Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7744/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəklili və nümayəndəsi Vəkil, üçüncü şəxslər Elnur İmanov və Zərqələm İmanovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Mübahisə predmeti: Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev № 67-də yerləşən 50 №-li mənzillə bağlıdır (bundan sonra – 50 №-li mənzil). Mənzil dövlət mənzil fonduna aiddir, yataqxana tiplidir, 1 otaqlıdır. Münasibətlər: İddiaçı və cavabdeh Zəngilan rayonundan məcburi köçkündülər. Onlar 20.10.2014-cü ildə nikah bağlayıblar. Nikahdan 2 uşaq var: 04.12.2015-ci il təvəllüdlü Ömər İmanov və 07.10.2017-ci il təvəllüdlü Əsmanur İmanova. Nikah 02.06.2020-ci il tarixli qətnamə ilə pozulub. Həmin qətnamə ilə həmçinin qət olunub ki, nikahın pozulmasından sonra uşaqlar ananın yanında qalsın və uşaqların saxlanması üçün atadan aliment tutulsun. Üçüncü şəxs Elnur İmanov və Zərqələm İmanova ər-arvaddır. Elnur İmanov cavabdehin qardaşıdır. Hazırda üçüncü şəxslər iki azyaşlı uşaqları ilə birlikdə 50 №-li mənzldə yaşayırlar. Onlardan əvvəl həmin mənzildə iddiaçı və cavabdeh yaşayıblar. Hazırda cavabdeh 50 №-li mənzillə qonşu olan başqa mənzildə - 51 №-li mənzildə öz valideynləri ilə birlikdə yaşayır. İddiaçı isə uşaqları ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən, nömrəsini bilmədiyi evdə (öz anasının evinin yaxınlığında) kirayədə yaşayır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı uşaqları ilə birlikdə 50 №-li mənzilə köçürülsün və otaqlardan istifadə hüquqları müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, iddiaçı uşaqları ilə birlikdə 50 №-li mənzilə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəklili və nümayəndəsi Vəkil bildirdi ki, iddiaçının 50 №-li mənzilə köçürülməsi üçün qanuni əsas yoxdur, ona görə də qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 2014-cü ildə cavabdehlə ailə qurub, bundan sonra 3 il 50 №-li mənzildə birlikdə yaşayıblar. 2016-cı ilin sentyabr-oktyabr aylarında cavabdehlə birlikdə 50 №-li mənzili tərk etmişlər. Mənzili ona görə tərk etmişlər ki, qaynı (üçüncü şəxs Elnur İmanov) ailə qururdu, qaynı ailə qurduqdan sonra ailəsi ilə 50 №-li mənzildə yaşayacaqdı. 50 №-li mənzili tərk etdikdən sonra cavabehlə birlikdə Qaraçuxur qəsəbəsində dəqiq ünvanını bilmədiyi evdə kirayədə yaşayıblar. 1 il həmin ünvanda kirayədə yaşadılar. Sonra ünvanı dəyişərək Qaraçuxur qəsəbəsində başqa ünvanda kirayədə yaşadılar. Təxminən 1 il həmin ünvanda yaşadıqdan sonra cavabdehlə ayrılmışlar, cavabdeh kirayədə yaşdıqları evi tərk etmiş, özü isə uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Təxminən 1 il həmin evdə yaşamış, sonra öz anasının evinin yaxınlığında – Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən, nömrəsini bilmədiyi başqa evi kirayəyə götürmüşdür. Artıq maddi vəziyyəti kirayədə yaşamağa imkan vermir. Ona görə də əvvəllər yaşadığı 50 №-li mənzilə köçürülməsini tələb edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Elnur İmanov bildirdi ki, 27.09.2016-cı ildə Zərqələm İmanova ilə ailə qurub. Həmin vaxtdan indiyə kimi 50 №-li mənzildə yaşayırlar. Mənzil 1 otaqlıdır, iki azyaşlı uşaqları var, 1 otaqda 4 nəfər yaşayırlar. Ondan əvvəl mənzildə qardaşı Cavabdeh ailəsi ilə yaşayıb. Özü ailə qurmağa hazırlaşarkən ailələrinin qarşılıqlı razılığı əsasında qardaşı ailəsi ilə birlikdə 50 №-li mənzili tərk etdi, o isə toydan sonra ailəsi ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa başladı. Mənzilə köçən zaman mənzil artıq boş idi. Həmin vaxt iddiaçı bu məsələ bağlı etirazını bildirməyib. Hazırda qardaşı Cavabdeh 51 №-li mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Zərqələm İmanova əri Elnur İmanovun izahatına uyğun izahat verdi. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. İstifadə hüququnun tanınması barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının dövlət mənzil fonduna aid olan mənzilə istifadə hüququ yaranmayılb. Belə ki, iddiaçı və cavabdeh məcburi köçkündür, 50 №-li mənzilin iddiaçıya və ya cavabdehə ayrılması barədə səlahiyyətli orqan tərəfindən verilmiş qərar, order və kirayə müqaviləsi yoxdur. İddiaçıya aid olan məcburi köçkün vəsiqəsində onun məskunlaşdığı ünvan “ünvan 1ifadə hüququnun yaranması üçün Mənzil Məcəlləsinin 68-ci maddəsində müəyyən edilmiş əsas olmalıdır, lakin belə əsas yoxdur. Mənzilə köçürülmə barədə tələbə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçının yaşadığı 50 №-li mənzildən qanunsuz məhrum edilməsi baş verməyib . Belə ki, iddiaçı təxminən 2 il (2014-2016-cı illərdə) həmin mənzildə yaşayıb, lakin 5 il bundan əvvəl (2016-cı ilin sentyabr ayında) mənzili könüllü surətdə tərk edib. Bunun əksini, yəni iddiaçının mənzili öz iradəsi əleyhinə tərk etdiyini təsdiq edən sübut yoxdur. İddiaçının özü də izahatında etiraf edib ki, yeni ailə quran qayını həmin mənzildə yaşamalı olduğuna görə əri ilə birlikdə mənzili tərk edib. İddiaçı əri ilə münasibətlərinin pozulmasından sonra mənzilə qayıtmaq istəyir. Lakin iddiaçının əri ilə münasibətlərinin pozulması ona 5 il əvvəl könüllü surətdə tərk etdiyi mənzilə köçürülməsi barədə tələb irəli sürməyə əsas vermir. Mənzildən qanunsuz məhrum etmə baş vermədiyinə görə mənzilə köçürülmə barədə tələb təmin edilə bilməz. Bundan başqa, iddiaçı mənzilə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddianı keçmiş ərinə qarşı irəli sürüb. Mənzilə dair iddiaçının keçmiş ərinin adına hər hansı hüquq müəyyənedici sənəd yoxdur və o, həmin mənzildə yaşamır. Ona görə də iddiaçının keçmiş əri hazırkı iddiaya cavab verməli olan şəxs deyil. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7744/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7744/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver