Məhkəmə qərarları › İş №2(103)-7757/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7757/2020

04.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7757/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakışəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş AN 414860 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən manelərin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxıldığı vaxt, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha sahəsinə dair Cavabdeh2 adına verilmiş AN 414860 saylı, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpağa dair Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəsi ilə qeydiyyatın ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 1995-ci ildən Bakı şəhərində yaşayır. Elə həmin ildə də ATU-ya daxil olmuşdur. Universitetdə oxuyarkən dolanmaq məqsədilə Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda muzdlu fəhlə kimi arabir işləmiş və elə həmin illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylanılarkən ona da sovxozun rəhbərliyi tərəfindən fərdi ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə Hövsan Südçülük Sovxozunun xx xxxxxx 1998-ci il tarixli Əmri ilə ona sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin vaxtlar tələbə olduğundan maddi imkanı olmadığından ona ayrılmış torpaq sahəsində heç bir iş görə bilməmişdir. 2005–ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra torpaq sahəsinin bir hissəsinə daş hasar çəkdirmiş və tanışı Müşviq adlı şəxsə ora nəzarət etməsini xahiş etmişdir. Bu yaxınlarda Müşviq ona zəng edərək onun torpaq sahəsinə kimlərinsə gələrək iş görmək istəmələrini bildirmişdir. O, qardaşı ilə birlikdə torpaq sahəsinə gəlmişdir. Adı sonradan ona məlum olan Qalib adlı şəxs həmin sahənin ona məxsus olduğunu bildirmişdir. O, onlara öz iradlarını bildirmiş və torpağın ona məxsus və onun istifadəsində olduğunu onlara başa salmışdır. Lakin cavabdehlər həmin torpaq sahəsinə dair onların da sənədlərinin olduğunu bildirmişdilər. Bir müddət sonra onlar iddiaçıdan Xəzər rayon Polis idarəsinə şikayət etmişdilər. Polis idarəsində onun və cavabdehlərin də izahatları alınmış və iş mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polis idarəsində ona məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilibdir. Bu barədə də ona Hövsan Südçülük sovxozu ərazindən 0,12 ha torpaq sahəsinin ayrılmasına dair sovxoz tərəfindən 28 saylı Əmr verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə Torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bütün bu sənədlər onun istifadəsində olan torpaq sahəsinə dair tərtib edilə bilməzdi, belə ki, torpaq sahəsi həmin vaxtdan onun faktiki sahibliyində və istifadəsindədir. Torpağın onun istifadəsində olmasını həmin ərazidə yaşayan qonşular təsdiq edə bilərlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunur ki, işə baxan 1-ci instansiya məhəməsi işin həqiqi hallarını müəyyən etmək istəməmişdir. İş üzrə şahidləri dəvət edilmiş və məhkəmədə ifadə vermişlər. Verdikləri ifadələrində hamısı torpaq sahəsinin ona məxsus və onun sahibliyində olduğunu bildirmişdilər. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı 1997-ci ildən tanıyır. Murad torpaq sahəsini aldıqdan sonra daş gətirdi və torpaq sahəsinə hasar çəkdirdi. Muradın sovxozda işlədiyini bilirdi. Onu sovxozda işləyəndən tanıyır. O, Cavabdeh1 3-4 ay olar ki, tanıyır. Tanışı Çingiz adlı şəxs ona zəng vuraraq ondan soruşmuşdur kı, “sənin yanındakı torpaq sahəsi kimindir? O da Çingizə bildirmişdir ki, həmin torpaq sahəsi dostu Muradındır. Çingiz ona bildirmişdir ki, torpaq sahəsini Qalib satır. O, Qalibi həmin vaxtdan tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Muradı sovxozda işləyəndən tanıyır. O, özü 1985-ci ildən Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayır. Murad torpaq sahəsini onun torpaq sahəsinin yanından alıb. Torpaq sahəsini alandan sonra hasar çəkib. Hasar çəkən vaxt suyu onun həyətindən götürüb. O,özü sovxozda sağıcı, İbad çoban, Murad da fəhlə işləyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Qalibi isə tanımır. O, özü 2000-ci ildən Bakı şəhərində yaşayır. Muradın torpaq sahəsinə hasarı o çəkmişdir. Daşla darvaza yerini tikmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı 2003-cü ildən tanıyır, onun qonşusudur. Qalibi tanımır. Murad yayda usta gətirmişdir. O, özü daşla darvaza yerini tikmişdir. İşə baxan məhkəmə şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Halbuki hazırki iş üzrə şahid ifadələri iş üzrə ən mötəbər dəlillərdəndir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi iddia tələbinin Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nün və çıxarışın ləğv edilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nün və çıxarışın ləğv edilməsi iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malik olması iddiaçıya izah edilmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsinin iddia tələbinin cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasının təmin edilməməsi hissəsi təşkil edir. Həmin hissədə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2019-cu il tarixdə Xəzər RPİ–nin 2-ci PŞdə verdiyi izahatından aydın olur ki, mübahisəli torpaq sahəsini o, 2005-ci ildə İman adlı şəxsdən almışdır. Həmin yeri İman adlı şəxs ona satdıqda iddiaçının xalası oğlu X3 adına birbaşa sənəd vermişdir. Həmin torpaq sahəsini alan zaman orada köhnə yarımtikili olmuş, o, həmin tikilini söküb hasarın tikintisinə istifadə etmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Hövsan Südçülük Sovxozunun xx xxxx 1993-cü il tarixli 30 saylı əmrindən aydın olur ki, X1 ərazisində fərdi ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Hövsan Südçülük Sovxozunun xx xxxxxx 1998ci il tarixli 28 saylı əmrindən aydın olur ki, İddiaçı sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon icra hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin F-941 saylı, xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Hövsan Südçülük Sovxozunun xx xxxxxx 1998-ci il tarixli, 28 saylı əmri ilə Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının xx xxxxxx 1997-ci il tarixli 03 saylı protokoluna əsasən İddiaçı fərdi ev tikmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində 0,1120 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakışəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsünə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1120 ha torpaq sahəsinin planı vəölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx xxxxxx 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışa, sxematik planına və Cavabdeh2 0,12 ha torpaq sahəsindən faktiki istifadədə olan 0,1120 ha özəlləşməsinə etiraz etmədiyi haqqında ərizəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1120 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına (**********19 reyestr ilə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin H- 180 saylı, xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Hövsan Südçülük Sovxozunun xx xxxxxx 1998-ci il tarixli, 28 saylı əmrinə əsasən Cavabdeh2 0,12 ha həyətyanı üçün torpaq sahəsi ayrılmışdır. Lakin Hövsan Südçülük Sovxozunun torpaqlarının cizgiləri çəkilmədiyi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarına əlavə Abşeron rayon icra hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin F-903 saylı, xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, Hövsan Südçülük Sovxozunun xx xxxxxx 1998-ci il tarixli, 28 saylı əmrinə əsasən Cavabdeh2 sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,12 ha həyətyanı üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və Cavabdeh1 sözügedən mübahisəli torpaq sahəsinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçı cavabdehin adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” və xx.xx.2019-cu il tarixdə **********19 reyestr nömrəsi ilə çıxarışın ləğvini tələb etsə də, həmin sənədlərin verilməsinə əsas olmuş inzibati aktı mübahisələndirilməmişdir. Buna görə də, kollegiya hesab etmişdir ki, Cavabdeh2 adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1120 ha torpaq sahəsi ilə bağlı verilmiş “torpaq sahəsinin planı və ölçüsü” və xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəsi ilə olan çıxarışın ləğvi tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya baxışının predmet olan hissədə iddia tələbinə, iddiaçının inzibati məhkəməyə müraciət etməsinin nəticəsindən asılı olaraq qiymət vermək olar. Hazırki vəziyyətdə isə, apellyasiya baxışının predmet olan hissədə iddia tələbinə qiymət verilməsi mümkün olmadığından, həmin hissədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Götərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar