlə həmin müddətdə hərbi xidmətdə olmaqla, həmin tarixlərdə isə xəstəxanada əməliyyat və müalicə olunması müəyyən edilmişdir.
45. İddiaçı isə həmin ərizənin onun tərəfindən, tutuduğu vəzifədən əsassız və qanuzsuz olaraq aşağı vəzifəyə keçirilməsi ilə bağlı müxtəlif qurumlara etdiyi şikayətlərdən sonra cavabdeh təşkilat tərəfindən idarəyə dəvət olunaraq, onu əvvəlki şöbə müdüri vəzifəsinə keçirəcəklərini və buna dair də ərizə verməli olduğunu bildirmələrindən sonra, tərəfindən yazıldığını və həmin ərizədə müvafiq vəzifə dedikdə, məhz əvvəlki vəzifəsini nəzərdə tutduğunu bildirmişdir.
46. Bununla yanaşı iş materilları ilə o da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qurum arasında imzalandığı iddia olunan işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF PHŞ-nin İH-nin sədri X7 və işçi İddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair razılıqda birində tarix ümumiyyətlə göstərilməyərək və surət olmaqla iki ayrı-ayrı sənədlərdən ibarətdir.
47. İddiaçı, onunla cavabdeh qurum arasında xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin olmasına dair hər hansı bir razılığın ümumiyyətlə imzalanmamasını, təqdim olunan razılığın isə, birinin ikinci vərəqində olan orijinal imzanın onunla cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu vərəqinin olması, cavabdeh tərəfindən isə aralarında guya imzalandığı iddia olunan sənədin, yəni razılığın birinci vərəqinin sonradan tərtib olunaraq, ikinci vərəqinə isə xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin sonuncu səifəsinin əlavə olunduğunu, tərəflərindən məhkəməyə həmin sənədlərin orijinallarının da, məhz bu səbbədən təqdim edə bilməmələrini bildirmişdir.
48. Cavabdehin nümayəndəsi tərəfindən isə sənədlər arasında olan ziddiyyətlərlə baglı tutarlı izahat verilməmiş və buna dair məhkəməyə sübutlar təqdim edilməyərək, sənədlərin əslləri itirildiyindən onları məhkəməyə təqdim etmək iqtidarında olmadıqlarını bildirmişdir.
49. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
50. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
51. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə ünvanlanmış 15 fevral 2002-ci il tarixli məktubda qeyd edilir ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır.
53. Beləliklə, kollegiya tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdırılmaqla, həmçinin iddiaçının Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda hərbi əməliyyatlarda iştirakı, dəfələrlə dövlət tərəfindən mükafatlandırılması xəsarət alması və uzun müddət müalicə olunması da, nəzərə almaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 xx.xx.2022-ci il tarixli **********3 nömrəli əmri ləğv, xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmri isə qismən, yəni İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Kəlbəcər rayon Filialının Sosial Müavinət, Təqaüd və Kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifəyə işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə ona məcburi işburaxma müddəti (mütəxəssis vəzifəsi üzrə ödənilmiş əmək haqqları nəzərə alınmaqla) üçün əmək haqqının ödənilməsı ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
54. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
57. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh Dövlət Sosial X17 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3738/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev