Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7757/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-947/2021 saylı mülki iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və eyni zamanda qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, X2 ilə Bakı şəhəri Evlər İdarəsi arasında bağlanmış müqaviləyə əsasən Zamkovskaya küçəsində yerləşən 17 sayli ev X1 istifadəsinə verilmişdir. Sözü gedən küçənin adı sonradan dəyişdirilmiş və Qəsr küçəsi adlandırılmışdır. X2 rəhmətə gedənədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Hal hazırda isə o, övladları və nəvələri ilə həmin ünvanda yaşayırlar. Lakin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və X4 faktiki olaraq Türkiyədə yaşayırlar. Hətta qeyri-rəsmi məlumata görə hər ikisi Türkiyə vətəndaşıdır. Cavabdeh1 90-cı illərin ortasında Türkiyə vətəndaşı ilə ailə qurmaq üçün daimi əsaslarla Türkiyə Cümhuriyyətinə köçmüş və həmin vaxtdan Türkiyədə yaşayır. O köçərkən özü ilə oğlu Cavabdeh2 aparmışdır. Belə ki, həmin vaxtan etibarən hər iki cavabdehin qeydiyyatı yalnız formal olaraq yaşadığı ünvanda qalmışdır, faktiki isə onlar daimi əsaslarla həmin ünvandan köçmüşlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(009)-947/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş Şahid öz ifadəsində atasının türk olmasını, atasının Türkiyədə qızıl dükanlarının olduğunu, eləcə də onların Diyarbəkirdə daimi yaşamaq üçün evlərinin olduğunu bildirmiş, onların arada Azərbaycana gəlib getdiklərini qeyd etmişdir. Lakin şahidin bu ifadəsi protokolda öz əksini tapmamışdır. Bundan əlavə cavabdehlər uzun müddətdir ki, Türkiyədə yaşayır. Bu da onu göstərir ki, onlar oraya daimi olaraq köçmüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(009)- 947/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 02.08.1991-ci il tarixdən, Cavabdeh2 xx.xx.1997-ci il tarixindən həmin ünvanda pasport qeydiyyatında olduqlarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı mübahisənin həllində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 123-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı M.Əkbərova mübahisəli mənzilə yaşamaq hüququnu əldə etmiş, onun hər hansı bir səbəbdən mübahisəli evi müəyyən müddətə tərk etməsi daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmə kimi qiymətləndirilə bilməz, Niderland Krallığına getməsi onu evə olan hüququndan məhrum etmir. Bu zaman apellyasiya instansiyası məhkəməsi, həmçinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə iddiaçı tərəfindən irəli sürülmüş istifadə hüquqlarının itirilməsi barədə tələblərin əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, cavabdehlər mübahisəli mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Birinci instansiya məhkəməsi qətnaməsini qəbul edərəkən ona əsaslanmışdır ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, ünvan 2 ünvanında iddiaçının və cavabdehlərin yaşadıqları mənzillər bir-birindən təcrid olunmuş müstəqil mənzillərdir. İddia tələbində və məhkəmə iclasında iddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmamasını onların həmin mənzildə formal qeydiyyatda olmaları və həmin ünvan üzrə ümumiyyətlə yaşamamaları ilə əsaslandırsa da, məhkəmə iclasında sübutların tədqiqi, cavabdehlərin ailə üzvü olan şahidin ifadəsi ilə cavabdehlərin həmin ünvanda yaşamaları, müvəqqəti olaraq Türkiyə Respublikasına getmələri, cavabdehlərin Azərbaycan Respublikasının vətəndaşları olması, öz yaşayış yerlərini həmişəlik tərk etmək niyyətində olmadıqları öz təsdiqini tapdı. Lakin hazırki iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və onun əsassız hesab edir. Belə ki, iş materiallarında olan İçərişəhər Mənzil-kommunal və təmir Xidməti idarəsinin i-01/05/47 saylı, 24.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yaşamırlar. Cavabdeh1 02.08.1991-ci il tarixdən, Cavabdeh2 xx.xx.1997-ci il tarixindən bu günədək həmin ünvanda pasport qeydiyyatındadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/1368 saylı, 24.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 21.02.2010-cu il tarixdə Gürcüstan istiqamətində və Cavabdeh2 10.08.2017-ci il tarixdə Türkiyə istiqamətində sonuncu dəfə dövlət sərhədini keçmişlər. Göründüyü kimi, cavabdehlər uzun müddətdir ki, Azərbaycana gəlməmişlər. Bu da öz növbəsində onu təsdiq edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə köçmüşlər. Çünki, onlar əgər müvəqqəti getmiş olsaydılar, bu müddət ərzində həmin mənzilə gələrdilər. Eyni zamanda məhkəmə kollegiyası şahid ifadəsini yetəri qədər mütəbər sübut hesab etmir. Belə ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anası və qardaşıdır. Anası və atası 1990-cı illərdə ailə həyatı qurub, qardaşı iş üzrə cavabdeh X4 1997-ci ildə anadan olduqdan 20 gün sonra ailələri ilə birlikdə Türkiyə Respublikasına müvəqqəti olaraq getmişlər. Daha sonra 2001-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışlar, həmin vaxtdan 2010-cu ilə kimi Bakıda yaşayıblar, anası Məqrurə 2010-cu il tarixdə Türkiyəyə getmiş, 2017-ci ildə isə qardaşı Barqiran anasının yanına getmişdir. O özü isə davamlı şəkildə Türkiyəyə gedib-gəlmişdir. Lakin onlar daimi olaraq köçüb getməmişlər. Anası Məqrurənin 2010-cu ildən bu günədək gəlməməsinin səbəbi nənəsinin Türkiyədə vəfat etməsi, atasının müxtəlif vaxtlarda dörd dəfə ürək əməliyyatı keçirməsi, eləcə də, onun özünun ürək əməliyyatı keçirməsi olmuşdur. Lakin bu halları təsdiq edəcək heç bir sübut iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(009)-947/2021 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7757/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7757/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver