Məhkəmə qərarları › İş №2(103)-774/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-774/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-774/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3124/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006) 3124/2023 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən ona istinad etmişdir ki, iddiaçı müqavilə öhdəliklərindən irəli gəlməklə cavabdehlə aralarında bağlanmış müqavilə üzrə mənzilin ona təhvil verilməsini xahiş etmiş, lakin, iddiaçı bu məsələnin həll edilməsini cavabdehə təklif etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilənin 6-cı bəndinə görə bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə gedişatı zamanı təqdim edilən pretenziya tarixinin xx.xx.2023-cü il olması iddia ərizəsinin (xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasını nəzərə almaqla) işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında nizama salınmasına riayət edilmədən verilməsini bir daha sübut edir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birincisi, ərizəçinin cavabdehə göndərdiyi məktubun hakimin pretenziya adlandırması və sonra da bunu ərizəçinin özünün əleyhinə yönəltməsi olduqca ciddi suallar doğurur. Məhkəmənin hazırlıq iclası bir ay təxirə salındıqdan sonra, ciddi xəstəlikdən əziyyət çəkən iddiaçının mənzil probleminin həllini sürətləndirmək məqsədi ilə xoş məram nümayiş etdirərək cavabdehə məktub göndərməsini guya bu iş üzrə qabaqcadan pretenziya gaydasının mövcudluğu kimi qiymətləndirmək olduqca ciddi pozuntudur; ikincisi, müqavilədə bütün mubahisələrin tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilməsini nəzərdə tutan müddəanın olması, qətiyyən o demək deyil ki, pretenziya qaydası tətbiq olunmalıdır. Ərizəçinin mübahisənin məhkəməyə qədər va ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə etmə vəzifəsi heç vaxt olmayıb və yoxdur, buna görə də, o, iddia ərizəsinə belə sənəd əlavə etməməli idi və etməyib; üçüncüsü, hakimin öz icraatına qəbul etdiyi ərizəni bundan az qala 2 ay sonra baxılmamış saxlaması, əlavə suallar doğurmaqdan başqa, mənzilini uzun müddət ala bilməyən ərizəçini həm daha əlverişsiz vəziyyətə salır, həm də onun xərclərini (dövlət rüsumu) artırır; həmçinin, belə qərardad həm də məhkəmə təcrübəsinin vahidliyinin pozulması deməkdir, çünki minlərlə, on minlərlə bu kimi ərizələrdə sözü gedən muqavilələrdə tərəflərin əvvəl mübahisələri danışıqlar yolu ilə hasil etməsi barədə müddəalar var, lakin məhkəmələr tamamilə haqlı olaraq danışıqlar və pretenziya məfhumların eyniləşdirmişlər. Bir daha qeyd edir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh təşkilatla danışıqlar aparıb və iddia ərizəsində bu barədə yazmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006) 3124/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-6017/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin şikayətin iddiaçıya münasibətdə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4218/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6017/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 7526/2023 saylı qərardadı ilə şikayət mümkün hesab edilərək mülki işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İstinad edilən maddənin tələblərindən göründüyü kimi işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi müəyyən kateqoriya işlər üçün nəzərdə tutulmuş, həmçinin bu halın müqavilə ilə nəzərdə tutulmalı olması qeyd edilmişdir. Hazırki iddia tələbi isə Cavabdeh MTK-ya qarşı yönəlməklə iddianın mahiyyəti müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsindən ibarət olmuşdur. Həmin tələb üzrə üzrə iddiaçının işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barədə vəzifəsi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bütün mübahisələrin tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilməsini nəzərdə tutan müddəanın olması, qətiyyən o demək deyil ki, pretenziya qaydası tətbiq olunmalıdır. Ərizəçinin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə etmə vəzifəsi o vaxt olardı ki, bu müqavilə üzrə şərtləndirilərdi. Digər tərəfdən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilənin 6-cı bəndində göstərilmişdir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. İddia ərizəsinin dəlillərindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh təşkilatla danışıqlar aparmışdır. İş materiallarından görünür ki, hazırki iddia tələbi - iddiaçının işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barədə iddia tələblərinə aid olmamış, həmçinin iddiaçı müqaviləyə uyğun olaraq cavabdeh tərəflə danışıqlar aparmışdır ki, bununla da birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-nin 259.0.1-ci maddəsinin tələbləri əsasında baxılmamış saxlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin baxılmamış saxlanılması və sonradan verilmiş şikayət əsasında ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3124/2023 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3124/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar