Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7756/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1274/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə məktəbinin 01.10.2018-ci il tarixli 62 nömrəli əmri ilə aralarında bağlanmış Əmək müqaviləsinə əsasən 1 illik əmək müqaviləsi ilə gənclərin çağrışaqədərki hərbi rəhbəri vəzifəsinə təyin olunmuşdur. 10.10.2019-cu il tarixdə Bakı Peşə məktəbinin direktoru Fizuli Talıbov onunla Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə ya və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddəti müəyyən edilmədən əmək müqaviləsi bağlanmalı olmasına baxmayaraq, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq təkrarən 1 il müddətinə əmək müqaviləsi bağlamışdır. Mövcud əmək müqaviləsinin müddəti bitmədən 6 nömrəli Bakı Peşə məktəbinin 15.09.2019-cu il tarixli 62 nömrəli əmrilə cavabdeh tərəfindən heç bir əsas olmadan o, məlumatlandırmadan, ona bildiriş verilmədən, 2-ci dərəcəli “Şəkərli diabet” xəstəsi olması, hərbi müəllim fəaliyyətini davam etdirmək üçün “Qarabağ müharibəsi veteranı” və 2-ci qrup Qarabağ Əlil, ehtiyyatda olan zabit (polkovnik) kimi üstünlüklərin olması nəzərə alınmadan ona qarşı qərəzli mövqe tutularaq əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. 6 nömrəli Bakı Peşə məktəbinin Direktoru Talıbov öz qohumunu onun yerinə müqavilə bağlayaraq işə götürmüşdür. “Peşə Təhsil Müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinə onun tərəfindən müraciət etməsinə baxmayaraq, nəticəsiz qalmışdır. Dövlətin o, qəbildən olan insanlara böyük dəstək və kömək göstərilməsi cənab X7 tərəfindən dəfələrlə vurğulanmışdır. Onunla müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə, müddətli müqaviləyə qol çəkdirmişdir. Cavabdehlə onun arasında bağlanmış və hal-hazırda cavabdeh tərəfindən xitam verilmiş əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 3cü bəndinin tələbinə riayət etməmişdir. Həmin müəssisədə işlədiyi müddətdə hər hansı qüsur olmamışdır. Heç bir əsas olmadan cavabdeh onu tutduğu vəzifədən azad edərək əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, cavabdeh əsassız və qanunsuz olaraq onu işdən azad etmişdir. 6 nömrəli Bakı Peşə məktəbinin X6 cənabları Əmək Məcəlləsinin 45-68-78-79-cu maddələrini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Bakı Peşə məktəbinin 15.09.2020-cu il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, onunla müddətsiz müqavilə bağlanılmaqla əvvəl tutduğu vəzifəyə gənclərin çağrışaqədərki hərbi rəhbəri – hərbi müəllim vəzifəsinə bərpa edilməsi və əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, qanunvericiliyin tələblərini nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin nümayəndəsi də şikayətinin əsassız olduğunu bildirərək, iddiaçının tam qanuni şəkildə işdən azad olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 25.10.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir, ona qoyulmuş diaqnoz “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət”dir, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəli yaranmışdır. İş üzrə 18.05.2018-ci il tarixli 3 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, e.o.p-k İddiaçı “Müharibə veteranları və beynəlmiləlçi hərbçilər” İctimai Birliyinin üzvüdür və hüquqi işlər və mətbuat rəisi vəzifəsini tutur. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi tərəfindən İddiaçı göndərilmiş 03.09.2020-ci il tarixli teleqramın surətindən görünür ki, 6 No-li Bakı Peşə Məktəbində hərbi rəhbər vəzifəsində işləyən İddiaçı işəgötürən tərəfindən bağlanılmış müddətli əmək müqaviləsi (kontrakt) 15.09.2020-ci il tarixdə bitəcəkdir. Nəzərə almasını xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 6 No-li Bakı Peşə Məktəbinin 15.09.2020-ci il tarixli 54 saylı əmrin surətinin İddiaçı aid olan hissədən görünür ki, İddiaçı 15.09.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduqları vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və işçilərin əmək müqavilələri. İş üzrə xxxxxxx0002X0 saylı, 15.09.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 15.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçıla əmək müqaviləsi 01.10.2018-ci il tarixdə bağlanılmışdır İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 6 No-li Bakı Peşə Məktəbinin direktoruna ünvanlanmış 28.09.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı hərbi rəhbər vəzifəsində işləyə bilməz. O, əsəb gənginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər. İş üzrə 6 №-li Bakı Peşə Məktəbi tərəfindən İddiaçı ünvanlanmış 02.12.2020-ci il tarixli 105 nömrəli məktubun surətindən görünür ki, X3 6 No-li Bakı Peşə Məktəbində 15.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmə səbəbi ilə işdən azad olmasına baxmayaraq hələ də kadrlar şöbəsindən əmək kitabçasını təhvil almamışdır. 3 iş günü ərzində məktəbə yaxınlaşıb kadrlar şöbəsindən əmək kitabçasını təhvil almasını xahiş etmişlər. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2743/2021 saylı, 31.03.2021-ci il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa, əmək haqqının tam ödənilməsi və müddətsiz müqavilənin bağlanması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İş üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ”Bakı şəhər Təcili və X2 Stansiyası” X11 tərəfindən İddiaçı ünvanlanmış 19.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, 14.09.2020-ci il tarixdə saat 12.14-də “103” xidmətinə 6 nömrəli Peşə məktəbinin özünə ünvanından Akifin (56 yaş) adına “ürəyi” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 19 saylı bölməsinin həkimi X12 icra edərək xəstə İddiaçı (58 yaş) “Essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin 1 saylı poliklinikası tərəfindən verilmiş 06.04.2021-ci il tarixli 298 saylı tibbi arayışın kserosurətindən görünür ki, İddiaçı 12.08.2013-cü ildən DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır və 25.02.2020-ci ildən “Şəkərli diabet tip 2” diaqnozu il dispanser qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin 1 saylı poliklinikası tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 461 saylı tibbi arayışın kserosurətindən görünür ki, İddiaçı 12.08.2013-cü ildən DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır. 15.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək həqiqətən “Baş beyin qan dövranın işemik tipli pozulması” diaqnozu ilə xəstənin vərəqəsi açılmış, qeyd olunan tarixlərdə işdən azad edilməsi barədə əmək qabiliyyətinin olunmaması vərəqəsi verilmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.10.2018-ci il tarixdə 1 illik əmək müqaviləsi bağlanılmış və iddiaçı gənclərin çağırışaqədərki hərbi rəhbəri vəzifəsinə işə qəbul edilmişdir və 2 il ərzində bu vəzifə üzrə 1 ildən bir müqavilə bağlanmışdır. Рəmçinin, müəyyən edilmişdir ki, 15.09.2020-ci ildə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onunla əmək müqaviləsinə qanunsuz əsaslarla xitam vermişdir. Belə ki, cavabdeh tərəfindən onu məlumatlandırmadan, ona bildiriş verilmədən, 2-ci dərəcəli “Şəkərli diabet” xəstəsi olması, hərbi müəllim fəaliyyətini davam etdirmək üçün “Qarabağ müharibəsi veteranı” və 2-ci qrup Qarabağ Əlili, ehtiyyatda olan zabit (polkovnik) kimi üstünlüklərin olması nəzərə alınmadan ona qarşı qərəzli mövqe tutularaq əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən iddiaçı 15.09.2020-ci il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olması ilə bağlı dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bədinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. İdidaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, yəni 01.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək bağlanılmış və tərəflər qarşılıqlı razılıqla müqavilənin müddətini müəyyən etmişlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İdidaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, yəni 01.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək bağlanılmış və tərəflər qarşılıqlı razılıqla müqavilənin müddətini müəyyən etmişlər. İddiaçı əmək müqaviləsinə xitam verilərkən xəstə olmasını və əmək qabiliyyətinin olmadığı göstərmişdir və bu halı təsdiq edən tibbi arayışı məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qabiliyyətinin olmamasını iddia etsə də, belə bir sənədi işəgötürənə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibbi arayışda ona 15.09.2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsinin açılması qeyd olunsa da, belə bir sənədin sonradan verilməsi hər hansı sübutla təsdiq olunmur. Belə ki, əmək qabiliyyətinin olmamasına dair tibbi sənədin forması müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş qaydada verilir və “Əmək qabiliyyətinin olmaması vərəqəsi” adlandırılaraq müvafiq qaydada tərtib olunur. Yalnız qanunla müəyyən edilmiş formanın tələblərinə cavab verən tibbi sənəd işəgötürən tərəfindən nəzərə alına bilər. Lakin iddiaçı 15.09.2020-ci il tarixdən əmək qabiliyyətinin olmamasını təsdiq edən və qanunla müəyyən edilmiş tibbi sənədi işəgötürənə təqdim etmədiyi üçün, eyni zamanda belə bir sənədin açılması təqdim edilmiş tibbi arayışda öz təsdiqini tapmasa da, lakin onun verilməsi hər hansı sübutla təsdiq olunmadığı üçün, əmək müqaviləsinə onun müddətinin bitməsi ilə əlaqədar cavabdeh tərəfindən qəbul edilmiş əmr tam qanuni olmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1274/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7756/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7756/2021
04.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver