Məhkəmə qərarları › İş №2(103)-776/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-776/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-776/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 qarşı Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidamətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı tələblər üzrə (Açar sözlər: mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması; çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddia tələbi üzrə cavabdeh (müstəqil tələb üzrə üçüncü şəxs) "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb üzrə cavabdeh (iddia tələbi üzrə üçüncü şəxs) Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı "Kaspian-İnşaat MB” MMC ilə sifarişçi X11 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 113 saylı sifariş müqaviləsinin surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə icraçının inşa etdiyi 3 girişli, yüksək mərtəbəli yaşayış binasının tərkibində sifarişçi tərəfindən yaşayış sahəsinin (mənzilin) əsaslı tikintisinin sifariş edilməsindən, icraçı tərəfindən isə həmin yaşayış sahəsinin (mənzilin) bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddət daxilində, keyfiyyətlə və qüsursuz tikilib sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilənin predmetində əsaslı tikintisi nəzərdə tutulmuş yaşayış sahəsi (mənzil) Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3 saylı blokunun 12-ci mərtəbəsində yerləşir. Mənzilin nömrəsi-201.(2.1. bənd) Yaşayış sahəsinin (mənzilin) ümumi sahəsinin ölçüsü 144 m2 təşkil edir və 4 otaqdan ibarətdir. .(2.2. bənd) İcraçı tərəfindən tikilərək sifarişçiyə təhvil veriləcək ümumi sahəsi 144 m2 olan yaşayış sahəsinin qiyməti hər m2 ücün 700 AZN olmaqla ümumilikdə 100800 AZN müəyyən edilir. (3.1. bənd)

2. "xxxx" MMC-nin maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2012- ci il tarixli 113 saylı sifariş müqaviləsinə əsasən X11 Bakı şəhəri, Yaşamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC-nin inşaat etdiyi yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində ümumi sahəsi 144 kv.m ibarət olan mənzilin ümumi dəyərinin tam hissəsi olaraq MMC-nin xəzinəsinə 100800 AZN ödəmişdir. Borcu yoxdur.

3. "xxxx" MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın surətidən görünür ki, Cavabdeh2 kooperativə üzv qəbul olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 124 kv.m olan 201 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 11-M saylı maliyyə arayışının surətindən görünür ki, qeyd olunan mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

4. Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 127.9 kv.m olan 201 saylı mənzili 135000 manata alıcıya satmışdır.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********01 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, 201 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 44 saylı notariat ofisinin xüsusi notariusu H.B.Süleymanlı tərəfindən təsdiqlənmiş 4Ə-295 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********80 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanı X6 adına “Caspian İnşaat MB" MTK üzvlərinin 68 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli 01-M saylı maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17, xx.xx.2017ci il tarixli qərardadına əsasən xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil 53 saylı NO-nun 4ə-186 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X12 adına qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********66 saylı cavab məktubundan görünür ki, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarf'nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq çoxmənzilli yaşayış binalarındakı mənzillərin ünvanı nəqliyyat nəqliyyat infrastrukturu obyektinin (küçənin, prospektin və s) adından, binanın giriş nömrəsindən və mənzilin mərtəbə üzrə nömrəsindən ibarət olur. Çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkənin yuxarı hissəsindən baxanda pilləkən meydançasının solundan, saat əqrəbi istiqamətində 1-dən başlamaqla ardıcıl nömrələmə qaydasında mənzilə nömrə verməklə formalaşır. Lift olan binalarda da pilləkənlər mənzil nömrələrinin müəyyən edilməsi zamanı başlanğıc istinad nömrəsi kimi qəbul edilir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubundan görünür ki, ilkin qeydiyyat zamanı sözügedən mənzilin texniki pasportu binanın layihəsinə və ərizəçi tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən tərtib olunmuş, Cavabdeh2 Ağamalı oğlunun adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə qeydiyyatdan keçmişdir. Həmin mənzil 4Ə-295 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək İddiaçı adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmiləşdirilmişdir. Bundan sonra İddiaçı mənzilə dair texniki pasportun faktiki vəziyyətə uyğun tərtib edilməməsi barədə müraciət etmişdir. Müraciətə əsasən müayinə zamanı məlum olmuşdur ki, İddiaçı göstərdiyi mənzil 203 saylı nömrə ilə digər fiziki şəxs X6 adına ********** nömrəli 24 04.2019-cu il tarixli ərizə ilə qeydiyyatdan keçmişdir. Həmin mənzil 4Ə-186 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək X12 adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC üzvlərinin ümumi iclasının xx.xx.2021-ci n tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən Cavabdeh2 kooperativə üzv qəbul olunmaqla, MTK-nın ünvan 3 ünvanında 3-cü giriş, 11ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilinin payçısı olması təsdiq edilmişdir. Mənzilə dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01101 1006613-05301-093167 reyestr nömrəli. ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh2 ilə aralarında bağlanmış alqı-salqı müqaviləsinə əsasən sözügedən mənzil ona satılmış və adına **********13-05301- 093167 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə etməyə "xxxx" MMC-nin nümayəndələri tərəfindən qanunsuz maneələr yaradılır. Sözügedən mənzili internet vasitəsi ilə tapıb mülkiyyətçisi ilə əlaqə saxlayaraq həmin mənzilə bir neçə dəfə baxmış, bundan sonra onu almaq qərarına gəlmiş, qiymətini razılaşdırdıqdan sonra Cavabdeh2lə alqı-satqı müqaviləsi imzalamış və o, həmin mənzili ona təhvil vermişdir. Həmçinin mənzildə olan bəzi tikinti materiallarını Cavabdeh2 hədiyyə etmişdir. Müqaviləsi imzalandıqdan bir neçə gün sonra həyat yoldaşı mənzilin qıfılını dəyişdirmiş və çıxarışın alınmasından sonra təmir işlərinin aparılmasını qərarlaşdırmışlar. Lakin çıxarışı alıb təmir üçün ora getdikdə, mənzildə təmir işlərinin aparıldığını müəyyən etmiş, dərhal Cavabdeh2 bu barədə xəbər vermiş və onunla bərabər "xxxx" MMC-yə müraciət etmişlər. MMC isə bildirmişdir ki, evin nömrəsi başqadır və həmin mənzil başqa adama məxsusdur. Lakin Cavabdeh2 onlara bildirmişdir ki, kooperativə üzv olarkən məhz həmin mənzil ona göstərilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən ona çıxarış verilən zaman mütəxəssis məhz həmin mənzilə gələrək baxış keçirib və həmin mərtəbədə 124 kv.m olan yeganə mənzil həmin mənzildir. Həmçinin o da öz növbəsində MMC-yə bildirmişdir ki, o məhz həmin mənzili görüb bəyənmiş və həmin mənzil barəsində çıxarış əsasında alqı-satqı müqaviləsi bağlamışdır. Lakin MMC müxtəlif bəhanələrlə, mənzillərin nömrələrini dəyişdirmək yolu ilə mülkiyyətində olan mənzildən istifadə etməyə maneələr yaradır. Hər dəfə MTK yeni yalanlar deyərək, gah düzgün nömrəli olmayan mənzilin satıldığını, yaxud da həmin mənzilin başqa adama məxsus olmasını göstərərək maneələr yaratmaqda davam edir. Əgər mənzil başqa adama məxsusdursa, o adam niyə indiyə qədər gəlib onunla görüşmür. Hesab edir ki, bütün bu maneələr MMC tərəfindən yaradılır və hal-hazırda orada aparılan təmir işlərini də özü həyata keçirir. Hətta MMC bu mənzili hansısa yolla digər şəxsə satsa belə, bu mənzili çıxarış əsasında alqı-satqı yolu ilə alıb və öz adına dövlət qeydiyyatından keçirmişdir. Cavabdeh həmin mənzildən onun istifadə etməsinə qanunsuz maneələr yaratmaqla mülkiyyət hüququnu kobud surətdə pozur.

11. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m.) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbini onunla əsaslandırmışdır ki, "Kaspian-İnşaat MB” MMC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 113 saylı sifariş müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu. A.Salamzadə küçəsi, 1055-ci məhəllədə "Kaspian-İnşaat MB” MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, 4 otaqdan ibarət və ümumi sahəsi 144 kv.m olan 201 nömrəli mənzilin dəyərini təşkil edən 100.800 manat məbləğində pul vəsaiti tərəfindən tam ödənilməklə, mənzilin tikilib ona təhvil verilməsi sifariş edilmişdir. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcunun olmaması "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı ilə tam təsdiq olunur. Tikinti işləri tam başa çatdırıldığı və mənzil təhvil verildiyi gündən hazırkı vaxtadək, mənzil onun sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, yaşamağa başlamış və həmin vaxtdan hazırki günədək ailəsinin istifadəsindədir. Mənzillərin mərtəbəsi qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbənin nəzərə alınıb-alınmamasından asılı olaraq dəyişir. Belə ki, "xxxx" MMC ilə aralarında bağlanılmış müqavilədə mənzilin mərtəbəsi qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nəzərə alınmaqla qeyd edilmişdir. Qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nəzərə alınmadıqda isə mənzilin yerləşdiyi mərtəbə 11-ci mərtəbədir və liftə daxil olarkən də 11 düyməsini basmaqla mənzilə qalxmaq mümkündür. 2022-ci ilin fevral ayının əvvəllərində ona məlum olmuşdur ki, ona məxsus olan mənzilin nömrəsi ilə, yəni 201 nömrə altında mənzil digər şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin adına Çıxarış verilmişdir. Dəqiq məlumat əldə etmək üçün əri "Kaspian-İnşaat MB“ MMC-nin direktoru X7 ofisinə gedərək, məsələyə aydınlıq gətirilməsini xahiş etmiş və o bildirmişdir ki, onlara məxsus 201 saylı mənzil Cavabdeh2 adlı bir şəxsin adına rəsmiləşdirilmiş, sonradan isə həmin mənzilin İddiaçı satılması barədə xəbər tutmuşdur. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin təsisçiliyi ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri seçilmiş X2 bir neçə mənzili onun məlumatı olmadan kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, onların yaşadığı mənzillə bir mərtəbədə olan 3 otaqlı mənzil Cavabdeh2 satılmış, sonuncu isə mənzili İddiaçı satmışdır. Cavabdeh2 mənzil "xxxx" MTK tərəfindən satıldığı zaman, mənzilin nömrəsi 201 olaraq qeyd edilmişdir. Hər iki mənzilin nömrəsi eynilik təşkil etmişdir. Sonradan ona İddiaçı hazırki iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etməsi məlum olmuşdur. İş materialları ilə tanış olduğu zaman məlum olmuşdur ki, məhkəmənin verdiyi xx.xx.2022-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********97 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “ünvan 4 ünvanı Cavabdeh2 adına "xxxx" MTK tərəfindən verilən xx.xx.2018-ci il tarixli 126 say 11 protokoldan çıxarışa, 01-M saylı xx.xx.2021-ci il tarixli maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5052/17 nömrəli xx.xx.2017-ci il tarixli qərardadına əsasən xx.xx.2021-ci il tarixdə ilkin hüquqi qeydiyyata alınmışdır. Lakin sözügedən mülk 44 saylı NO-nun 4ə-295 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizasının təyin edilmişdir. Ekspert tərəfindən mənzillərə baxış keçirilmiş və ekspertizanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. ünvan 3 ünvanında yerləşən binada, eləcə də həmin binanın 3-cü girişində yerləşən mənzillərin nömrələnməsinin hansı ardıcıllıqla və hansı istiqamətdə (sağdan sola və ya soldan sağa) hesablanaraq həyata keçirilməsi barədə suala cavab olaraq, ekspert tərəfindən yerləşən binada, eləcə də, həmin binanın 3-cü girişində yerləşən mənzillərin nömrələnməsinin soldan sağa istiqamətdə hesablanaraq həyata keçirildiyi müəyyən edilmişdir. ünvan 5 ünvanında 3-cli giriş, 11-ci mərtəbədə yerləşən yaşayış sahəsi 124 kv.m olan, 3 otaqdan ibarət mübahisəli mənzil, həmin ünvanda 3-cti giriş, 11-ci mərtəbədə yerləşən 201 nömrəli mənzillə üst-üstə düşüb-düşməməsi (eyni mənzildirmi, mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla) sualına cavab olaraq, ekspert tərəfindən qeyd edilmişdir ki, iş materiallarında olan (səh 7) xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilmiş ünvan 5 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 saylı mənzilin faktiki olaraq dörd otaqdan ibarət olduğu və ümumi sahəsinin 138,9 kv.m. təşkil etdiyini nəzərə alınaraq, sahəsi 124 kv.m olan, 3 otaqdan ibarət mənzilin həmin ünvanda 3-cii giriş, 11-ci mərtəbədə yerləşən 203 nömrəli mənzillə üst-üstə düşmədiyini müəyyən etmişdir (mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla). xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilmiş ünvan 5 ünvanında 3cü giriş, 11-ci mərtəbədə yerləşən yaşayış sahəsi 124 kv.m olan, 3 otaqdan ibarət mübahisəli mənzil, həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 nömrəli mənzillə üst-üstə düşüb-düşməməsi (eyni mənzildirmi, mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla) sualına cavab olaraq qeyd etmişdir ki, ünvan 6 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 saylı mənzilin faktiki olaraq üç otaqdan ibarət olduğunu və ümümi sahəsi 124.9 kv.m təşkil etdiyini nəzərə alaraq, iş materiallarında olan (səh7) xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən sahəsi 124 kv.m olan 3 otaqdan ibarət mənzilin həmin ünvanda 3-cii giriş, 11-ci mərtəbədə yerləşən 203 nömrəli mənzillə üst-üstə düşdüyü müəyyən edilir (mənzilin ümümi sahəsi, otaqların sayı nəzərə alınmaqla). Ekspert rəyindən də göründüyü kimi, İddiaçı adına qeydiyyata alınmış 201 nömrəli mənzii onun mənzili ilə faktiki olaraq üst-üstə düşməsə də, mənzilin nömrəsi ona məxsus mənzilin nömrəsi ilə eynilik təçkil etdiyindən, 201 nömrəli mənzilə dair aparılmış qeydlər onun hüquqlarını pozur. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ona məxsus 201 saylı mənzilə dair qanunsuz sənəd əsasında ilk növbədə Cavabdeh2, sonradan isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun hüquqlarını pozur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi (Toğrul Axundov) ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTKdan tutularaq Cavabdeh2 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeyd və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeyd və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X5 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq X10, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********0 ********* nömrəli hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 16.1, 139-1.1, 139-1.1.3, 139-1.1.4, 149.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 339.1, 425-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8ci, Azərbaycan Respublikası MPM-in 14.2., 77.1., 78.1.,80., 81, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin “Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2 ödənilsin” hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ədalətsiz və qanunsuzdur və “Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyəarayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2na ödənilsin” hissəsində ləğv edilməlidir. Belə ki, hakim qətnamənin təsviri-əsaslandırıcı hissəsində naməlum səbəbdən Cavabdeh2 "xxxx" MTK-nın sədri kimi qeyd etmişdir. Bundan başqa, hakim özü də qeyd edir ki, "xxxx" MTK-nın sədri olmuş X20 dələduzluq edərək Cavabdeh2 aldadaraq pulunu mənimsəmiş və bununla bağlı X13 barəsində AR CM-nin 178.3.2, 320.1, 320.2 vədigər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində olan cinayət işi hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Cavabdeh2 "xxxx" MTK-nın xəzinəsinə heç bir pul məbləğini mədaxil etməmiş və bu barədə hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyil. Bundan başqa, X20 barəsində olan cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş kimi tanınmış və sübut olunmuşdur ki, həmin mənzili Rafət dələduzluq yolu ilə qanunsuz olaraq Cavabdeh2 satmışdır və həmin cinayət işi üzrə Cavabdeh2A-nın da mülki iddiası vardır. Deməli, hazırki mülki iş üzrə hakim heç bir obyektiv araşdırma aparmadan ödənilməsiehtimal olunan pul məbləğini qanunsuz olaraq MTK-dan tutulması barədə qətnamə qəbul edir. Bundan başqa, həmin pul məbləğinin ödənilməsi ilə bağlı heç bir iddia tələbi yoxdur, bununla bağlı dövlət rüsumu ödənilməmişdir və hakim səlahiyyətini aşaraq iddia tələbindən kənara çıxmış və belə bir qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddia tələbi üzrə cavabdeh (müstəqil tələb üzrə üçüncü şəxs) "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən müstəqil tələb üzrə cavabdeh (iddia tələbi üzrə üçüncü şəxs) Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

20. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (müstəqil tələb üzrə cavabdeh) İddiaçı, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X21, müstəqil tələb üzrə iddiaçı X11, cavabdeh 44 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

23. Maddə 389.1. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

24. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

25. Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

26. Maddə 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

27. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

30. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda, cavabdeh "xxxx" MTK apellyasiya şikayətində qətnaməninin qismən ləğv edilməsini xahiş etdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlıolubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.

46. Hazırkı mülki mübahisə üzrə işin halları ondan ibarətdir ki, ünvan 5 ünvanında 3-cü giriş,11-ci mərtəbədə yerləşən 4 otaqlı, sahəsi 144 m2 olan 201 saylı mənzil "Kaspian-İnşaat MB” MMC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, 113 saylı sifariş müqavilə əsasında X11 tərəfindən 100.800 manat məbləğində pul ödənilməklə əldə edilmiş, tikinti işləri başa çatddıqdan sonra mənzil ona təhvil verilmiş, onun sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, yaşamağa başlamış və həmin vaxtdan hazırki günədək mənzil onun ailəsinin istifadəsindədir. X20, Caspian İnşaat MB” MTK-nın sədri olmasından istifadə edərək, Cavabdeh2 aldadaraq "xxxx" MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının 126 nömrəli protokolu ilə kooperativə üzv qəbul olunmasına və xx.xx.2012-ci il tarixli, 113 saylı sifariş müqaviləsinə əsasən X1 və dəyəri sonuncu tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 144 kv.m olan 4 otaqlı 201 saylı mənzilin göstəricilərini saxtalaşdırmaqla, yəni sahəsi 124 kv.m, otaq sayı 3 göstərilməklə, Cavabdeh2 həmin mənzilin payçısı olmasının təsdiq edilməsinə nail olmuş, bu əsaslarla həmin mənzil Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınmış, daha sonra o, X9 məxsus olan 3 otaqlı 203 saylı mənzil, alqı satqı müqaviləsini 201 saylı mənzilə dair bağlayaraq, 135000 manata İddiaçı satmışdır. Bu hal Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubu ilə də təsdiq olunmuşdur. Halbuki, həmin binada eyni giriş, eyni mərtəbədə 1 ədəd 203 saylı mənzil olmuş, 201 saylı mənzil isə 4 otaqlı olmuşdur. Qeyd olunan 3 otaqlı 203 saylı mənzil X6 adına “Caspian-İnşaat MB" MTK üzvlərinin 68 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli 01-M saylı maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5052/17, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, sonradan 53 saylı NO-nun 4ə-186 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X12 adına qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir.

47. Kollegiya bildirir ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışa və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya tam ödənilmişdir.

48. Həmçinin, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə görə İddiaçı tərəfindən Cavabdeh2 135000 manat ödənilmişdir.

49. Kollegiya bildirir ki, mülki qanunvercilıyə görə, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onun tərəfindən etibarsız sayılmamışsa qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.

50. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur.

51. Restitusiya- mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur.

52. Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 1) ikitərəfli restitusiyanın tətbiq edilməsi; 2) birtərəfli restitusiyanın tətbiq edilməsi; 3) restitusiyanın rədd edilməsi.

53. Başqa sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır. Eyni zamanda, mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitusiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur.

54. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni İddiaçı hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə İddiaçı dövlət reyestrindən çıxarışa əsasən satıcı Cavabdeh2 məxsus olan mənzili notarial qaydada təsdiq edilmiş müqavilə əsasında sonuncuya 135.000 manat pul vəsaiti ödəməklə əldə edib.

55. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olrnadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

56. Eyni hüquqi mövqe “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib.

57. Həmin Qərarda daha sonra göstərilir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

58. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2, Cavabdeh2 135000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

59. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2, Cavabdeh2 135000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir.

60. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən şikayətin əsasını təşkil edən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

61. Kollegiya apelyasiya şikayətinin əsas dəlili olan Cavabdeh2 qətnamədə naməlum səbəbdən "xxxx" MTK-nın sədri kimi qeyd edilməsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.

62. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməyə düzəliş edilmiş, düzəlişin məzmunu məhz apelyasiya şikayətində qeyd olunmuş halla bağlı olmuşdur.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar