Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7744/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 olmaqla “maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-181/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 403G saylı bağ sahəsinə giriş-çıxışa Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-181/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 403G saylı bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə, Cavabdeh istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qonşu - 403 saylı bağ sahəsinin keçid hissəsində cavabdeh tərəfindən inşa edilmiş, eni 3,6 metr, uzunluğu 19 metr olan tikili (403G saylı bağ sahəsinə maneəsiz giriş-çıxış üçün yetərli həddə) cavabdehin hesabına sökülməsi və söküntü işlərinin qalıqları cavabdehin hesabına təmizlənməsi, qətnamənin icrası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1008 №-li rəyi, eləcə də orada (3-cü səhifədə) göstərilmiş “403G saylı bağ sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu” adlı sxemin nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehə aid edilməklə, əvəzinin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilməyərək tərtib edilmiş və nəticədə qeyd edilən 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr əks olunmamışdır. Belə ki, Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu hissə cavabdeh tərəfindən apellyasiya şikayətində ümumiyyətlə göstərilməmişdir. Həmçinin Formanın 7-ci bəndində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu hissə də cavabdeh tərəfindən apellyasiya şikayətində ümumiyyətlə göstərilməmişdir. Həmçinin, Formanın 8-ci bəndində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Cavabdeh bu hissəyə ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Həmçinin Formanın 9-cu bəndində bəndində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər hissəsində də cavabdeh ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Həmçinin Formanın 10-cu bəndində birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Cavabdeh bu hissəyə də ümumiyyətlə hər hansı bir qeyd aparmamaqla münasibət bildirməmişdir. Digər tərəfdən apellyasiya şikayəti üzrə tələb də aydın göstərilməyərək, iddianı əsassız hesab edərək rədd edilməsi, iddiaçı bazar dəyərini ödəməklə onun istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə ala, yaxud həmin sahəyə əvvəlki illərdə giriş çıxı kimi qeyd edilmişdir. Halbuki, 2 saylı Əlavənin 12-ci bəndində apellyasiya şikayəti verən şəxsin özünün tələblərini aydın göstərməsi, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməsi tələb edilmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti 2 saylı əlavədə göstərilən məzmuna uyğun tərtib edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmaqla cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə tərtib edilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-181/2023 saylı qətnaməsindən apellyasiya şikayəti Cavabdeh tərəfindən bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-181/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7744/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7744/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver