Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7731/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.200 (qırx min iki yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-1285/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh 13.802 (on üç min səkkiz yüz iki) manat məbləgində borc vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı və Cavabdeh həmin qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 2018-ci ilin aprel ayının 01-də, ünvan 1 ünvanında “xxxxxxxxxxxxxxx” MTK-nın inşa etdiyi binada 1 otaqlı, sahəsi 60 kv.metr təşkil edən 114 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzilə görə, o, hər ay 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul ödəməli idi. Qeyd etdiyi mənzilə görə kooperativə 16 ay müddətində hər ay 1.574 (bir min beş yüz yetmiş dörd) manat məbləğində pul ödənilmişdir. Mənzillə bağlı ödənilən pul məbləğinin 13.000 (on üç min) manat hissəsini cavabdehin xahişinə əsasən iddiaçı ödəmişdir. Cavabdeh ona bildirmişdir ki, ödədiyi məbləği ona qaytaracaqdır, çünki həmin pulu iddiaçı ona borc kimi vermişdir. Alınmış mənzilə görə 16 ay ödəniş etdikdən sonra mənzili satışa qoymuş və mənzilə görə onun və cavabdeh tərəfindən ödədiyi 36.414 (otuz altı min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti kooperativ tərəfindən qaytarılmışdır. Bu zaman cavabdeh bildirmişdir ki, özünə maşın almaq istəyir, bu səbəbdən onun verdiyi pulu sonra qaytaracaqdır. Cavabdehin mənzilinə görə 13.000 (on üç min) manat məbləğində pul vəsaitindən əlavə o, iddiaçı şəxsdən 2.550 (iki min beş yüz əlli) manat məbləğində 2017-ci ilin iyun ayında borc da almışdır. O, cavabdehlə 2019-cu ilin yanvar ayından əlaqə saxlamamışdır. Ancaq növbəti dəfə ona inanaraq, 2019-cu ilin avqust ayında oğlunun adına 69.500 (altmış doqquz min beş yüz) manat məbləğində aldığı “Mercedes E200 AMG” markalı, **-MG-*** nömrə nişanlı avtomaşını cavabdehin adına sənədləşdirmişdir. Qeyd etdiyi avtomaşını almazdan əvvəl Cavabdeh özünə məxsus “KİA Optima” markalı avtomaşını var idi. 2019-cu ilin iyul ayının 3-də cavabdeh şəxs ona zəng edərək bildirmişdir ki, həmin avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir, ona təcili olaraq 4.650 (dörd min altı yüz əlli) manat məbləğində pul lazımdır. Cavabdeh ona bu məbləği verməyi xahiş edərək, qısa müddətdə bütün borclarını qaytaracağını bildirmişdir. O, öz növbəsində bildirmişdir ki, hazırda bu məbləği ona borc verməyə maddi imkanı yoxdur. Əgər imkanı varsa, bir həftə gözləsin və həmin məbləği ona verə bilər. Cavabdeh demişdir ki, gözləyə bilər. İddiaçı bir həftədən sonra cavabdehə 4.600 (dörd min altı yüz) manat məbləğində borc vermişdir. Cavabdeh 2019-cu ilin noyabr ayında özünə məxsus “KİA Optima” markalı avtomobilini 13.300 (on üç min üç yüz) manat qiymətə satmışdır. Həmin məbləğin 13.000 (on üç min) manat hissəsini ona vermiş və bildirmişdi ki, qalan borcu da ona tezliklə qaytaracaqdır. Hazırda cavabdehin ona olan borcu 40.200 (qırx min iki yüz) manat məbləğində təşkil edir. Cavabdehin özü də bu məbləğdə ona borclu olmasını inkar etmir. Ancaq müxtəlif bəhanələrlə borclu olduğu pul məbləğini qaytarmır. Cavabdeh özü də bilir ki, onun həmin pula ehtiyacı vardır. O, ancaq Cavabdeh borc verdiyi 40.200 (qırx min iki yüz) manat məbləğində pul vəsaitini qaytarmasını xahiş edir. İş materiallarından məlum olur ki, “Mersedes Benz E200” markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır; Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1/2 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 24 nömrəli mənzilin ödənişi ilə bağlı, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.574 (bir min beş yüz yetmiş dörd) manat, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.574 (bir min beş yüz yetmiş dörd) manat, xx xxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.574 (bir min beş yüz yetmiş dörd) manat, xx xxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.580 (bir min beş yüz səksən) manat, xx xxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 (bir min beş yüz) manat, xx xxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən, 1.500 (bir min beş yüz) manat, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən, 1.500 (bir min beş yüz) manat, xx xxxxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 (bir min beş yüz) manat, xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir; Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 bildirmişdir ki, o, İddiaçı dostudur. Cavabdeh yalnız bir dəfə görmüşdür. 2019-cu ildə İddiaçı, o və Cavabdeh bir yerdə Türkiyəyə getmişlər. Cavabdeh yalnız orada görmüşdür. Yolda danışıqlara əsasən İddiaçı Cavabdeh ona 10.000 (on min) ABŞ dolları borclu olduğunu bildirmişdir. Cavabdeh isə Xaçmazda torpaq sahəsi olduğunu, yay olanda torpağı satacağını və borcunu qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X5 isə bildirmişdir ki, o, “KİA Optima” markalı avtomobilini satmışdır. İddiaçı alıcı qismində ona zəng etmiş və onunla görüşərək avtomobilə baxış keçirmişdir. Həmin avtomobil Cavabdeh adlı şəxs üçün alınmışdır. Avtomobilin 8.000 (səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh ödəmiş, yerdə qalan 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində hissəsini isə İddiaçı özü ödəmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmunda olan apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, şikayətini işin faktiki hallarının tam araşdırılmaması, mötəbər sübut olan şahid ifadələrinə heç bir hüquqi qiymət verilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, şikayətində iddiaçı ilə aralarında heç bir borc münasibətinin olmadığını, iddiaçıdan heç bir məbləğdə borc almadığını, eləcə də iddiaçı qarşısında hər hansı borcla bağlı üzərinə öhdəlik götürmədiyini bildirmişdir. O, həmçinin göstərmişdir ki, iddiaçı onun tanışı yox, qızı X2 atasıdır və övladına vaxtında aliment vermədiyi üçün münasibətləri pozulmuşdur. Elə bu səbəbdən iddiaçı ona təzyiq etmək üçün bu borc məsələsini uydurmuşdur. Cavabdeh apelyasiya şikayətində onu da qeyd etmişdir ki, “xxxxxxxxxxx” MMC-yə İddiaçı tərəfindən ödənilmiş 13802 manat məbləğində ödəniş qəbzləri onun iddiaçıdan borc almasını sübut etmir. Belə ki, İddiaçı özü könüllü olaraq onun tərəfindən məcbur edilmədən qızı Mehrin Məmmədliyə görə həmin pulu tikinti şirkətinə ödəmiş, sonradan isə 20000 manat pulu xx.xx.2019-cu il tarixdə şirkətdən özü şəxsən jurnala qol çəkərək götürmüş və ona verməmişdir. Onların arasında hər hansı əqd olmamışdır. Məhkəmə iclasında ifadə verən şahidləri tanımır. Onların ifadəsi yalandır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflər apelyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsələr də, faktiki olaraq iddiaçı qətnamənin iddianın rədd edilən hissəsindən, cavabdeh isə təmin olunan hissəsindən narazılığını bildirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını apelyasiya şikayətlərinə münasibətdə tam həcmdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 40.200 (qırx min iki yüz) manat məbləğində pul vəsaitinin tutulması barədədir. İddiaçı bu pulun cavabdehə borc verildiyini, lakin cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilmədiyini və borcun qaytarılmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlmiş, lakin hesab etmişdir ki, bu borcun məbləği iddiaçının tələb etdiyi kimi 40 200 manat deyil, 13802 manatdır. Məhkəmə bu mövqeyini iddiaçı tərəfindən 13802 manat məbləğində pul vəsaitinin cavabdehin adından “xxxxxxxxxxx” MMC-yə ödənilməsi və bu halın həmin MMC tərəfindən verilmiş maliyyə arayışları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, lakin apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı ilə onun arasında hər hansı borc münasibəti olmamış, o, iddiaçıdan heç bir məbləğdə borc almamış və iddiaçı qarşısında hər hansı borc öhdəliyi yoxdur. İddiaçı onun qızının atasıdır. Aralarında faktiki ailə münasibətləri olmuş, “xxxxxxxxxxx” MMC-yə 13802 manat məbləğində pay haqqını iddiaçı könüllü şəkildə ödəmiş, lakin sonradan xx.xx.2019-cu ildə şirkətdən 20 000 manat pulu şəxsən jurnala imza etməklə götürmüş və ona verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlsə də, iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Belə ki, iş materialları ilə tərəflər arasında nə şifahi, nə də yazılı formada borc razılaşmasının olması təsdiq edilməmiş, cavabdeh bu halı etiraf etməmiş, iddiaçı isə bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə borc münasibətlərindən irəli gələn mübahisə deyil və birinci instansiya məhkəməsi həmin mübahisəyə Mülki Məcəllənin öhdəlik və borc münasibətlərini nizama salan 385.1, 390, 442, 443.1, 448, 739.1, 740, 741, 742.1-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin məzmunundan da göründüyü kimi, borc müqaviləsi konsensual müqavilə olmaqla borc verənin üzərinə pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirmək vəzifəsi qoyur. Real borc müqaviləsində isə borc verənin üzərinə belə vəzifə qoyulmur. Belə ki, real borc müqaviləsi pulun və ya əşyanın borc alana təhvil verildiyi andan bağlanmış sayılır. Məhkəmə kollegiyasının qənaətinə görə Mülki Məcəllənin 740-cı maddəsi də mübahisəli hüquq münasibətinə düzgün tətbiq olunmamışdır. Əvvəla, iddia ərizəsindən və iddiaçının apelyasiya baxışı zamanı verdiyi izahatdan göründüyü kimi iddiaçı tərəflər arasında borc münasibətlərinin 2017-ci ilin dekabr ayının 1dən sonra yarandığını göstərmişdir. Birinci instansiya məhkəməsi qətnaməni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 740-cı maddəsinin xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasına istinad etmişdir. Yəni, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan norma ilə əsaslandırılmışdır. Digər tərəfdən, Mülki Məcəllənin 740-cı maddəsinin xx.xx.2016-cı ildən qüvvədə olan yeni redaksiyasına görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehdən 40.200 (qırx min iki yüz) manat borc məbləğinin tutulması barədədir. 740.2-ci maddəsi isə belə olan vəziyyətdə borc müqaviləsinin yazılı formada bağlanmasını tələb edir. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Hazırkı işdə cavabdeh borc almasını etiraf etmədiyindən borcun qaytarılmasını sübut etmək vəzifəsindən də azaddır və belə olan vəziyyətdə borc verilməsini sübut etmək vəzifəsi bilavasitə iddiaçının üzrinə düşür. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən hər hansı yazılı sübut yoxdur. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı borc münasibətinin olmasını etiraf etmir. İddiaçının izahatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının təqdim etdiyi 2 nəfər şahidin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh apelyasiya şikayətində həmin şahidləri tanımadığını bildirmişdir. Digər tərəfdən, əqdin yazılı formasına əməl olunmaması şahid ifadələrinə istinad olunmasını istisna edir. X9 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X12 Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən bu hallara diqqət yetirməmiş və nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymətləndirməmişdir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlilləri əsaslı sayır və hesab edir ki, bu dəlillər işin araşdırılan halları ilə təsdiq olunduğundan təmin olunmalıdır. Cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında aliment və uşaqla ünsiyyət hüququna dair məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qətnamələr çıxarılmışdır. Həmin qətnamələrin məzmunundan da görünür ki, tərəflər arasında faktiki ailə münasibətləri olmuş, faktiki nikah münasibətindən bir övladları dünyaya gəlmiş, münasibətləri pozulduqdan sonra isə aliment və uşaqla ünsiyyət barədə məhkəmə mübahisələri yaranmışdır. Adı çəkilən qətnamələrdə iddiaçının borc verməsi, cavabdehin isə bu borcu qaytarması ilə bağlı öhdəlik götürməsinə dair heç bir hala rast gəlinmədi. Əksinə, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi tələbinə dair iş üzrə iddiaçı olan İddiaçı iddia ərizəsində bir neçə dəfə cavabdehə avtomobil verməsini, onun və övladının rahatlığı üçün əvvəl öz adına ev alaraq ona verməsini, daha sonra cavabdehə “xxxxxxxxxxxxxxx”da ev almasını, sonradan sataraq yeni avtomobil almasını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasındakı mübahisənin düzgün hüquqi tövsifini aparmaq üçün istinad olunacaq yeganə hal onlar arasında qanunla müəyyən edilmiş qaydada və formada bağlanmış borc müqaviləsidir. Hazırda tərəflər arasında borc münasibətlərinin olduğu sübut olunmadığından mübahisəyə borca dair qaydalar tətbiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, bütövlükdə tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəldiyindən, lakin bu hal apelyasiya baxışı zamanı öz təsdiqini tapmadığından məhkəmə kollegiyası qətnamənin tamamilə ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı 40.200 (qırx min iki yüz) manat məbləğində borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7731/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7731/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver