Məhkəmə qərarları › İş №2(103)-7748/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7748/2020

23.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7748/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçınin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsi" tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsində 183 saylı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimova (Şabanova) Aidə Məmməd qızı ilə 2003-cü ildə evlənmiş və nikahları xx xxx 2005-ci ildə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Cavabdehlə 2012-ci ildə tarixədək birgə yaşamışlar. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Daha sonra ailə münasibətləri pozulmağa başlamışdır. Bu səbəbdən də o, cavabdehlə aralarında olan nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Rəsmi nikahda olduqları dövrdə torpaq sahəsi əldə etmişlər və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İbrahimova (Şabanova) Aidə Məmməd qızının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı torpaq sahəsinin 0,02 ha hissəsi payları bərabər olmaqla bölünərək Bakı şəhəri Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı torpaq sahəsinin 0,02 ha hissəsinin 1/2 hissədə İbrahimova (Şabanova) Aidə Məmməd qızının, 1/2 hissədə onun payının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X3 arasında 5 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-325 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, 5 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-325 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı torpaq sahəsinin 0,02 ha torpaq sahəsinin X2 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (çıxarış) ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)90/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsində 183 saylı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsi açıq hərracda satılaraq, torpaq sahəsinin satışından əldə olunan pul vəsatinin İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölünməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 2019-cu ildə də Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(003)-32/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin iddiaçı eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, yenidən eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmə isə bu hala hüquqi qiymət vermədən bu dəfə iddia tələbinin təmin olunması barədə məhkəmə qərarı çıxartmış və bununla da prosessual hüquq pozuntusuna yol vermişdir. Bununla yanaşı, məhkəmə mübahisənin obyektiv həlli və digər əhəmiyyətli halların aydınlaşdırılması məqsədilə, açıq hərracda satılması tələb edilən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin mövcud bazar qiymətinin müəyyən olunması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmiş və bununla da, daha bir kobud prosessual pozuntuya yol vermişdir. Bakı şəhəri. Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində 183 saylı bağın 0,02 ha torpaq sahəsinin ümumiyyətlə açıq hərracda satışı mümkün deyil. Belə ki, həmin torpaq sahəsinin üzərində ikimərtəbəli, fərdi yaşayış evi mövcuddur və həmin ev müvafiq icazə sənədləri alınmadan inşa edilərək Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmiş, yəni qeyd olunan fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bu səbəbdən də Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində 183 saylı bağın 0,02 ha torpaq , sahəsinin üzərində olan ikimərtəbəli, fərdi yaşayış evi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2016-cı il tarixli, 2(003)-2215/2016 №-li qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməmiş və tərəflər arasında bölünə bilməməsi məhkəmə qaydasında təsbit olunmuşdur. İşə baxan məhkəmə yuxarıda qeyd edilən heç bir halı nəzərə almamış və lazımi hüquqi qiymət verməmiş, nəticədə isə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iddia tələbini təmin edərkən açıq-aşkar iddiaçının mövqeyini müdafiə etmiş, mənim etirazlarıma etinasız və səthi yanaşmış, iş üzrə əhəmiyyət kəsb edən bütün bu kimi halları araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Prosessual Məcəllə 261.0.2, Mülki Məcəllənin 220.3, 220.4, 220.6, Mülki Prosessual Məcəllənin 88, 360,372.1, 357.1, 386, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxx 2005ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019- cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0.02 ha hissəsi X1 və Cavabdeh ½ hissədə xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 32/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu məhkəmə qətnaməsi ilə onunla Cavabdeh arasında payları müəyyən edilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0.02 ha hissəsinin naturada bölünməsinə dair cavabdehlə razılığa gələ bilməmiş, lakin qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədən, yəni payın naturada ayrılmasına dair tələb irəli sürmədən, birbaşa əmlakın açıq hərracda satılmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 90/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh İbrahimova (Şabanova) Aidə Məmməd qızına qarşı torpağın paylara uyğun naturada bölünməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı bağ sahəsinin 0.02 ha torpaq sahəsinin paylara uyğun qaydada bölgüsü mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-2510/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Hüquqi dəyərləndirmə: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olduqları xx xxx 2005-ci il tarixdən nikahlarının faktiki olaraq pozulduğu vaxta, yəni xx xxxxxxx 2014-cü il tarixədək birgə yaşamış və birgə təsərrüfat idarə etmiş, məhkəmənin qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin tərəflər arasında 1/2 hissədə payları müəyyən edilmiş, daha sonra həmin torpaq sahəsinin naturada ayrılması məhkəmədən xahiş olunmuş, iddia təmin edilməmişdir. Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4 və 220.5-ci maddələrinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Kollegiya işin hallarına əsasən qeyd edir ki, İddiaçı məhkəmə qətnaməsi ilə onunla Cavabdeh arasında payları müəyyən edilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsinin 0.02 ha hissəsinin naturada bölünməsinə dair cavabdehlə razılığa gələ bilməmiş, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq qaydada, yəni payın naturada ayrılmasına dair tələb irəli sürmüş, lakin məhkəmə torpaqşünaslıq ekspertizasının rəyinə əsasən mübahisəli əmlakın tərəflər arasında naturada bölgüsü mümkün olmadığından, iddia tələbi rədd edilmiş, iddiaçı mübahisəli əmlakın açıq hərracda satılmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, tərəflərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıq qaydasına riayət etməsindən ibarət mövqeyi əsaslı olmuşdur. Belə ki, tərəflər arasında paylar müəyyən olunmuş, daha sonra torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olmadığından məhkəmə qətnaməsi ilə təmin edilməmiş, hazırda iddiaçı torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin tərəflər arasında bərabər şəkildə bölünməsini xahiş etmişdir. İş materiallarında tərəflərin mübahisənin barışıq yolu ilə həll edilməsi və bir tərəfin qarşı tərəfə öz payının dəyərinin digər mülkiyyətçidən ona ödənilməsinə dair hər hansı razılığın əldə edilməsi aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, hazırki tərəflər arasında olan eyni iddia tələbinə daha əvvəl baxılıb yekun məhkəmə aktının çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki, iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi Mülki Məcəllənin 220-ci maddəsinə nəzərə tutulmuş ardıcıllıq qaydasına riayət edilməsi zərurətindən irəli gəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş halı ehtiva etmir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ sahəsi, 183 saylı bağın torpaq sahəsi açıq hərracda satılması, torpaq sahəsinin satışından əldə olunan pul vəsatinin İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünməsi ilə bağlı birnci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1670/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar