Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7743/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Vəkil, Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2n nümayəndələri X4 və X2 iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpası və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilərək akt qeydində düzəliş edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-1357/2019 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs2 X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 cəlb olunmaqla doğum haqqında akt qeydinin bərpası və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilərək akt qeydində düzəliş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1947-ci ildə Ermənistan SSR Qafan rayonunun Gığı kəndində anadan olmuşdur. xx xxxxxx 1947-ci il tarixdə doğulmasına baxmayaraq Gığı kənd sovetliyində onun doğum tarixi xx xxxxxx 1948-ci il kimi qeyd edilmişdir. Qardaş və bacıları, eləcə də onları kənddə tanıyan hər kəs bilirdi ki, o, xx xxxxxx 1948-ci il tarixdə doğulmuşdur. O, doğum tarixinə düzəliş edilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxs1nə ərizə ilə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Faktiki olaraq doğulduğu tarixin dəqiqləşdirilməsi ona pensiyanın zamana görə qüvvədə olmuş qanunvericiliyinin tətbiqində böyük əhəmiyyət kəsb edir. Belə ki, xx xxxxxx 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun pensiya yaşı, yəni 62 yaşı 2009-cu ilin dekabrın 29-da tamam olmuşdur. Lakin xx xxxxxx 2010-cu il tarixdə həmin qanuna dəyişiklik edilmişdir. Bu səbəbdən doğum tarixinin dəqiq müəyyən olunması onun xx xxxxxx 2010-cu il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə qədər pensiya almağı üçün qüvvədə olmuş qanunvericiliyin ona münasibətdə tətbiqi üçün lazımdır. Onun həqiqətən də doğum gününün xx xxxxxx 1947-ci il tarixinin olmasını ondan yaşlı olan həmkəndliləri və müəllimləri olmuş 1928-ci il təvəllüdlü X5 və 1933-cü il təvəllüdlü X6 təsdiqləyə bilərlər. Doğum haqqında şəhadətnaməsi hal-hazırda itmişdir. Qeyd edilənlərə əsasən doğum haqqında akt qeydinin bərpa olunmasını və onun doğum tarixində düzəliş edilərək, doğum tarixinin xx xxxxxx 1947-ci il, doğum akt qeydinin ata adı qrafasında X7, ana adı qrafasında isə X3 göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 1357/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs2 X17 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2010-cu il tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiya hüququ 62 yaşında yaranacaq və onun 62 yaşı xx xxxxxx 2010-cu ildə tamam olacaqdır. xx xxxxxx 2010-cu ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra pensiya yaşı kişilər üçün müəyyən edilmiş 62 yaş artırılaraq (hər il artırılmaqla) 65 yaşadək çatdırılması nəzərdə tutulmuşdur. Bu dəyişikliyə əsasən müvafiq şöbə tərəfindən vətəndaşa məlumat verilmişdir ki, sənədlərdə qeyd olunan doğum tarixinə görə onun pensiya hüququ xx xxxx 2010-cu ildə, yəni 62 yaş 6 ayında yaranacaqdır. Ərizəçi pensiya hüququ yaranan vaxta qədər doğum tarixini mübahisələndirməməsi onu deməyə əsas verir ki, onun əmək pensiyası hüququ xx xxxxxx 2009-cu ildən yaranmadığı üçün məqsədli şəkildə doğum tarixinin xx xxxxxx 1947-ci il olaraq dəyişdirilməsi barədə ərizə vermişdir. Məhkəmə işə baxarkən Maraqlı şəxs2 üçüncü şəxs qismində işə cəlb etməmiş, dindirilmiş iki şahidin mötəbərliyi şübhə doğuran ifadələrinə əsasən ərizəni əsassız olaraq təmin etmişdir. Ərizəçi apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, o həqiqətən xx xxxxxx 1947-ci ildə anadan olmuşdur. Ancaq kənd sovetində doğumun qeydiyyatını aparan qohumu onun ad gününün daha əlamətdar olması üçün doğum tarixini xx xxxxxx 1948-ci il kimi qeyd etmişdir. Bu faktı nəinki məhkəmədə dindirilmiş iki şahid, əlavə olaraq bir neçə şahid də təsdiq edə bilər. Yaşadığı kənd o qədər də böyük olmadığına görə bu faktı kənddə çoxları bilirdi. O uzun illər xarici ölkələrdə işləmiş və yüksək ixtisaslı mütəxəssis kimi yüksək əmək haqqı almışdır. Son 15 ildə onun aldığı əmək haqqından Maraqlı şəxs2na köçürülmüş və onun sosial sığorta kartında toplanan məbləğ 30000 manatdan çoxdur. DSMF tərəfindən onun pensiyasının düzgün hesablanmaması nəticəsində o təqribən 40000 manata yaxın pensiyadan məhrum olmuşdur. Əgər DSMF X15 apellyasiya şikayəti həmin pensiyanın ona verilməməsi ilə bağlıdırsa, o həmin 40000 manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyə hazırdır. Pensiyanın düzgün hesablanmaması ilə bağlı onunla DSMF-nin Nərimanov rayon şöbəsi arasında bir ildən yuxarıdır ki, inzibati məhkəmədə mübahisə davam edir. Həmin işə hazırda mübahisələndirilən qətnamə əlavə olunmuş və cavabdeh qurumun nümayəndəsinə qətnamənin surəti təxminən bir il bundan əvvəl verilmişdir. Buna baxmayaraq, qanunla müəyyən olunmuş müddət keçəndən sonra DSMF X17 həmin qətnaməni mübahisələndirmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1 isə qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmənin qətnaməsi əsasında o artıq yeni şəxsiyyət vəsiqəsi almış və orada doğum tarixi xx xxxxxx 1948-ci il kimi göstərilmişdir. Buna görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında DSMF X15 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndələri apellyasiya şikayətində qeyd edilənləri təsdiq edərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. X1 izahatına əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Belə ki, doğum haqqında şəhadətnamənin akt qeydləri hissəsini iki nəfər şahidin təsdiqi ilə dəyişdirmək məhkəmənin səlahiyyətinə aid olmayan məsələdir. Lakin məhkəmə həmin hissəni hüquqi fakt kimi təsdiq edərək qiymət vermişdir. Yəni vətəndaşın akt qeydinə dair hər hansı bir sənədi mövcud olmasa idi, məsələn akt qeydi Ermənistanda, ya da işğal altında olan ərazilərdə qalmış olsaydı, daha dəqiq deyilsə, sənədin kökü mövcud olmasaydı, məhkəmə bu halı bərpa edə bilərdi. Amma akt qeydində əks olunmuş qeydlər hissəsinə məhkəmə toxuna bilməzdi, çünki doğum haqqında qeyd hissəsi artıq mövcuddur. Ərizəçinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 1357/2019 saylı qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki iş materiallarında olan xx xxx 1968-ci il tarixdə təkrar verilmiş AB seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Ermənistan SSR Qafan rayonunun Gığı kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamədə atası X7, anası isə X3 qeyd edilmişdir. Bu barədə Qafan rayon VVAQ bürosunda doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1948-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamənin surəti Bakı şəhəri Oktyabr rayon VVAQ bürosu tərəfindən verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx xxxxxx 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi və akt qeydinə düzəliş edilməsi şöbənin səlahiyyəti xaricində olduğundan ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində Ərizəçi xx xxxxxx 1947-ci il tarixdə, X5 isə ərizəçinin 1947-ci ilin dekabr ayında Ermənistan SSR Qafan rayonunun Gığı kəndində doğulması faktını təsdiq etmişlər. Məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən isə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə də, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi ərizəsində doğum haqqında şəhadətnaməsini itirdiyinə görə doğum akt qeydinin bərpasını və doğum haqqında akt qeydindəki səhvin düzəldilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş Ərizəçi doğum haqqında şəhadətnaməsinin kserosurətindən görünür ki, həmin şəhadətnamə xx xxx 1968-ci il tarixdə Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon VVAQ bürosu tərəfindən verilmişdir. Belə olan halda, ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat və ya arxiv orqanlarına müraciət etməklə doğum haqqında akt qeydini bərpa etdirə bilərdi. Doğum haqqında akt qeydində doğum tarixi barədə düzəlişə gəldikdə isə, birinci instansiya məhkəməsi mötəbərliyi şübhə doğuran iki şahid ifadəsinə əsaslanmaqla (şahidlərdən biri ərizəçinin xx xxxxxx 1947-ci il tarixdə, digəri isə həmin ilin dekabr ayında doğulmasını təsdiq etmişdir) doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixinin xx xxxxxx 1947-ci il kimi göstərilməsini qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin təqdim etdiyi sübutlar ərizənin təmin olunması üçün yetərli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Ərizəçi tələblərindən yalnız biri, yəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aid olduğu halda, məhkəmə hər iki tələbə xüsusi icraat qaydasında baxmış, tələblərdən heç biri hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olmadığı halda, əsassız olaraq Azərbaycan Respublikası MPM-in 307 və 308-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının düzgün tətbiq olunmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs2 X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 1357/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi doğum haqqında akt qeydinin bərpası və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilərək akt qeydində düzəliş edilməsi barədə ərizəsi təmin edilməsin. Ərizə verilərkən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7743/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7743/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver