Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7750/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(009)-1870/2022 saylı qətnaməsindən X2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(009)- 1870/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilən 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən X2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən X2 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinin tələblərinə uyğun verilmiş hesab edilərək, apellyasiya şikayətinin baxılması üçün 2(009)- 1870/2022 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 364.2-ci maddəsinin tələblərinə uyğun yoxlanılması üçün, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş Vəkil2 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Röyal Bəkirlinın mübahisəli evi X1 aldığını və sonradan həmin evi X3 38000 manata satdığını, evin digər şəxsə məxsus olması barədə məlumatının olmadığını, orada müəyyən müddət yaşadığını və kommunal xidmətlərə dair müqavilələrin onun adına bağlandığını, qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirmişdir, belə ki, cavabdeh ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. Bu səbəbdən o, hazırki işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İşdən görünür ki, X7 hazırki iş üzrə tərəf olmamış, nə də üçüncü şəxs qismində iştirak etməmişdir. Lakin işə baxıldıqdan sonra çıxarılan qətnamənin onun hüquq və vəzifələrinə toxunması əsası ilə ondan apelyasiya şikayəti vermişdir. MPM-nin 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə isə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə də apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi, qətnamədən işdə iştirak etməyən şəxslər yalnız o halda apelyasiya şikayəti verə bilərlər ki, qətnamə onların hüquq və vəzifələrinə toxunsun. Apelyasiya şikayəti verildikdə, məhkəmə ilk növbədə qəbul edilən qətnamənin şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmamasını yoxlamalıdır. Əgər məhkəmə hesab etsə ki, qətnamə həmin şəxsin hüquq və vəzifələrinə toxunur, onda şikayətin MPMnin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Hər bir halda məhkəmə hər iki məsələ üzrə də qərardad (bir qərardad) qəbul edir ki, həmin qərardaddan da şikayət verilə bilər. Lakin 27 oktyabr 2022-ci il tarixli qərardadla məhkəmə çıxarılmış qətnamənin X2 hüquq və vəzifələrinə toxunub-toxunmamasına ümumiyyətlə qiymət verməmiş, sadəcə olaraq şikayətin mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gələrək, baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki, şikayətin uyğunluğu yalnız qətnamənin R.Bəkirlinin hüquq və vəzifələrinə toxunması barədə qənaətə gəldikdən sonra yoxlanıla bilərdi. Yəni, əgər qətnamə R.Bəkirlinin hüquq və vəzifələrinə toxunmursa, onda şikayətin uyğunluğunun yoxlanılmasına da heç bir ehtiyac qalmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(009)- 1870/2022 saylı qətnaməsindən X5 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələblərinə uyğun yoxlanılması üçün, birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7750/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7750/2022
10.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver