Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-776/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ər-arvad olan cavabdehlərə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 10-da yerləşən 11 sayı mənzilə cavabdehlərin, habelə cavabdehlərin azyaşlı övladları X1 və X2 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.09.2019-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən Cavabdeh1 istifadə hüququnun itirilməsini, qalan hissələrdə iddianın təmin edilməməsini qət etmişdir. Eyni zamanda Rayon Məhkəməsi qətnamənin nəticə hissəsində göstərmişdir ki, həmin qətnamə cavabdehlərin və onların azyaşlı övladlarının mübahisəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra, yəni 28.12.2020-ci il tarixdə İddiaçı vəfat etmişdir. Bu səbəbdən Məhkəmə qəbul etdiyi 12.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraatı mərhum iddiaçının vərəsələrinin dairəsi müəyyən edilənədək dayandırmışdır. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən 06.07.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, mərhum iddiaçının arvadı X4 tək vərəsə kimi tanınmışdır. Bunu nəzərə almış Məhkəmə Almaz Hüseynovanı mərhum iddiaçının vərəsəsi kimi işin baxılmasına cəlb etmişdir. Almaz Hüseynovanın vəkili (nümayəndəsi) X5 apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, təmsil etdiyi A.Hüseynova iddia tələbini müdafiə edir və apellyasiya şikayətinin dəlilləri ilə razı deyil. A.Hüseynovanın vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdi. Apellyasiya şikayəti vermiş Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona aid hissədə iddia təmin edilmiş Cavabdeh1 da qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, Məhkəmə bildirir ki, Cavabdeh2 digər cavabdehin – Cavabdeh1 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. N.Hüsenova Cavabdeh1 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdeh N.Heseynovaya aid hissədə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 və onun iki azyaşlı övladına aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilən mənzil mərhum İddiaçı mülkiyyətindədir. Bu hal “Daşınmaz əmlakın dövlət reyestrinə” əsasən verilmiş ÖM seriyalı, 109919 saylı, 28.03.2002-ci il tarixli “Qeydiyyat vəsiqəsi” ilə təsdiq edilir. İşdə olan sənədlərdən, habelə iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı övladı, hazırki iş üzrə Cavabdeh1 07.06.2014-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Bundan sonra Cavabdeh2 mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Cavabdeh2 qarşı olan və apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsa da mübahisəli mənzildə yaşamır və heç vaxt yaşamamışdır. Cavabdeh2 apellyasiya şikayətində iddia tələbinə qarşı ifadə edilmiş etirazı ondan ibarətdir ki, o, iddiaçının övladı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və iddiaçının notarial qaydada verdiyi razılığa əsasən onun həmin mənzilə hüquqları tanınmışdır. Göstərilənləri və iş materiallarını araşdıraraq Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddiaçının razılığı ilə mübahisəli mənzilə köçüb yaşamasını və iddiaçının notarial qaydada verdiyi razılığa əsasən onun həmin mənzilə hüquqları tanınmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh2 göstərdiyi dəlillər əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 iddiaçının övladı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş, mənzildə yaşamış olsa idi belə, o, mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü sayılmamışdır. Çünki iddiaçı ilə Cavabdeh2 arasında etibarlı ailə münasibətləri olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da, onun həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə zəmin yaratmamışdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olmuş mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. İddia ərizəsinin məzmunundan və iddiaçının Rayon Məhkəməsinə verdiyi izahatından görünür ki, yuxarıda qeyd edilən mövqe iddiaçıya bəlli idi. O, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Cavabdeh2 və sonuncunun azyaşlı övladları mənzildə yaşamırlar. Onların mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları formal xarakter daşıyır və bu qeydiyyat onun mülkiyyət hüquqlarını pozur. Əvvəla o, cavabdehlərə görə əlavə olaraq kommunal xərclər ödəmək məcburiyyətində qalır, ikincisi, həmin qeydiyyat onun mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququnu məhdudlaşdırır. Göründüyü kimi iddia tələbi Cavabdeh2 və sonuncunun azyaşlı övladlarının mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsinə deyil, onların mənzildə olan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına yönəlmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan iddia tələbini rədd etməməli, həmin iddia tələbi üzrə mülki işin icraatına xitam verməli idi. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Odur ki, şərh edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 və onun iki azyaşlı övladına aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 261 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın Cavabdeh2 və onun iki azyaşlı övladına aid hissəsinin həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçının vərəsəsi, prosessual hüquq varisi olan X3 izah edilsin ki, onun, qeydiyyatdan çıxarılma ilə bağlı müvafiq inzibati orqanına müraciət etmək, müraciəti təmin edilmədiyi halda isə həmin inzibati orqana qarşı inzibati icraat qaydasında müvafiq iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-776/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-776/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver