Məhkəmə qərarları › İş №2(103)-7741/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7741/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7741/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)-2629/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, onun və övladları 22 oktyabr 2012-ci il təvəllüdlü X1, 25 may 2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)- 2629/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Hazırkı halda isə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət qanunvericiliyin tələblərinə uyğun olmamaqla, yanaşı iddiaçı tərəfindən fiziki imzalanmış, skan edilərək yerləşdirilmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş))riayət etmədən (konkret formaya riayət edilməməklə yanaşı, dəlillər qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması və s. göstərilməmişdir) vermiş, birinci instansiya məhkəməsi isə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Qeyd edildiyi kimi, şikayətin qanunvericiliyin tələblərinə uyğun qaydada və formada verilməməsi isə onun qaytarılması üçün əsasdır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)-2629/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar